Müsahibimiz Milli Müdafiə Universiteti Hərbi Elmi Tədqiqat İnstitutunun professoru, tarix elmləri doktoru Mehman Süleymanovdur.
- Hörmətli Mehman müəllim, Azərbaycan Demokratik Respublikasının daxili siyasəti mübarizələrlə başladı. Bu mübarizə müstəqilliyin qorunması mübarizəsi idi. Gənc dövlət daşnak-bolşevik qüvvələri ilə döyüşürdü, həm siyasi cəbhədə, həm də hərbi cəbhədə. Başlıca cəbhə Bakı idi.
- Bəli, Azərbaycan xalqının dövlətçilik tarixinində şərəfli bir mərhələ olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə əldə edilmiş çoxsaylı uğurlardan biri də Bakı şəhərinin işğaldan azad edilməsi idi. Bu tarixi hadisə həm də Azərbaycanın qəhrəmanlıq tarixinin, Azərbaycan-Türkiyə hərbi qardaşlığının heç vaxt unudulmayacaq dəyərli bir səhifəsidir.
1918-ci ilin mayında öz müstəqilliyini elan etməsi ərəfəsində Azərbaycanda son dərəcə mürəkkəb və təhlükəli hərbi-siyasi şərait Cümhuriyyətin elan edildiyi sərhədlər daxilində olan ərazilərin az qala yarıdan çoxu, o cümlədən də Bakı şəhəri Azərbaycan xalqının müstəqilliyinə və mövcudluğuna qənim kəsilmiş yad qüvvələrin işğalı altında idi. Obyektiv tarixi səbəblər üzündən Azərbaycan Xalq Cümhuriyyəti elan ediləndə onun müstəqilliyini müdafiə etməyə qadir olacaq yetərli milli hərbi qüvvələr hələ təşkilatlanmamışdı. Ona görə də Cümhuriyyət hökuməti hərbi kömək göstərilməsi üçün Osmanlı Türkiyəsinə müraciət etdi və bu müraciətdən sonra Azərbaycana gələn türk hərbi qüvvələri ilə Azərbaycanın milli hərbi qüvvələrinin bazasında Qafqaz İslam Ordusu yaradıldı. Osmanlı Türkiyəsinin hərbi naziri olan Ənvər paşanın kiçik qardaşı Nuru paşa bu Ordunun komandanı, Azərbaycanın görkəmli hərbçisi Əlağa Şıxlinski isə onun müavini təyin edildi.
- Bu ordu qurtuluş ordusu oldu.
- Qafqaz İslam Ordusu təşkil edildiyi gündən Bakıda hakimiyyətə yiyələnmiş Bakı Sovetinin qoşunları ilə ağır döyüşlərə başladı. Bu döyüşlər Qaraməryəmdən Bakıya qədər qürur doğuracaq bir döyüş yolu keçdi.
- Döyüşlər haqqında bir qədər ətraflı məlumat verməyinizi xahiş edirəm.
- 1918-ci il iyulun son günlərində Qafqaz İslam Ordusu qüvvələrinin Bakı həndəvərinə yetişməsi ilə Stepan Şaumyanın rəhbərliyi altında olan Bakı Soveti istefa vermək və şəhərə nəzarəti Sentrokaspi adlanan eser-menşevik-daşnak hökumətinə vermək məcburiyyəti qarşısında qaldı. Bu hökumətin və ona tabe olan hərbi qüvvələrin rəhbərliyinin də əsasını erməni daşnakları təşkil edirdi. Sentrokaspi diktaturası özünü Bakının hakimi elan etdikdən dərhal sonra daşnak nümayəndələri İrana göndərildi və onların vasitəsilə İrandakı ingilis hərbi qüvvələrinin komandanı general Denstervil rəhbərlik etdiyi hərbi qüvvə ilə birlikdə Bakıya dəvət olundu. Bakı neftinə və bütünlükdə Xəzər hövzəsinə sahib olmaq üçün yollar axtaran Böyük Britaniya hökuməti dərhal yaranmış fürsətdən istifadə etməyə çalışdı və general Denstervilə göstəriş verildi ki, Bakıya hərbi qüvvə çıxarsın. Nəticədə Bakıya göndərilməsi qərarlaşdırılan 39-cu ingilis briqadasının ilk bölmələri 1918-ci il avqustun 4-də gəmilərlə Ənzəlidən Bakıya gətirildi. Onların gəlişini sonsuz sevinclə qarşılayan erməni daşnakları öz niyyətlərinə çox yaxın olduqlarını düşünürdülər. Bakı üzərinə həyata keçirilmiş ilk genişmiqyaslı hücumun nəticələri də onların bu sevincini vüsətləndirdi. 1918-ci il avqustun 5-də Qafqaz İslam Ordusunun qüvvələri tərəfindən Bakı şəhərinin yad qüvvələrdən təmizlənməsi üçün başlanılan ilk irimiqyaslı hücum gözlənilən nəticəni vermədi. Qafqaz İslam Ordusu qüvvələri Qurd qapısı istiqamətindən başlanan hücum zamanı bu yüksəkliklərdə yerləşən ilk səngərləri ələ keçirsələr də, döyüşün inkişaf etdirilməsi üçün yaranan təchizat çətinlikləri üzündən sonradan əvvəlki mövqelərinə, Qurd qapısı ilə üzbəüz yüksəkliklərə geri çəkilmək məcburiyyətində qaldılar.
