AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
30 avqust Türkiyə tarixində möhtəşəm gündür. 1922-ci il avqustun 30-da Türkiyə Atatürkün başçılığı ilə yadelli işğalçılardan azad edildi. Əlamətdar gün tarixə Zəfər Bayramı kimi daxil oldu. Zəfər Bayramı ilk dəfə 30 avqust 1923-cü ildə Afyonqarahisar, Ankara və İzmirdə möhtəşəm bayram kimi keçirilib. Rəsmi olaraq isə Zəfər Bayramı 1926-cı ildə elan olunub. 30 Avqust - yenilməz Türkiyənin özünə dönüşünün başlanğıcıdır.
Böyük türk xalqının Ulu Öndəri Mustafa Kamal Paşa qosqoca Türkiyəni parçalanmaqdan, dağılmaqdan qorudu, müasir, güclü Türkiyə Cümhuriyyətini qurdu. Atatürk, sözün əsl mənasında, sərkərdə, qurucu idi. İdeyasını Ziya Göyalpdan aldı: bu ideologiya isə Türkçülük, Batıçılıq və İslamçılığın vəhdəti idi. O zaman Atatürk Qərbə daha çox meyilləndi. Baxmayaraq ki, bir tərəfdən Türkiyə Qərbin caynağından xilas olmuşdu, digər tərəfdən də Sovetlər İttifaqı ilə münasibətlərdə son dərəcə ehtiyatlı davranırdı. Atatürkün siyasi baxışları çox üstün və eyni zamanda, çox zəngin idi. O, ən əsası ölkədə dinin hegemonluğuna son qoyur. 1922-ci il noyabrın 1-də xilafət və monarxiya bir-birindən ayrılır, monarxiya ləğv edilir. 29 oktyabr 1923-cü ildə Cümhuriyyət elan olunur, Mustafa Kamal Paşa yekdilliklə ilk cümhurbaşqanı seçilir. Yalnız Atatürkün sərkərdəlik bacarığı, dövlət quruculuğunda zəngin siyasi dünyagörüşü sayəsində artıq çökməkdə olan Osmanlı imperiyasının qalıqları üzərində Türkiyə Cümhuriyyəti quruldu. Türkiyə Cümhuriyyəti "Hakimiyyət qeyd-şərtsiz millətindir" və "Yurda sülh, cahanda sülh" ideoloji əsaslar üzərində yoxdan var olub gücləndi.
...Türkiyə çox ağır günlər yaşayırdı. Hər yerdə - suda, quruda, havada döyüş gedirdi. Şəhid olanların, yaralananların sayı-hesabı bilinmirdi. Osmanlı ordusunun generalı Mustafa Kamal Paşa milli iradəyə əsaslanan yeni türk dövlətinin qurulmasından başqa nicat yolu görmürdü. Odur ki, Anadoluda milli-azadlıq hərəkatına başlamaq üçün 9-cu ordunun müfəttişi kimi 1919-cu il mayın 16-da "Bandırma" gəmisi ilə İstanbuldan yola çıxır və üç günə Samsuna çatır. Bölgədə vəziyyətlə yaxından tanış olan böyük sərkərdə mayın 21-də İstanbula - Baş Qərargaha göndərdiyi teleqramda yazırdı: "Yunanlar bu bölgədə Pontus dövləti qurmaq kimi bir səfsətə ətrafında toplaşmış və yunan quldur dəstələri bütünlükdə siyası təşkilata çevrilmişlər. Vətənin bütövlüyü və millətin istiqlalı təhlükədədir. Millətin istiqlalını yalnız millətin əzm və qərarı qurtaracaqdır".
