Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Sentyabr 2025 19:32

Vüqarlı oğullarımız, Vətən müdafiəçilərimiz

Yay fəslidir. Bu mövsüm dağlara başqa bir nəfəs gətirir. Günəşin əlvan şüaları zirvələrin başında qızıl tac kimi parıldayır, əsən zərif meh dağ çiçəklərinin əsrarəngiz qoxusunu ətrafa yayır. Əzəmətli diyarın təbiət qoynunda quşların səsi qəlbə xoş əhval-ruhiyyə bəxş edir. Əsən zərif meh Vətənin keşiyində duran əsgərlərin nəfəsitək hiss olunur. Qızmar gündə bu meh qəlbə sərinlik gətirirsə, əsgər nəfəsi xalqa əminlik bəxş edir. Bu uca qayaların, sərt döngələrin getdiyi yolun son ünvanı Vətənin, dilbər təbiətin qoynunda döyüş növbətçiliyi aparan oğullarımızın olduğu yerdir. Dağların əzəməti, əsgərlərin qüruru sanki eyni dastanı söyləyir: Vüqarlı oğullarımız, Vətən müdafiəçilərimiz.
Vətən müdafiəçisi əsgərlərimizin döyüş növbətçiliyini təşkil etdiyi posta çatırıq. İlk olaraq gizir Rəşad Balıyevlə görüşür, onun fikrini qələmə alırıq. "Əslən Kürdəmir rayonundanam. 15 ildən çoxdur ki, ordu sıralarında xidmət edirəm. İkinci Qarabağ və antiterror əməliyyatının iştirakçısıyam. Uşaq yaşlarımdan Vətənə bağlı olmuşam, Vətənə bağlılığı ailəmdən öyrənmişəm. Vətənin hər qarışını öz evim, öz yuvam bilmişəm. Havasını ürəyimə məlhəm bilmişəm. Bu gün də Vətən ucalığında, qəhrəman əsgərlərimizlə birlikdə xalqa xidmət etməkdən qürur duyuram. Qürur duyuram ki, belə igid oğulların əhatəsində, komandirlərimin rəhbərliyi altında müqəddəs amala xidmət edirəm. Vətən müdafiəçisi əsgərlərimizin hər biri üzərinə düşən məsuliyyətli vəzifəni dərk edir və bu məsuliyyəti daşımaqdan qürur duyur. Xalqımızın dəstəyindən, sevgisindən güc alır igid əsgərlərimiz. Azərbaycan əsgəri bu gün Zəfər döyüşçüsü olaraq dünyada tanınır. Haqq-ədalət keşikçisi, sülh təminatçısıdır. Bölməmizin şəxsi heyəti vətənpərvər, xalq təəssübkeşi əsgərlərdən ibarətdir. Onlarla bir azdan həmsöhbət olduqdan sonra buna bir daha əmin olacaqsınız ki, əsgərlərimiz tarixi keçmişimizə sadiq, firavan gələcəyimizə layiq Vətən övladlarıdır. Qalib ordunun mundirini daşımaqdan qürur duyan əsgərlərimizin ruhu vətənpərvərliklə yoğurulub".
Gizir R.Babayevlə birlikdə döyüş növbətçiliyi aparan igid əsgərlərimizlə tanış olmağa gedirik. Əsgər Nahid Əlizadə ilk həmsöhbətim olur. "Mən əsgər Əlizadə Nahid Fikrət oğlu 2006-cı ildə Ağdam rayonunda anadan olmuşam. Atam Aslanov Fikrət, əmilərim Gündüz, Pərviz, Surət İkinci Qarabağ müharibəsində iştirak ediblər. Bu gün əsgər olaraq atdığım addımlarım atamın, əmilərimin və onların timsalında bütün igidlərimizin izlərini tamamlayır. Onlar Vətən, torpaq uğrunda döyüşüblər, mən isə igidlərin azad etdiyi Vətənimin, torpağımın hər qarışını göz bəbəyim kimi qoruyuram. Atamın və əmilərimin döyüş xatirələri heç zaman yaddaşımdan silinməyəcək. Mən bu dağlarda özümlə bərabər onların da şərəfini qoruyuram. Çünki Vətənin dar günündə, onun imdadına çatan igid oğullarıdır, vətənpərvər xalqın nümayəndələridir. Şəhidlərimizin qanı ilə vətənləşən, bütövləşən tarixi ərazilərimizi mən bu gün canımla qoruyuram. Bu mənim vətəndaşlıq borcumdur. Çünki Vətən bu gün bizlərə əmanətdir. Onu qorumaq isə vəzifələrin ən müqəddəsidir".
