Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Sentyabr 2025 19:32

Onların əziz xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq

XXI əsrin reallığında savaş meydanları həm də televiziyalarda, sosial şəbəkələrdə, xəbər portallarında qurulur. Bu gün hibrid müharibələrin bir istiqaməti olan informasiya müharibələri də ənənəvi müharibələr qədər, bəzən daha da təsirli ola bilir. Məhz bu görünməyən cəbhədə jurnalistin rolu həlledici önəm daşıyır. Gündəlik həyatımızda da ən çox eşitdiyimiz ifadələrdən biri informasiya müharibəsidir. Televiziya, xəbər saytları və sosial şəbəkələr gündəlik olaraq informasiya müharibəsindən, onun iqtisadi, siyasi, hərbi və digər sahələrdə istifadəsindən danışır. Bir sözlə, müasir müharibələr yalnız döyüş əməliyyatları ilə məhdudlaşdırılmır, o, həmçinin informasiya sahəsində də davam edir. 44 günlük Vətən müharibəsindən sonra da informasiya müharibəsi davam edir və hər zaman davam edəcək. Torpaqlarımızın azadlığı uğrunda döyüşən əsgərlər kimi, jurnalistlərimiz də informasiya cəbhəsində cəsarətlə və fədakarlıqla mübarizə apardılar, bu yolda şəhid oldular.
Uzun müddət cəbhə bölgəsinə ezamiyyətlərə gedən, təmas xəttində mətbuat nümayəndələri üçün təşkil olunan təlimlərdə iştirak edən, 44 günlük müharibə zamanı ən qaynar nöqtələrdən xəbərlər, reportajlar hazırlayan və peşəkar hərbi jurnalist kimi fəaliyyət göstərən Məhərrəm İbrahimov və Sirac Abışov da belə fədakar oğullardandır.
Onlar İkinci Qarabağ müharibəsində qazanılan Zəfərdən sonra Ermənistanın müharibə cinayətləri, mülki əhalini hədəfə alması, işğaldan azad edilmiş ərazilərdə erməni faşistlərinin viran qoyduğu qədim yurd yerlərinin dəhşətli mənzərəsi barədə birbaşa hadisə yerindən materiallar və informasiyalar hazırlayıblar. Jurnalist Məhərrəm İbrahimov və operator Sirac Abışov 2021-ci ilin iyununda xidməti vəzifələrini yerinə yetirərkən Kəlbəcər rayonu ərazisində minaya düşərək, şəhid olublar. Azərbaycan milli mətbuatının 150 illik yubileyi ərəfəsində redaksiyamızın əməkdaşları şəhid jurnalistlərin ailə üzvləri ilə görüşüb, şəhidlərimizlə bağlı xatirələrini qələmə aldılar.
Məhərrəm Əli oğlu İbrahimov 1982-ci ilin yazında, 16 aprel günü Ermənistanın Krasnoselsk rayonunun Ardanış kəndində dünyaya göz açıb. Orada uşaqlıq illəri uzun sürməyib, ailəsi ilə birlikdə məcburi olaraq Bakıya köçüb, Binəqədi rayonu Rəsulzadə qəsəbəsində məskunlaşıb. 1989-cu ildə 100 nömrəli orta məktəbin birinci sinfinə qədəm qoyub. İllər sonra, 1999-cu ildə həmin məktəbi bitirib, sözün sehrinə və qələmin gücünə inandığı üçün Ali İctimai-Siyasi Kollecin jurnalistika fakültəsini seçib.
2003-cü ildə təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanan Məhərrəm bir il sonra, 2004-cü ilin iyulunda Vətən qarşısında borcunu şərəflə yerinə yetirib, mülki həyata qayıdıb.
Məhərrəm İbrahimovun təkcə bir iş yeri oldu - Azərbaycan Dövlət İnformasiya Agentliyi. 22 yaşında burada müxbir kimi başladığı yol düz 17 il davam etdi. Bu illər ərzində o, həm jurnalist, həm də bir vətəndaş olaraq həyatının ən məhsuldar, ən qaynar və ən gənc çağlarını yaşadı.
