(Əvvəli ötən sayımızda)
44 günlük Vətən müharibəsi yalnız hərbi deyil, həm də diplomatik cəbhədə ciddi sınaqlar yaratdı. Ermənistan müxtəlif vasitələrlə beynəlxalq aləmdən dəstək almağa, Azərbaycanın haqlı mübarizəsini kölgədə qoymağa çalışırdı. Bu şəraitdə Azərbaycan Prezidenti balanslı siyasəti, qətiyyətli arqumentləri və diplomatik çevikliyi ilə ölkəmizin mövqeyini yüksək səviyyədə qorumağı bacardı. Savaş günlərində Türkiyə ilə qardaşlıq münasibətlərinin gücləndirilməsi Azərbaycanın ən mühüm üstünlüklərindən biri oldu. Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasındakı qardaşlıq münasibətləri Azərbaycan üçün güclü diplomatik dayağa çevrildi. Türkiyə və digər dost dövlətlərin açıq dəstəyi həm Ermənistanı, həm də ona himayədarlıq edən qüvvələri geri çəkilməyə məcbur etdi.
Vətən müharibəsinin gedişində Prezident İlham Əliyevin dünyanın aparıcı media qurumlarına verdiyi çoxsaylı müsahibələr informasiya müharibəsində də Azərbaycanın qələbəsini təmin etdi. Bu müsahibələrdə dövlətimizin başçısı faktlara əsaslanaraq, Ermənistanın işğalçı siyasətini ifşa edir, ölkəmizin beynəlxalq hüquqa uyğun mövqeyini dəqiq arqumentlərlə əsaslandırırdı. Bu yanaşma nəticəsində dünya ictimaiyyəti Azərbaycanın haqlı mübarizəsini qəbul etdi, Ermənistan isə beynəlxalq müstəvidən təcrid olundu.
Təbii ki, Vətən müharibəsində Azərbaycanın Qələbəsinin əsas səbəbi hərbi və diplomatik gücün sintezində idi. Döyüş meydanında qazanılan uğurlar dövlətimizin beynəlxalq mövqeyini gücləndirdi, diplomatik dəstək isə orduda ruh yüksəkliyini artırdı. Şuşanın azad edilməsindən sonra Ermənistanın kapitulyasiya aktını imzalamağa məcbur olması və Ağdam, Kəlbəcər, Laçın rayonlarının döyüşsüz qaytarılması məhz bu sintez modelinin parlaq nəticəsi idi. Bu amillər Prezident İlham Əliyevin güclü strateq kimi unikal yanaşmasının göstəricisi idi. Məhz bu sintez sayəsində hərbi qələbələr diplomatik masada üstünlüyə çevrilir, diplomatik üstünlüklər isə ordunun əməliyyat imkanlarını genişləndirirdi.
Belə bir reallığı da xüsusi vurğulamaq gərəkdir ki, Vətən müharibəsinin nəticələri Azərbaycanın tarixi taleyini köklü şəkildə dəyişdi. Ermənistanın illərlə yaratdığı "qalib ölkə" mifologiyası tamamilə darmadağın edildi. Azərbaycan xalqı öz gücünə, ordusuna və liderinə inanaraq 30 ilə yaxın davam edən işğala son qoydu. Prezident İlham Əliyev bu müharibədə yalnız dövlət başçısı kimi deyil, həm də Milli Lider kimi çıxış etdi. Onun rəhbərliyi altında Azərbaycan həm hərbi, həm siyasi, həm də mənəvi baxımdan qələbə qazandı. Bütün bunlar, yəni, yenilməz iradə, strateji düşüncə, diplomatik çeviklik və milli həmrəyliyin sintezi yeni dövrün liderlik modeli idi. Vətən müharibəsi sübut etdi ki, dövlətimizin başçısı təkcə Azərbaycanın deyil, bütün regionun gələcək siyasi reallıqlarını müəyyən edən müdrik Liderdir. Vətən müharibəsində tarixi Zəfər, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda qurulan modern dövlətçilik modelinin, milli gücün və xalqın iradəsinin təntənəsi oldu.
