Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Sentyabr 2025 13:41

Zəfər müjdəli Vətən müharibəsi: Dövlətçilik tariximizin dönüş nöqtəsi

2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti genişmiqyaslı hərbi təxribatları nəticəsində başlayan və 44 gün davam edən Vətən müharibəsindən beş il ötür. Xalqımız üçün "Olum, ya ölüm" məsələsinin həll olunduğu bu savaşda möhtəşəm Qələbənin qazanılmasından ötən beş il Azərbaycanın çağdaş tarixində xüsusi yer tutur. Bu Qələbə təcavüzkar Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinə son qoymaqla yanaşı, həm də xalqımızın milli dövlətçiliyinin gücünü, iradəsini, əzmini bütün dünyaya nümayiş etdirdi. Həm hərbi, həm siyasi, həm də diplomatik sahədə əldə edilmiş bu tarixi Zəfər Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu qat-qat artırdı və nəinki Cənubi Qafqaz regionunda, bütövlükdə dünyada yeni reallıqlar yaratdı.
Bu gün beş il bundan əvvəl baş verən hadisələri təhlil etməmişdən öncə Vətən müharibəsinədək Ermənistan-Azərbaycan arasında mövcud olmuş münaqişə dövründə bölgədə gedən proseslərə qısa nəzər yetirməyin vacibliyi ön plana çıxır. Sovet imperiyasının süqutu ərəfəsində Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalan Azərbaycanda xüsusilə müstəqilliyimizin bərpasının ilk illərində nizami ordunun olmaması, hərbi texnika çatışmazlığı və siyasi böhran səbəbindən torpaqlarımız biri-birinin ardınca Ermənistanın havadarlarının köməyi ilə işğal olunurdu. Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan "Olum, ya ölüm" dilemması qarşısında qaldığı bu çətin  dövrdə - 1993-cü ilin iyununda Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı vəziyyəti tamamilə dəyişdi. Dahi Liderin hakimiyyət sükanı arxasına keçməsindən dərhal sonra ölkədə xaosa, anarxiyaya, özbaşınalığa son qoyuldu, bütün sahələrdə sabitlik yarandı. Hərbi sahədə müasir ordu quruculuğu strategiyasının həyata keçirilməsinə başlanıldı. Həmin dövrdən başlayaraq Silahlı Qüvvələrin formalaşdırılması dövlət siyasətinin prioritetinə çevrildi. Ordunun strukturunun gücləndirilməsi, peşəkar və vətənpərvər zabit heyətinin hazırlanması, beynəlxalq hərbi əməkdaşlığın genişləndirilməsi və ordunun ən müasir silahlarla komplektləşdirilməsi  atılan mühüm addımlar sırasında oldu. Ulu Öndərin gərgin əməyi sayəsində çox qısa müddətdə Azərbaycan hərbi, iqtisadi, siyasi baxımdan regionun lider dövlətinə çevrilməyə başladı. 
Sonrakı illərdə NATO ilə əməkdaşlıq proqramları çərçivəsində ordumuzun peşəkarlığı daha da artırıldı, Silahlı Qüvvələrimizin beynəlxalq təlimlərdə iştirakı təmin edildi. 2003-cü il oktyabrın 15-də xalqın mütləq əksəriyyətinin səsverməsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilən, ilk gündən başlayaraq Ümummilli Lider Heydər Əliyevin müdrik və uzaqgörən  siyasətini layiqincə davam etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin təşəbbüsləri və bilavasitə rəhbərliyi ilə dövlət büdcəsində müdafiə xərclərinin əhəmiyyətli dərəcədə artırılması, müasir hərbi texnikanın alınması, yerli hərbi sənaye kompleksinin qurulması və şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsi nəticəsində Azərbaycan Ordusu regionun ən güclü ordusuna çevrildi. Dövlətimizin başçısının qeyd etdiyi kimi, biz güclü ordu yaratdıq və bu ordu Vətən müharibəsində öz sözünü dedi. 
Qüdrətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı İlham Əliyevin qeyd etdiyi kimi, döyüş meydanında öz sözünü deməsindən söhbət açarkən "Vətən müharibəsinin baş məşqi" adlandırılan  2016-cı ilin Aprel döyüşlərini  xüsusi vurğulamaq gərəkdir. Məhz 2016-cı ilin aprelin əvvəlində düşmənin növbəti hərbi təxribatları nəticəsində baş verən dördgünlük döyüş Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində uzun illər davam edən status-kvonun dəyişməsinin başlanğıcı oldu. Azərbaycan Ordusu qısa müddət ərzində mühüm yüksəklikləri, o cümlədən 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş uğurlu "Horadiz əməliyyatı" nəticəsində işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində uzun illər boyu soydaşlarımızın məskunlaşmasına imkan verməyən, işğalçıların nəzarətində olan məşhur Lələtəpə yüksəkliyini yağı düşməndən təmizlədi. Bu əməliyyat yalnız bir hərbi uğur deyil, həm də siyasi baxımdan dönüş nöqtəsi oldu və Azərbaycan dövlətinin strateji qərarvermə qabiliyyətini bütün dünyaya əyani şəkildə nümayiş etdirdi. Aprel döyüşləri Ermənistan cəmiyyətində isə əksinə, ciddi böhran yaratdı, uzun illər haqqında miflər uydurulan "məğlubedilməz Ermənistan ordusu"nun Azərbaycan Ordusundan daha zəif və gücsüz olması açıq şəkildə üzə çıxdı. Azərbaycan bu  döyüşlərlə  sübut etdi ki, torpaqlarını hər an azad etməyə qadirdir.
Bundan sonra Silahlı Qüvvələrimizin daha bir möhtəşəm uğuru, 2018-ci ilin mayında Naxçıvan Muxtar Respublikasında keçirilən Günnüt əməliyyatı Azərbaycan Ordusunun yüksək döyüş hazırlığının bariz göstəricisi oldu. Bu əməliyyat nəticəsində bir sıra strateji yüksəkliklər azad edildi və düşmənin əsas təchizat yolları nəzarət altına alındı. Günnüt uğuru yalnız taktiki nəticə kimi deyil, həm də psixoloji baxımdan önəmli hadisə idi. O vaxt Azərbaycan xalqı bir daha əmin oldu ki, tezliklə torpaqlarımızın işğaldan azad olunması məsələsi təkcə arzuda deyil, reallıqda da öz əksini tapacaq.
Azərbaycan xalqının bu əminliyi təqribən 2 il sonra real həyatda öz əksini tapdı. Bu baxımdan 2020-ci ilin iyulunda düşmən silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində törətdiyi təxribatlar təkcə Ermənistan-Azərbaycan arasında mövcud olmuş münaqişə üçün deyil, bütövlükdə region üçün həm siyasi, həm də hərbi müstəvidə mühüm nəticələr doğurdu. Ermənistanın bu təxribatının qarşısının alınması zamanı Azərbaycan Ordusunun göstərdiyi fədakarlıq və igidlik nümunələri düşmənin bütün planlarını alt-üst etdi. Bu döyüşlər Azərbaycanda xalq-iqtidar birliyini daha da möhkəmləndirdi və ölkədə geniş vətənpərvərlik ruhu formalaşdırdı. Tovuz döyüşləri həm də beynəlxalq miqyasda rezonans yaratdı. Qardaş Türkiyə Azərbaycanın yanında olduğunu açıq şəkildə bəyan etdi, Pakistan, İsrail və digər dost dövlətlər də ölkəmizə siyasi-mənəvi diplomatik dəstək verdilər.
Şübhəsiz ki, bütün bunlar Vətən müharibəsinin başlayacağı təqdirdə qüdrətli  Azərbaycan dövlətinin şəksiz qələbəsini təmin edəcək mühüm amillər idi. Lakin 44 günlük Vətən müharibəsinədək işğalçı Ermənistanın ovaxtkı müdafiə naziri David Tonoyanın tez-tez bəyan etdiyi "Yeni müharibə, yeni ərazilər" xülyasına düşən təcavüzkar dövlətə yuxarıda haqqında danışdığımız döyüşlər zamanı əldə olunmuş uğurlar sayəsində verilən bu mühüm mesajlar dərs olmadı. Nəticədə 2020-ci il sentyabrın 27-də Ermənistanın əsasən mülki vətəndaşlarımızı və obyektlərimizi hədəfə alan növbəti genişmiqyaslı hərbi təxribatlarına cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin ildırımsürətli əks-hücum əməliyyatına start verməsi ilə Vətən müharibəsi başlandı. Tariximizə "Dəmir yumruq" adı ilə düşən bu hərbi əməliyyatlar Azərbaycan dövlətinin hərbi-siyasi gücünü, xalq-ordu birliyini nümayiş etdirdi. 44 gün ərzində Azərbaycan Ordusu həm o vaxtadək misli görünməmiş hərbi üstünlüyünə nail oldu, həm də beynəlxalq hüququn təminatçısı kimi ədaləti bərpa edərək işğal altındakı ərazilərimizin hərbi yolla azad edilməsini təmin etdi.
