15 sentyabr 1992-ci il... Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyinin təmin edilməsi üçün muxtar respublika ərazisində ilk milli ordu qurumu - “N” saylı əlahiddə gücləndirilmiş motoatıcı birləşmə yaradıldı.
Hər bir dövlətin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi onun güclü təməllər üzərində qurulmuş ordusundan asılıdır. Dünyada baş verən hadisələrə nəzər salsaq görərik ki, güc amili hər zaman olduğu kimi, bu gün də xüsusi əhəmiyyət kəsb edir. Bu xüsusda Ümummilli Lider Heydər Əliyevin zəngin irsinə nəzər saldıqda, onun Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə prioritet olaraq dövlət və ordu quruculuğu məsələlərini daima diqqətdə saxladığını, mürəkkəb və təlatümlü şəraitdə təxirəsalınmaz tədbirlər həyata keçirdiyini aydın şəkildə görərik.
Ölkəmizdə Sovet imperiyasının dağılması ərəfəsində, hələ dövlət müstəqilliyi elan olunmamış, 1991-ci ilin sentyabrında Naxçıvanda ilk milli ordu qurumunun yaradılmasına başlanıldı. Həmin dövrdə xalqın təkidli tələbi ilə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri seçilən Ulu Öndər muxtar respublikanın sərhədlərinin möhkəmləndirilməsinin və müdafiəsinin təşkili haqqında qərarlar qəbul etdi, Dövlət Müdafiə Komitəsi yaradıldı və bununla da burada olan milli hərbi hissələrə, könüllü dəstələrə vahid rəhbərlik təmin olundu. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə qəbul edilmiş tarixi qərarlarla müstəqilliyin astanasında olan Azərbaycanda Milli Ordu quruculuğu prosesinin də əsası qoyuldu.
Həmin vaxt bəzi daxili və xarici qüvvələrin açıq və gizli şəkildə "parçalamaq" planları ilə üzə-üzə dayanmış bir ölkənin - "ərazicə kiçik, mənəviyyatca böyük torpağı"nda - ilk hərbi quruculuq prosesinə başlanılması son dərəcə vacib və xüsusi əhəmiyyət kəsb edən hadisə idi.
Xüsusilə qeyd etmək lazımdır ki, o zaman muxtar respublika faktiki olaraq Ermənistanın irimiqyaslı təcavüzü ilə üz-üzə qalmışdı. Muxtar respublikanın sərhədyanı yaşayış məntəqələrinə, xüsusilə Sədərəyə aramsız hücumların qarşısı yalnız əhalinin birliyi və Müdafiə Komitəsinin məhdud imkanları sayəsində alındı.
Əbədiyaşar Komandan Heydər Əliyevin apardığı düşünülmüş, uzaqgörən siyasət nəticəsində əvvəllər Sovet İttifaqına məxsus bütün silah-sursat, hərbi texnika, təsərrüfat əmlakı və texniki qurğular Azərbaycanın sərəncamına keçdi. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində 1946-cı ildən Naxçıvanda yerləşdirilmiş 75-ci motoatıcı diviziyanın zabit və əsgər heyətinin son dəstəsi 1992-ci il avqustun 18-də Naxçıvanı tərk etdi və 15 sentyabr 1992-ci ildə isə Müdafiə Komitəsinin bazasında əlahiddə gücləndirilmiş motoatıcı birləşmə yaradıldı.
1992-ci ilin oktyabrında isə Naxçıvan şəhərində ilk yaradılan bu hərbi birləşmənin paradı keçirildi. Ali Məclis Sədri Heydər Əliyev Azərbaycan zabitinin azərbaycanca ilk məruzəsini qəbul edərək şəxsi heyəti "Salam, Azərbaycan əsgəri!" deyərək salamladı. Xalqımızın Ümummilli Lideri çıxışında deyirdi: "Biz 70 il ərzində hər il keçmiş Sovetlər İttifaqının silahlı qüvvələrinin bayramlarının iştirakçısı olmuşuq. Fəqət bugünkü bayram bizim hər birimizin qəlbində böyük iftixar hissi doğurur. Biz böyük sevinc içərisindəyik. Çünki Azərbaycan xalqı, nəhayət, öz dövlətini, öz millətini, öz doğma torpaqlarını müdafiə etmək üçün milli ordusunu yaratmışdır". Naxçıvan şəhərindəki meydandan keçən bu hərbi dəstələr öz texnikaları ilə birbaşa ön cəbhəyə, döyüş mövqelərinə yollandılar. Həmin bölmələr Sədərək, Buzqov və Gərməçataq istiqamətində düşmən hücumlarının qarşısının alınmasında iştirak etdilər.
