Azərbaycan Ordusunun bölmələrində sədaqət və məsuliyyətlə xidmət göstərən gənclər daima fərqlənirlər. Onlar verilən tapşırıqları dəqiq yerinə yetirməklə ordumuzun möhkəm dayağı olurlar. Salyan rayonundan olan əsgər Səbuhi Zərbəli məhz belə nümunəvi xidmət göstərən gənclərdən biridir.
Mülki həyatda elektrik avadanlıqlarının təmiri ilə məşğul olmuş Səbuhi, hərbi xidmətə başladığı andan etibarən intizamı, məsuliyyəti və nizamlı fəaliyyəti ilə seçilir. Hər bir tapşırığı diqqətlə və vaxtında yerinə yetirməsi onu həm zabitlərin, həm də yoldaşlarının etibarlı silahdaşına çevrilib. Onun xidməti özünə bir amal, digər əsgər yoldaşlarına isə bir nümunədir.
Hərbi xidmət Səbuhi üçün yalnız vəzifə deyil, həm də həyat məktəbidir. Burada o, həm fiziki bacarıqlarını inkişaf etdirir, həm də nizam-intizamın, dostluğun və həmrəyliyin əhəmiyyətini daha dərindən dərk edir. Hər bir əmrin məsuliyyətlə yerinə yetirilməsi onun üçün həm öyrənmək, həm də nümunə olmaq deməkdir.
Səbuhi Zərbəli ilə apardığımız söhbətdə əsgəri xidmətin onun üçün nə demək olduğunu belə izah etdi: “Mənim üçün hərbi xidmət həyatımın vacib mərhələsidir. Tapşırığı vaxtında və düzgün yerinə yetirmək, intizamlı olmaq, əsgər yoldaşlarıma dəstək vermək mənim üçün ən önəmli məsələlərdəndir. Hər bir əmrin yerinə yetirilməsi Vətən qarşısında borcumuzu yerinə yetirməkdir”.
Sözlərinə davam edən əsgər S.Zərbəli nümunəvi xidmət etməyin vacibliyindən danışdı: “Hər birimiz nümunəvi xidmət etməyin əhəmiyyətini yaxşı dərk edir, bu məsuliyyətin öhdəsindən uğurla gəlməyə çalışırıq. Bölməmizdə olan müsbət ab-hava və qarşılıqlı münasibətlərin düzgün qurulması mənəvi-psixoloji və döyüş ruhumuzu daha da yüksəldir. Verilən tapşırıqların öhdəsindən uğurla gəlməyə zəmin yaradır.
“Hərbi xidmətin sənə verdiyi ən böyük dəyər nədir?” - sualıma Səbuhi belə cavab verdi: “Burada həm fiziki, həm də mənəvi olaraq inkişaf edirəm. Dostluq və həmrəyliyin nə qədər qiymətli olduğunu başa düşürəm. Həmçinin Vətən sevgisinin əhəmiyyətini daha dərindən hiss edirəm. Bu təcrübələr mənim gələcək həyatım üçün çox qiymətlidir”.
Səbuhi Zərbəli ilə söhbətimiz göstərir ki, hərbi hissədə nümunəvi xidmət göstərmək ordunun intizamının və vəzifəyə sədaqətinin əsas sütunudur. Onun məsuliyyətli və nizamlı fəaliyyəti həm zabitlərin işini asanlaşdırır, həm də yoldaşlarına nümunə olur. Hər bir əmrin düzgün icrası, hər bir vəzifənin məsuliyyətlə yerinə yetirilməsi onun xidməti ilə daha da parlaq görünür.
Belə nümunəvi xidmət göstərən gənclər sayəsində Azərbaycan Ordusu yalnız döyüş qabiliyyəti ilə deyil, həm də intizam, məsuliyyət və peşəkarlıqla fərqlənir. Əsgər Səbuhi Zərbəli kimi gənclərin vətənpərvərliyi və nümunəvi xidməti bir daha göstərir ki, ərazi bütövlüyümüz etibarlı əllərdədir.
Eltun MƏMMƏDOV
"Azərbaycan Ordusu"