"Dəmir yumruq" əməliyyatının başlanğıcında əsas hədəflərdən biri Ermənistanın illərlə möhkəmləndirdiyi və haqqında miflər uydurduğu "Ohanyan xətti"nin darmadağın edilməsi idi. Azərbaycan Ordusu modern hərbi texnologiyalardan - pilotsuz uçuş aparatlarından, yüksək dəqiqlikli raket sistemlərindən, elektron kəşfiyyat vasitələrindən istifadə edərək düşmənin "keçilməz Ohanyan xətti"ni qısa müddətdə yerlə-yeksan etdi. Cəbrayıl və Füzuli istiqamətlərində aparılan əməliyyatlar nəticəsində Ermənistanın illərlə güvəndiyi istehkamlar darmadağın edildi və düşmənin cəbhə xətlərindəki mövqeləri tamamilə sıradan çıxarıldı. Müasir hərbi strategiyanın bütün üsullarından uğurla istifadə edən Azərbaycan Ordusu arsenalında olan ən müasir "Bayraktar TB2" pilotsuz uçuş aparatları və "Harop" tipli kamikadze dronlarla düşmənin zirehli texnikasını və artilleriyasını yüksək peşəkarlıqla məhv etdi. Qısa müddətdə yüzlərlə tank, artilleriya qurğuları və hava hücumundan müdafiə sistemləri tamamilə sıradan çıxarıldı. Ordumuzun qısa müddətdə təmin etdiyi bu taktiki üstünlük 44 günlük Vətən müharibəsinin gedişatında dönüş nöqtəsi oldu, Ermənistan ordusunun ruh düşkünlüyünü artırdı və hərbi strategiyasını iflic vəziyyətinə gətirdi.
Ümumiyyətlə, Vətən müharibəsinin hər günü yeni qələbələrlə, hərbi uğurlarla zəngin oldu. Oktyabrın əvvəlində Cəbrayılın, ardınca Füzulinin azad edilməsi Azərbaycan Ordusunun hücum tempini yüksəltdi. Daha sonra Zəngilan və Qubadlının azad olunması Azərbaycana bölgədə strateji üstünlük yaratdı. Bu əməliyyatlar nəticəsində həm Araz çayı boyunca dövlət sərhədimiz bərpa edildi, həm də ordumuz Şuşa istiqamətində sürətlə irəlilədi. Bu, hərbi üstünlüyün taktiki və strateji uğurunu birləşdirən möhtəşəm əməliyyatlar silsiləsi idi.
Bütün dünyanı heyrətləndirən, strateji, taktiki hazırlığına və icrasına görə hərb tarixində misli görünməmiş hadisə olan əfsanəvi Şuşa əməliyyatı Vətən müharibəsinin taleyini həll edən ən mühüm addım oldu. Düşmən "alınmaz qala" kimi təqdim etdiyi Şuşanın müdafiəsinə xüsusi qüvvələrini cəlb etsə də, yüngül silahlarla silahlanmış Azərbaycan xüsusi təyinatlıları sıx meşəliklərdən keçərək, sıldırım qayaları qarış-qarış dırmaşaraq Ermənistan silahlı birləşmələrinin gözləmədiyi istiqamətdən şəhərə daxil oldu. Şəhərin küçələrində əlbəyaxa döyüşlər nəticəsində 28 il xilaskarını gözləyən Qarabağın tacı, qədim mədəniyyət mərkəzimiz Şuşa 2020-ci il noyabrın 8-də düşməndən tamamilə təmizləndi. Şuşanın azad edilməsi həm tarixi Qələbəmizin zirvəsi, həm də illərin həsrətinin sona yetməsi demək idi. Həmin tarixi gündə yenilməz Sərkərdə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şəhidlər xiyabanından bu Zəfər müjdəli xəbəri xalqımıza çatdırarkən dediyi "Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm" sözləri çoxəsrlik tariximizə qızıl hərflərlə yazıldı. Bu, yalnız Azərbaycanın hərbi Qələbəsinin deyil, həm də xalqımızın mənəvi Zəfərinin rəmzi oldu və 8 Noyabr çağdaş tariximizə hər il böyük təntənə ilə qeyd edilən Zəfər Günü kimi əbədi həkk olundu.
