Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Sentyabr 2025 13:12

Şəhidlərimizin övladları Vətənə əmanətdir

Müdafiə Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin (BHİK) təşkilatçılığı ilə "Başkənd" restoranında 15 Sentyabr - Bilik Günü münasibətilə "Qəhrəman övladları - Sabahın ulduzları" şüarı altında şəhid və döyüşlərdə yaralanaraq sağlamlığını itirmiş şəxslərin övladları ilə görüşə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Dövlət İdarələri İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının nümayəndələri, bir qrup şəhid ailəsi, döyüşlərdə yaralanaraq sağlamlığını itirmiş şəxslər, döyüşçülər, onların övladları və başqa qonaqlar iştirak etdilər.
Tədbirdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və respublikamızın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla, dərin hörmət və ehtiramla yad olundu. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. 
Müdafiə Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Kərim Rzayev tədbiri açıq elan edərək, 15 Sentyabr - Bilik Günü münasibətilə və eyni zamanda, məktəb yollarında ilk addımlarını atan şəhid və döyüşlərdə yaralanaraq sağlamlığını itirmiş şəxslərin övladlarını təbrik edərək, onlara gələcək dərslərində müvəffəqiyyətlər arzuladı. Sədr bildirdi ki, şəhid ailələrinə, veteranlara yüksək diqqət və qayğı göstərilməsi hər zaman dövlətimizin prioritet istiqamətlərindən olub. "Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarətində olan bu məsələ ilə bağlı ən ali səviyyədə müvafiq tapşırıqlar verilir və geniş layihələr həyata keçirilir, şəhid ailələrinin sosial müdafiəsinin daha da gücləndirilməsi, bu sahədə reallaşdırılan bütün məsələlər daima diqqət mərkəzində saxlanılır. Belə ki, MN BHİK-in təşkilatçılığı ilə mütəmadi olaraq şəhid ailələri və döyüşlərdə yaralanmış şəxslərin övladlarının iştirakı ilə müxtəlif, sosial dəstək proqramları, görüşlər və mədəni-kütləvi layihələr həyata keçirilir. Bu il Rəşid Behbudov adına Mahnı Teatrında 26 İyun - Silahlı Qüvvələr Gününə həsr edilmiş təntənəli bayram tədbiri, Mərkəzi Nəbatat Bağında "Xəyallarımı rəngləyirəm" adlı rəsm müsabiqəsi, "Qarabağ şəhid ailələrinin gözü ilə" devizi altında şəhid ailələri və döyüşlərdə yaralanaraq sağlamlığını itirmiş şəxslər üçün işğaldan azad olunmuş ərazilərimizə səfər təşkil olunub. Belə layihələrimiz davamlı olacaq. Çıxışımın sonunda bizə dəstək olan "Başkənd" restoranlar şəbəkəsinin rəhbərliyinə kollektivimiz adından minnətdarlığımı bildirirəm". 
Tədbir Dövlət İdarələri İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı sədrinin müavini Rəhim Qasımovın çıxışı ilə davam etdi. Rəhim Qasımov 15 Sentyabr - Bilik Günü münasibətilə tədbir iştirakçılarını, xüsusilə bu il birinci sinfə gedən uşaqları təbrik edib, onlara gələcək dərslərində uğurlar arzuladı. Onların rifah halının yaxşılaşdırılması üçün dövlət tərəfindən mütəmadi proqramların qəbul edilməsindən və geniş layihələrin planlı surətdə reallaşdırılmasından danışdı. 
Sonra MN BHİK-in Humanitar məsələlər üzrə sədr müavini Aygün Məmmədova birinciləri 15 Sentyabr - Bilik Günü münasibətilə təbrik edib, təhsil illərində həmişə nailiyyətlər qazanmağı arzuladı, bu gün onların vaxtlarının şən keçirilməsi üçün maraqlı, əyləncəli şou proqramın hazırlandığını və şəhid övladlarının incə qəlblərini ovundurmaq, həmişə onlara dəstək olmaq, hər birimizin mənəvi borcu kimi düşündüyünü dedi. 
Şəhid qızı və şəhid yoldaşı Qəmər Rəhimli onlara göstərilən yüksək diqqət və qayğıya görə, şəhidlərimizin adlarının daima uca tutulmasına görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə etdi.
Daha sonra tədbir iştirakçılarına vətənpərvərliyi tərənnüm edən konsert proqramı təqdim olundu. Uşaqlar musiqilərin sədaları altında rəqs edib şənləndilər. Əyləncəli şou proqramı maraqla izlədilər.
Tədbirdə ötən dərs ilində birinci sinfi uğurla, əla qiymətlərlə başa vuran bir qrup şəhid övladı "İlin əlaçısı" adına layiq görülərək onlara diplomlar təqdim edildi.
