Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Avqust 2025 12:10

Azərbaycan Ordusunun gücü onun əsgərindədir

Azərbaycan Ordusu bu gün təkcə regionun deyil, geniş coğrafiyanın ən güclü və müasir silahlı qüvvələrindən biri kimi tanınır. Bu nailiyyətin təməli Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti ilə qoyulmuşdur. Ulu Öndər Heydər Əliyev hər zaman vurğulayırdı ki, ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır. Bu tezis müstəqil Azərbaycanın milli təhlükəsizliyinin və ərazi bütövlüyünün təminatında ordunun fundamental rolunu dəqiq əks etdirir. Ulu Öndərin müəyyən etdiyi hərbi quruculuq xətti bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə böyük müvəffəqiyyətlə davam etdirilir.
Son illərdə Azərbaycan Ordusunun döyüş qabiliyyəti, texniki təchizatı və hərbi qulluqçuların peşəkarlığı əhəmiyyətli dərəcədə artmışdır. Müasir silahlar və hərbi texnika ilə təminat, hərbi təlimlərin intensivliyinin artırılması, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsi ordumuzun qüdrətini daha da yüksəldib. Bu inkişafın ən parlaq təzahürü isə 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsi oldu. Bu müharibə Azərbaycan Ordusunun illərdir davam edən islahatların və təlimlərin nəticəsində əldə etdiyi gücü bütün dünyaya nümayiş etdirdi. 
Ordumuzun tarixi qələbələri sayəsində Ermənistanın 30 ilə yaxın müddətdə işğal altında saxladığı torpaqlarımız cəmi 44 gün ərzində azad edildi. Bu tarixi Qələbə Azərbaycan dövlətinin gücünü, xalqın birliyini və ordunun yenilməzliyini sübut etdi.
44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun minlərlə igid döyüşçüsü misilsiz şücaət göstərdi. Hərbi əməliyyatlar zamanı göstərilən fədakarlıq, vətənpərvərlik və yüksək döyüş ruhu gələcək nəsillər üçün əsl nümunəyə çevrildi. Bu şərəfli mübarizədə iştirak edən igidlərdən biri də müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Qəlbinur Bayram oğlu Mikayılovdur. Qəlbinurun Vətən sevgisi onu ən çətin anlarda belə geri çəkilməyə qoymadı. Mikayılov Qəlbinur Bayram oğlu 1998-ci il avqustun 7-də Salyan rayonunun Çuxanlı kəndində dünyaya göz açıb. Müharibə başlayanda Vətənə borcunu ödəmək üçün müraciət edib və ordu sıralarına çağırılıb. Onun döyüş yolu ağır və şərəfli sınaqlardan keçib. O, Füzuli, Xocavənd və Ağdam istiqamətlərində gedən döyüşlərdə fəal iştirak edib. 
Döyüş meydanında göstərdiyi igidliyə görə Qəlbinur Mikayılov Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif olunub. Bu mükafat onun xidmətinin dövlət tərəfindən yüksək qiymətləndirildiyinin bariz sübutudur. Müharibə bitdikdən sonra da Qəlbinurun Vətənə xidmət sevgisi sönmədi. 2021-ci ildə yenidən hərbi xidmətə qayıdaraq Azərbaycan Ordusunun tabeliyindəki hərbi hissələrdən birində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə başladı. Bu gün də xidmətini məsuliyyət və sədaqətlə yerinə yetirir.
Qəlbinur Mikayılovun qürur duyduğu başqa bir məqam isə  qardaşı Tariyel Mikayılovun da eyni döyüş yolunu keçməsidir. Bu, Mikayılovlar ailəsinin Vətənə bağlılığının və hərbi ənənələrə sədaqətinin əyani göstəricisidir. Qəlbinur böyük qürur hissi ilə qardaşının da 44 günlük Vətən müharibəsində iştirak etdiyini bildirdi. Tariyel Bayram oğlu Mikayılov 1997-ci il iyulun 19-da Salyan rayonunun Çuxanlı kəndində anadan olub. O, öz həyatını hərbi xidmətə həsr etmək qərarını gənc yaşlarından verib. 2012-2015-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Bu lisey gələcək zabit kadrlarının hazırlanmasında mühüm rol oynayır və Tariyelin hərbi təhsilinin təməli burada qoyulub. Daha sonra, 2015-2019-cu illərdə indiki Heydər Əliyev adına Hərbi İnstitutda ali hərbi təhsilini davam etdirib. Vətən müharibəsi zamanı Tariyel Tərtər və Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak edib. Suqovuşan istiqaməti müharibənin strateji əhəmiyyətli ərazilərindən biri idi və burada ağır döyüşlər gedirdi. Tariyel məhz bu çətin döyüşlərdə şücaət göstərərək yaralanıb. Döyüş zamanı aldığı yara belə onu Vətənə xidmət etmək əzmindən geri çəkindirməyib. Baş leytenant Tariyel Mikayılov "Suqovuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif olunub. Bu mükafatlar onun döyüş meydanında göstərdiyi cəsarət və fədakarlığın təsdiqidir. Qəlbinur qardaşı ilə birgə keçdikləri bu şərəfli yola görə sonsuz qürur duyaraq dedi: "Biz bu mübarizədə bir ailə kimi, çiyin-çiyinə döyüşdük. Bu gün də orduda eyni ruh və əzm ilə xidmət etməyə davam edirik".
Mikayılov qardaşlarının göstərdikləri igidliklər Azərbaycan Ordusunun gücünü və möhkəm mənəvi təməlini bir daha nümayiş etdirir. Onlar kimi igid Vətən oğulları Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin qorunmasında əvəzsiz rol oynayırlar. Bu cür şəxsi nümunələr təkcə bir ailənin deyil, bütövlükdə cəmiyyətin vətənpərvərlik ruhunun göstəricisidir. Mikayılov qardaşları kimi yüzlərlə, minlərlə Azərbaycan gənci torpaqlarımızın azadlığı uğrunda rəşadətlə döyüşərək şücaət göstərdi, bu müqəddəs yolda canlarını qurban verdi. Onların bu fədakarlığı sayəsində Azərbaycanda yeni bir dövr - Qələbə dövrü başladı. Onların hər biri gənc nəsil üçün əsl vətənpərvərlik dərsi, Azərbaycan əsgəri üçün isə qürur mənbəyidir. 
Azərbaycan Ordusu bu gün də öz inkişafını davam etdirir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə, əldə edilmiş təcrübələr, müasir müharibələr, yeni silah və texnikalar, regiondakı vəziyyət nəzərə alınaraq ordu quruculuğu prosesi fasiləsiz olaraq davam etdirilir. Mikayılov qardaşları kimi Vətənə bağlı hərbi qulluqçuların uğurlu xidməti də Azərbaycanın gələcək təhlükəsizliyinin və inkişafının əsas təminatçılarından olur.

ƏLİ ABIYEV "Azərbaycan Ordusu"