Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Sentyabr 2025 13:10

“Sonsuz qardaşlıq-IV” çoxmillətli birgə təlimi - hərbi əməkdaşlığın, dostluq və qardaşlıq münasibətlərinin bariz nümunəsi

Bu gün də ölkəmizdə ordu quruculuğu istiqamətində irimiqyaslı islahatlar həyata keçirilir, uğurlu addımlar atılır, Azərbaycan Ordusunun döyüş qabiliyyətinin daha da yüksəldilməsi üçün lazımi tədbirlər görülür. Hər kəsə məlumdur ki, ordunun qüdrəti onun güclü və ən müasir maddi-texniki bazaya malik olması ilə yanaşı, şəxsi heyətinin döyüş hazırlığı və qələbə əzmi ilə də əlaqəlidir. Vətən müdafiəçisinin yüksək hazırlıqlı hərbi qulluqçu kimi formalaşması onun təkcə hərbi bilikləri mənimsəməsi ilə məhdudlaşmır. O, gənc əsgər hazırlığı dövründən başlayaraq hərbi xidmətinin davamında keçirilən müxtəlif təyinatlı təlim və yarışlarla döyüş hazırlığını yüksəldir. Bu proses hər bir əsgərin fiziki gücünü və mənəvi dözümlülüyünü möhkəmləndirir, onun istənilən vəzifənin öhdəsindən gəlməsinə zəmin yaradır. 
Hər birimizə məlumdur ki, Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksəldən başlıca amillərdən biri də ordumuzda keçirilən müxtəlif təyinatlı və miqyaslı təlimlərdir. Təlimlər şəxsi heyətin döyüş ruhunun artırılması, ona təhkim edilmiş silah və texnikadan lazımi səviyyədə istifadə olunması üçün zəruri tədbirlərdəndir. Plana uyğun olaraq təlim və məşğələlərin mövzuları dünyada və regionda baş verən hadisələr, ordumuzun həyata keçirdiyi uğurlu əməliyyatlarda qazanılan təcrübələr nəzərə alınmaqla müasir döyüşaparma metodlarının və arsenalımızda olan yeni silahların tətbiqi ilə daha əhatəli, real döyüş şəraitinə maksimum uyğunlaşdırılmış şəkildə həyata keçirilir. Beləliklə, təlimlər təkcə nəzəri hazırlıq deyil, həm də döyüş meydanında real hazırlığın ən mühüm mərhələsi olur. 
Təlimlərdə öz döyüş qabiliyyətini durmadan artıran, yüksək döyüş hazırlığına malik ordu istənilən tapşırığı yerinə yetirmək əzmindədir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuzun 2016-cı ilin Aprel döyüşlərində, Vətən müharibəsində, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağ iqtisadi rayonunda həyata keçirilən antiterror əməliyyatı zamanı düşməni darmadağın edərək tarixi ədaləti bərpa etməsi bunun bariz nümunəsidir. Hərb tariximizə qızıl hərflərlə yazılmış bu qələbələr müstəqil dövlətimizin və müasir ordumuzun banisi olan xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu istiqamətində apardığı uğurlu islahatların, eləcə də mütəmadi olaraq keçirilən təlim və məşğələlərin bəhrəsi idi. Keçirilən təlimlərdə silahlanmaya daxil edilmiş silah və döyüş texnikasının istismar xüsusiyyətlərini mükəmməl mənimsəyən Azərbaycan əsgəri ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Bu qələbə Azərbaycan Ordusunun qüdrətinin, Azərbaycan əsgərinin güclü iradəsinin, xalq-ordu birliyinin nümayişi idi. Ermənistan, onun havadarları və bütün dünya gördü ki, Azərbaycan əsgəri yüksək döyüş və mənəvi-psixoloji hazırlığa malikdir, istənilən döyüş tapşırığını müvəffəqiyyətlə yerinə yetirmək iqtidarındadır. Bu Zəfər bir daha sübut etdi ki, güclü ordu güclü dövlət deməkdir. 
Bu gün şanlı Zəfər qazanmağımıza və müharibənin başa çatmasına baxmayaraq ordumuz döyüş qabiliyyətini durmadan artırır. Azərbaycan Ordusunun dünyanın ən güclü orduları sırasında öz layiqli yerini tutması, bundan sonra da istənilən tapşırığı müvəffəqiyyətlə yerinə yetirməsi üçün müxtəlif tədbirlər planı həyata keçirilir. Təsdiq edilmiş illik hazırlıq planına əsasən, hərbi qulluqçularımız həm ölkə daxilində, həm də ölkə hüdudlarından kənarda keçirilən beynəlxalq təlimlərdə iştirak edirlər. Azərbaycan, Qazaxıstan, Qətər, Özbəkistan, Pakistan və Türkiyə xüsusi təyinatlılarının iştirakı ilə ölkəmizdə keçirilən "Sonsuz qardaşlıq-IV" çoxmillətli birgə təlimi də məhz bu qəbildəndir. Zirehli texnika, ordu aviasiyası və pilotsuz uçuş aparatlarının cəlb edildiyi birgə təlimdə əsas məqsəd dost və müttəfiq ölkələrin xüsusi təyinatlı qüvvələri arasında birgə xüsusi əməliyyatların keçirilməsi sayəsində təcrübə mübadiləsinin aparılması, qarşılıqlı fəaliyyətlərin təşkili üzrə bacarıqların təkmilləşdirilməsi, eləcə də zərurət yarandıqda birgə əməliyyatları aparma imkan və bacarıqlarının inkişaf etdirilməsidir. Birgə təlim həm də iştirakçı dövlətlərin hərbi əməkdaşlığını strateji müstəviyə daşıyan mühüm hadisə kimi qiymətləndirilə bilər. 
İştirakçı ölkələr arasında hərbi əməkdaşlığın, dostluq və qardaşlıq münasibətlərinin canlı nümunəsi olan "Sonsuz qardaşlıq-IV" çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimində xüsusi təyinatlı bölmələr döyüş taktikaları üzrə atəş, paraşüt, snayper, eləcə də yaşayış məntəqəsinin düşməndən təmizlənməsi mövzuları üzrə təlim-döyüş tapşırıqlarını yerinə yetirir, öz peşəkarlıqlarını və döyüş hazırlıqlarını daha da artırırlar. 
Azərbaycanda keçirilən birgə təlim bölgədə sülh və təhlükəsizliyin təmin olunması, iştirakçı ölkələr arasında həmrəylik və əməkdaşlığın daha da dərinləşməsi, hərbi qulluqçular arasında təcrübə mübadiləsinin aparılması üçün əla fürsətdir. İnanırıq ki, bu təlimdə əldə etdiyiniz bilik və təcrübə ölkələrimizin müdafiə qüdrətinin güclənməsinə, dostluq və qardaşlıq əlaqələrimizin daha da inkişafına xidmət edəcəkdir. 
Ölkəmizin belə çoxmillətli təlimlərə ev sahibliyi etməsi həm də Azərbaycanın beynəlxalq arenada etibarlı tərəfdaş, regionda isə sülhün və sabitliyin təminatçısı olduğunu bir daha göstərir. 
Bu gün Azərbaycan Ordusu Vətənimizin təhlükəsizliyinin təminatçısıdır. Əminik ki, Müzəffər Ali Baş Komandanımızın diqqət və qayğısı, xalqımızın dəstəyi, təlimlərdə qazandığı təcrübə sayəsində rəşadətli ordumuz bundan sonra da daim Zəfərə doğru inamla addımlayacaqdır. 
 
Elçin İMANOV

"Azərbaycan Ordusu"