Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Sentyabr 2025 19:30

“Dərslərdə dünyagörüşümüzü və biliklərimizi daha da artırırıq”

Artilleriya bölmələrindən birində şəxsi heyətin ictimai-siyasi hazırlıq dərsinin təşkili ilə tanış olduq. Dərs yüksək tərtibatla hazırlanmış sinif otağında keçirilirdi. Burada rəşadətli Azərbaycan Ordusunun inkişaf tarixini, Ulu Öndər Heydər Əliyev və Ali Baş Komandan İlham Əliyevin əsgərlərlə görüşlərini, Hərbi Andı və Dövlət Himnini əks etdirən maraqlı plakatlar və güşələr göz oxşayırdı. Belə mövzular tərtibat üzrə əsgərlərin mənəvi-psixoloji hazırlığının artırılmasında, vətənpərvərlik hissinin və döyüş ruhunun aşılanmasında mühüm rol oynadığı danılmazdır.
Qeyd edək ki, günün nizam qaydalarına uyğun olaraq, ictimai-siyasi hazırlıq dərslərində ordumuzun yaranması və inkişafından, tariximizdən, hərbi nizamnamələrdən, vətənpərvərlikdən, qəhrəmanlıq nümunələrindən, erməni təcavüzündən və digər mövzularda tədris olunanlar əsgərlərin maarifləndirilməsində, dünyagörüşlərinin artırılmasında mühüm rol oynayır, onların hərbi xidmətdə mənəvi dəyərlərə sədaqətli, Vətən sevgisinin nə olduğunu şüurlu şəkildə dərk edən, qorxmaz və cəsur əsgərlər kimi formalaşmasına müsbət təsir edir.
Zabit Sarı Kahyayev şəxsi heyəti yoxladıqdan sonra dərsin mövzusunu əsgərlərin diqqətinə çatdırdı. Sonra mövzu ətrafında geniş mühazirə ilə çıxış etdi. Əvvəlcədən hazırladığı plan-konspektdən istifadə edərək onları mövzu haqqında ətraflı məlumatlandırdı. Dərsin sonunda əsgərləri sual-cavab edərək mövzunu hansı səviyyədə mənimsədiklərini yoxladı. Baş leytenant S.Kahyayev əsgərlərin verdiyi sualları səlis və ətraflı cavablandıraraq yüksək pedaqoji bacarıq nümayiş etdirirdi. Onun həm komandir, həm də pedaqoq kimi bacarıqlı olduğu hiss olunurdu. O, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin və indiki Heydər Əliyev adına Hərbi İnstitutun məzunudur. Böyük Qələbəmizlə başa çatan İkinci Qarabağ müharibəsinin də iştirakçısı olub. Xidmətində olduğu kimi, müharibə zamanı da qarşıya qoyulan döyüş tapşırıqlarının öhdəsindən bacarıqla gəlib. Sarı Kahyayev Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə "Qubadlının azad olunmasına görə" medalı ilə təltif olunub.
Zabit ictimai-siyasi hazırlıq dərslərinin mahiyyətindən də danışdı. İl ərzində dərslərin plan üzrə təsdiq edilmiş mövzular ətrafında təşkil olunmasının rəhbərlik tərəfindən daim diqqət mərkəzində saxlanıldığını vurğuladı. "Günün nizam qaydalarına uyğun olaraq təyin olunmuş günlərdə və saatlarda təşkil olunan dərslərdə şəxsi heyətin bilikləri artırılır, onlara bir çox mənəvi keyfiyyətlər aşılanır. Qrup rəhbərləri dərsin təşkilinə yüksək səviyyədə hazırlaşırlar. Mövzu haqqında müxtəlif mənbələrdən istifadə edərək məlumatlar toplayır, videoçarx hazırlayırlar. Bir sözlə, əsgərlərin mövzunu yaxşı anlaması üçün bütün əlverişli metod və vasitələrdən istifadə edirik", - baş leytenant S.Kahyayev dedi.
Zabit, həmçinin qeyd etdi ki, keçirilən dərslərdə əsgərlər də aktiv iştirak edir, mövzu ətrafında geniş fikir mübadiləsi aparır, öz biliklərini bir-biri ilə bölüşürlər. Bu da dərsin daha səmərəli olmasına şərait yaradır.
Əsgərlər Ruslan Nəcəfov, Məhəmməd Namazov, Zahid Rəhimov, Miralim Rzayev, Roman Nağıyev və digərləri məşğələ rəhbərini diqqətlə və maraqla dinləyir, qeydlər aparırdılar. Hər biri dərsin mövzusu ilə bağlı zabitin ünvanladığı sualları düzgün və dolğun şəkildə cavablandırırdı. Dərsi yaxşı mənimsədikləri hiss olunurdu. Məşğələ başa çatdıqdan sonra əsgərlərin də düşüncələrini öyrəndik. Bildirdilər ki, hərbi xidmət bizi hərtərəfli formalaşdırır, bir çox üstün keyfiyyətlər aşılayır. "Digər məşğələlər kimi, bu dərsdə də həvəslə iştirak edir, qrup rəhbərimizin danışdıqlarına diqqətlə qulaq asır, lazımi qeydlər aparırıq. Hər dərsdə fərqli mövzulardan yeni-yeni məlumatlar əldə edir, dünyagörüşümüzü və biliklərimizi daha da artırırıq", - əsgər Roman Nağıyev dedi. 
Digər əsgərlər də bildirdilər ki, hər dəfə məşğələyə başlamazdan əvvəl qrup rəhbərimiz vəzifə borclarımızı soruşur. Dərsin sonunda isə keçirilən mövzu haqqında sual-cavab edərək qiymətləndirmə aparıldığını vurğulayaraq dedilər: "Hər dəfə yaxşı qiymət almağa can atırıq. Keçirilən bütün dərsləri yaxşı mənimsəməyə səy göstəririk. Əsgəri xidmətin müqəddəsliyini, vacibliyini və məsuliyyətini yaxşı dərk edir, vəzifələrimizin öhdəsindən layiqincə gəlməyə çalışırıq. Asudə vaxtlarımızda da əsasən sinif və ideoloji otaqda olur, "Azərbaycan Ordusu" qəzetində dərc olunan məqalələri və müxtəlif mövzularda yazılan bədii kitabları oxuyur, dama, şahmat oyunları oynayırıq. Hərbi hissəmizin sosial-məişət şəraiti yüksək səviyyədədir. Bütün növ təminatlarımız da qaydasındadır. Heç bir çətinlik çəkmədən xidmətimizə uğurla davam edirik".
Bir daha şahidi oluruq ki, ordumuzun bütün bölmələrində savadlı və peşəkar zabit heyəti əsgərlərin gündəlik fəaliyyətini günün nizam qaydalarının tələblərinə uyğun olaraq səmərəli təşkil edir, əsgərlərin bacarıqlı hərbi qulluqçu və cəmiyyətə yararlı vətəndaşlar kimi formalaşması işini yüksək səviyyədə təşkil edirlər.

Eltun MƏMMƏDOV

"Azərbaycan Ordusu"