Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Sentyabr 2025 12:09

Müasir Azərbaycanın suverenliyi xalqımızın milli sərvətidir

Azərbaycan Prezidenti İlham ƏLİYEV:
Bütün Qarabağ artıq tam nəzarət altındadır və bildiyiniz kimi, bu ərazi iki il bundan əvvəl işğalçılardan azad edildi. Elə bu günlərdə - sentyabrın 19-20-də şanlı Ordumuz separatçılığa son qoydu. Onunla da separatçılığın kitabı bağlandı və Azərbaycan tam suverenliyini bərpa etdi.

Müstəqil Azərbaycan üçün də müstəqil dövlətini yaratmaq, inkişaf etdirmək çox böyük nailiyyətdir. Tarixin müxtəlif dövrlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilmədi. 1991-ci il oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyini bərpa etdi. Suverenlik həm də hakimiyyətin ali xüsusiyyətinin göstəricisidir. Sovetlər dövründə isə hakimiyyət ali xüsusiyyətdən məhrum edilmişdi.
Millət üçün suverenlik tək öz ölkəsinin sərhədləri daxilində deyil, həm də beynəlxalq aləmdə həlledici əhəmiyyət kəsb edir. Suverenlik dövlətin mövcudluğunun hüquqi əsası və onun beynəlxalq hüququn subyektinə çevrilməsinin başlıca şərtidir. Ümumiyyətlə, dövləti ərazi, əhali və siyasi hakimiyyət kimi obyektiv amillər hüquqi müstəvidə nəzərə alınmaqla onları özündə ehtiva edən dövlətin qurulması üçün suverenlik xüsusiyyətinə malik olması labüd və zəruridir. Dövlətin mövcudluğu və institusional davamlılığı suverenliyin əsas şərtidir.
İngiltərəli tədqiqatçı E.Xinsli suverenliyə mühüm siyasi və hüquqi anlayış kimi baxaraq, onun cəmiyyətdə ali və mütləq siyasi hakimiyyətin mövcudluğu haqqında ideyanı əhatə etdiyini bildirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2024-cü il sentyabrın 19-da "Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan dövlətinin, xalqımızın tarixində ən parlaq səhifələrdən biri olan 20 sentyabr tarixi 2024-cü ildən başlayaraq ölkəmizdə "Dövlət Suverenliyi Günü" kimi qeyd edilir. Bu əlamətdar gün Azərbaycanın müstəqillik tarixinin bir simvoludur.
Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizin Ermənistanın hərbi təcavüzünə məruz qalması nəticəsində torpaqlarımızın 20 faizinin işğal edilməsi Azərbaycanın həmin ərazilər üzərində daxili suverenliyini məhdudlaşdırmışdı. Ermənistanda və işğal olunmuş Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə aparılmış, dövrümüzün ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı törədilmiş, insanlıq əleyhinə cinayətlər, müxtəlif hərbi cinayətlər nəticəsində şəhərlərimiz, kəndlərimiz viran edilmiş, ölkəmizin təbii resursları talan olunmuşdur. 
Azərbaycana qarşı hərbi təcavüzün nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsi üzrə 30 ilə yaxın davam edən danışıqlar prosesi Ermənistanın destruktiv mövqeyinə görə heç bir nəticə vermədi.
Ermənistanın işğalçılıq planları, hərbi təcavüz cəhdi davam edirdi. Ermənistan silahlı qüvvələrinin 2020-ci il sentyabrın 27-də ölkəmizə qarşı törətdiyi geniş miqyaslı təxribatın qarşısı alındı, əks-hücum əməliyyatı başladı. Bu, İkinci Qarabağ müharibəsi oldu. Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın edərək tarixi Zəfər qazandı. Sentyabr-noyabr aylarında Azərbaycan Silahlı Qüvvələri - Cəbrayılı, Füzulini, Zəngilanı, Qubadlını, Ağdamı və Laçını Şuşa şəhərini tamamilə, Xocavənd və Kəlbəcər rayonlarının geniş hissəsini, Xocalı və Tərtər rayonlarının bir hissəsini işğaldan azad etdi. Hərbi əməliyyatlar 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanan üçtərəfli Bəyanatla başa çatdı. 2023-cü il aprelin 23-də Laçın-Xankəndi yolunun başlanğıcında, Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi yaradıldı. Həmin nəzarət-buraxılış məntəqəsi hakimiyyətin aliliyinin və nəzarət funksiyasının yerinə yetirilməsinin təminatı oldu. Bu, Azərbaycanın Vətən müharibəsindən sonra əldə etdiyi növbəti tarixi nailiyyət hesab olunur.
Həkəri çayının üzərində "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması ilə Azərbaycan bütün beynəlxalq sərhədləri boyunca suveren hakimiyyətini və nəzarətini, ərazi bütövlüyünü təmin etdi.
Qarabağda həyata keçirilmiş antiterror əməliyyatı Azərbaycanın suverenliyinin bərpası və ərazi bütövlüyünün təmin olunması istiqamətində mühüm bir mərhələ oldu. Üçtərəfli bəyanatda Ermənistan öz qoşunlarını Azərbaycan ərazisindən tam şəkildə çıxarmaq öhdəliyini öz üzərinə götürsədə xüsusilə 2020-ci ildən sonra istehsal edilmiş silah-sursatı, o cümlədən minaları qanunsuz yollarla Qarabağın Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərinə daşıyaraq 480 kilometrədək təmas xətti boyunca yeni əraziləri minalamışdı. 500-dən artıq döyüş mövqeyi və möhkəmləndirilmiş uzunmüddətli atəş nöqtəsi, müxtəlif tipli artilleriya qurğuları üçün 350-dən artıq atəş mövqeyi, kəşfiyyat-müşahidə vasitələri quraşdırmışdı. Ermənistan ərazidə hücum əməliyyatlarını yerinə yetirə bilən hərbi qüvvələr cəmləşdirmişdi.
2023-cü il sentyabrın 18-də Azərbaycanın hava sahəsindən uçuşlar yerinə yetirən sərnişin təyyarələrinin GPS naviqasiya sistemlərinə qarşı ərazilərimizdə olan qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən radiomaneələr tətbiq edilirdi.
2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlandı. Antiterror əməliyyatı sentyabrın 20-də başa çatdı. Rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirmişdir. Aparılan antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edildi. Xalqımızın həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.
Bu gün Azərbaycan xalqı öz müstəqil dövlətinə sahibdir, şücaətli əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir.

Günay TAĞIYEVA

"Azərbaycan Ordusu"