Məhərrəm İbrahimov həm də iki oğul atası idi. Uğur və Toğrul onun həyatının ən parlaq arzuları idi. Amma ömür ona yalnız 39 bahar bəxş etdi. Qəlbində övladlarını məktəb yolunda müşayiət etmək, onları azad Qarabağa aparmaq, toylarında ata sevinci ilə qol götürüb oynamaq kimi xəyalları vardı. Təəssüf ki, bu arzularının hamısı yarımçıq qaldı…
Bu yazını yazanda çox təsirləndim. Çünki Məhərrəmin şəhid olduğu torpaq həm də mənim ata yurdum idi... Onun doğulduğu torpaq isə ana torpağım idi. İllərdir Göyçə və Kəlbəcərin nisgili ilə yaşayırdı valideynlərim... Haçansa o torpaqlara geri qayıtmağın nəsib olacağı günü gözləyirdilər... Məhərrəm İbrahimov Vətənə və jurnalistikaya olan sonsuz sevgisi, sədaqəti, dürüstlüyü ilə əsl vətəndaşlardan birinə çevrildi. Onun adı yalnız bir jurnalist kimi deyil, həm də Vətənin həqiqətini, zəfərini dünyaya çatdırmağa çalışan bir insan kimi anılacaq. Məhərrəm müharibənin ən sərt anlarında, döyüş bölgələrinin bir addımlığında cəsarətini və peşəkarlığını birləşdirərək informasiya cəbhəsində döyüşürdü.
O, öz həyatını təhlükəyə ataraq, cəbhə xəttində yaşananların və şəhidlərimizin mübarizəsinin həqiqətini göstərirdi. O, bir jurnalist olaraq Vətənin ən ağır günlərində haqqı müdafiə etmək, insanlara doğru məlumat vermək üçün doğulmuşdu sanki... Məhərrəm cəbhə bölgəsində çəkdiyi görüntülərlə və hazırladığı xəbərlərlə həm dünya ictimaiyyətinə, həm də öz xalqımıza müharibənin dəhşətlərini və igidlik nümunələrini çatdırdı.
Bu gün onun xatirəsini yaşatmaq, peşəkarlığına və şücaətinə hörmət göstərmək hər birimizə borc olmalıdır.
Məhərrəm haqqında çox söz demək olar, amma bu dəfə onun haqqında daha çox, daha dolğun məlumatları ailə üzvlərindən almaq istədim. Elə bu minvalla da üz tutduq Məhərrəm İbrahimovun ata evinə. Həmin o ev ki, Göyçə mahalının Çəmbərək kəndindən qaçqın düşüb Bakıya köçən, onun həyatı ilə bağlı ən dərin xatirələrin toplandığı yerdir. İndi o evdə Məhərrəm İbrahimovun ailəsi ilə söhbət edərkən, onun uşaqlıq illərinin, gənclik arzularının və peşəkar yolunun necə formalaşdığını daha dərindən anlamağa çalışıram. İstədim ki, ailəsi ilə həmsöhbət olub Məhərrəmlə bağlı olan xatirələri, onun şəxsiyyətinin incə tərəflərini, necə bir insan olduğunu sizinlə bölüşüm.
Ailəsinin sözlərinə görə, Məhərrəm İbrahimov həyatında hər zaman yüksək əxlaq prinsiplərinə riayət edən, insanlara qarşı həssas və qayğıkeş bir insan olub. Bacı və qardaşlarının onun haqqında danışdığı hər söz bu böyük ürəkli insanın içindəki dərin və mərhəmətli ürəyi daha çox təsəvvür etməyə imkan verir. Məhərrəm hələ gənc yaşlarında Vətəninə xidmət etməyi özünə həyat məqsədi seçmişdi. Onun uşaqlığı sadə vətəndaşın həyatını təbliğ etmək, müharibənin səsi olmaq üçün çoxdan hazır idi.
Vurğuladılar ki, Məhərrəm heç vaxt qarşısına çıxan çətinliklərdən qorxmayıb. Müharibənin ən çətin günlərində belə, o, bütün təhlükələri gözə alaraq öz peşə borcunu yerinə yetirirdi.
"Məhərrəm ailəmizin sonbeşiyi idi. Onun uşaqlıq və gənclik illəri qaçqınlıq dövrünə düşdü. Açığı ona görə təəssüflə deyə bilərəm ki, çox şeylər yaddaşımızdan silindi. O, bu dövrü, demək olar ki, uşaq kimi yaşamadı, ailəyə kömək edirdi, dəstək olurdu. Çox sakit uşaq idi, ən böyük arzusu Vətəni qorumaq və təhsil almaq idi, o, oxumağa çox həvəsli idi. Moskvaya gedib təhsilini davam etdirmək istəyirdi... Qismət olmadı...", - deyə bacısı İradə İbrahimova qeyd etdi.
