Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Sentyabr 2025 13:29

Xalq-dövlət-ordu birliyi Böyük Zəfərimizin əsas düsturudur

Hər bir azərbaycanlının yaddaşına dövlətçilik tariximizin ən parlaq səhifəsi kimi yazılan 44 günlük Vətən müharibəsi müasir tariximizdə həmişə böyük qürur hissi ilə xatırlanacaq.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tariximizə Böyük Zəfər müjdəsini şərəflə yazdı. 2020-ci ilin 27 sentyabrında başlayan İkinci Qarabağ müharibəsində  44 gün ərzində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Hadrut, Şuşa və Qarabağdakı bir çox yaşayış məntəqələrimizi Vətən oğulları erməni hərbi birləşmələrini döyüş meydanlarında darmadağın edərək azad etdilər. İşğalçı Ermənistan dövlətinin hərbi-siyasi rəhbərliyi ölkəsinin məğlubiyyətini rəsmiləşdirən 10 noyabr 2020-ci il tarixli üçtərəfli  Bəyanatı imzalamağa məcbur edildi. Azərbaycan dövləti öz iradəsi və gücü ilə BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın müddətdə kağız üzərində qalmış qətnamələrinin icrasına nail oldu. Eyni zamanda, bir güllə atmadan, bir şəhid vermədən Ağdamın, Kəlbəcərin və Laçının işğaldan azad edilməsinə nail olmaqla, Azərbaycan dünyada qalib xalq, məğlubedilməz dövlət kimi özünü yenidən təsdiq etdi. Beləliklə, 2020-ci il sentyabrın 27-dən başlayaraq dekabrın 1-dək davam edən bu mərhələdə Azərbaycanın ərazi bütövlüyü təmin olundu.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzün təmin edilməsində Azərbaycan Ordusunun hərbi qulluqçuları 44 günlük  Vətən müharibəsində hərb tariximizin yeni şanlı səhifələrini yazdılar. Rəşadətli ordumuz düşmənin torpaqlarımızdan qovulmasında yüksək döyüş bacarığı, peşəkarlıq nümayiş etdirdi. 
Ordumuz Zəfər inadından dönmədi, qələbə əzmi ilə, cəsarətlə məqsədinə nail oluncaya qədər döyüşdü. Şanlı ordumuzun şücaəti nəticəsində 300-ə yaxın yaşayış məntəqəsi, 5 şəhər və 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər işğalçılardan təmizləndi, düşmənin hərbi qüvvələrinə ciddi zərbələr endirildi, minlərlə canlı qüvvəsi məhv edildi. Azərbaycan Ordusu Qarabağımızın incisi olan Şuşa şəhərini, onun ardınca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi işğalçılardan təmizləməklə, Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur etdi. Beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini qüdrətli Azərbaycan Ordusu qısa müddətdə gerçəkləşdirdi. Bu qələbə Aprel, Günnüt, Tovuz zəfərlərinin məntiqi davamı, ordumuzun inkişafı ilə bağlı son illərdə həyata keçirilən hərbi islahatların uğurlu nəticəsi və döyüş meydanında təcəssümü idi. PUA-sız, topsuz, mərmisiz, Azərbaycan əsgərlərinin igidliyi, qəhrəmanlığı ilə Şuşanın azad olunması əməliyyatı isə Böyük Zəfərimizin kulminasiyası kimi İkinci Qarabağ müharibəsi tarixinin şərəfli səhifələrinə çevrildi.
Döyüşlərin ilk günündən xalq-dövlət-ordu birliyi monolit birliyə çevrilərək, dünya azərbaycanlıları Ali Baş Komandanının ətrafında sıx birləşdilər. On minlərlə Vətən övladı respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda döyüşlərə qoşuldu. 10 milyon tək ürək, bir yumruq oldu. İstər ön cəbhədə, istərsə də arxa cəbhədə hər bir ölkə vətəndaşı müsəlləh əsgər kimi Vətənin müdafiəsinə qalxdı. "Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!" şüarı ən əziz kəlməmiz oldu. Ali Baş Komandanın söylədiyi kimi, məhz birlik, əzm, iradə, güc Böyük Qələbəmizi reallaşdırdı.
