"Vətən mənə oğul desə, nə dərdim,
Mamır olub qayasında bitərdim,
Bu torpaqsız harda, nə vaxt, nə dərdim,
Xəzanımdır, xəzanımdır, xəzanım".
(Məmməd Araz)
Yenə sevdiyim şairin sevdiyim misraları beynimdə dolaşır... Ülvi məhəbbətim olan Vətənim, Vətənim üçün əzizcanlarından keçən şəhidlərim... Bu gün qəlbimdə həmin misraların sədası ilə şəhid polkovnik-leytenant Həmdəm Ağayevdən yazıram. O, ömrünü Vətənə həsr etdi, son nəfəsinədək vuruşdu və şəhidlik zirvəsinə ucalaraq adını xalqın yaddaşına əbədi həkk etdi.
Bəli, Həmdəm Ağayev Vətənin oğlu idi, Vətən ona oğul dedi. O da oğul kimi Vətəninə olan müqəddəs borcunu layiqincə yerinə yetirdi. Öz canı bahasına döyüşdü və qanı ilə zəfər tarixinə adını yazdı. Çox istəyərdim ki, nə zamansa özündən canlı müsahibə alım, xatirələrini bizimlə bölüşsün, amma qismət olmadı... Doğum günü ərəfəsində şəhid polkovnik-leytenant Həmdəm Ağayevin qardaşı polkovniki Mübariz Ağayev və ailə üzvləri ilə həmsöhbət olmaq, reportaj hazırlamaq qərarına gəldim. Boğazımda sözlər düyünlənir, lakin Həmdəm Ağayevin barəsində yazmaq qürur, danışmaq isə şərəfdir.
Yol boyunca öz-özümə düşünürəm ki, görəsən, bu evdə danışacağımız sözləri, qardaşının xatirələrini, ailə üzvlərinin fikirlərini və gördüklərimi, yaşadığım hissləri, Həmdəm Ağayevin ölməzliyini necə oxuculara çatdıra biləcəm? Qapını döyüb açılmağını gözləyəndə istəmədən, biixtiyar şəkildə kövrəlib ağladım. Amma bu yazını, eşitdiyim bütün xatirələri qələmə alıb yazmalıyam. Axı, haqqında danışacağımız şəxs bir xalqın bütövlüyü, torpağın bölünməzliyi üçün vuruşmuş, canından keçmişdi. Onun həyatının hekayəsi, ailəsinin hissləri və Vətənə olan sevgisinin izləri itməməlidir…
1975-ci ildə Ağdərə rayonunun Sırxavənd kəndində anadan olan Həmdəm Ağayevin uşaqlıqdan hərb sahəsinə marağı var idi. O, hətta gənclik illərinə qədəm qoymadan əvvəl belə torpaqlarımızı işğal edən erməni vandallarına qarşı güclü nifrət hissi bəsləyirdi.
O, Birinci Qarabağ müharibəsində iştirak etmişdi. Azərbaycan torpaqlarının bir ovuc qədərini düşmənə qıymayan Həmdəm Ağayev müharibədən qayıtdıqdan sonra Bakıya gələrək 1994-cü ildə o vaxtkı Bakı Ali Hərbi Birləşmiş Komandirlər Məktəbinə (indiki Heydər Əliyev adına Hərbi İnstitut) daxil olmuş,1999-cu ildə müvəffəqiyyətlə həmin hərbi məktəbi bitirmişdi. Oxumağa, təhsil almağa marağı olan Həmdəm Ağayev həm də idmana meyilli idi. Üç dəfə kinkboksinq üzrə Respublika çempionu olan Həmdəm Ağayev idman sahəsində qazandığı uğurlara görə, Ali Baş Komandandan, o cümlədən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən, müxtəlif qurumlardan dəfələrlə fəxri fərman, diplom, sertifikat, orden və medallarla təltif olunub. Bakı Ali Hərbi Birləşmiş Komandirlər Məktəbini (indiki Heydər Əliyev adına Hərbi İnstitut) bitirdikdən sonra “leytenant” rütbəsində xüsusi Qüvvələrdə xidmətə başlayıb. 2005-ci ildə ermənilər Azərbaycan hərbçisini girov götürən zaman Həmdəm Ağayev kəşfiyyatçı olduğu üçün yüksək rütbəli ermənini əsir olaraq ələ keçirir. Ancaq düşmən özünü Araz çayına atır. Həmdəm Ağayev sözügedən zabiti çaydan çətinliklə çıxarır və bundan sonra əsirlər dəyişdirilir. Bu şücaətinə görə Həmdəm Ağayevə vaxtından əvvəl “mayor” rütbəsi verilir. 2012-ci ildə isə “polkovnik-leytenant” hərbi rütbəsini alıb. 2016-cı ildə Aprel döyüşlərində böyük şücaət göstərib. Onun Vətənə olan sevgisi, Vətəni qorumaq amalı bununla da kifayətlənməyib. İkinci Qarabağ müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. Bir neçə post, bir neçə yüksəklik və bir neçə kəndin mənfur düşməndən azad edilməsində fəal iştirak edib. Oktyabrın 3-də hər iki ayağından yaralanan Həmdəm Ağayev yaralarını özü sarıyaraq döyüşə davam edib. Kəşfiyyat məqsədilə düşmən nəzarətində olan ərazilərə keçən Həmdəm Ağayev oktyabrın 9-na kimi düşmən tərəfə ağır zərbələr vurub və tapşırığı yerinə yetirib geri dönərkən düşmən snayperi tərəfindən qəfil vurularaq şəhid olub.
