Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Sentyabr 2025 13:31

Müasir Azərbaycan Ordusu - güc, peşəkarlıq və əzmin ruhu

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra təhlükəsizliyimiz, ərazi bütövlüyümüz və suverenliyimizin qorunub saxlanılması prioritet istiqamətlərdən biri oldu. 1993-cü ildə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycanın hərbi sistemini tamamilə yenidən formalaşdırdı. Ordu quruculuğu sahəsində bir sıra islahatlar aparıldı. Bu islahatlar peşəkar zabit kadrlarının hazırlanmasında mühüm rol oynadı.
Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu siyasəti bu gün də Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Müasir Azərbaycan Ordusu bu gün regionun ən güclü və müasir texnologiyalarla təchiz edilmiş ordularından birinə çevrilib.
Müasir dövrdə yalnız say baxımından deyil, strukturlaşdırılmış və peşəkar heyətə malik ordu formalaşdırmaq hər bir dövlətin təhlükəsizliyi üçün əsas şərtlərdən biridir. Azərbaycan Ordusu bu tələblərə tam cavab verən bir modeldir. Müasir təlim-tərbiyə sistemi, ixtisaslaşdırılmış hərbi təhsil müəssisələri, beynəlxalq təcrübəyə əsaslanan hazırlıq proqramları ordunun yüksək döyüş qabiliyyətinə malik olmasını təmin edir.
Hərbi qulluqçularımızın bilik və bacarığı, döyüş hazırlığı, fədakarlığı, vətənpərvərliyi yalnız ölkə daxilində deyil, həm də beynəlxalq hərbi təlimlərdə öz təsdiqini tapır. Azərbaycan Ordusunun hərbi qulluqçuları NATO ilə tərəfdaşlıq çərçivəsində müxtəlif sülhməramlı tədbirlərdə öz missiyalarını uğurla yerinə yetirirlər.
Müasir ordu təkcə texnika və biliklə deyil, ruh yüksəkliyi və mənəvi hazırlıqla da güclü olmalıdır. Azərbaycan əsgərinin ən güclü və ən müsbət tərəfi  onun Vətənə bağlılığı, torpağa sevgisi və şəhidlərimizin əziz xatirəsinə sadiqliyidir. 2020-ci ilin Vətən müharibəsi zamanı bu ruhun nə qədər ölməz və sarsılmaz olduğu bir daha sübut olundu. Azərbaycan Ordusu layiqincə 44 gün ərzində öz qüdrətini, şücaətini göstərdi. Düşmənə ağır zərbələr vuraraq torpaqlarımızı işğaldan azad etdi. Bu qüdrət həm hərbi strategiya, həm texniki üstünlük, həm də hərbi qulluqçularımızın qəlbdən gələn qələbə əzmi və milli ruhunun təntənəsi idi.
Azərbaycan Ordusu 2020-ci ildə baş vermiş Vətən müharibəsində qazandığı zəfərdən sonra da inkişafa davam edir. Ordumuz daim yenilənir, təlimlərdə iştirak edir, müasir texnika ilə daha da gücləndirilir, hərbi strateji imkanlarını genişləndirir. Müharibə dövründə ordumuzun modernləşdirilməsi istiqamətində görülən işlər, yeni çağırışlara cavab verən taktiki və texniki yeniliklər Azərbaycanın regionda sülhün və təhlükəsizliyin təminatçısı kimi rolunu möhkəmləndirir. Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevə, xalqına və öz gücünə arxalanaraq hər zaman Vətənin keşiyində dayanmağa hazırdır. Ordumuzun gücü onun peşəkarlığında, mənəvi hazırlığında və xalqla olan sıx birliyindədir.
Son illərdə Azərbaycan Ordusunun arsenalı ən müasir silah və texniki avadanlıqlarla zənginləşdirilmişdir. 2000-ci ildən başlayaraq Azərbaycan NATO ilə əməkdaşlığa başladı. Hərbi sahədə islahatlar dərinləşdirildi. 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Müdafiə Sənayesi Nazirliyi yaradıldı. Nəticədə müasir tələblərə cavab verən bir sıra silahlar istehsal olundu. Bunlardan biri də snayper tüfəngidir. Bu tüfəng Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyır. Nazirlik, həmçinin öz müəssisələrində müxtəlif tipli döyüş sursatları da istehsal edir.
Hazırda müdafiə sənayemiz inkişaf etdirilir, yerli istehsalın həcmi artır. Bir neçə tərəfdaş dövlətlərlə hərbi əməkdaşlıq çərçivəsində əldə edilən texniki imkanlar, xüsusilə pilotsuz uçuş aparatlarının (PUA) istifadəsi Vətən müharibəsində qələbə qazandıran amillərdən biridir.
Müasir silahlanma ilə yanaşı, hərbi qulluqçuların sosial təminatının və məişət şəraitinin yaxşılaşdırılması da dövlətin xüsusi diqqətindədir. Bu da öz növbəsində orduda yüksək motivasiyanın və nizam-intizamın qorunmasına mühüm töhfə verir.
Bəli, Azərbaycan Ordusu günbəgün möhkəmlənir, peşəkarlaşır, daha da mətinləşir. Hərbi quruculuq sahəsində islahatların daha da geniş vüsət alması istiqamətində həyata keçirilən tədbirlər bundan sonra da böyük uğurlar qazanılacağına təminat verir.
Tarix göstərir ki, dövlətin müstəqilliyi və təhlükəsizliyi  ilk növbədə onun ordusunun  qüdrəti ilə qorunur. Güclü ordu qüdrətli dövlətin əsas dayağı, sarsılmaz qalası və qürur mənbəyidir. Azərbaycanın müasir dövrdə qazandığı uğurların və tarixi zəfərlərin arxasında da məhz bu prinsip dayanır. Güclü dövlət və güclü ordu... Dövlət və ordu bir-biri ilə vəhdət təşkil edir. Və bu vəhdət xalqı, milləti birliyə sövq edir.
Müasir Azərbaycan Ordusu həm regionda, həm də beynəlxalq miqyasda nüfuz sahibi olan güclü, çevik, texnoloji baxımdan inkişaf etmiş və mənəvi cəhətdən yüksək səviyyədə olan bir ordu modelidir. Əminliklə demək olar ki, bu model müstəqilliyimizin və sabitliyimizin ən möhkəm dayağıdır.

Kifayət ƏLİYEVA

"Azərbaycan Ordusu"