1921-ci il avqustun 23-dən sentyabrın 12-dək davam etmiş Sakarya Meydan müharibəsindən sonra işğalçı yunan qoşunları geri çəkilməyə məcbur olur. Bu, uzun müddətdən bəri türk ordusunun əldə etdiyi ilk uğur idi. 1921-ci il sentyabrın 19-da Türkiyə Böyük Millət Məclisi tərəfindən qələbənin memarı Mustafa Kamal Paşaya "Qazi" titulu və "Marşal" rütbəsi verilir. Milli-azadlıq hərəkatında dönüş nöqtəsi olan bu hərbi uğurdan sonra işğalçıların Türkiyə torpaqlarından birdəfəlik qovulması qərara alındı. Düşmən üzərinə son və qəti hücum iki dəfə - 1922-ci ilin yanvar və aprel aylarında təxirə salındı. Sakaryada məğlubiyyətə uğramış yunan ordusu Əskişəhir-Şərqi Afyon xəttinə çəkilərək müdafiədə dayanmışdı. Düşmənin mövqeyi keçilməz hesab edilirdi. Türk ordusu isə işğalçılara son zərbəni vurmaq üçün gecə-gündüz hazırlıq görürdü. Bu məqsədlə silah-sursat tədarük edildi, əsgərlərə lazımi təlimlər keçirildi, Qərb cəbhəsinin şimalındakı Cənub cəbhəsindəki türk hərbi hissələri gizlicə Kocatəpə bölgəsində yerləşdirildi. Nəhayət, 1922-ci il avqustun 26-da Qazi Mustafa Kamalın komandanlıq etdiyi türk ordusu "Böyük hücum"a (Böyük taarruz) başladı. Düşmənə gözləmədiyi vaxtda və gözlənilməz istiqamətdən - Afyonun Cənub-qərbindəki dağlıq bölgədən sarsıdıcı zərbə endirilirdi. Qəfil hücumdan sarsılan düşmən qüvvələri başıpozuq halda bir neçə hissəyə parçalandı. Avqustun 27-də türk qoşunları düşməni təqib edərək, Sincanlı və Afyon ovalıqlarına çatdı. Afyon azad edildi. Düşmən avqustun 27-si və 28-də Sincanlı ovalığındakı təpələrdə yenidən müdafiə xətti yaratmağa çalışsa da, türk ordusunun davamlı hücumları ilə buna nail ola bilmədi. Avqustun 30-da Dumlupınarda düşmən qoşunlarının böyük bir qismi mühasirəyə alınaraq darmadağın edildi və sağ qalanlar əsir götürüldü. Əsirlər arasında yunan ordusunun baş komandanı general Trikopis də vardı. Şanlı türk ordusu düşmən qüvvələrini qovaraq sentyabrın 9-da İzmirə çatır və beləliklə, Anadolu işğalçılardan təmizlənir. Canını qurtara bilən yunan əsgərləri isə gəmilərə minərək Yunanıstan istiqamətinə qaçmağa məcbur edilirlər.
Beləliklə, türk milləti 30 avqust 1922-ci ildə azadlıq uğrunda işğalçılara qarşı mübarizədə zəfər dastanı yazdı. 30 avqust zəfərindən sonra sentyabrın 12-də Mustafa Kamal Paşa Türkiyə Böyük Millət Məclisində çıxış edərkən deyirdi: "Böyük türk milləti! Ordularımız İzmirimizi, Bursamızı zəfərlə qurtardı. Aralıq dənizi əsgərlərimizin zəfər təranələri ilə dalğalanır. Böyük türk milləti! Ordularımızın qabiliyyət və qüdrəti düşmənlərimizə dəhşət, dostlarımıza əmniyyət verəcək şəkildə özünü göstərdi". Atatürk "Azadlıq türkün həyatıdır", - dedi və bu həyat üçün ömrünün sonunadək mübarizə apardı...
30 avqust 1922-ci il şanlı türk tarixinə millətin bütövləşdiyi gün kimi yazıldı. Bir müddət əvvələdək Anadolu torpaqlarını bölüşdürməyə çalışan ölkələr artıq qarşılarında yeni Türkiyəni görür, onunla qarşılıqlı münasibətlər qurmağa can atırlar. 1923-cü il iyulun 24-də İsveçrənin Lozanna şəhərində İngiltərə, Fransa, İtaliya, Yaponiya, Yunanıstan, Rumıniya, SSRİ, Bolqarıstan, Portuqaliya, Belçika, Yuqoslaviya və Türkiyənin iştirakı ilə aparılmış uzunmüddətli danışıqlardan sonra məşhur Lozanna müqaviləsi bağlandı. Bununla da Türkiyənin milli qurtuluş hərəkatı rəsmən başa çatdı və yadellilər bu ölkəni işğal etmək düşüncəsinə birdəfəlik son qoydular.
Tarixin müxtəlif dönəmlərində yaşadıqları çətinliklərə baxmayaraq, Türkiyə və Azərbaycan hər zaman bir-birinin yanında olub, maddi və mənəvi dəstəklərini bir-birindən əsirgəməyib. "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" deyən Ulu Öndər Atatürk və "Bir millət, iki dövlət" söyləyən Ulu Öndər Heydər Əliyev türk dünyasının qurucu dahi şəxsiyyətləridir. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tarixə söykənən qardaşlıq körpüsünü daha da möhkəmləndirir və ata-babalarımızdan xalqımıza əmanət qalan qardaşın qardaşa vəfa borcunun müqəddəsliyini qoruyub yaşadırlar.
Lalə HÜSEYNOVA "Azərbaycan Ordusu"