- Bu, mövqe məğlubiyyəti idi, yoxsa...
- Xeyr, döyüşdə dönüş yaratma niyyəti idi.
5 avqust döyüşünün nəticələri Qafqaz İslam Ordusu komandanlığının iradəsini qıra bilmədi. Dərhal da Bakı üzərinə növbəti uğurlu hücumun təşkil edilməsi üçün zəruri hazırlıq tədbirlərinin müəyyənləşdirilməsinə və həyata keçirilməsinə başlandı. Cəbhə bölgəsində aparılan təhlillərdən sonra Azərbaycana əlavə bir türk diviziyasının göndərilməsi haqqında məsələ qaldırıldı. Bu məsələ ilə bağlı Türkiyə Hərbi Nazirliyinə müraciət edildi. Bakı şəhərinin ən qısa zamanda azad olunmasını arzulayan Ənvər paşa da bu təkliflə razılaşaraq 15-ci piyada diviziyasının Bakı ətrafına göndərilməsi haqqında sərəncam verdi.
- Türkiyənin hərbi yardımı öz yerində, bəs Azərbaycanın özü nə edə bildi?
- Azərbaycan daxilində yenidən mövcud qüvvələrin cəbhəyə səfərbər edilməsi üçün lazımi işlər görüldü. Bu məqsədlə Bakı ətrafındakı milli qüvvələrə əlavə olaraq Ağdaş alayının bölmələri bura gətirildi, Qazax və Gəncə ətrafında toplanmış milli qüvvələrin Bakı ətrafına göndərilməsinə göstəriş verildi. 5-ci türk diviziyasının komandiri Mürsəl paşanın fikrincə, həmin qüvvələrin Bakı cəbhəsinə gətirilməsi oradakı şəxsi heyətin mübariz əhval-ruhiyyəsinin yüksəlməsinə kömək edə bilərdi.
Bundan başqa, Bakı ətrafı kəndlərdən də könüllülər toplanması üçün iş aparıldı. Bu məqsədlə Azərbaycan korpusuna daxil olan Ləzgi süvari alayının bir bölüyünə və bir neçə türk zabitinə müvafiq tapşırıqlar verilərək Maştağa kəndinə göndərildi. Onların səyi ilə Bakıətrafı kəndlərdən xeyli könüllü toplandı və bu qüvvələr Maştağa dəstəsi adlanan ayrıca bir dəstədə birləşdirildilər.
1918-ci ilin sentyabrın ortalarında - Qafqaz İslam Ordusu qüvvələrinin Bakı şəhəri üzərinə həlledici hücumunun başlandığı günə qədər Nuru paşanın göstərişi ilə Bakı ətrafında qüvvələrin yenidən qruplaşdırılması aparıldı, müxtəlif manevrlər həyata keçirildi və mövqe döyüşləri davam etdirildi.
- Bəs Türkiyənin vəd etdiyi əlavə qüvvə - diviziya?
- Sentyabrın 6-da Türkiyədən göndərilən 15-ci piyada diviziyası Ağstafaya çatdı, oradan dərhal qatarla Gəncəyə göndərildi. Həmin gün saat 10-da Gəncə dəmir yolu stansiyasında bu diviziyanın qarşılanması oldu. Bundan sonra 15-ci diviziya Bakı ətrafına yola salındı. Bu diviziyanın gəlişi ilə Bakı üzərinə həlledici hücuma hazırlığın son mərhələsi idi. Bu hücumun təşkili məqsədilə sentyabrın 10-da Qafqaz İslam Ordusunun komandanı Nuru paşa və Azərbaycan korpusunun komandanı Əlağa Şıxlinski Bakı ətrafına gəldilər.
