Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Sentyabr 2025 13:11

“Ən böyük qürurum odur ki, yaralı silahdaşlarımızın həyatını xilas edə bildik”

Azərbaycan Ordusunun döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması, şəxsi heyətin sağlamlığının qorunması və yaralı hərbi qulluqçulara vaxtında tibbi yardımın göstərilməsi tibb xidmətinin əsas vəzifələrindəndir. Müasir müharibələrin təcrübəsi göstərir ki, qələbələr yalnız silah və texnika ilə deyil, həm də hərbi tibb xidmətinin çevikliyi, təşkilatçılığı və peşəkarlığı ilə sıx bağlıdır.
Ordumuzun tibb xidməti zəruri müalicə tədbirləri ilə kifayətlənmir. Profilaktik tədbirlərin görülməsi, yoluxucu xəstəliklərin qarşısının alınması, sanitar-gigiyenik normaların təmin edilməsi və tibbi maarifləndirmə işləri də xidmətin əsas istiqamətlərindəndir.
Belə şərəfli xidməti layiqincə yerinə yetirənlərdən biri də baş gizir Mehman Əkrəm oğlu Mehdiyevdir. O, 1987-ci il fevralın 4-də Salyan rayonunun Çuxanlı kəndində anadan olub. Artıq 18 ildir ki, Vətənin müdafiəsi yolunda hərbi xidmətini davam etdirir.
Baş gizir Mehman Mehdiyev Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin “Hərbi feldşer işi” ixtisasını fərqlənmə diplomu ilə bitirib. Peşəkarlığı və biliyi ilə fərqlənən Mehman, şəxsi heyətə göstərdiyi diqqət və qayğı sayəsində həm zabitlər, həm də əsgərlər arasında böyük hörmət qazanıb.
O, 2016-cı ilin Aprel döyüşlərində və 44 günlük Vətən müharibəsində fəal iştirak edib. Döyüş meydanındakı  cəsarəti  yaralı hərbi qulluqçulara vaxtında tibbi yardım göstərməsi ilə seçilərək həm komandanlığın, həm də silahdaşlarının etimadını doğruldub.
Baş gizir Mehman Mehdiyev xidmət yolunu dəyərləndirərək dedi: "Mənim üçün hərbi feldşer olmaq sadəcə bir peşə deyil, Vətənə xidmətin ən şərəfli yollarından biridir. Döyüş meydanında yaralı əsgərə vaxtında tibbi yardım göstərmək onun həyatını xilas etmək deməkdir. Hər dəfə bu məsuliyyəti hiss etdikcə, peşəmə daha da bağlanıram".
Müharibə illərindəki təcrübəsini xatırlayaraq əlavə etdi: "2016-cı ilin Aprel döyüşlərində və Vətən müharibəsində  yanımızda olan hər bir döyüşçü üçün əlimizdən gələni əsirgəmədik. Ən böyük qürurum odur ki, yaralı silahdaşlarımızın həyatını xilas edə bildik. Bu gün arxaya baxanda düşünürəm ki, həmin anlarda göstərdiyim səylər  ən dəyərli xidmətlərimdəndir".
Ordumuzda tibb xidmətinin fədakar üzvlərindən biri də tibb bacısı Zümrüd Xudafiyar qızı Səməndərovadır. O, 28 aprel 1970-ci ildə anadan olub və artıq 13 ildir ki, orduda tibb bacısı kimi fəaliyyət göstərir. Birinci Qarabağ müharibəsi zamanı ordu sıralarında çalışaraq təcrübə qazanan Zümrüd xanım 1990-cı ildə Bakı 2 nömrəli Baza Tibb Mərkəzini “Feldşer” ixtisası üzrə bitirib.
Zümrüd xanım dedi: "Mənim üçün hər bir əsgərin sağlamlığı önəmlidir. Onların tez sağalaraq sıraya qayıtması ən böyük uğurumdur. Həkimlər və feldşerlərlə birlikdə çalışmaq mənim üçün həm peşə, həm də Vətənə xidmət deməkdir".
Tibb xidmətindən razı olan  əsgər  Elnar Təbriz oğlu Mahmudov səhhətində narahatlıq olduğu üçün hərbi hissədə həkimlərin nəzarəti altında müalicə alır. O, 18 aprel 2006-cı ildə Bakı şəhərində anadan olub. Atası 1992-1996-cı illərdə Birinci Qarabağ müharibəsində Ağdam, Tərtər və Füzuli istiqamətlərində döyüşüb.
Elnar tibb xidmətinin qayğısını belə qiymətləndirdi: "Burada müalicə olunan hər kəsə yüksək diqqət və qayğı göstərilir. Həkimlər tərəfindən hər gün səhhətim yoxlanılır, vaxtlı-vaxtında dərmanlarımı qəbul edirəm. Onların qayğısı və düzgün müalicəsi sayəsində  tezliklə sağalıb bölməmə qayıdacağıma əminəm. Hər bir əsgərin sağlamlığı daim diqqət mərkəzindədir".
Azərbaycan Ordusunda tibb xidməti ordunun döyüş qabiliyyətinin qorunmasında, şəxsi heyətin sağlamlığının təmin edilməsində və fövqəladə hallar zamanı operativ yardım göstərilməsində mühüm rol oynayır. Bu xidmət yalnız xəstələrin müalicəsi ilə məhdudlaşmır, həm də profilaktik tədbirlərin həyata keçirilməsi, sanitar-gigiyenik normaların təmin olunması və hərbi qulluqçuların tibbi maarifləndirilməsi kimi geniş sahələri əhatə edir.
Peşəkar tibb heyəti sayəsində tibb xidməti daim təkmilləşdirilir, müasir avadanlıq və qabaqcıl texnologiyalardan istifadə olunur. Bu, hərbi hissələrdə sağlamlıq mühitinin qorunmasına, döyüşlər zamanı yaralı şəxsi heyətin həyatının xilas edilməsinə, onların tez bir zamanda döyüş qabiliyyətinə qayıtmasına şərait yaradır.
Azərbaycan Ordusunun tibb xidməti, həmçinin gənc hərbi qulluqçuların biliklərini artıraraq, xidmət zamanı qarşılaşa biləcəkləri risklərə hazırlıqlı olmalarını təmin edir. Nəticədə bu sahə ordunun ayrılmaz və zəruri tərkib hissəsinə çevrilir, şəxsi heyətin sağlamlığı qorunur və Azərbaycan Ordusu hər zaman yüksək döyüş hazırlığı səviyyəsini saxlayır.

Əli ABIYEV

"Azərbaycan Ordusu"