Vətən uğrunda canını fəda edən igidlərin hər birinin arxasında bir ömür, bir ailə, bir xatirə dayanır. Şəhidin adı tarixə yazılır, amma o adın kölgəsində bir ananın göz yaşı, bir həyat yoldaşının sükutu, bir övladın həsrəti gizlənir.
Həmdəm Ağayev də belə ölümsüz igidlərdən biridir. Onunla bağlı xatirələri ailə üzvləri danışırlar. Hər səsdə həm nisgil, həm də qürur duyulur.
"Onu ilk dəfə görəndə sadəliyi, sakit təbəssümü ilə yaddaşıma həkk olundu. Həmdəm daim ümidlə danışar, gələcək haqqında böyük planlar qurardı. Ən çox qızımız Aysuya bağlı idi, sanki onunla nəfəs alırdı. Hər şeyə rəğmən isə Vətən üçün hər zaman döyüşə hazır idi. Onun ən böyük arzusu, ən böyük amalı Vətənə layiqli övlad olmaq idi", - deyə həyat yoldaşı Ramilə Ağayeva bildirdi.
"Mənim üçün o, sadəcə həyat yoldaşı, övladımın atası deyildi, evimizin dayağı, güvənc yerimiz idi. Böyüklə böyük, uşaqla uşaq kimi rəftar edərdi, Həmdəm adını doğruldurdu, - o, söykəndiyim dağ idi. Hər səhər evdən çıxanda üzümə baxıb "Narahat olma, tez qayıdacam, getməliyəm" deyirdi. Onun üçün Vətənə xidmət hər şeydən əvvəl gələrdi. Amma son getdiyi gün qayıtmadı… Onu yola salıb tələm-tələsik pəncərəyə çıxdım ki, baxım, yox idi. Sanki heç küçəyə adam çıxmamışdı... Onu cismən itirsəm də, qürurla yaşayıram. Çünki bilirəm ki, şəhidlik ən uca zirvədir. Mənim həyatımda boşluq qalsa da, dərdimə həmdəm olan olmasa da, Həmdəmin yoxluğunu heç nə əvəz etməsə də, xalqımızın yaddaşında onun adı daim yaşayacaq və torpaqlarımızın azad olunması ilə təsəlli tapıram", - deyə sözlərinə əlavə etdi.
Masanın üzərinə gözüm sataşdı. Həmdəm Ağayevlə bağlı yazılar, şəkillər, məqalələr... Bir də bir şeir parçasına rast gəldim...
"Sən üçrəngli bayrağa, bayraq sənə yaraşır,
Çiynində ali rütbə, ay ulduzla sayrışır.
Ayağında "batinka", əynində hərbi mundir,
Kişilik rəmzi olan papaq başa yaraşır,
Əzəmətli, qürurlu duruş Sənə yaraşır,
Sən qəhrəman olmusan, adın dillər dolaşır.
Şəhid oldun - Ana torpaq basdı səni bağrına,
Ana kimi layla deyib məlhəm oldu ağrına.
Vətən sənə oğul dedi, çağırdı harayına,
Sənin kimi oğulların xoş deyirəm halına,
Qurban oldun Vətənin bir ovuc torpağına...