Bu söhbətdən sonra əslən Ağsu rayonundan olan əsgər Elvin Məmmədov müsahibim olur. "Xidmət etdiyim müddət ərzində qarşımda yalnız bir məqsəd olub. Vətənimə və ailəmə layiq övlad olum. Bu məqsəd mənim hər zaman ən ali amalım olub. Bunun üçün də təcrübəli komandirlərimin əməyi sayəsində hərb sahəsinin incəliklərini öyrənmişəm, hərbi intizamıma hər zaman fikir vermişəm. Vətən müdafiəçisi olaraq üzərimə düşən tapşırıqların öhdəsindən ləyaqətlə və layiqincə gəlməyə hər zaman çalışmışam. Xidmət etdiyim bölmədə hər kəsi özümə doğma bilmişəm, çünki aramızda səmimi və gözəl münasibət var. Bu ailə mühitində Vətənimiz Azərbaycana xidmət etmək hər birimiz üçün böyük lütfdür. Burada əsgər yoldaşlarımdan, tabe olduğum komandirlərimdən diqqət və qayğı görməyim mənim xidmətimə əlavə stimul verir. Bölməmizdə yaradılan şərait həm gündəlik, həm də xidməti fəaliyyətimizi düzgün təşkil etməyimiz üçün əlverişlidir. Xidmətim başa çatdıqdan sonra da ömrümü Vətənimə, xalqıma həsr edəcək, indi üzərimə düşən övladlıq borcum kimi vətəndaşlıq borcumu da layiqincə ödəmək üçün əlimdən gələni əsirgəməyəcəyəm". Söhbət əsnasında, həmçinin öyrənirəm ki, əsgər Məmmədov idmanın cüdo növü üzrə region və respublika çempionatlarında fəxri kürsünün yüksək pillələrində yer tutub.
"Cəsur ata-babalarımzdan bizlərə əmanət olan, üzərində xoşbəxt və firavan yaşadığımız Odlar Yurdu Azərbaycanımızı qorumaq, onun adət-ənənəsi, milli-mədəni irsini nəsildən-nəslə ötürmək bizim vətəndaşlıq borcumuzdur. Şəhidlərimizin qanları ilə suvardığı Vətən torpaqlarını göz bəbəyi kimi müdafiə etmək, onun üçün öldürmək və ölmək bizim üçün şərəf borcumuzdur. Xidmətimizi ayıq-sayıq aparır, iqlimin və relyefin əlverişsiz olması bizim müqəddəs vəzifəmizin icrasında maneə deyil. Xalqımızın etimadını doğrultmaq, Vətənimizi yağıdan qorumaq ən ümdə vəzifəmizdir", - deyən əsgər İbrahim Seyidəliyev söhbətini bitirir.
Vətən müdafiəçisi, dağ vüqarlı oğullarımıza gələcək xidmətlərində yalnız uğurlar arzu edib, onlardan yüksək əhval-ruhiyyə ilə ayrılırıq. Bir daha əmin oluruq ki, yaşından, böyüdüyü ocaqdan asılı olmayaraq onların hər biri üçün ən vacib olan Vətən və xalq məfhumudur. Müqəddəs vəzifənin bugünkü icraçıları olan əsgərlərimiz Vətəni mətanətlə qorumağın, xalqa sədaqətlə xidmət etməyin nə olduğunu dərk edirlər. Ürəyi Vətən sevgisi ilə döyünən hər bir kəsin də ümumi vəzifəsi məhz bu olmalıdır. Vətənpərvərlik sadəcə söz və ya hiss deyil, xalqımızın illərin təlatümlərindən çıxaraq yaşayıb qoruya bildiyi bir dəyərdir. Bu gün dağlar qoynunda Vətənə keşik çəkən əsgərlərin ürəyində olanlar, Birinci və İkinci Qarabağ müharibələri və atəşkəs dövründə Vətən müdafiəçisi olan əsgərlərimizin ürəyində olanlarla eynidir. Onların hər birinin baxışında eyni qürur, kəlmələrində eyni duyğu yaşayır. Dəyişən zamandır. Amma məfhum eynidir. Atalarımızdan bizə miras qalan sabahkı varislərə əmanət ediləcək məfhum da məhz budur - Vətən. Bunun üçün də hər kəs bilməlidir ki, Vətən üçün döyünən qəlb heç vaxt dayanmaz. Ata-babalarımızın yüz illər boyu ürəyində yaşatdığı Vətən məşəli, dünənimizi, sabahımızı həm işıqlandırır, həm də isidir. Əbəs yerə deyil ki, Vətən müdafiəçilərimiz bir ağızla “Hər şey Vətən üçün deyir...”.

Fuad CƏFƏROV
"Azərbaycan Ordusu"