Ulu Öndərin ordu quruculuğu istiqamətində apardığı düşünülmüş və məqsədyönlü strategiya Naxçıvandan başlamaqla ölkəmizin bütün silahlı birləşmələrini əhatə etdi. 1993-cü ildə Azərbaycana rəhbərlik edən dahi rəhbər Heydər Əliyevin siyasi təcrübəsi, uzaqgörənliyi və sarsılmaz iradəsi sayəsində ölkəni vətəndaş müharibəsi təhlükəsindən və ictimai-siyasi pərakəndəlikdən qurtardı, cəmiyyəti vahid məfkurə ətrafında birləşdirdi. Həmin dövrdə dağınıq və pərakəndə vəziyyətdə olan dəstələrin Silahlı Qüvvələrimizin tərkibində birləşdirilməsi, vahid komandanlığın təmin edilməsi, nizam-intizamın möhkəmləndirilməsi istiqamətində atılan addımlar güclü Azərbaycan Ordusunun yaranmasına səbəb oldu.
Bu gün, artıq 23 ildir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ümummilli Liderin möhkəm təməllər üzərində yaratdığı ordu quruculuğu prosesini uğurla davam etdirir. Ötən dövrdə ölkəmizdə bu istiqamətdə görülən işlər Naxçıvan Muxtar Respublikasını da əsaslı surətdə əhatə etdi. Dövlət başçısının 18 dekabr 2013-cü il tarixli Fərmanına əsasən, Naxçıvandakı Ordu birliyinin əsasında Əlahiddə Ümumqoşun Ordunun yaradılması, əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş Naxçıvanın etibarlı müdafiəsi ilə bağlı görülən tədbirlərin məntiqi davamıdır. Əlahiddə Ümumqoşun Ordunun döyüş qabiliyyətinin artırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi, xidmətin nümunəvi təşkili və hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlərin görülməsi daim dövlətimizin başçısının diqqət mərkəzindədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əlahiddə Ümumqoşun Ordunun yaradılması barədə danışarkən deyib: "Ordu quruculuğu sahəsində aparılan islahatlar, Naxçıvanda Əlahiddə Ordunun yaradılması, bu ordunun ən müasir silah-sursat, texnika ilə təchiz edilməsi bizim dövlət siyasətimizdir. Naxçıvanın hərbi potensialı böyük dərəcədə möhkəmlənmişdir. Naxçıvan ordusu bu gün güclü ordudur. Naxçıvan ordusunun hərbi texnika ilə təminatı ən yüksək səviyyədə təşkil edilir. Bu da təbiidir, çünki Naxçıvan strateji yerdə yerləşir. Naxçıvan blokada şəraitində yaşayır və belə olan halda döyüş potensialı ən yüksək səviyyədə olmalıdır".
Aparılan uğurlu islahatların nəticəsində, 2018-ci ilin mayında Əlahiddə Ümumqoşun Ordunun keçirdiyi və hərb tariximizə qızıl hərflərlə yazılan uğurlu "Günnüt əməliyyatı" Azərbaycan əsgərinin rəşadət əzmini bütün dünyaya nümayiş etdirdi. Həmin vaxt Naxçıvan Muxtar Respublikasının 11 min hektar ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edildi. Beləliklə, Əlahiddə Ümumqoşun Ordunun müdafiə zolağının ön xəttinin dövlət sərhədi boyu əlverişli mövqelərə irəli çəkilməsi əməliyyatı uğurla nəticələndi, qarşıya qoyulan məqsədə nail olundu.
Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarının qarşısının alınması, tarixi ədalətin bərpa olunması məqsədilə başlanan İkinci Qarabağ müharibəsində də Azərbaycan Ordusunun digər qoşun növləri ilə yanaşı, Naxçıvan Muxtar Respublikasından bəzi hərbi hissələr torpaqlarımızın işğaldan azad edilməsi uğrunda həyata keçirilən döyüş əməliyyatlarında böyük rol oynadı.
Bu gün, muxtar respublikada ordu quruculuğu prosesi uğurla davam etdirilir. Yeni müdafiə qurğuları, əsgəri-məişət-yaşayış binaları tikilir, hərbi hissələrin maddi-texniki təminatı daha da möhkəmləndirilir, hərbi qulluqçuların ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılır, şəxsi heyətin döyüş və mənəvi hazırlığı daima diqqətdə saxlanılır. Bu gün ordumuz bayrağımız qədər uca, tariximiz qədər şanlı, xalqımız qədər qüdrətlidir. Əminik ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə yaradılmış Əlahiddə Ümumqoşun Ordu bundan sonra da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hər bir əmrinə hazır olacaq, öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirəcək, qəhrəman şəhidlərimizin, döyüşlərdə sağlamlıqlarını itirən silahdaşlarımızın, hərbçilərimizin qanı, canı bahasına əldə etdiyimiz ərazi bütövlüyümüzün və suverenliyimizin qorunmasında fəal iştirak edəcəkdir.
Elçin İMANOV
"Azərbaycan Ordusu"