Döyüş bölgəsinə gəldikdən sonra Nuru paşa ilə Əlağa Şıxlinski şəhər ətrafındakı vəziyyətlə tanış oldular, komandirlərin məruzələrini dinlədilər. Mövcud vəziyyət qiymətləndiriləndən sonra sentyabrın 13-də saat 17:11-də Hacı Həsən kəndinin qərbindəki müşahidə məntəqəsində Nuru paşa Bakı üzərinə həlledici hücumu başlamaq barədə döyüş əmrini imzaladı. Həmin əmrə əsasən Bakı şəhərinin yad qüvvələrdən azad edilməsi üçün həlledici hücum sentyabrın 14-nə keçən gecə başlamalı idi.
Bakı şəhəri üzərinə Qurd qapısı istiqamətindən hücum edən 5-ci türk piyada diviziyasının qərargah rəisi qayməqam Rüştü bəy xatirələrində yazırdı ki, o gecə heç kim yatmamışdı. Döyüşçülər 5 avqust döyüşünün intiqamını almaq üçün hücum saatının çatmasını səbirsizliklə gözləyirdilər: "Bunu ərz etməliyəm ki, 5-ci Qafqaz firqəsi ona Vətən əqsamınınistihlas və istirdadında Azərbaycanda olduğu qədər müşkülata, qanlı və ələmli zayiata uğramamışdı. Həm din və həm də irqini qurtarmaq üçün mənsub olduğu millətin və ordunun qəhrəmanlıq dastanını yerə düşürməmək üçün zabitan və əfradımız böyük bir fərağati-nəfislə çalışmış, qiymətli qanlarını axıtmış və bilafüturmüəzzəz canlarını da fəda etmişlərdi.
İstiqlalına aşiq Anadolu türkü, nəhayət, qonşu və qardaş millətin istiqlalını da həmin mücadilələr ilə təmin və azərbaycanlıların əlinə tövdü və təslim etmişdi. Bakısız Azərbaycan başsız bir vücuddur. Onsuz bir işə yaraşmazdı. Binaənəleyh Azərbaycan Cümhuriyyəti və istiqlaliyyətini behəmehal Bakı ikmal və itmam edəcəkdi. 5-ci Qafqaz firqəsi bunu əldə etmək üçün avqust bidayətlərində günlərcə boğaz-boğaza düşmənlə müharibə və mücadilə etdi. Fəqət məalesəf Bakının alınması 39 gün qədər təəhhür etdi".
- Maraqlıdır, həm də ruhun bu qədər doğmalığına qürurlanırsan.
- Əlbəttə elədir. Rüşdü bəy onu da əlavə edirdi ki, qarşıda ağır bir döyüş dayanırdı. Qurd qapısı üzərindən hücuma keçmək elə də asan deyildi. Bu sərt təpəliklərə dırmaşmaq üçün yalnız ensiz bir yol var idi. Qoşunlar isə daha geniş bir cəbhədə hərəkət etməli idilər. Onlar gecə ikən Şubanı yüksəkliklərindən enəcək, dəmir yolunu keçdikdən sonra sərt təpəliklərə dırmaşmalı idilər. Hələ gündüz ikən bu təbii maneələri adlamaq çox böyük zəhmət tələb edirdi. Gecə isə tam səssizliyə riayət edilməsi, düşmənin duyuq düşməsinə yol verilməməsi lazım idi.
Hücum planına əsasən, 5-ci türk diviziyası və ona verilmiş milli hərbi dəstələr Qurd qapısının Bayıldan başlayaraq təxminən Biləcərinin qərb ətəklərinə qədər olan ərazidən hərəkət etməli idi. Biləcəri-Sabunçu-Əhmədli çevrəsi boyunca isə 15-ci türk diviziyası və ona verilmiş milli hərbi qüvvələr hücuma keçməli idilər. Azərbaycanın milli hərbi qüvvələrinin və könüllü dəstələrinin böyük bir hissəsi bu istiqamətdən hücuma qoşulmuşdu. Nəzərdə tutulmuşdu ki, əsas zərbə Qurd qapısı istiqamətindən vurulsa da, Bakının şimal-şərq çevrəsi boyunca mövcud olan düşmən qüvvələr də tədricən şəhərə sıxışdırılsın.