Hamı "Hər şey cəbhə üçün, hər şey qələbə naminə" şüarı ilə birləşdi. Xalqımız Böyük Qələbəyə əlindən gələn dəstəyi əsirgəmədi. Hər kəs eyni amal uğrunda bir yumruq kimi birləşərək, dövlətimizin rəhbəri İlham Əliyevin növbəti dəfə xalqa müraciət edərək, yeni qələbə xəbərləri verməsini gözlədi. Hər bir kəndin, qəsəbənin, şəhərin azad olunması xalqımız tərəfindən el bayramı kimi, böyük sevinclə, təntənə ilə qarşılandı, Müzəffər Ali Baş Komandana, rəşadətli Azərbaycan Ordusuna dərin minnətdarlıq ifadə olundu. Beləliklə, bütün dünyaya bəyan oldu ki, 30 ilin torpaq həsrəti, əzabları xalqımızın iradəsini sındırmayıb, onun inam və əzmini sarsıtmayıb.
Bu gün rəşadətli ordumuz dünyanın  ən güclü orduları sırasında yer alır. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə formalaşdırılmış ordumuz yeni nəsil hərbi texnikanın istifadəsinin xüsusi rol oynadığı müasir bir taktiki gücə malikdir. Bununla da Azərbaycan Ordusu respublikamızın suverenliyini, ərazi bütövlüyünü tam bərpa edərək, regionun ən güclü ordusu olduğunu sübut etdi. Rəşadətli ordumuzun döyüş salnamələri Ermənistana, beynəlxalq təşkilatlara, o cümlədən ATƏT-in Minsk qrupuna göstərdi ki, Azərbaycan xalqı torpaqlarının işğal faktı ilə heç vaxt barışmayacaq. Qalib ordumuz onu da sübut etdi ki, hər kəsin regiondakı reallıqlarla hesablaşacağı təkcə iqtisadi cəhətdən deyil, həm də hərbi diplomatik istiqamətdən də qüdrətli Azərbaycan var!
Dünya hərb tarixindən və müharibələr tarixindən məlumdur ki, səriştəli, qətiyyətli və mübariz komandan olmadan müharibədən qalib çıxmaq mümkün deyil. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Vətən müharibəsi dövründəki fəaliyyəti məhz belə ali keyfiyyətlərə malik olduğunu nümayiş etdirdi. Atılan hər addımın dəqiq hesablanması, qüvvələrin düzgün bölüşdürülməsi, bütün xidmət sahələrinin dəqiqliklə uzlaşdırılması, döyüşlərin və hərbi qüvvələrin idarəedilməsinin çevikliyi, dövlətin və xalqın potensialının döyüşən cəbhə ilə düzgün əlaqələndirilməsi tarixi Zəfərimizə möhkəm zəmin yaratdı. Müzəffər Ali Baş Komandan Füzuli şəhərindən bir daha bəyan edib deyirdi: "Ərazi bütövlüyümüzü bərpa etmişik, işğalçıları işğal edilmiş torpaqlardan qovmuşuq… Demişdim, biz heç vaxt imkan verə bilmərik ki, tarixi Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın. Demişdim ki, heç vaxt Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu olmayıb və olmayacaq. Demişdim ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Demişdim ki, sülh yolu ilə mümkün olmasa, hərbi yolla bunu bərpa edəcəyik. Mənim çıxışlarım hər yerdə var, dərc edilib. Bu sözləri demişəm və buna əməl etmişəm. Ərazi bütövlüyümüzü bərpa etmişik, işğalçıları işğal edilmiş torpaqlardan qovmuşuq, ikinci erməni dövlətinin yaradılmasına imkan verməmişik, heç bir status haqqında söhbət gedə bilməz. Vahid Azərbaycan dövləti var".
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağ iqtisadi zonasında ordumuzun həyata keçirdiyi uğurlu antiterror əməliyyatı nəticəsində separatçı qüvvələrə xidmət edən qeyri-qanuni  silahlı dəstələr və Ermənistan silahlı qüvvələrinin qalıqları məhv edildi. Bununla da Azərbaycan ərazisində erməni separatizminin fəaliyyətinə son qoyuldu. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü tam təmin olundu. Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqına təbriklərini çatdıran dövlətimizin başçısı deyib: "2023-cü ildə birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam bərpa etmişdir, işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması təmin edilmişdir, düşmən ordusu məhv edilmiş, düşmənin hərbi texnikası məhv edilmiş və ya qənimət kimi götürülmüşdür".
Bəli, bu gün suverenliyini, ərazi bütövlüyünü tam təmin edən və tarixi torpaqlarında üçrəngli bayrağını əzəmətlə dalğalandıran Azərbaycan dövləti daha da qüdrətlənərək, inkişaf edir.

Lalə HÜSEYNOVA

"Azərbaycan Ordusu"