Bu şeiri ona Həmdəm Ağayev şəhidlik zirvəsinə ucaldıqdan sonra həyat yoldaşı Ramilə xanım həsr etmişdi... Hərbçi xanımları da sanki hərbçi olurlar... Xanımdakı o məğrur duruş, “Vətən sağ olsun” ifadəsi insanlığın, Vətənə məhəbbətin ən ali mərtəbəsi idi.
Şəhid haqqında yazı yazmaq çətin, ailəsi ilə həmsöhbət olmaq ikiqat çətin və məsuliyyətlidir. Çünki bu qədər həssas mövzuya toxunmaq həm də köhnə yaraları açmaq kimidir. Anası Roza xanıma üzümü tutdum. "Oğul itkisi nə qədər ürəyimi dağlasa da, düşünəndə ki, Həmdəm şəhid olub və mən şəhid anasıyam, bu özü qürurvericidir. Həmdəm uşaqlıqdan mərd, qayğıkeş idi. O, Vətəninə, torpağına o qədər bağlı idi ki, xidmət etdiyi dövrdən həmişə Qurban bayramında qurban alanda birinci əsgərləri üçün kəsdirər, sonra evi üçün alardı... Həmişə evə gələndə çəkmələrini çıxarmazdı, elə bil bir gözü qapıda qalardı ki, getməlidi. Rahatlığını xidmətdə tapardı. Heç vaxt ağlıma gəlməzdi ki, Həmdəmsiz qalarıq. Amma indi hər dəfə məzarına gedəndə həm yanğı, həm də qürur hiss edirəm. Çünki mənim balam torpaq uğrunda canını verdi. Yaralı ola-ola heç nədən qorxmadı. Hər valideyn övladının toyunu görmək istəyir. Həmdəmin ən böyük arzusu balalarının toyunu görmək idi. Amma qismət olmadı. İndi Həmdəm tək mənim yox, bütün Azərbaycanın igid, mərd oğludur. Bununla təsəlli tapıram", - deyə anası Roza Ağayeva bildirdi.
Həmdəm Ağayev bir qız və bir oğul atası idi. Onlara olduqca bağlı idi.
"Mənim atam hamının danışdığı, dillər əzbərinə çevrilən şəhid hərbçidir. Bu gün onu xatırlayanda ən çox qayğıkeş ata kimi xatırlayıram və bu gün mənim ona çox ehtiyacım var. Mənimlə oynayardı, dərslərimlə maraqlanardı. İndi atamı qucaqlaya bilmirəm, amma hər dəfə şəkillərinə baxanda güc alıram. Bu qədər fədakar bir atanın övladı olmaq mənim üçün şərəfdir. Çünki mənim atam bizim gələcəyimiz üçün canını qurban verdi. Mən böyüyəndə onun yolunu davam etdirmək istəyirəm", - oğlu Ziya Ağalı bildirdi.
Qızı Aysunun gözləri kimi ürəyi də dolu idi. Çünki Həmdəm Ağayev qızına hədsiz bağlı idi. Elə qızı da atasına…
"Mən atamı çox istəyirdim. Evə gələndə saçlarımı sığallayardı, məni qucaqlayardı. İndi onun şəkillərinə baxıb onunla danışırmışam kimi hiss edirəm. Bəzən dəftərimə sanki atam oxuyacaqmış kimi məktub yazıram: "Ata, səni çox sevirəm. Anam deyir ki, atam şəhidlik zirvəsinə ucalıb, ucaldığı göylərdən bizi qoruyur. Hərdən ağlamıram, möhkəm olmağa çalışıram ki, o mənim ağladığımı bilməsin. Mən də hər zaman onun kimi mərd olmaq istəyirəm. Mən mərd qızıyam", - qızı Aysu Ağayeva bildirdi.
Şəhidimizin qardaşı polkovnik Mübariz Ağayevin dediklərindən: "Həmdəm təkcə mənim qardaşım deyildi, həm də ən yaxın sirdaşım, silahdaşım idi. Onunla bir böyümüşük, hər xatirəmiz birdir. Həmdəm məndən iki yaş balaca idi, evin sonbeşiyi idi. Adını da şəhid əmisi qoymuşdu".
Şəhidlik bir nəslin taleyinə yazılmışdı sanki...