Qardaşı Ələsgər İbrahimov dedi: "Məhərrəm bizim üçün həmişə xüsusi bir insan olub. O, həm də babamızın adını daşıyırdı. Biz babamıza bağlı böyümüşük. Uşaqlıq illərimizdən yadımdadır ki, o, hər bir hərəkəti ilə bizə çox şey öyrədirdi. Mənə ən böyük dərsi isə sakitliyi və humanistliyi ilə verdi. Həm ailə daxilində, həm də dostları arasında Məhərrəm heç vaxt təlaşlı, əsəbi bir insan olmadı. O, hər zaman özünəxas bir sakitliklə həyatına davam edirdi. Mənim üçün ən böyük igidliyi onun heç vaxt əsəbiləşməməyində, çətinliklər qarşısında ruhdan düşməməyində idi. Məhərrəm həm də çox sadə və diqqətli idi. Həm mənim, həm də digər uşaqların problemlərini həmişə ciddiyə alardı. Onun "İnsana insan kimi yanaş, hər bir canı dəyərli say" kimi sözləri mənim üçün çox əhəmiyyətli idi. Uşaqdan-böyüyə hər kəsin fikirləri, hissləri və arzuları onun üçün vacib idi. Bu onun həyatındakı ən dəyərli prinsiplərdən biri idi".
Qardaşı Əsgər İbrahimov da fikirlərini bölüşdü: "Məhərrəmin varlığı hər şeyi daha gözəl edirdi. O, hər kəsin sevdiyi, hörmət etdiyi bir insana çevrilmişdi. Heç kimin ürəyini sındırmazdı. Mənə elə gəlir ki, onun sakitliyi və mülayimliyi bizə daha çox bir şeyi izah etməyə çalışırdı, yəni, həyatın hər anı dəyərlidir və hər insana hörmət göstərmək, nə olursa-olsun, ən vacib şeydir. Məhərrəmin bu xüsusiyyəti onun jurnalistikaya olan yanaşmasını da formalaşdırmışdı. Onun əsas prioriteti yalnız xəbərləri toplamaq deyil, insanları başa düşmək, onlara hörmət etmək, onların hekayələrini düzgün şəkildə dünyaya çatdırmaq idi".
Ələsgər İbrahimov qardaşının sözlərinə əlavə edərək dedi: "Məhərrəmin humanist yanaşması hər zaman mənim üçün bir örnək olub. Onun özünə qarşı olan bu mülayim yanaşması, əslində, başqalarına qarşı olan münasibətini də müəyyən edirdi. Mənə həmişə deyirdi: "Əgər sən hər kəsə yaxşılıq etmək istəyirsənsə, əvvəlcə özünə yaxşı olmalısan". O, heç vaxt başqalarına yardım etməkdən çəkinməzdi və bu sadə, xeyirxah davranışları ona çox insan tərəfindən dərin hörmət qazandırırdı. Məhərrəm həyatında gördüyü və yaşadığı çətinliklərə baxmayaraq, heç vaxt insanları unutmur, onların hisslərini anlamağa çalışırdı. Mənim üçün o, sadəcə bir qardaş deyil, həm də, sözün əsl mənasında, həyatın ən böyük dərslərini verən bir müəllim idi".
"Ailənizdə jurnalistikaya maraq haradan qaynaqlandı?" - sualıma isə qardaşı Əsgər İbrahimov cavab verdi: "Qəribə bir şeydir ki, nə qədər düşünürsən ki, nələrisə xatırlayasan, qaçqınlıq dövrü elə bir travmalı dövr oldu ki, insanın xatırladıqlarını belə ifadə etməyə gücü çatmır. Ancaq mən bütün bu xatirələrin unudulmaması üçün gələcək nəslə tam, qərəzsiz çatdırılması üçün bu yaxınlarda qardaşım Məhərrəm İbrahimov haqqında "Jurnalist ömrünün əbədiyyət nəğməsi" adlı kitab çap elətdirdim. Həmin kitabda sənət-söz adamlarının, Məhərrəmi tanıyanların onun barəsində olan fikirlərini qələmə aldım. O, çox canfəşan idi. Bir dəfə Məhərrəm iş görüşməsinə getmişdi. O zaman Məhərrəm tanınmırdı, hərbi xidmətə də getməmişdi və sıradan biri idi. İşlə tanış olmağa getdiyi ilk gün Qurban bayramına təsadüf etmişdi. Orada da Məhərrəm öz humanistliyini, yardımsevərliyini göstərərək, sözün əsl mənasında, qollarını çırmalayıb həmin qurban üçün nəzərdə tutulmuş qoyunu kəsmişdi. Hətta həmin gündən sonra rəhbər heyət tərəfindən də təşəkkürlə qarşılanmışdı. Hərbi xidmətdən qayıtdıqdan sonra da elə həmin qurumda jurnalist olaraq fəaliyyətə başladı".
