Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Avqust 2025 12:11

Həqiqəti dünyaya göstərən qəhrəman - Çingiz Mustafayev

Azərbaycan tarixi igid övladlarının hünəri ilə ucalıb, şəhidlərinin müqəddəs qanı ilə möhkəmlənib. Bu Vətən hər zaman azadlığı, haqqı, həqiqəti qorumaq üçün canından keçməyə hazır oğullar yetişdirib. Onlardan biri də görkəmli jurnalist və Azərbaycanın Milli Qəhrəmanı Çingiz Fuad oğlu Mustafayevdir.
29 avqust 1960-cı il... Rusiya Federasiyası Həştərxan vilayəti... Hərbçi ailəsində dünyaya göz açan Çingiz Mustafayev...
Uşaqlıq illəri Bakıda keçən qəhrəmanımız atasının istəyi ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olur. Çingiz Mustafayev hərbi liseyi yarımçıq qoyaraq orta təhsilini Yasamal rayonu 167 saylı məktəbdə tamamlayıb. 1983-cü ildə Çingiz bakalavr təhsilini Azərbaycan Dövlət Tibb İnstitutunda həkim olaraq başa vurub. Amma Çingiz Mustafayevin şərəfli gələcəyi onun ixtisası ilə bağlı deyildi. Elə bu səbəbdən qəhrəmanımızın həkim kimi fəaliyyəti uzun çəkmir. Milli təəssübkeşliyi onu jurnalistikaya gətirir.
O, həvəskar karyerasına 1990-cı ilin 20 yanvar tarixində Sovet ordusunun Bakıda mülki əhaliyə qarşı törətdiyi vəhşilikləri lentə alaraq başlayıb.
Qarabağda döyüş əməliyyatları başlanan kimi Çingiz öz karyerasını tam olaraq hərbi mövzuları işıqlandıran jurnalistikaya həsr edib. O, 1991-ci ilin oktyabrından Azərbaycan Dövlət Televiziyasında reportyor kimi fəaliyyətə başlasa da, dövlət televiziyasındakı qatı senzura Mustafayevin fəaliyyətini məhdudlaşdırıb. Ona görə də Çingiz, "215 kl" studiyasını yaradaraq Azərbaycanın məruz qaldığı informasiya blokadasının aradan qaldırılmasında əhəmiyyətli rol oynayıb.
Onun çəkdiyi reportajlar, xüsusən də cəbhə bölgəsindən gətirdiyi kadrlar Azərbaycanın informasiya mühasirəsini yararaq dünyaya çatıb. Ermənistan qüvvələrinin dinc əhaliyə qarşı qəddarlıqlarının lentə alındığı video və foto materiallar sayəsində dünya münaqişənin həqiqi xarakterini öyrənib. Çingiz Mustafayev səkkiz ay ərzində Birinci Qarabağ müharibəsi haqqında 18 sənədli film çəkib. Onun bu fəaliyyəti Ermənistanın reputasiyasını bütün dünyada ciddi sarsıdıb.
1992-ci il iyunun 15-də Çingiz Mustafayev ön cəbhədə, Xocalının Naxçıvanlı kəndində çəkiliş zamanı ağır yaralanıb. Vurulduğu vaxt da çəkilişdə olan kamerası qəhrəman jurnalist Çingiz Mustafayevin şəhadətini anbaan lentə alıb. Həqiqət uğrunda canından keçən jurnalist Şəhidlər xiyabanında torpağa tapşırılıb. Ölümündən sonra o, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Çingiz Mustafayevin adı Azərbaycan xalqının yaddaşında əbədi yaşayır.
Cəmşid Naxçıvanski adına Hərbi Liseydə büstü qoyulub. Bakının mərkəzi küçələrindən biri Milli Qəhrəman Çingiz Mustafayevin adını daşıyır. ANS ÇM radiosuna da onun adı verilib. Şahdağda 4062 metr hündürlükdə yerləşən zirvə "Çingiz zirvəsi" adlanır. 1999-cu ildən Çingiz Mustafayev adına Fond fəaliyyət göstərir. Fond "İlin adamı", "Ən yaxşı jurnalist" mükafatları və "Vətənpərvər və hərbi mahnı müsabiqəsi"ni həyata keçirib. Fondun təşəbbüsü ilə Şəkidə "Çingiz Klubu" yaradılıb. "Çingiz Mustafayev" fondu KİV işçilərinin təhsil almasına və "Çingiz Mustafayev" adına düşərgəyə yardım edib.
Çingiz Mustafayevin həyatı bizə göstərdi ki, qəhrəmanlıq təkcə silah tutmaqla deyil, həqiqəti qorumaqla da mümkündür. Onun bu fədakarlığı millətin azadlıq salnaməsinə qızıl hərflərlə yazıldı. Şəhid jurnalistin ruhunu doğum günündə dərin ehtiramla yad edirik.

Tamilla HÜSEYNLİ "Azərbaycan Ordusu"