Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Sentyabr 2025 13:38

Üç dövlətin ordusunda şərəfli döyüş yolu keçən igid zabit - polkovnik Vəli bəy Yadigarov

Azərbaycanın görkəmli hərb xadimlərindən biri - Azərbaycanın və Polşanın hərb tarixində dərin izlər qoyan, bolşevik-daşnaklara ağır zərbələr vuran, faşizmlə mübarizədə müstəsna xidmətləri ilə seçilən, Varşava üsyanında iştirak edən azərbaycanlı polkovnik Vəli bəy (Yadigar) Yadigarovdur. Vəli bəy Sadıq bəy oğlu Yadigarov 31 oktyabr 1897-ci ildə (bəzi mənbələrdə 1898-ci il) Tiflis quberniyasının Borçalı qəzasının Təkəli kəndində zadəgan ailəsində anadan olub. Qeyd etmək yerinə düşər ki, 1918-1920-ci illərdə Milli Orduda Yadigarovlar nəslindən səkkiz zabit şərəflə xidmət edib - poruçik Nadir bəy, kornet Rəhim bəy, praporşik Adil bəy, poruçik Abuzər bəy, İkinci Qarabağ süvari alayında 3-cü bölüyün komandiri ştabs-rotmistr Məmməd bəy, İkinci Qarabağ süvari alayının 2-ci bölüyün rotmistri Daniyal bəy, podpolkovnik İsrafil bəy Həsən bəy oğlu və süvari diviziyasının rəis müavini general-mayor Davud bəy Yadigarov.
Vəli bəy Yadigarov ilk hərbi təhsilini 1909-1916-cı illərdə Tiflis hərbi gimnaziyasında alıb. 1916-cı ildə təhsilini bitirdikdən sonra Əlahiddə Qafqaz Korpusunun süvari hissələrində xidmətə başlayıb. Birinci Dünya müharibəsinin qızğın vaxtında gənc kornet cəbhəyə göndərilib və məşhur Brusilov hücumunda iştirak edib. Döyüşlərdə göstərdiyi şücaətlərə görə o, "Müqəddəs Georgi Xaçı" ordeni və "İgidliyə görə" medalı ilə təltif olunub.
1917-ci ildə baş tutan bolşevik inqilabından və çar ordusunun dağılmasından sonra keçmiş çar ordusunun zabitləri təqib olunub. Təqiblərdən yaxa qurtarmaq üçün Vəli bəy çox böyük çətinliklə 1918-ci ildə Azərbaycana qayıdıb və dərhal Azərbaycan Xalq Cümhuriyyəti Silahlı Qüvvələrinin sıralarına yazılaraq xidmətə başlayıb. Hərbi rəhbərlik onu taqım komandiri kimi Tərtərdə yerləşən 3-cü Şəki süvari alayına göndərib. 1919-1920-ci illərdə kornet V.Yadigarov 3-cü Şəki Süvari Alayının pulemyotçular dəstəsinin komandiri olub.
Vəli bəy xidmətinin həmin illərində ordu sıralarında xüsusilə fərqlənir. Həmin ərəfədə - 1920-ci ilin Novruz bayramı ərəfəsində ermənilər Qarabağa hücum edib. Vəli bəy Yadigarov rəhbərlik tərəfindən hücumun qarşısının alınması tapşırığı alıb. Şəki süvari alayı bu döyüşlərdə ermənilərə ağır zərbələr vurub.
3-cü Şəki süvari alayının komandiri polkovnik Səid Tonqiyev martın 26-da general-mayor Həbib bəy Səlimova göndərdiyi məktubda yazıb: ...."Düşmənin çoxsaylı süvari dəstəsini başılovlu qaçmağa məcbur etmiş 1-ci yüzlüyün korneti Vəli bəy Yadigarovun çevik süvarilərinin hücumunu xüsusi qeyd etmək istəyirəm"...
1920-ci ilin aprelində XI Qırmızı Ordunun Azərbaycana hücumundan sonra Vəli bəy Yadigarov 3-cü Şəki Süvari Alayının pərakəndə dəstəsi ilə birlikdə vuruşa-vuruşa Gürcüstan ərazisinə keçib, 1921-ci ilin martına qədər bolşeviklərə qarşı döyüşüb.
