Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Sentyabr 2025 13:36

“Yarımçıq qalmış roman”

Otağa asta addımlarla arıq, bəstəboy bir qadın daxil oldu. Saçları qarın bəyazından pay almışdı sanki. Görüşdük. Bağrına basdığı kitabı mənə uzatdı. Müəllifi şair Elxan Yurdoğlu olan yeni çapdan çıxmış nəfis tərtibatlı kitab belə adlanır: "Yarımçıq qalmış roman".
Çox talelər yarım qaldı. Yazılmamış hekayələr, məhəbbət dastanları, bəzəkli xonçalar, xəyallar, arzular... Xalqın illərlə həsrətində olduğu, bəzən xəyal qurduğu arzuları gerçəkləşdirmək, Vətən qarşısında mənəvi və xidməti borcunu ləyaqətlə, sədaqətlə və cəsurcasına həyata keçirən oğullar şəhadət şərbətini içdilər. Vətən adlı müqəddəs yolun yolçuları oldular. Seçim qarşısında qalsaydılar, yenə də Vətənə xidməti seçəcəkdilər. Onlar Vətən üçün doğulmuşdular!
1999-cu ilin 31 iyul tarixində Culfa şəhərində Məmmədovlar ailəsində bir oğlan uşağı dünyaya göz açır. Ailənin ilk sevinc payı olan uşağa Nicat adı verilir. Minayə ana deyir ki, Nicat dərslərini çox yaxşı oxuyurdu. Elmə marağı çox idi. Mən onu tamamilə başqa sahədə görürdüm. 4 dil bilirdi. Lakin o, hərbçi peşəsini seçdi. Zəif olduğuna könlüm razı deyildi. Sən demə qəhrəman olmaq üçün ruhun güclü olması yetərliymiş. Nicat yolundan dönmədi. Yüksək balla Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyə qəbul oldu. Müəllimləri, zabitləri Nicatın təlim-tərbiyəsindən, biliyindən hər zaman razılıq etdilər. 2016-2020-ci illərdə indiki Heydər Əliyev adına Ali Hərbi İnstitutu uğurla başa vurdu. Ağdam rayonunda xidmətə başladı. 27 sentyabrda müharibə başlayanda valideyn olaraq bizi də nigaranlıq sardı. Lakin Nicat bizə öndə olduğunu demirdi. Çox gec öyrəndik. Doğrusunu desəm, qürur duydum. Çünki Vətənin dar günündə oğlumun arxa cəbhədə olduğunu istəməzdim. Nicatın döyüş yolu Ağdamdan başlayıb, Talış yüksəkliyinin düşməndən təmizlənməsində və Suqovuşanın azad edilməsində iştirak edib. Döyüş yoldaşları deyirdi ki, Nicat 30 nəfərlik heyəti özünü düşmən qumbarasının üstünə atmaqla öz canı bahasına xilas etdi. Şəhadətə qovuşduğu gün, oktyabrın 4-də zəng etdi. Danışdıq. Atası qapıya bayraq sancırdı. Şəklini çəkib göndərdim. O da bizə öz şəklini göndərdi. Sən demə, bu onun sonuncu fotosu olacaqmış...
Həmin gün Cəbrayıl azad olunmuşdu. Sevincimizi bölüşmək istədik, zəng etdik. Bu dəfə zəng çatmadı. Qonşularımız Rübabə, Sona xanım da bizdə idilər. Xəbərləri ekrandan həyəcanla izləyirdik. Lakin Nicatdan 5 gün xəbər ala bilmədik. Oktyabrın 9-u Suqovuşanda şəhid olduğunu öyrəndik. 12-si Naxçıvana gətirildi. Culfa şəhər qəbiristanlığında şəhid yoldaşları ilə yan-yana uyuyur. 
Qürurluyuq, amma üzülmədik də deyə bilmərik. Nicatın nişanına hazırlaşırdıq. Arzularımız vardı. Ata, ana üçün ağır dərddir. Amma o öz yolunu seçmişdi. Bu yol müqəddəs Vətən yolu idi. Bizə onun seçiminə ehtiramla yanaşmaq qalır. Biz igid, cəsur oğul yetişdirdiyimiz üçün fəxr edirik. 
Leytenant Nicat Məmmədli "İgidliyə görə", "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.
Kitabı vərəqləyirəm. Müəllif qəhrəmanının ömür yolunu kitaba sığdırmağa çalışıb. Öz xətti ilə yazdığı qeydlər diqqət çəkir. Mütaliəni sevən Nicat oxuduğu bədii, elmi kitablardan çıxarışlar edərək fikirlərini qələm və kağızla bölüşüb. 
Minayə ana oğlunun kitabdakı şəkillərinə məhəbbətlə baxır. Deyir Nicat ali hərbi məktəbdə oxuduğu müddətdən roman yazırmış. Lakin yarımçıq qaldı. Və yarımçıq qalmış o roman, təəssüf ki, əlimizə gəlib çatmadı.
Minayə ana, ağaran saçların uca dağların zirvəsindəki qara bənzər. Bəmbəyaz, tərtəmiz. Nicatın ürəyindən qopan və dəftərə muncuq kimi düzdüyü kəlmələr kimi. Nicat fədakarlığı, cəsurluğu, vətənpərvərliyi ilə o romanı tamamladı. 2020-ci ilin 8 noyabrından etibarən hər gün biz o romanın bir səhifəsini oxuyuruq. "Zəfər" adlı bu romanın hər səhifəsində milli qürur, qələbə əzmi, Vətən eşqi duyulur. Digər səhifədə Qarabağın necə qurulduğunu görürük, Xankəndidən tələbələrimizin uğurlarını oxuyuruq, Şuşada, Xocalıda canlanan həyatın nəfəsini duyuruq, elə hey oxuyuruq. Oxuduqca qürurlanırıq, oxuduqca duyğulanırıq. Şükür edirik, Nicat kimi oğullarımız olub, var, olacaqdır!
Sonda Rizvan atanı da dəvət edib Minayə ana ilə görüşümüzü fotoda əbədiləşdiririk. Gələcək nəsillər həm də cəsur oğullar yetişdirən valideynləri də tanısınlar deyə!


Ruhiyyə RƏSULOVA

"Şərq qapısı" qəzetinin məsul katibi