Müzəffər Ali Baş Komandan, yenilməz Sərkərdə İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən Şuşanın yağı düşmən tapdağından azad olunması Ermənistanın hərbi-siyasi məğlubiyyətinin kulminasiya nöqtəsi  idi. Məhz Şuşanın azad edilməsindən sonra Ermənistan rəhbərliyi Vətən müharibəsində biabırçı məğlubiyyətini əks etdirən kapitulyasiya aktını imzalamağa məcbur oldu. Noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladıqları üçtərəfli Bəyanat Azərbaycanın şanlı Zəfərini, işğalçı Ermənistanın isə hərbi-siyasi məğlubiyyətini rəsmiləşdirdi. Bəyanata əsasən, Ermənistan tərəfi Kəlbəcər, Laçın və Ağdam rayonlarını döyüşsüz tərk etdi. Bu, həm də Azərbaycan Lideri İlham Əliyevin misilsiz diplomatik bacarığını nümayiş etdirən tarixi Qələbənin növbəti mərhələsi idi. Məhz bu diplomatik uğur sayəsində Azərbaycanın ərazi bütövlüyü təmin edildi və əlavə insan itkilərinin qarşısı alındı.
Vətən müharibəsi Azərbaycan cəmiyyətində misilsiz birlik yaratdı. Səngərdə əsgər və zabitlər, arxa cəbhədə isə bütün xalq mübarizəyə qoşuldu. 44 günlük müharibədə könüllülərin orduda xidməti, cəbhəyə yardımların təşkili, gənclərin fəallığı milli həmrəyliyin ən yüksək nümunəsinə çevrildi. Bu, həm də sosial birliyin və vətənpərvərlik ruhunun ordunun döyüş qabiliyyətini artıran güc mənbəyi olduğunu göstərdi.
Şübhəsiz ki, tarixi Zəfərin qazanılmasında Prezident İlham Əliyevin yenilməz Ali Baş Komandan və beynəlxalq miqyasda strateq kimi atdığı addımlar həlledici amillərdən oldu. Onun uzaqgörənliyi, qətiyyəti və hərbi-siyasi idarəçilik bacarığı Azərbaycan xalqının iradəsi ilə birləşərək torpaqlarımızın işğaldan azad edilməsini təmin etdi. Dövlətimizin başçısı Vətən müharibəsinədək 17 ili əhatə edən dövr ərzində yürütdüyü ardıcıl və məqsədyönlü siyasət nəticəsində şanlı ordumuzu regionun ən güclü hərbi qüvvəsinə çevirmişdi. 17 il ərzində həyata keçirilən hərbi islahatlar, ən müasir texnika və silahların arsenala qəbul edilməsi, yeni qoşun növlərinin yaradılması, həmçinin zabit heyətinin peşəkarlığının artırılması Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək səviyyəyə çatdırdı. Bu hazırlıq müharibə dövründə tam şəkildə öz səmərəsini verdi. Müharibə zamanı Ali Baş Komandan döyüş əməliyyatlarına daim rəhbərlik etdi və nəzarətdə saxladı, hərbi qərarların strateji istiqamətlərini müəyyənləşdirdi. Bütün bunlar Prezident, Ali Baş Komandan  İlham Əliyevin düzgün planlaşdırma və çevik hərbi-strateji yanaşmasının parlaq nümunəsi idi.

Albina RAMAZANOVA 

jurnalist (Ardı gələn sayımızda)