Hücum planına görə, 5-ci türk diviziyası Qurd qapısı yüksəkliklərinə qalxmaqla düşmənin birinci və ikinci müdafiə xətlərini ələ keçirməli və sonra orada möhkəmlənməli idi. Ardınca da arxada qalmış toplar və onların sursatları ələ keçirilmiş müdafiə səngərlərinə daşınmalı idi. Baxmayaraq ki, Qurd qapısı yüksəklikləri ilə topları sürüyüb çıxarmaq elə də asan deyildi, amma göstərilən əzmkarlıq, qətiyyət və yüksək sürət hələ gecə ikən ilk müdafiə səngərlərini ələ keçirməyə və orada möhkəmlənməyə imkan verdi. Bu hücum elə bir sürətlə həyata keçirildi ki, hətta Qafqaz İslam Ordusunun komandanlığı üçün də onun nəticələri xoş bir təəccüblə qarşılandı. Eyni ilə ingilis qoşunları komandanı general Denstervil də gözlərinə inana bilmirdi ki, gecə vaxtı, əlverişli mövqelərdə qurulmuş müdafiə səngərləri belə bir sürətlə ələ keçirilmişdir. Öz xatirələrində o, Qafqaz İslam Ordusu qüvvlərinin sürətli hücumunu belə təsvir edirdi: "İnanılası mümkün deyildi ki, cəbhəmizin ən güclü sahəsi düşmən tərəfindən belə asanlıqla ələ keçirildi. Xüsusilə də bütün qoşunlar gözlənilən hücum barədə xəbərdar edildikləri bir vaxtda. Nə qədər inanılası mümkün olmasa da, bu, məhz belə idi. Bütün üstünlüklərin bizim tərəfimizdə olmasına baxmayaraq hücumun elə ilk anlarından darmadağın edilən belə qoşunlarla heç nəyə ümid etmək mümkün deyildi və bizim indi yeganə vəzifəmiz geri çəkilməyi təmin etmək və qoşunların düzgün təxliyəsini təşkil etmək üçün düşmən hərəkətlərini ləngitmək idi".
- Bəs digər mövqelər?
- Qurd qapısı istiqamətində əldə edilən uğur 15-ci diviziyanın mövqelərində də təkrarlandı. Sonradan uğurla inkişaf etdirilən hücum nəticəsində bütün istiqamətlərdə, bütün döyüş sahələrində düşmənin müqaviməti qırıldı. İngilis qüvvələrinin komandanlığı gün ərzində baş verən döyüşlərdən sonra Qafqaz İslam Ordusunun hücumlarının qarşısının alınmasının qeyri-mümkünlüyü haqqında qəti əminlik əldə edildi. Ona görə də axşam saat 8-də ingilis qüvvələrinə geri çəkilmək əmri verildi. Bununla da "Sentrokaspi" rəhbərləri ümid bağladığı əsas qüvvələrdən məhrum oldular. Ayın 14-də Bakı şəhəri Qafqaz İslam Ordusu tərəfindən ələ keçirilməmişdisə də, artıq onun taleyi həll olunmuşdu.
Sentyabrın 14-ü üçün qarşıya qoyulan tapşırığını yerinə yetirən Qafqaz İslam Ordusu qüvvələri həmin günün gecəsini istirahət etməklə bərabər, həm də son döyüşə hazırlıqda keçirdilər. Sentyabrın 15-də Qafqaz İslam Ordusu qüvvələri uğurlu hücumu davam etdirdilər və qarşıya qoyulmuş vəzifənin həllinə daha da yaxınlaşdılar. Çıxış yolunun qalmadığını görən Sentrokaspi rəhbərliyi Qafqaz İslam Ordusu rəhbərliyi ilə əlaqə yaradılması üçün yollar aramağa başladı. Bu məqsədlə Sentrokaspi rəhbərliyi sentyabrın 14-də axşam saat 8-də İranın Bakıdakı konsulu Saədülvüzəradan Bakı üzərinə hücumun dayandırılması üçün vasitəçilik etməsi xahiş olundu. Bu təklifi alandan sonra Saədülvüzəra iki nəfəri məktub və ağ bayraqla döyüş mövqelərinə göndərdi.