1921-ci ilin martında Türkiyəyə, 1922-ci ilin payızında Rumıniyaya, oradan isə Polşaya mühacirət edib. Vəli bəyin bu qərarı təsadüfi deyildi. Onun anası Olqa Kroçibaşeva Polşa tatarlarından idi. Aşpazları Martin Yanitski də polyak idi.
Vəli bəy Yadigarov 1924-1925-ci illərdə Qrudziadzda Polşa Ordusunun Mərkəzi Süvari Zabitləri Məktəbində təhsil alıb. 1925-ci ildən "Armiya Krayova" (AK - Polyak Xalq Ordusu) xalq ordusunda əməliyyat şöbəsində süvari rəisi və Lancutdakı 10-cu süvari alayının 4-cü eskadronuna komandirlik edib.
Polşa Ordusunun Ali Hərbi Akademiyasında təhsil alan Vəli bəy 1932-ci ildə oranı fərqlənmə diplomu ilə bitirərək "diplomlu zabit" adını qazanıb. Təhsilini başa vurduqdan sonra "rotmistr" rütbəsi ilə Baranoviçi şəhərindəki süvari qərargahına təyin edilib. 1936-cı ildə 7-ci Lyublin Ulan alayının komandir müavini olub.
Vəli bəy Yadigarov 1938-ci ildə Vanda Eminoviçlə ailə həyatı qurub, bu evlilikdən Züleyxa adlı (1942-ci il təvəllüdlü) qız övladı olub.
1939-cu ilin sentyabrında Vermaxtın Polşaya hücumu zamanı o, Mazovetski süvari briqadasının qərargah rəisi olmaqla, eyni zamanda, Polşa Ordusunun Ali Hərbi Akademiyasında dərs deyib.
Polşanın müdafiəsi uğrundakı döyüşlərdə Polşa ordusunun böyük bir hissəsi əsir düşüb. Əsir düşənlər arasında Vəli bəy Yadigarov da var idi. Amma polyak olmadığı üçün 1940-cı ildə almanlar tərəfindən "auslander" (əcnəbi) kimi azad edilib.
1940-cı ildə Varşavaya qayıdan Vəli bəy mübarizəni dayandırmayıb. O, 7-ci Lyublin Ulan alayından olan keçmiş hərbçi yoldaşları ilə görüşüb və "Armiya Krayova"ya bağlı olan gizli "Jelen" ("Maral") alayını yaradıb. Həmin illərdə Vəli bəy ("Damazy" ləqəbi ilə) və həyat yoldaşı Vanda Eminoviç AK üçün gizli fəaliyyətlərdə iştirak ediblər.
1942-ci ildən "polkovnik-leytenant" rütbəsi ilə Daxili Qoşunların Baş Qərargahında Süvarilər İdarəsinə rəhbərlik edib. 1944-cü ildə Varşava üsyanının təşkilində iştirak edib. 1945-ci ilin yazında artıq "polkovnik" rütbəsi ilə Vəli bəy Yadigarov Polşa generalı Andersin 2-ci korpusunun İtaliyadakı qərargahına ezam olunub.
Vəli bəy Yadigarov 1949-cu ildə ovaxtkı mürəkkəb hərbi-siyasi vəziyyətlə əlaqədar olaraq Argentinaya köçüb və ömrünün sonunadək burada yaşayıb. 1971-ci il dekabrın 13-də Buenos-Ayresdə vəfat edib. Vəfatından əvvəl o, Polşada dəfn olunmağı vəsiyyət edib. Polşa dövləti Vəli bəyin xidmətlərini heç bir zaman unutmur və vəsiyyətini yerinə yetirərək 1990-cı ildə onun və həyat yoldaşının cənazəsini Polşaya gətirərək Varşavadakı "müsəlman-tatar qəbiristanlığı"nda yenidən dəfn edib. Dəfn mərasimi fəxri qarovulun müşayiəti, hərbi orkestrin marş sədaları və yaylım atəşi altında təntənə ilə keçirilib.
Polşa hökuməti Vəli bəyin məzarı üzərinə polyak dilində "Ostatniksiaze Borçalo" yəni, "Borçalının sonuncu şahzadəsi" sözlərini yazdırıb.