BMT, ATƏT və digər beynəlxalq təşkilatlar isə ölkəmizin ərazi bütövlüyünün təmin olunmasının vacibliyini təsdiqlədilər. Bu, Azərbaycanın yalnız regional deyil, qlobal siyasi nüfuzunun da artmasını təmin etdi.
Müharibənin sonunda, yəni, 10 noyabr 2020-ci il tarixində Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli Bəyanat regionda davamlı sülhün təmin olunması üçün ilkin şərtləri müəyyən etdi. Bu sənədə əsasən, Rusiya sülhməramlıları azad edilmiş ərazilərdə yerləşdirildi. Sülhməramlıların əsas vəzifəsi tərəflər arasında etimad mühitinin yaradılması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması və regional sabitliyin qorunması idi. Heç də təsadüfi deyildi ki, Rusiya sülhməramlılarının ərazilərimizdə yerləşdirilməsinə baxmayaraq, Ermənistan silahlı birləşmələrinin qalıqları və erməni separatçıları beynəlxalq qanunlara məhəl qoymadan təxribatçı fəaliyyətlərini daha da genişləndirməyə cəhd edirdilər. Onlar müxtəlif silahlı qruplar vasitəsilə Azərbaycanın Qarabağ iqtisadi rayonunun ərazisində, Azərbaycan-Ermənistan şərti dövlət sərhədində terror xarakterli əməliyyatlar həyata keçirməyə başladılar. Bu təxribatlar həm hərbi infrastruktur və nəqliyyat yollarına, həm də mülki əhaliyə birbaşa təhlükə yaradır, azad edilmiş bölgələrimizdə bərpa-quruculuq işlərinin aparılmasını ciddi risk altında qoyurdu.
10 noyabr üçtərəfli Bəyanatın müddəalarına əsasən, Qarabağ bölgəsini dərhal tərk etməli olan Ermənistan silahlı qüvvələrinin qalıqlarının və qeyri-qanuni erməni silahlı dəstələrinin hələ də bölgədə qalması göstərdi ki, beynəlxalq razılaşmalar və sülhməramlıların mövcudluğu ərazidə təhlükəsizliyin tam təminatı üçün kifayət etmir. Təxribatçı fəaliyyətlər, eyni zamanda, regional sabitliyə də təhdid təşkil edirdi. Ermənilərin təxribat-diversiya fəaliyyətləri bölgədə gərginliyi artırır və humanitar vəziyyətin pisləşməsinə səbəb olurdu. Bu vəziyyət Azərbaycanın hərbi gücünün və strateji hazırlığının əhəmiyyətini bir daha ortaya qoydu.
Ermənistan silahlı qüvvələrinin qalıqlarının və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən törədilən və azərbaycanlı mülki əhalinin, o cümlədən ərazidə xidmət aparan polis əməkdaşlarının, eləcə də tikinti-quruculuq işlərinə cəlb edilmiş mütəxəssislərin qətli ilə müşayiət olunan silsilə terror aktları dövlətimizi adekvat addımlar atmağa məcbur etdi. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusu Qarabağ iqtisadi rayonundakı separatçı-terrorçu xunta rejiminin mövcudluğuna son qoymaq üçün antiterror əməliyyatı həyata keçirdi. Bir sutkadan da az sürən bu antiterror əməliyyatı strateji planlaşdırma, yüksək hərbi peşəkarlıq və qabaqlayıcı taktika əsasında həyata keçirildi. Əməliyyatın məqsədi yalnız düşmən qüvvələrinin hərbi potensialını zərərsizləşdirmək deyil, həm də Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tam şəkildə təmin etmək idi. Operativ hərbi tədbirlər nəticəsində Qarabağ iqtisadi zonasındakı mülki erməni əhaliyə və mülki obyektlərə heç bir zərər vermədən Ermənistan silahlı qüvvələrinin qalıqlarının və qeyri-qanuni erməni silahlı dəstələrinin mövqeləri və döyüş texnikası zərərsizləşdirildi, çoxlu sayda silah-sursat müsadirə edilərək ərazidən götürüldü və ərazilərimizdə təhlükəsizlik təmin olundu. Bu tədbirlər həm də beynəlxalq ictimaiyyətə ünvanlanmış diplomatik mesaj idi. Azərbaycan bununla beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirərək göstərdi ki, ərazilərinin və vətəndaşlarının təhlükəsizliyini qorumağa daim qadirdir.
