Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Sentyabr 2025 19:29

Hərbi hissənin yaranmasının ildönümü münasibətilə təntənəli tədbir keçirildi

Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, "N" hərbi hissəsinin yaradılmasının ildönümü münasibətilə təntənəli tədbir keçirildi.
Əvvəlcə Vətənimizin azadlığı və suverenliyi uğrunda şəhid olan igidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Tədbiri açıq elan edən general-mayor Vasif Xəlilov çıxış edərək şəxsi heyəti bu əlamətdar gün münasibətilə təbrik etdi, hərbi hissənin fəaliyyətində əldə olunan nailiyyətləri yüksək qiymətləndirdi, onlara gələcək xidməti fəaliyyətlərində uğurlar arzuladı.
Sonra çıxış edən polkovnik Rəşad Qənbərov hərbi hissənin yaranma tarixi, keçdiyi döyüş yolu və qazandığı nailiyyətlər barədə geniş söhbət açdı. O, şəxsi heyətin Vətənə sədaqətlə xidmət etdiyini və qarşıya qoyulan tapşırıqların uğurla yerinə yetirildiyini diqqətə çatdırdı.
Tədbirdə hərbi hissənin şəxsi heyəti adından çıxış edən əsgər Mirmehdi Süleymanov dedi: "Biz, Azərbaycan əsgərləri daim Vətənimizin keşiyində ayıq-sayıq dayanmağa, göstərilən etimadı doğrultmağa hazırıq. Hər birimiz bundan sonra da şərəfli xidmətimizi ən yüksək səviyyədə davam etdirəcəyik".
Mərasimdə hərbi hissə komandirinin təbriki çatdırıldı. Xidmətdə fərqlənən bir qrup hərbi qulluqçu fəxri fərman və qiymətli hədiyyələrlə təltif olundu.
Tədbir Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin iştirakı ilə təqdim olunan konsert proqramı ilə davam etdi. Vətənpərvərlik ruhlu mahnılar və hərbi marşların səsləndirildiyi konsert tədbir iştirakçılarında yüksək əhval-ruhiyyə yaratdı.
Sonda bir daha vurğulandı ki, hərbi hissənin şəxsi heyəti Ali Baş Komandanın ətrafında sıx birləşərək Vətənimizin müdafiəsi naminə verilən hər bir tapşırığı böyük məsuliyyətlə yerinə yetirməyə hazır və qadirdir.
 
Əli ABIYEV

"Azərbaycan Ordusu"