V.Yadigarov Polşa Silahlı Qüvvələrindəki müstəsna xidmətlərinə görə ölkənin üç ən yüksək hərbi ordeni - "Qızıl Xaç", "Şücaət Xaçı" və "Armia Krayova Xaçı" ilə təltif olunub.
Polşada çıxan "Jiçe Varşavı" qəzeti 6 iyul 1990-cı il tarixli nömrəsində polkovnik Vəli bəy Yadigarov haqqında yazıb: "Ötən şənbə Varşava qəbiristanlığında Vəli bəy Yadigar müsəlman-tatar qaydası ilə dəfn olunmuşdur. Dəfn fəxri qarovulun müşayiəti və hərbçi şöhrəti qaydaları ilə keçirilmişdir. Mərhumu son mənzilə yaxın qohumları, dostları, keçmiş alaydaşları yola salmışlar.
Yaylım atəşi açılmış, orkestr Şopenin dəfn marşını çalmışdır. Cənazə üzərində müsəlman ayinini Varşava və Belastok yeparxiyasının imamı Aleksandr Əli Şaletski icra etmişdir. Bəs polkovnik Yadigar kimdir? Müsəlmandır, Azərbaycan knyazıdır.
Bu qərib Polşa ordusu heyətində vuruşmuş, K.Soskovski adına yeddinci Ulan alayının zabiti olmuşdur. O,1920-ci ildə tabeliyində olan hissə ilə birlikdə Azərbaycanı tərk etmək məcburiyyətində qalmış, 1921-ci ilin mart ayında Polşada sığınacaq tapmış, müqavilə ilə polyak ordusu sıralarına daxil olmuşdur. Qruzdendə süvari məktəbini və Varşavada Ali Hərbi Məktəbi bitirdikdən sonra yeddinci süvari polkunun komandir müavini təyin edilmişdir. 1934-cü ildə “mayor” rütbəsinə yüksəlir. Polyak qızı ilə evlənmiş, polyak dilini öyrənmişdir. Keçmiş alaydaşları onu son dərəcə yüksək mədəniyyətə, sağlam həyat tərzinə malik insan, həm də olduqca tələbkar zabit kimi xatırlayırdılar. Vəli bəy Polşaya hücum etmiş hitlerçi qəsbkarlara qarşı 1939-cu ilin 11 sentyabrında təşkil olunmuş müdafiə kompaniyasında iştirak etmiş, Mazovetski süvari briqadasının qərargah rəisi olmuşdur. Polşanın işğalından sonra "Armiya Krayova"nın (AK) tərkibinə daxil olan "Olen" polkunun komandiri kimi Varşava üsyanında iştirak etmişdir.
Müharibədən sonra Vəli bəy Yadigar Argentinaya mühacirət edib. Argentinada Azərbaycan Türkləri Milli Ocağını qurub. Bu təşkilatın sədri Vəli bəy, katibi Musa Yusifzadə olub. 1960-cı ildə mühacirətdə çap olunan "Mücahid" jurnalında Vəli bəy Yadigarın 27 aprel işğal günü və həmin ərəfədə xidmət etdiyi 3-cü Şəki süvari alayının ruslara qarşı mübarizəsi ilə bağlı "40 illik köləlik nizamı" adlı xatirəsi dərc edilib.
1971-ci il dekabrın 13-də Buenos-Ayresdə vəfat etmişdir. Öz vəsiyyəti ilə Polşada təkrar dəfn edilmişdir. Dəfn mərasimində mərhumun qızı Züleyxa xanım Yadigar-Kalinovskaya da olmuşdur".
Onun ölümü ilə bağlı Türkiyədə Nihal Atsızın çap etdiyi "Ötükən" jurnalında nekroloq dərc olunub: "Bütün ömrü boyunca Vətəni Azərbaycanın istiqlalı uğrunda rus imperialistlərinə qarşı savaşmış albay Vəli bəy Yadigar 13.12.1971-də Argentinada, Buenos-Ayresdə Tanrının rəhmətinə qovuşmuşdur. Bu ölüm Argentinadakı bütün milliyyətçi və dost çevrələrdə böyük üzüntü yaratmışdır. Öz Vətəninin istiqlalı uğrunda qardaş Türk ordusu ilə birlikdə imperialist rus ordusuna qarşı vuruşduqdan sonra hər şeydən qiymətli hesab etdiyi Vətənini qeyb edərək Polşaya sığınmış, Polşa ordusunda albaylıq rütbəsinə qədər yüksəlmişdir. Bütün həyatı boyunca heç bir vaxt milli mücadiləsindən vaz keçməmişdir. İkinci Dünya müharibəsindən sonra Argentinaya gələn Vəli bəy Yadigar burada da ömrünü yurdu üçün fikir mücadiləsi ilə keçirmişdir. Tanrıdan rəhmət diləyirik".