Lakin onlar Qafqaz İslam Ordusu komandanlığı ilə əlaqə yarada bilmədilər. Səhəri gün, yəni, sentyabrın 15-də İran konsulu yenidən vasitəçilik missiyasının icrasına davam etdi. Nəhayət, tərəflər arasında aparılan danışıqlardan sonra Sentrokaspi rəhbərliyi Bakı şəhərini Qafqaz İslam Ordusunun nəzarəti altına verməyi öz üzərinə götürdü. Beləliklə, Bakı şəhəri bütünlüklə Qafqaz İslam Ordusu tərəfindən azad edildi. "Sentrokaspi" Diktaturasının şəhərdəki dayaqları olan qüvvələr gəmilər vasitəsilə qaçıb canlarını qurtardılar. Qaçmaq imkanı olmayanlar isə təslim oldular. Qafqaz İslam Ordusunun komandanı Nuru paşa Bakı əməliyyatının gedişini belə xatırlayırdı: "Sentyabrın 13-də düşməndə şimaldan hücum edəcəyimiz fikrini yaratmaq üçün birləşmələrin hamısı Yanardağ-Binəqədi bölgəsində toplanmışdı. Həmin gün düşmən təyyarələri bu vəziyyəti öyrənmişdi. Sentyabrın 13-dən 14-nə keçən gecə 38-ci alay və Azərbaycan könüllüləri 15-ci firqə komandanının rəhbərliyi ilə şimal cəbhəsini tərk etmişdi. Digər qüvvələr, yəni, Rumıniya cəbhəsindən gələn və mükəmməl halda olan 15-ci firqənin 56-cı alayı, 5-ci firqənin alayları və 36-cı firqənin 107-ci alayı şəhərin qərbindəki dəmiryoluna yaxın yerlərdə toplaşdılar. Məqsədimiz düşmənə əsas hücumun şimaldan olacağını çatdırmaqla onun fikrini azdırmaq idi. Buna görə də Bakının qərb cəbhəsinə qarşı topladığımız birləşmələr, silah işlətmədən, sadəcə qumbara və süngü hücumu ilə sığınacaqlarda qorunan düşmən mövqelərini bir-birinin ardınca ələ keçirmişdi. Şimal birləşmələrimizə də çoxlu silah-sursatla düşmənin ehtiyat birləşmələrinə hücum tapşırığı verilmişdi. Hər iki cinah tapşırığı tam yerinə yetirmişdi. Günəş doğmadan Bakının qərb yamacları artıq tamamilə hərbi birləşmələrimizin əlinə keçmişdi. Bu əməliyyatda hücum edən əsas hərbi birləşmələrimiz az bir itki ilə məqsədinə çatsa da, şimal birləşmələrimiz ciddi itkilərə məruz qalmışdı. O gün axşama qədər Bakının qərb və şimalındakı mövqelər düşməndən təmizlənmişdi. Çoxlu pulemyot və zirehli maşınlarla təchiz olunmuş düşmənlə küçə döyüşünə girməklə çox itki verəcəyimiz ehtimalına görə gecəni şəhərdən kənarda keçirmişdik. Ancaq top atəşi ilə düşmənin limanları və müqavimət nöqtələri atəş altında saxlanmışdı. Sentyabrın 15-də günortadan sonra əvvəlcə 56-cı alay şəhərə daxil olmuş və mühüm obyektlər ələ keçirilmişdi. Hədəfimiz olan Bakı alınmış, bu mühüm əməliyyat sona çatmışdı".
Bakı şəhərinin azad edilməsi həm Azərbaycan ictimaiyyətinin, həm də Türkiyə dövlət rəhbərlərinin, xüsusilə Ənvər paşanın çox böyük sevincinə səbəb olmuşdu. O, Nuru paşaya göndərdiyi teleqramında belə yazırdı: "Böyük Turan imperatorluğunun Xəzər kənarındakı zəngin bir qonaq yeri olan Bakı şəhərinin zəbti xəbərini ən böyük müsərrətlə qarşılarım. Türk və İslam tarixi sizin bu xidmətinizi unutmayacaqdır. Qazilərimizin gözlərindən öpər, şəhidlərimizə fatihələr ithaf edərim".
- Qələbə sorağı sərhəd tanımır. Həm də dövlətçiliklə bağlı döyüşlərdə qazanılan böyük qələbə.