Onun hərbi sahəyə marağının olmasını soruşanda Əsgər qeyd etdi ki, Məhərrəmin hərbi geyimə olan sevgisi, hörməti sözlə ifadə olunmayacaq qədər böyük idi. "Məhz bu səbəbdən də hətta hərbi xidmətdə olan yaxınlarımız hər zaman Məhərrəmə xüsusi nişanlar və yaxud hərbiyə aid kiçik simvolik nələrsə göndərərdilər. O, jurnalistika sahəsinə gələndə belə harada ən çətin, hərbyönümlü materiallar hazırlamaq lazım olurdusa, Məhərrəm ən birinci ona can atardı", - deyə sözlərinə əlavə etdi.
Bacısı İradə İbrahimova da öz düşüncələrini bölüşdü: "Məhərrəm üçün xalqın mənafeyi, sağlamlığı ön sırada dururdu. Hətta bir haşiyə çıxım ki, Məhərrəm uşaqlığından bəri heç vaxt qarışqanın saldığı cığır yerinə belə ayaq basmazdı. Onun etdiyi yaxşılıqlar da boş qalmadı. O, şəhid olanda bildik bunu. Nə qədər insanlar - tanıyan, tanımayan hər kəs qapımıza axışırdı, hər kəs üzgün, hər kəs matəmə bürünmüşdü. Bu onun vaxtında göstərdiyi əməllərin, peşəsinə sədaqətliliyinin nəticəsi idi. Onda milli özünüdərk, vətənpərvərlik hissi var idi. Bunlarla yanaşı, o, möhkəm sirr saxlamaq qabiliyyətinə malik idi. Məhərrəmin dürüstlüyü, vətənpərvər olmasını isə daha çox onun barəsində kitab hazırlayanda gördük. Bu şəxsi keyfiyyətlərin yüksəkliyi, vətənpərvərlik amalı Məhərrəmdə genetik idi, çünki adını daşıdığı babası da Vətən yolunda şəhid olmuşdu". 
Vətənə bağlılıq bu ailənin təməlində var idi. Məhərrəmin babaları kimi, qardaşı Ələsgər İbrahimov da Birinci Qarabağ müharibəsinə könüllü yollanmışdı, müharibədə yaralanmışdı. Qardaşı Əsgər İbrahimov Məhərrəmin şəhid olduğu gündən danışdı: "Bu xəbəri eşidəndə qəribədir ki, soyuqqanlı oldum. Heç düşünmədim ki, söhbət mənim qardaşım Məhərrəmdən gedir. Vəziyyətlə daha tez barışdım sanki. Elə bil bu xəbərə hazır idim. O, bizi zaman-zaman yoxluğuna öyrəşdirirdi. Xəbər hazırlamaq üçün gedirdi və  uzun müddət görmürdük onu, bu adi hala çevrilirdi. Lakin indi onun yoxluğuna öyrəşmək çətin gəlir. Hərdən elə bilirik ki, o, haradadırsa qayıdacaq.
Məhərrəmin adının yaşadılması üçün Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə o, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeninə layiq görüldü, adına küçə verildi, məktəbdə xatirə bulağı, evinin yanında baralyefi qoyuldu, oxuduğu məktəbdə Məhərrəmin adına guşə, sinif otağı ayrılıb. Bu il Məhərrəmin xatirəsinə həsr olunmuş 22 İyul - Milli Mətbuat Günü ilə əlaqədar olaraq "Jurnalist ömrünün əbədiyyət nəğməsi" adlı kitab dərc edildi. Kitabın təqdimatı Mətbuat Şurasında keçirildi.