Polşa tarixinin ən nüfuzlu generallarından və hərb xadimlərindən biri olan general Kazimierz Sosnkovski Vəli bəy haqqında yazıb: "O, doğma ölkəsinin taleyini unutmamaqla bərabər, Polşa üçün sadiq və ən sadiq oğul idi".
General digər bir xatirələrində belə yazıb: "Podpolkovnik Yadigarın bərpa etdiyi 7-ci Lyublin alayı Armia Krajowanın tarixində layiqli iz buraxıb. Mən onun igid əsgərlərini həm gizli fəaliyyət, həm də döyüşdə görmüşəm. Mən Armia Krajowanın komandanı kimi öz rəhbərliyim altında 7-ci Lyublin Ulan alayının olması fürsətindən qürur duyuram".
Bildiyimiz kimi, Vəli bəy olduqca keşməkeşli, əzablı və bir o qədər də şərəfli həyat yolu keçib. Azərbaycan və Polşa xalqı öz qəhrəmanlarının xatirəsini həmişə əziz tutub. Polşanın Qrudzyondz şəhərindəki batalyonun ərazisində vaxtilə təhsil aldığı və sonradan rəhbərlik etdiyi Polşa Ali Süvari Məktəbinin yerləşdiyi binaya Vəli bəy Yadigarovun xatirə lövhəsi vurulub. Azərbaycan rejissoru Tahir Əliyev onun haqqında "Polkovnik" adlı sənədli film çəkib. Polşada, həmçinin Vəli bəy haqqında kitab da çap olunub.
2017-ci ilin iyununda Varşavada Azərbaycan Respublikasının Prezidenti ilə görüşündə Polşanın ovaxtkı prezidenti Andjey Duda deyib: "XX əsrdə müstəqilliyə və azadlığa olan məhəbbətimiz bizi bir-birimizə yaxınlaşdırdı. 1918-1920-ci illərdə - Azərbaycanın azadlıq uğrunda mübarizə apardığı dövrdə, başda öz həyatını Azərbaycanın müstəqilliyinə qurban vermiş general Maçey Süleyman Sulkeviç olmaqla, Azərbaycan Xalq Cümhuriyyətinin ordusunda və dövlət aparatında bir çox polyak xidmət göstərmişdir. İkinci Dünya müharibəsi illərində bizim azadlığımızı isə Polşa Ordusu sıralarında polkovnik Vəli bəy Yadigar qorumuşdur. Onların Varşava şəhərinin Praqa rayonunda ucaldılmış birgə abidəsi bu qarşılıqlı əlaqələrin təcəssümüdür".
2017-ci il sentyabrın 7-də Varşava şəhərinin Yuzef Polinski adına parkında Azərbaycanın görkəmli hərb xadimləri - AXC ordusunun Baş Qərargah rəisi olmuş (1918-1920-ci illər), milliyyətcə Polşa tatarı olan general-leytenant Maçey (Süleyman bəy) Sulkeviç və polkovnik Vəli bəy Yadigarovun xatirəsinə ucaldılmış abidənin (abidə "Müstəqil Azərbaycan və Polşa uğrunda mübarizlərin xatirəsinə" adlanır) açılışı olub. Abidənin açılışında Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Polşa Silahlı Qüvvələrinin rəhbərliyi, ölkəmizin Polşadakı səfirliyinin əməkdaşları, Xarici İşlər Nazirliyinin, Milli Yaddaş İnstitutunun, Polşa Parlamentinin, Veteranlar Təşkilatının nümayəndələri, Varşava şəhəri administrasiyası və ictimaiyyətin nümayəndələri, eləcə də diaspora üzvləri iştirak ediblər.

"Azərbaycan Ordusu"