"O vaxt mən Şuşaya gedib yaralanmışdım. Gələndə Həmdəm mənə dedi ki, mən də əsgər olmaq, Vətənə xidmət etmək istəyirəm. Bu istəyindən daşındırmaq qeyri-mümkün idi. Mən də onun bu istəyini görüb yanıma gətirdim. Hərbi hissədə kifayət qədər təlimlər keçdi, öyrəndi. Getdikcə həvəsi gücləndiyi üçün, ötəri həvəs olmadığını görəndə Bakı Ali Hərbi Komandirlər Məktəbinə (indiki Heydər Əliyev adına Hərbi İnstitut) sənədlərini verdi və qəbul oldu.
Müharibə başlayanda dedi ki, mənim yerim ön cəbhədir. Bilirdim ki, o, heç vaxt Vətənin çağırışından qaçmaz. Hələ 14-15 yaşı olardı, xalqın müdafiəsi üçün əlindən gələn hər şeyi edirdi. Camaata qoşulub mərmilər, yeməklər daşıyardı, postlarda durardı. Silah atmağı bilirdi. Pəncərəmiz erməni evləri ilə qarşı-qarşıya idi. Gecə işıq yananda ermənilər atəş açardı. Biz onda nəsilliklə bir evə yığılardıq. Bir dəfə Həmdəm evdə tək qalıb, bu zaman ermənilər fənərlə yoxlanışa gələndə Həmdəm bunları müşahidə edib, özü üçün gizlənməyə yer etmişdi. Orada Həmdəmi tapa bilməmişdilər. Hələ uşaq ikən onun fərasəti var idi. Bir dəfə ermənilər 10-15 maşına minib harasa gedirdilər. O zaman Həmdəm ermənilərə daş atmışdı. Onlar Həmdəmi qovaraq güllə atmağa çalışıblar. Həmdəm isə vəziyyətdən çıxış yolu üçün özünü gölə atıb. Ta ki, onlar gözdən itənədək göldə gizlənmişdi.
İkimiz də Aprel döyüşlərində və 44 günlük Vətən müharibəsində iştirak etmişik. O, şəhid olandan 25 gün sonra nəşini oktyabrın 25-də təxmin etdiyim istiqamətdən tapdım.
Nə qədər qətiyyətli olsa da, Həmdəm həm də daxilən kövrək idi. Xidməti dövründə hər ay öz maaşından əsgərlər üçün qurban kəsdirərdi, çalışardı ki, onlara daim qayğı göstərsin. Onlar özlərini hərbi xidmətdə yad hiss etməsinlər.
Həmdəm zəhmli olduğu qədər də mülayim idi. Arada qızım Aysel deyir ki, "Həmdəmdən başqa əmim olsa da, mən əmi deməyə həsrətəm". Çünki Həmdəm o qədər sevgi dolu idi ki, sanki tabeliyində olan hər bir əsgəri onun övladı idi, o, xidməti dövründə hər bir əsgəri ilə ata, qardaş kimi idi. Hətta tabeliyində olan əsgərlər də Həmdəm şəhid olanda matəm saxladılar, şəhidimizin qəbrini tez-tez ziyarət edib ailəsinə baş çəkirlər. Bizim kəndimiz tanınmış kənd deyildi, ucqar kənd idi, heç çox sayda ziyalıları da olmayıb. Amma Həmdəm Sırxavənd kəndini nəinki Azərbaycanda, bütün dünya səviyyəsində tanıtdı. O, sanki Vətən üçün yaradılmışdı.
Qardaş itkisi ağırdır, amma qürurumuz böyükdür. Həmdəm adını tarixə yazdırdı. Mənim qardaşım indi həm ailəmizin, həm də xalqımızın qəhrəman oğullarından biridir", - deyə qardaşı Mübariz Ağayev bildirdi.