1 Avqust - Ana dili günü münasibətilə onun kitablarının kitabxanalara paylanılması aksiyasını həyata keçirdik. Hazırda bunlarla bağlı hərbi musiqi, videolent hazırlanır. Gələcəkdə Məhərrəm və Siracın adı ilə bağlı yazı müsabiqələrinin həyata keçirilməsi planları üzərində çalışırıq".
Hər başlanğıcın sonu olduğu kimi, bizim də getmək zamanımız yaxınlaşırdı… Məhərrəm İbrahimovun ailəsinin dediklərində həm kədər, həm də qürur vardı. Məhərrəm İbrahimov təkcə ailəsinin deyil, bütöv Azərbaycan xalqının qəlbində daimi yaşayacaq.
Evində qalmış kameraları, masa üstündəki qeydləri, divardakı şəkilləri bir şeyi sübut edir ki, o, bu peşəni sadəcə iş olaraq deyil, bir missiya, Vətənə övladlıq borcu kimi görüb.
Bu gün biz Məhərrəm kimi jurnalistlərin sayəsində gerçəkləri görür, haqqı tanıyırıq. Onunla bağlı hazırladığımız bu reportaj keçmişə baxışla kifayətlənməməlidir, həm də gələcək nəsil jurnalistlər üçün bir vəzifə çağırışı olmalıdır - həqiqət uğrunda yaz, hətta bu yol çətin olsa belə, qorxma. Çünki Məhərrəm İbrahimovun başladığı yol özü elə həqiqətin yolu idi. Və bu yol heç vaxt unudulmayacaq!...

*  *  *

Sirac informasiya cəbhəsində kamerası ilə döyüşdü və Vətən uğrunda şəhid oldu. O, tariximizi kamerasının yaddaşına köçürürdü.
Siracın yarım qalmış Vətən, torpaq, yurd sevdalı ömrü gələcək nəsillərə bir örnəkdir. Siracın qısa, lakin şərəfli ömrü cəsurluq, fədakarlıq məktəbi olaraq daima oxunacaq.
Füruzə Nadirin "Sirac" adlı kitabının proloqundan: "İnsan ömrü çox səhifəsi olmayan kitaba bənzəyir. Siracın ömrü cəmi-cümlətani 32 səhifəyə sığışdı, 1-də başladı, 32-də bitdi. Qalan səhifələri minalar yandırdı. Erməni faşistlərinin 30 ildə doğma torpaqlarımızın canına doldurduğu minalar... Amma Siracın ömrü yanmadı, Siracın 32 səhifəlik kitabı bağlanmadı. Heç vaxt da bağlanmayacaq. Bu kitabın 32-dən sonrakı səhifələri ağappaq qalacaq - Siracın kitablara sığmayan arzuları, xəyalları kimi...".
Hər bir Azərbaycan övladı zaman-zaman bu 32 səhifəlik kitabı vərəqləyəcək, 32 yaşlı Siracı unutmayacaq, xatırlayacaq, yaşadacaq, onunla qürur duyacaq. Siracın adı Azərbaycanın yeni tarixinin ən şərəfli səhifəsində əbədi qalacaq.
Sirac igidliyi, qorxmazlığı ilə 30 il öncə (1991-ci il 20 noyabr - 2021-ci il 4 iyun) Qarabağda yuva qurmuş erməni quldur dəstələrinin törətdikləri terror aktı nəticəsində yandırılıb külə dönən helikopterdə olan (göyərtəsində Azərbaycanın görkəmli dövlət xadimləri və mətbuat nümayəndələri də var idi) AzTV-nin operatoru, Azərbaycanın Milli Qəhrəmanı Fəxrəddin Şahbazovun ömür yolunu davam etdirdi. Birinci Qarabağ müharibəsində şəhid olmuş dayısı Həmzə Qardaşxan oğlu Adıyevin nəsildə də davamçısı olmaq Siracın taleyinə yazıldı.
Ermənilərin işğal etdikləri ərazilərimizə basdırdıqları minalar sanki Siracı qorxutmurdu. O, işğaldan azad edilmiş, erməni əsirliyindən xilas olmuş doğma torpaqlarımıza can atırdı. Qubadlıya, doğulduğu ata-baba yurdu Dondarlıya, məcburi qoyub gəldikləri isti ocaqlarına tələsirdi Sirac. Vaxtilə Sirac Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində məcburi köçkünlər üçün salınan yeni qəsəbədə çəkiliş apararkən xarici jurnalistlərlə söhbətində demişdi: "Baxın bu qəsəbəyə, görün, nə gözəldir. Burada yaşamaq üçün hər cür şərait var, dövlətimiz yaradıb. Amma mən 4 yaşımda məcburi tərk etdiyim evimə getmək istəyirəm, xoşbəxt olduğum o evə... O evdə mənim beşiyim qalıb, o evdə mənim uşaqlığım qalıb, o evdə mənim arzularım qalıb...".
