Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Sentyabr 2025 19:36

Tam süvari generalı Ağası bəy Avşarov

Ağası bəy Avşarov 25 sentyabr 1833-cü ildə Şamaxı şəhərində, Azərbaycanın nəsil-nəcabəti olan zadəgan ailəsində anadan olub.
1845-ci ildə Ağası bəy Yelizavetqraddakı 2-ci Kadet Korpusunun Süvari məktəbinə daxil olub. 1849-cu ildə Orenburq süvari alayında xidmətə başlayıb.
1852-ci ildə Orenburq alayının ləğvindən sonra Avstriya İmperatoru Əlahəzrət Leopoldun alayına (həmçinin Ukrayna alayı kimi tanınıb) göndərilib. 1853-cü ildə "kornet", 1854-cü ildə isə "poruçik" hərbi rütbəsini alıb. 1856-cı ildə Krım müharibəsinin (1853-1856) xatirəsinə bürünc medal alıb.
1857-ci ildə A.Avşarov Ukrayna draqun alayına köçürülüb. 1860-cı ildə "ştabs-kapitan" rütbəsinə yüksəlib. 1861-ci ildə Yelizavetqrad Zabit Süvari Kadet Məktəbinə göndərilib. 1863-cü ildə oranı fərqlənmə diplomu ilə bitirib və fəxri qılıncla təltif olunub. Həmin il yanvarında əvvəl xidmət etdiyi alaya qayıdıb, iyun ayında isə "kapitan" rütbəsinə layiq görülüb. 1863-cü il Polşa üsyanı baş verən zaman A.Avşarovun xidmət etdiyi alay üsyanın yatırılmasında iştirak edib. 1863-cü ilin dekabrında o, 1-ci eskadronun komandiri vəzifəsinə təyin edilib. 1864-cü il mayında A.Avşarova "mayor" hərbi rütbəsi verilib.
1865-ci ilin oktyabrında Tver Süvari Kadet Məktəbinə təyinat alıb və kursantlardan ibarət eskadronun komandiri təyin edilib. 1869-cu ilin yanvarında fərqləndiyinə görə o, "podpolkovnik" rütbəsinə yüksəlib. Həmin il noyabrın 26-da Tver Süvari Kadet Məktəbinin rəhbəri vəzifəsinə təyin edilib.
A.Avşarov 1871-ci ildə Atlı Mühafizəçilər nəzdində yaradılmış Süvari Təlim Eskadrilyasının daimi heyətinə (təlimatçı-müəllimlər) təyin edilib. 1872-ci ilin martında "polkovnik" rütbəsinə layiq görülüb, eskadron komandirinin köməkçisi vəzifəsini tutub. 1872-ci ilin aprelindən 1873-cü ilin aprelinədək və 1877-ci ilin yanvarından martınadək eskadron məhkəməsinin sədri olub. 1877-ci il martın 17-də 5-ci Litva alayının komandiri təyin edilib.
1883-cü ildə xidmətdə fərqləndiyinə görə Ağası bəy Avşarova "general-mayor" ali hərbi rütbəsi verilib və 8-ci süvari diviziyasının 1-ci briqadasının komandiri təyin edilib. 1884-cü ilin avqustunda Benderi yaxınlığındakı düşərgə toplantısı zamanı komandanlığın əmri ilə o, 23-cü Voznesenski və 24-cü Lubenski draqun alaylarından ibarət birləşmiş briqadaya komandanlıq edib. 1884-cü ilin mart və sentyabr-oktyabr aylarında müvəqqəti olaraq 8-ci süvari diviziyasına komandirlik edib.
28 aprel 1885-ci ildə Proskurovda yerləşən 12-ci süvari diviziyasının 2-ci briqadasına komandir təyin edilib. 25 iyun 1885-ci ildə 6-cı ehtiyat süvari briqadasının komandiri təyin edilib. 12 il briqadaya komandirlik edib. 1885-ci ilin iyulundan 1889-cu ilin yanvarına kimi o, həm də Borisoqlebsk Hərbi Tikinti Komissiyasının sədri olub.