"Qəhrəman övladları - Sabahın ulduzları" şüarı altında keçirilən tədbirdə iştirak edən şəhid ailə üzvləri və döyüşlərdə yaralanaraq sağlamlığını itirmiş şəxslərlə görüşüb, söhbət apardım. Onların təəssüratlarını öyrəndim.
Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan polkovnik-leytenant Əhməd Şərifov II qrup müharibə əlilidir. Sağlamlığını 44 günlük Vətən müharibəsi zamanı, Ağdam-Ağdərə-Tərtər-Goranboy istiqamətində gedən döyüşlərdə itirib. Hətta ağır yaralanmasına baxmayaraq, müalicəsini yarıda kəsib bir həftə sonra yenidən döyüşə girib. Üç oğul övladı var. O oğullar vətənsevər, dövlətə, xalqa, torpağa bağlı bir ailənin övladlarıdır. Kiçik oğlu Əli Şərifzadə təşkil olunmuş konsert proqramında ecaskar səsi ilə tədbir iştirakçılarında xoş əhval-ruhiyyə, xoş ovqat yaratdı. Böyük oğlu Hüseyn Şərifzadə Vətən müharibəsi başlayanda əsgər olub. O, Füzuli, Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib və yaralanıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medallarına layiq görülüb. Həmçinin "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edilib. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin 3-cü kurs tələbəsidir. Digər oğlu Həsən Şərifzadə Türkiyə Respublikasında ali təhsil alır. Əhməd Şərifov bildirdi ki, xalqımız bu il Böyük Qələbəmizin beşinci ildönümünü təntənə ilə qeyd edəcək. "Haqq etdiyimiz savaşda qalib olduq. Xalqımız tarixi torpaqlarını erməni işğalçılarından azad etdi. Düşmən illərlə işğal altında saxladığı ərazilərimizdə vandalizm aktı həyata keçirdi. İşğal etdikləri şəhər, rayon, kənd və qəsəbələrimizdə vəhşiliklər törətdilər. Şükürlər olsun, bu günə. İndi işğaldan azad olunmuş ərazilərimizdə geniş bərpa-quruculuq işləri aparılır. Şuşa, Laçın, Ağdam, Füzuli və digər işğaldan azad olunmuş ərazilərimiz gündən-günə dirçəlir. Şəhidlərimizin qanı, canı bahasına o torpaqlarımız düşməndən azad edildi. İndi biz də, onların Vətənə əmanət qalmış övladlarını göz bəbəyimiz kimi qorumalıyıq".
Şəhid mayor Asiman Əliyevin oğlu Vaqif Əlizadə birinci sinfə qədəm qoyacaq. O, da məktəb yollarında ilk addımlarını atacaq. Nənəsi Sevda Ağayeva dedi ki, Vaqif çox həvəslidir məktəbə getməyə. Məktəbəqədər təhsilini dərindən mənimsəyib. "İnanırıq ki, balaca Vaqif böyüyəndə atasının adına layiq övlad olacaq. Onun müqəddəs şəhid adını daima ucalarda tutacaq. Atası kimi Vətənini, xalqını sevən ölkəmizə layiqli vətəndaş kimi formalaşacaq. Bu gün uşaqlar üçün təşkil olunan əyləncəli konsert proqramı onların yaddaşında həmişəlik qalacaq. Rəqs edib, maraqlı, əyləncəli proqram izlədilər. Tədbir yüksək səviyyədə təşkil olunmuşdu. Allah dünyamızı salamat eləsin. Bir daha müharibə olmasın. Uşaqlar atasız qalmasınlar. Onlar sülh şəraitində böyüsünlər. Qoy həmişə sülh olsun!"
Aynurə Cəfərli şəhid kapitan Həmid Cəfərlinin həyat yoldaşıdır. Şəhidin bir oğul, bir qız övladı Vətənə yadigar qalıb. Aynurə xanım dedi ki, qızı Zeynəb Cəfərli bu il Xətai rayonunda yerləşən Humanitar fənlər təmayüllü Liseyin 1-ci sinfinə gedəcək. "Həmidin ən böyük arzusu övladlarına gözəl təhsil vermək, onların savadlı, bilikli olması idi. Mən Həmidin yarımçıq qalmış arzularını həyata keçirəcəyəm. Biz Həmidlə qürur duyuruq. Onun igid, qorxmaz, Vətəninə, xalqına, dövlətinə bağlı bir zabit olduğu əməli ilə bir daha təsdiqləndi. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ailələri dövlətimizin yüksək diqqət və qayğısı ilə həmişə əhatə olunmuşdur".
18 il Azərbaycan Ordusunun baş giziri olub, döyüş maşını idarə edib, Vətən müharibəsi zamanı Ağdam-Ağdərə-Tərtər-Goranboy istiqamətində gedən döyüşlərdə ağır yaralanan Nazim Əsədovun övladı Nihad Əsədovun da adı bu il birinci sinfə gedən şagirdlərin sırasında çəkildi. Nihada da gələcək dərslərində əlaçı olmağı, Vətəninə, xalqına, valideynlərinə layiqli övlad kimi yetişməsini arzuladıq. Nazim Əsədov tədbirin təşkilatçılarına və "Başkənd" restoranının rəhbərliyinə şəhid övladlarına belə şən, xoş ovqat bəxş etdikləri üçün minnətdarlığını bildirdi.
Bəli, qoy həmişə sülh, göyün üzü açıq olsun, səmalarımız mavi rəngə boyansın. Sülh rəmzi ağ göyərçinlər daima səmalarımızı bəzəsin.

Lalə HÜSEYNOVA

"Azərbaycan Ordusu"