Ümumiyyətlə, 2020-2023-cü illərdə Azərbaycanın liderliyi ilə regionda baş verən proseslər göstərdi ki, yalnız diplomatiya və beynəlxalq razılaşmalar sülhün və təhlükəsizliyin təmin olunması üçün kifayət etmir. Bu məsələdə mütəşəkkil hərbi hazırlıq, qabaqlayıcı əməliyyat planları və strateji nəzarət də vacib amillərdir. Vətən müharibəsi və antiterror əməliyyatı zamanı Azərbaycan Ordusunun peşəkarlığı, hərbi intizamı və yüksək texnoloji imkanları məhz bu məqsədə - dövlətin və xalqın milli maraqlarının qorunmasına, ölkənin ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsinə xidmət edirdi.
Xüsusilə, 2023-cü ilin sentyabrında Silahlı Qüvvələrimizin Qarabağ iqtisadi zonasında reallaşdırdığı antiterror əməliyyatı bir daha sübut etdi ki, Azərbaycan öz sərhədlərini və vətəndaşlarını qorumaqla yanaşı, regionda sabitliyi təmin etmək və təhlükəsizliyi möhkəmləndirmək məqsədilə preventiv və strateji addımlar atmağa qadirdir. Belə tədbirlər qonşu dövlətlərə, həmçinin beynəlxalq ictimaiyyətə Azərbaycanın milli maraqlarını qorumağa sadiq qalması ilə yanaşı, tərəfsiz, prinsipial və beynəlxalq hüquqa hörmət edən mövqedə olduğunu nümayiş etdirdi. Beləliklə, antiterror əməliyyatı Azərbaycanın həm suverenliyinin müdafiəsi, həm də beynəlxalq hüquqa sadiqliyinin, regionda sabitlik və təhlükəsizlik təminatına verdiyi önəmin əyani göstəricisi oldu. Bütün bunlar, eyni zamanda, Azərbaycanın hərbi-strateji hazırlığının yüksək səviyyədə olduğunu, dövlətin suverenliyini və ərazi bütövlüyünü qorumağa daim hazır olduğunu göstərdi.
Bu gün, yəni, postmüharibə dövründə dövlətimizin qarşısında duran əsas vəzifə işğaldan azad edilmiş torpaqlarımızda həyatın bərpası, iqtisadi-sosial infrastrukturun yenidən qurulması və 30 ildən artıq doğma torpağa qovuşmaq arzusu ilə yaşamış keçmiş məcburi köçkünlərin təhlükəsiz və normal həyat şəraitinə qaytarılmasıdır. Bu istiqamətdə həyata keçirilən fəaliyyətlər Qarabağ iqtisadi zonasının və Şərqi Zəngəzurun uzunmüddətli inkişafını təmin edən kompleks layihələr şəklində aparılır. Dövlətin strategiyası iqtisadi, sosial və mədəni sahələri əhatə edərək bölgənin hərtərəfli inkişafını təmin etməyə yönəlib. Azad edilmiş ərazilərimizdə əhalinin həyat səviyyəsinin yüksəldilməsi, iş yerlərinin yaradılması, müasir infrastrukturun qurulması və iqtisadi sabitliyin qorunması bu strategiyanın əsas komponentləridir.