1895-ci il avqustunda "40 il qüsursuz xidmətə görə" fərqlənmə nişanı ilə təltif edilib. 14 may 1896-cı il tarixli ən yüksək əmrlə ona "general-leytenant" rütbəsi verilib.
1897-ci ilin mayında general-leytenant Ağası bəy Avşarov Sankt-Peterburqdakı Zabit Süvari Məktəbinin rəisi təyin edilib. 1902-ci ilin fevralında Baş Qərargahın süvari ordusunun Baş Müfəttişi vəzifəsinə təyin olunub.
Tam süvari generalı rütbəsinə yüksələn general-leytenant Ağası bəy Avşarov 14 fevral 1906-cı il tarixli Ali Sərəncamla hərbi geyim forması daşımaq və təqaüdlə təmin olunmaqla xidmətdən azad edilib.
Ağası bəy 29 yanvar 1907-ci ildə vəfat edib, Sankt-Peterburqda dəfn olunub.
Krım müharibəsində və bir çox döyüş əməliyyatlarında fərqləndiyinə və hərbi xidmətdə göstərdiyi şücaətlərə  görə "Müqəddəs Anna" ordeninin hər üç dərəcəsinə, "Müqəddəs Stanislav" ordeninin iki dərəcəsinə, "Müqəddəs Vladimir" ordeninin iki dərəcəsinə, "Ağ Qartal" ordeninə, Rumıniyanın "Böyük Xaç" ordeninə, digər qiymətli hədiyyələrə və medallara layiq görülüb. 1903-cü ildə 50 illik xidməti ilə əlaqədar "Müqəddəs Aleksandr Nevski" ordeni ilə də təltif edilib.
S.N.Semanov "General Brusilov" sənədli povestinin 68-ci səhifəsində yazıb: "1897-ci ildə general Ağası bəy Avşarov Peterburq Süvari Məktəbinin rəisi vəzifəsinə təyin olunur. O, Azərbaycanın kübar nəslinin nümayəndəsi idi. Azərbaycan Rusiya tərkibinə daxil olduqdan sonra onun ulu babaları bütün yerli nəcabətli kübar ailələri kimi-İslam dinini saxlamaq şərtilə rus zadəganları ilə eyni hüquqa malik idilər. Azərbaycanlıların əksəriyyəti orduda, xüsusilə də suvari alaylarında şərəflə qulluq edirdilər. General Avşarov geniş ürəyə malik, hərbi işi yaxşı bilən bir sərkərdə idi. Amma onda asiyalılara məxsus hiyləgərlik və bir az da tənbəllik vardı. 1902-ci ilin fevralında general Ağası bəy Avşarovu Peterburq Süvari Məktəbinin rəisi vəzifəsindən azad edib, Baş Qərargahda süvari ordusunun Baş müfəttişi təyin etdilər".
Ermənilər bu igid həmyerlimizi də "özününküləşdirməyə" çalışıblar. Öz tarix kitablarında onu gah qriqoryan kilsəsinin nümayəndəsi, gah da erməni əsilli general kimi tanıtmağa çalışıblar. 1919-cu ildə çap olunan "Kavaleriya məktəbinin zabitləri" əsərində Ağası bəy Avşarov "hersoq" kimi təqdim edilib. Məlumdur ki, o dövrdə nə Azərbaycan türkləri, nə də hay etnosundan olan ermənilərin "hersoq" titulu olmayıb. Amma "bəy" titulu avropalıların "hersoq" titulu ilə eyni götürülürmüş. 2009-cu ildə çap edilmiş "İslam Sankt-Peterburqda: ensiklopedik lüğət" adlı mənbədə Ağası bəy Avşarova ayrıca məqalə həsr edilib. Həmin məqalədə o, Azərbaycan əsilli general kimi təqdim olunub.

"Azərbaycan Ordusu"