Atdığı hər addımın qorxulu, təhlükəli olduğunu bilə-bilə Sirac "Doğma torpağıma ayaq basıram. Bundan qürurlu gün olarmı?" - deyirdi. O addımlarını bir az da inamla atırdı. Sirac Abışov dağıdılmış yurd yerlərini arxivləşdirən fədakar bir qrupun üzvü idi. İşğaldan azad olunmuş ərazilərimizə ezamiyyətə könüllü getmişdi Sirac. Silahı - kamerası ilə birlikdə. O, gördüyü işi özünə bir vəzifə, Vətən, torpaq naminə mənəvi borc bilirdi: "Mənim özüm də məcburi köçkünəm. Burada ən ağır hissləri yaşamışam. Cəbrayılda Qazanzəmi kəndində olanda icra nümayəndəsi dedi ki, qarşıda dağın o tayı Qubadlıdır. O anda hisslərimə sahib çıxa bilmədim... Hər evi gördükcə evimizi gözümün önünə gətirirəm. Mən çəkdiyim o kadrları bir milyon məcburi köçkünün hissini yaşaya-yaşaya çəkirəm, 50 milyon Azərbaycan xalqının gözü ilə baxıram hamısına. Ən ağırı mənim üçün o hissləri yaşamaqdır..." Bütün bu kəlmələri yazıya köçürdükcə Siracın o məğrur, mərd və qürurlu görkəmi gözlər önünə gəlir. Sanki bu kəlmələrlə o Vətəninin, torpağının rəsmini tabloya, eyni zamanda, kamerasının yaddaşına köçürdür...
AzTV-nin operatoru Sirac Abışov işğaldan azad olunmuş ərazilərdə vəzifə borcunu yerinə yetirərkən, 2021-ci il iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində düşmənin basdırdığı tank əleyhinə minanın partlaması nəticəsində şəhid olub. 5 iyunda Sumqayıt Şəhidlər xiyabanında dəfn edilib. Bir oğul övladı Vətənə əmanət qalıb.
"Sərhədsiz Reportyorlar" Təşkilatı 2021-ci ildə vəzifə borcunu yerinə yetirərkən öldürülən jurnalistlərin siyahısına Məhərrəm İbrahimovun və Sirac Abışovun adını da daxil edib.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə işğaldan azad olunmuş ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Abışov Sirac Abış oğlu ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Azərbaycan Respublikasının müdafiə nazirinin müvafiq əmrinə əsasən operator Abışov Sirac Abış oğlu ölümündən sonra "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təltif olunub.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin "Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə" medalına layiq görülüb.
2022-ci il avqustun 27-də Türkiyə Xəbər Videooperatorları Cəmiyyəti tərəfindən Məhərrəm İbrahimov və Sirac Abışovun adına xüsusi mükafat təsis edilib.
"Azərbaycan Televiziyası və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin ərazisində Azərbaycan milli mətbuatının şəhidlərinin xatirəsinə yaradılmış memorial abidə kompleksinin anım lövhəsinə Sirac Abışovun adı da həkk olunub.
AzTV-nin şəhid operatoru Sirac Abışov Azərbaycan mediasının İkinci Qarabağ müharibəsində verdiyi ilk iki şəhiddən biri oldu...
Anadan olduğu Qubadlı rayonunun Dondarlı kəndinin girəcəyində Sirac Abışovun xatirə löfhəsi qoyulub.
Şəhid operator Abışov Sirac Abış oğlunun qısa, lakin əbədiləşən ömründən səhifələri qəzetimizin oxucularına təqdim edirik.