Mübariz Ağayevin həyat yoldaşı Xuraman Ağayevanın sözlərinə görə: "Biz ailəcə hərbçi yoldaşıyıq. Hərbçi xanımı olmaq da ikiqat şərəf və məsuliyyət tələb edir. Çünki həm kişi kimi, hər şeyə hazır, soyuqqanlı olmalısan, həm də ailənin xanımı olmağı bacarmalısan. Həmdəm kəşfiyyatçı olduğu üçün evdə çox olmurdu. Ailəsi ilə çox maraqlanmağa imkanı olmurdu. Ramilənin üstünə yük bu baxımdan daha çox düşürdü. Həmdəm işinə məsuliyyətli yanaşdığı üçün vəzifəsi tez-tez artırdı və təyinatı tez-tez bir yerdən başqa bir yerə dəyişdirilirdi. Buna görə də onlar bir yerdə qərarlaşa bilmirdilər. Ramilə hər vəziyyətə hazırlıqlı qadındır. Həmdəm evə gələndə çəkmələrini çıxarıb dincəlməyə belə vaxt tapa bilmirdi. Amma onun üçün Vətənə xidmət hər şeydən əvvəl idi... Biz həmişə ailəcanlı, qohumcanlı olmuşuq. O, Mübarizlə qardaş münasibətindən daha çox sanki ata-bala, dost idilər. Elə bilirəm mənim də öz doğma qardaşım olub. O, uşaqlara qarşı çox həssas idi. Bir dəfə kiçik oğluma əsəbləşdim, o, bunu qəbul edə bilmədi. Ramilə övladlarını bir ana kimi hər şeylə təmin edə bilir, amma Həmdəmin yoxluğunu, atasızlığını heç nə ilə əvəz edə bilmir. Heç vaxt övladlarını tək qoyub getməzdi, deyə düşünürdük. Ancaq görünür Həmdəm Vətən sevgisini övlad sevgisindən daha üstün tutub".
"Həmdəm hara getsə, şəkillər çəkdirərdi. Sanki yoxluğunu hiss edirmiş kimi, xatirə toplayardı. Hətta dünyasını dəyişməzdən öncə, zarafatyana deyərdi ki, bir gün şəhid olub bir şəkildən baxsam, görəsən, necə olar?" Ardınca səhərə yaxın döyüşə yollanmağı, qapıdan pəncərəyədək bir addımlıq məsafə var ikən Həmdəmin gedişi sanki bir an məsələsi oldu. Haradan getdi, necə getdi, hansı sürətlə yoxa çıxdı indiyədək hamımıza müəmmalı qaldı... Heç birimiz gözləmirdik ki, bu gediş son olar... Onun nəşi gələndə belə biz inana bilmirdik. Elə bilirdik ki, bu hələ son deyil..." - deyə sözlərinə əlavə etdi.
Beləliklə, Həmdəm Ağayevin ailəsinin hər bir üzvünün dilindən səslənən xatirələr bir bütöv hekayə yaradır. Bu isə bir daha sübut edir ki, şəhidlik həm nisgil, həm də qürur zirvəsidir.
Bu gün Həmdəm Ağayevin adının yaşadılması üçün də bir sıra işlər görülüb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən Həmdəm Ağayev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Bu gün Həmdəm Ağayevin adının əbədiləşdirilməsi üçün bir sıra işlər görülür. Onun yaşadığı binanın həyətində "Şəhid Həmdəm bulağı", Binəqədi rayonunda adına küçə verilib.
Yaşasaydı, 50 yaşını qeyd edəcəkdi.
Sentyabrın 9-da cəsur şəhid polkovnik-leytenant Həmdəm Ağayevin doğum günü ilə əlaqədar olaraq Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində onun xatirəsinə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə şəhidin ailə üzvləri, döyüş yoldaşları və ictimaiyyətin nümayəndələri iştirak etdilər. Açılışda Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olundu, Dövlət Himni səsləndirildi.
Tədbirdə Həmdəm Ağayevin həyat və döyüş yolunu əks etdirən videoçarx nümayiş etdirildi, onun vətənpərvərliyi və igidliyi vurğulandı. Şəhidin anası, qardaşı, həyat yoldaşı və övladları tədbirdə çıxış edərək onun həm ailəsinin dayağı, həm də bütün xalqın igid oğlu olduğunu bildirdilər.
Bu gün şəhid polkovnik-leytenant Həmdəm Ağayev aramızda deyil, amma onun adı, səsi, kəlməsi, baxışı, onunla bağlı olan bütün xatirələri onu sevənlərin yaddaşındadır. Qeyri-adiliyi də budur ki, qürurla, şərəflə adını çəkdiyimiz ölməz şəhidimiz həm də bizi göz yaşına boğur. Çünki Həmdəm Ağayev kimi şəhidlərimiz bir evdən deyil, bir eldən getdilər.
Şəlalə DÜNYAMALIYEVA
"Azərbaycan Ordusu"