Şübhəsiz, bütün bu tədbirlər bir məqsədə xidmət edir: Qarabağ iqtisadi zonasını və Şərqi Zəngəzuru yaxın illərdə ölkənin yeni inkişaf mərkəzlərinə çevirmək. Beləliklə, Böyük Qayıdış Proqramı yalnız bərpa layihəsi deyil, həm də milli iradənin, dövlətçilik gücünün və strateji planlamanın uğurla həyata keçirildiyinin göstəricisidir. Proqramın icrası ilə Qarabağ və Şərqi Zəngəzur gələcək nəsillər üçün həyatın, rifahın və davamlı inkişafın simvoluna çevriləcəkdir. Bu layihələr, eyni zamanda, Azərbaycan dövlətinin strateji baxışını, torpaqların azad edilməsi ilə başlayan infrastruktur və sosial layihələrin uğurlu icrasını, regionun uzunmüddətli inkişaf potensialını nümayiş etdirir.
Bu, bir təkzibolunmaz faktdır ki, dövlət suverenliyi anlayışı milli dövlətçiliyin təməl daşıdır və xalqın azad iradəsinə əsaslanan siyasi müstəqilliyi, hüquqi-siyasi sistemin müstəqil şəkildə qurulması imkanını ifadə edir. Bu prinsip yalnız ölkədaxili idarəçilik məsələlərini deyil, həm də hər bir dövlətin beynəlxalq münasibətlərdə bərabərhüquqlu subyekt kimi çıxış etmək imkanlarını təmin edir. Bütün ölkə ərazisində suverenliyimizin tam bərpası xalqımızın azadlıq arzularının və siyasi iradəsinin təntənəsidir. Bu dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi məqsədilə Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü təsis edilmişdir. Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 19-da imzaladığı Sərəncama əsasən, hər il 20 sentyabr rəsmi şəkildə “Dövlət Suverenliyi Günü” kimi qeyd olunur. Bu qərar tarixi ədalətin bərpası ilə yanaşı, müasir dövrdə dövlətçilik ənənələrinin gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Çünki dövlət suverenliyi sadəcə tarixi xatirə deyil, həm də siyasi sabitlik, milli təhlükəsizlik və beynəlxalq aləmdə bərabərhüquqlu mövqeyin təminatıdır. Dövlət Suverenliyi Gününün qeyd olunması, ilk növbədə, vətəndaşlarda milli kimliyə bağlılıq hissini möhkəmləndirir, dövlətin siyasi-hüquqi müstəqilliyinin qorunmasına yönələn məsuliyyəti artırır. Bu gün həm də gələcəyə ünvanlanmış belə bir çağırışdır: suverenliyin qorunması hər bir vətəndaşın borcu, güclü dövlətçilik iradəsinin davamlılığının təmin olunması isə dövlətin əsas prioritetidir.
Vətən müharibəsindəki tarixi Qələbəmizdən ötən 5 ildə cərəyan edən hadisələr belə bir mühüm reallığı ortaya qoyur ki, düzgün siyasi xətt, güclü ordu və xalq-iqtidar birliyi ilə ən mürəkkəb məsələlər belə həll oluna bilər. 44 günlük Vətən müharibəsində tarixi Qələbəmiz Ulu Öndər Heydər Əliyevin və onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin liderliyi ilə onilliklər boyu həyata keçirilən strateji siyasətin məntiqi yekunudur. Azərbaycanın yaratdığı yeni reallıqlar regionun gələcəyinə yön verən əsas amillərdəndir. Azad edilmiş ərazilərdə həyatın bərpası, Böyük Qayıdış Proqramının uğurlu icrası və yeni regional əməkdaşlıq formatlarının formalaşdırılması, xüsusilə 5 il bundan əvvəl separatizmin və terrorçuluğun meydan suladığı, bu gün isə artıq tarixi sahibinə qovuşmuş azad Şuşada, Xankəndidə, Ağdamda, Zəngilanda, Qarabağ iqtisadi zonasının və Şərqi Zəngəzurun digər guşələrində mötəbər beynəlxalq tədbirlərin keçirilməsi, bu bölgələrdən dünyaya sülh, təhlükəsizlik və əməkdaşlıq mesajlarının ünvanlanması Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbənin davamıdır. Tarixi ədalətin, milli qürurun bərpası, ərazi bütövlüyünün, suverenliyinin tam təmin olunması Azərbaycan tarixində ən böyük nailiyyətlərdən biri kimi əbədi qalacaqdır.
Albina RAMAZANOVA
jurnalist