Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Sentyabr 2025 19:32

Qafqaz İslam Ordusunun xilaskarlıq yürüşü

1918-ci ilin yayında Azərbaycan xalqı çətin və taleyüklü məsələlərlə üz-üzə qaldı... Bakı şəhəri bolşevik-daşnak qüvvələrinin işğalı altında idi. Ölkənin müsəlman əhalisi soyqırımlara məruz qalır, milli dövlətçiliyin sütunları möhkəmliyini itirirdi. Səbəb Bakı Sovetinin rəhbərlərindən olan bolşevik-daşnak Stepan Şaumyanın başçılığı altında azərbaycanlılara qarşı kütləvi qırğınlar törədilir, minlərlə azərbaycanlı yalnız etnik və dini mənsubiyyətinə görə öldürülürdü. Məhz belə bir şəraitdə Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərliyi Osmanlı hökumətinə müraciət etdi. Bu müraciət əsasında 1918-ci ilin iyununda Osmanlı Türkiyəsinin Hərbi naziri Ənvər Paşanın əmri ilə Qafqaz İslam Ordusu yaradıldı. Ordunun komandanlığı Osmanlı Ordusunun tanınmış hərbçisi general-leytenant Nuru Paşaya (Nuru Killigil) həvalə edildi.
Qafqaz İslam Ordusunun yaradılmasında əsas məqsəd Azərbaycanın müstəqilliyini qorumaq, Bakını işğaldan azad etmək, Azərbaycan torpaqlarında bolşevik-daşnak birləşmələrinin törətdiyi qırğınların qarşısını almaq, digər strateji əraziləri azad etmək, eyni zamanda, yeni elan olunmuş Azərbaycan Xalq Cümhuriyyətinin möhkəmlənməsinə dəstək vermək idi. Bu mübarizəyə azərbaycanlı gənclər də qoşularaq, milli ordu hissələrində səfərbər oldular.
1918-ci il sentyabrın 15-də Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu Bakıya daxil olub şəhəri bolşevik-daşnak qüvvələrindən azad etdi. Bakının azad olunması uğrunda aparılan döyüş Qafqaz İslam Ordusunun ən uğurlu hərbi əməliyyatlarından biri idi. Qafqaz İslam Ordusunun xilaskarlıq yürüşü nəticəsində Bakının işğaldan azad edilməsi Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin qorunub saxlanılmasında mühüm rol oynadı.
Həmin dövrdə Bakı Soveti qoşunları bolşevik-daşnak silahlı birləşmələri və ingilis generalı Denstervilin rəhbərlik etdiyi qüvvələrin nəzarəti altında idi. Azərbaycan Xalq Cümhuriyyəti Gəncədə fəaliyyət göstərsə də, Bakısız müstəqil dövlətin varlığı təhlükədə idi. Göyçay, Kürdəmir və Salyan istiqamətlərində aparılan uğurlu əməliyyatların davamı olaraq 1918-ci il sentyabrın 15-də Bakı şəhərinin bolşevik-daşnak qüvvələrindən təmizlənməsi xalqımızı öz paytaxtına qovuşdurdu. Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası Bakıya köçürüldü və fəaliyyətini buradan davam etdirdi. Qafqaz İslam Ordusunun qələbəsi Azərbaycan tarixində dönüş nöqtəsi oldu. Bu uğur həm hərbi, həm də siyasi və mənəvi yolla qazanılan bir qələbə idi. Qafqaz İslam Ordusunun qəhrəmanlığı nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti öz varlığını qorudu, milli dövlətçilik yoluna davam edə bildi. 15 sentyabr tarixi Azərbaycan xalqı üçün əlamətdar günlərdən biri kimi yadda qalıb.
Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa həm hərbçi kimi, həm də siyasi baxışları ilə dövrünün parlaq simalarından biri olub. O, yalnız ordu komandanı kimi deyil, həm də azərbaycanlıların milli mücadiləsinə qardaş dəstəyi göstərən bir xilaskar kimi yaddaşlarda qalıb. Gəncə və Bakı əməliyyatları zamanı onun strateji qərarları, yerli əhali ilə münasibətlərdə göstərdiyi həssaslıq və siyasi uzaqgörənliyi bu gün də yüksək qiymətləndirilir. Qeyd edək ki, Nuru Paşa Osmanlı Türkiyəsinin Hərbi naziri Ənvər Paşanın qardaşı idi. 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu Bakını azad etdikdən sonra Ənvər Paşa qardaşı Nuru Paşaya məktub göndərir. Məktubda Ənvər Paşa qardaşı Nuru Paşanı təbrik edir, türk və Azərbaycan xalqlarının adından ona minnətdarlığını bildirirdi. Ənvər Paşa Nuru Paşanı həm qardaş, həm də türk və Azərbaycan xalqlarının qurtuluş savaşının qəhrəmanı kimi dəyərləndirirdi.
2025-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusunun Bakını azad etməsinin 107-ci ildönümüdür. Hər il sentyabrın 15-də Bakıda Şəhidlər xiyabanında ucaldımış “Türk şəhidliyi” abidəsi ziyarət edilir, xatirələri anılır. Azərbaycan xalqı öz xilaskarlarını hörmət və dərin ehtiramla yad edir.
Qafqaz İslam Ordusunun Azərbaycana xilaskarlıq yürüşü təkcə o dövrün hadisəsi kimi yaddaşlarda qalmayıb, eyni zamanda, Azərbaycan və Türkiyə hərbi əməkdaşlığının, qardaşlıq münasibətlərinin təməli qoyulub. Nuru Paşanın rəhbərlik etdiyi ordu yalnız silahla deyil, böyük ruh yüksəkliyi, qəhrəmanlıq və milli birlik nümunələri ilə yaddaşlara həkk olunub.
Bu hadisələr həm də bugünkü Azərbaycan-Türkiyə hərbi əlaqələrinin mənəvi başlanğıc nöqtəsidir. 1918-ci ildə qardaş köməyinə gələn Qafqaz İslam Ordusu 2020-ci ilin Vətən müharibəsindən sonra yaranan Azərbaycan-Türkiyə hərbi müttəfiqliyinin tarixi əsasını təşkil edir. Vətən müharibəsi zamanı türk qardaşlarımızın göstərdiyi siyasi, diplomatik və mənəvi dəstək tarixi bağların bu gün də güclü olduğunu sübut edir.
1918-ci ilin çətin və taleyüklü günlərində Azərbaycanın istiqlalı və müstəqilliyi uğrunda mübarizəyə qoşulan Qafqaz İslam Ordusunun fəaliyyəti türk-müsəlman həmrəyliyinin, milli iradənin və qardaşlığın parlaq təzahürü idi. Bu ordu qısa zamanda həm Azərbaycanın siyasi müstəqilliyinin təmin olunmasında, həm də regionda  sabitliyin qorunub saxlanılmasında mühüm rol oynayıb.
Qafqaz İslam Ordusu və Nuru Paşanın xilaskarlıq missiyası Azərbaycanın istiqlal tarixində əvəzsiz yer tutdu, xalqın ruhunu, azadlıq eşqini və gələcəyə inamını möhkəmləndirdi. Tarixin bu sınağından 107 il keçsə də, bu qəhrəmanlıq salnaməsini - Qafqaz İslam Ordusunun və Nuru Paşanın böyük xidmətlərini bir daha xatırlatmaq şərəfli keçmişimizə bir ehtiramdır. Onun qəhrəmanlığı bütün türk dünyasının və Azərbaycan xalqının qürur mənbəyidir. Qafqaz İslam Ordusunun qəhrəmanlıq tarixi, həmçinin Azərbaycan və Türkiyə qardaşlığının sarsılmaz birliyinin rəmzi olaraq daim yaşayacaq.

Kifayət ƏLİYEVA
"Azərbaycan Ordusu"