Sirac 1989-cu il avqustun 29-da Qubadlı rayonunun Dondarlı kəndində anadan olub. 1993-cü il avqustun 31-də o, 4 yaşında ikən Ermənistanın Qubadlı rayonunu işğal etməsi nəticəsində ailəsi ilə birgə doğma yurdundan didərgin düşüb. 1996-cı il sentyabrın 1-də Sumqayıt şəhərindəki 40 saylı orta məktəbin birinci sinfinə gedib. 2007-ci ildə həmin məktəbin 11-ci sinfini bitirib. Elə həmin il də Azərbaycan Dəniz Balıq Sənayesi Texnikumunun "Gömrük ekspertizası" fakültəsinə daxil olub. 2009-cu ildə texnikumda təhsilini başa vurduqdan sonra müxtəlif təcrübə proqramları üzrə kurslar keçib. 2010-cu il yanvarın 5-də "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətində videoçəkiliş operatoru kimi işə başlayıb. 2012-2019-cu illərdə "Yurd" internet televiziyasında, APA informasiya agentliyində işləyib. Paralel olaraq kompüter işində, fotoqrafiya və operatorluq peşəsində kifayət qədər təcrübə toplayıb. 2019-cu il aprelin 18-də yenidən AzTV-yə qayıdıb, teleoperator işləyib. 2019-cu il iyunun 16-da ailə həyatı quran Siracın 2020-ci il martın 16-da Özgür adlı oğlu dünyaya gəlib. 2020-ci il noyabrın 10-da AzTV-nin və AZƏRTAC-ın əməkdaşlarından ibarət qrupun tərkibində Qarabağa, işğaldan azad olunmuş ərazilərə ezam olunub. Ermənilərin vandallıqla dağıtdığı Cəbrayıl, Zəngilan, Qubadlı, Füzuli, Xocavənd, Ağdam rayonlarında 7 ay çəkilişlər aparıb, vəzifə borcunu ləyaqətlə yerinə yetirib.
Başını dik tut, qürurlu dayan Abış ata, Azadə ana! Ey Vətən, torpaq, yurd sevdalısı oğul, qardaşın Şirzad səninlə fəxr edir. Rahat uyu, Sirac, Vətənə əmanət qalan Özgürün böyüyüb, firavan, yenidən dirçələn doğma yurdun Qubadlıda sənin yarım qalmış arzularını gerçəkləşdirəcək. Yazımı Siracın həyat yoldaşı Sehran Abışova ilə söhbətimizdən bir məqamı xatırlamaqla bitirirəm. O, Siraca müraciətlə deyirdi: "Rahat yat, Sirac, bu gün səninlə duyduğum fəxarət hissi hər ağrını üstələyir. Sənin Özgürün isə artıq ayaq açıb yeriyir, qaçır, danışır, hətta gözlərini iri açıb sənin şəkillərinə baxır, "ata" deyir... Ömür vəfa etsə, sənin Özgürlə bağlı bütün arzularını yerinə yetirəcəyəm. Onun əlindən tutub Dondarlıya aparacağam, o yerləri qarış-qarış gəzdirəcəyəm. Onu sənə layiq bir oğul kimi böyüdəcəyəm... İnanıram ki, Özgür də böyüyəndə səninlə qürur duyacaq, Sirac!.. Fəxr edirəm ki, sənin kimi cəsur bir insanın həyat yoldaşıyam..." Şəhidlər ölmür, onların ömrünü yaşayan yeni-yeni igid oğullar doğulur. Oğullar da hər zaman Vətən üçün doğulurlar.
Sonda onu da vurğulayaq ki, Azərbaycan Respublikasının müdafiə nazirinin müvafiq əmrinə əsasən, şəhidlərimiz - jurnalist Məhərrəm İbrahimov və operator Sirac Abışovun "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı (ölümündən sonra) avqustun 27-də Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsində  ailə üzvlərinə təqdim edilib və onların əziz xatirəsinin daim ehtiramla yad olunduğu tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Qeyd edilib ki, işğaldan azad edilmiş ərazilərdə ermənilər tərəfindən törədilmiş vəhşiliklərin dünya ictimaiyyətinə çatdırılması məqsədilə həmin bölgələrə ezam olunmuş, 2021-ci ilin iyununda xidməti vəzifələrini yerinə yetirərkən Kəlbəcər rayonu ərazisində minaya düşərək, şəhid olmuş jurnalist Məhərrəm İbrahimovun və operator Sirac Abışovun əziz xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq. Hər iki şəhidimizin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də bütün şəhidlərimizin xatirəsinin hər zaman uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Lalə HÜSEYNOVA,
Şəlalə DÜNYAMALIYEVA
"Azərbaycan Ordusu"