- Mübarizə ruhun mübarizəsiydi, döyüşlər ruhun döyüşləriydi. Qələbə də ruhun qələbəsi oldu. Ruh üçün, təbii ki, sərhəd mövcud deyil. Bakının azad edilməsi xəbərini M.Ə.Rəsulzadə İstanbulda olarkən eşitmişdi. O, dərhal Azərbaycan hökumətinin sədri F.Xoyskiyə teleqram göndərib Azərbaycan xalqını və hökumətini bu tarixi hadisə münasibətilə təbrik etmişdi. Teleqramda deyilirdi: "Hürriyyət və istiqlaliyyət uğrunda çarpışan türk millətinin istinadgahı olan Bakının qurtuluşu münasibətilə rəisi bulunduğunuz hökumət ərkanını candan təbrik edər və salamlaram".
Azərbaycan milli mücadiləsinin liderlərindən biri olan Nəsib bəy Yusifbəyliyə görə, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin ilk sədri Fətəli xan Xoyski Bakının azad edilməsi uğrunda türk hərbçilərinin göstərmiş olduğu xidmətləri Nuru paşaya xitab edərkən bir neçə kəlmə ilə belə dəyərləndirmişdi: "Millət sizə minnətdardır". N.Yusifbəylinin fikrincə, Azərbaycan durduqca bu üç kəlmə azərbaycanlıların dilində və qəlbində yaşayacaqdır.
Sentyabrın 16-da səhər tezdən Qafqaz İslam Ordusunun Bakının asayişində dayanan hissələrindən başqa qalan qüvvələrinin rəsmi-keçidi oldu. Bu rəsmi-keçid Qırmızı Qışla adlanan məntəqədə (İndiki Bakı Dövlət Universiteti ilə Bakı-Quba yolu arasında yerləşirdi) təşkil edildi. Rəsmi-keçiddə Xəlil paşa, Nuru paşa, Əlağa Şıxlinski, Həbib bəy Səlimov, Azərbaycan hökumətinin bir sıra üzvləri də iştirak edirdilər. Rəsmi-keçid bitdikdən sonra adları çəkilən şəxslər, qonaqlar və qoşun hissələri şəhərə daxil oldular. Generallar və rəsmi şəxslər at belində idilər. Onların ardınca isə nizami şəkildə piyada, topçu, süvari və köməkçi hissələr hərəkət edirdi. Şəhər əhalisi küçələrə çıxaraq Qafqaz İslam Ordusunun qalib döyüşçülərini salamladılar və Bakı şəhərinin azad edilməsi kimi böyük tarixi hadisənin sevincini onlarla yaşadılar.
- Bakı şəhərinin işğaldan azad edilməsi Cümhuriyyətin möhkəmlənməsi üçün başlıca şərt idi...
- Bakı şəhərinin azad edilməsi Nuru paşanın həyatının ən yadda qalan səhifəsi idı. O, burada zabit kimi ən böyük qələbəsini əldə etmişdi. Bu elə bir qələbə idi ki, onun sevincindən bütün Azərbaycan xalqına pay düşmüş və bu zəfər iki qardaş ölkənin qəhrəmanlıq tarixinə həkk olunmuşdu. Nuru paşa Bakının azad edilməsi ilə bir sərkərdə kimi nəyə qadir olduğunu nümayiş etdirmiş və onun şəxsiyyətinə, eləcə də hünər və qabiliyyətinə bağlanan ümidləri, etimadı doğrultmuşdu. Yorulmaz, coşqun fəaliyyəti, sönməz enerjisi ilə bu insan bütünlükdə türk xalqının müstəqil Azərbaycana olan bağlılığını əməli şəkildə nümayiş etdirmişdi. Şərq Orduları Qrupunun komandanı Xəlil paşa Nuru paşanın bu məqamda yaşadığı anları çox incəliklə duymuş və onun yaşadığı hissləri cəmi bir cümlə ilə çox dəqiqliklə təsvir edə bilmişdi: "Nuru paşa məndən daha öncə şəhərə girərək böyük bir oteli özünə qərargah olaraq seçdi. Mən daha sonra şəhərə girdim. Cəngavər ruhlu və böyük vətənpərvər Nuru paşanın bu, bəlkə də, həyatının ən gözəl günüydü".
Bununla, Bakı şəhəri öz azadlığına qovuşdu və onun tarixində müstəqil bir xalqın baş şəhəri olmaq kimi şərəfli bir səhifənin başlanğıcı qoyuldu...
- Müsahibəyə görə çox sağ olun.
Müsahibəni apardı:
Rəşid HÜSEYNOV
"Azərbaycan Ordusu"