Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Avqust 2025 18:49

“Torpaq, uğrunda ölən varsa, Vətəndir”

Uşaqlıqdan ana sözü ilə yanaşı, öyrəndiyim ilk söz "Vətən" idi, dilimdəki ilk dua da ona idi. Bu torpağın qoxusu burnuma çəkilən hava kimi təbii, səması baxışlarıma açılan pəncərə kimi doğma oldu. Vətən mənə yalnız bir ünvan, bir xəritə parçası vermədi.
Xalq şairi Abbas Səhhətin də dediyi kimi, Vətənim verdi mənə nanü-nəmək…
O, mənə kimliyimi, mənliyimi qazandırdı. Dilimi, adımı, soyumu, kökümü, tariximi, nənələrimdən gələn nağılları, babalarımın savaş xatirələrini, atamdan gələn yurda bağlılığı, anamdan gələn Vətən sevgisini, yayda buğda tarlalarının qızılı işığını, qışda odun sobasının qarşısında qurulan isti söhbətləri verdi. Hər tikə çörəyin dadında bu torpaq üçün çəkilən zəhmət, hər içdiyim suda xalqın alın tərinin duzu var.
Yazımın önündə dediyim kimi, Vətənim mənə sözün əsl mənasında, adımı, kimliyimi, mənliyimi verdi. Elə bir ad ki, harada səslənsə, arxasında min illərin silinməz tarixi, döyüşlərin əzəməti, şanlı Zəfəri, sazın-sözün ahəngi var. O, mənə bir tikə çörək kimi halal, bir damla su kimi saf ruzini bəxş elədi. Bütün bunların müqabilində isə Vətən məndən ancaq onu sevməyimi, qorumağımı, namusunu hifz etməyimi, bayrağını uca tutmağımı istəyirdi.
Bəzən bu sevgi sözlə olmur. Bəzən onu qorumağın yeganə yolu uğrunda can vermək olur. Elə buna görədir ki, bu torpaqda hər daşın altında bir igidin izi, hər ağacın kölgəsində bir şəhidin xatirəsi yatır. Onlar da bizim kimi uşaqlıqda bu torpaqda oynadılar, bahar gələndə lalə dərdilər, payızda yarpaqların saralmasını izlədilər. Onlar da bizim kimi Vətənə ana dedilər, Vətən torpağını uca tutdular. Amma bir gün Vətənin üzərinə kölgə düşəndə onlar evlərinin qapısını bağlayıb rahat otura bilmədilər, rahat nəfəs ala bilmədilər. Vətən uğrunda döyüşlər başlayanda sorğusuz-sualsız, səfərbərlik gözləmədən, könüllü müharibəyə yollandılar. Torpaqlarımızın bütövlüyü, bölünməzliyi uğrunda son damla qanlarına kimi savaşıb şəhidlik zirvəsinə ucaldılar.
Şəhidlər bu xalqın tarixinin ən uca zirvəsi, ən təmiz aynasıdır. Onlar öz adlarını daşlara yox, ürəklərə yazdılar. Hər birinin hekayəsi fərqli olsa da, məqsədi bir idi: Vətəni bölünməz saxlamaq. Onlar bizim övladlarımız, qardaşlarımız, atalarımız, əmilərimiz, dayılarımız, dostlarımız, yaxınlarımızdırlar. Hər biri öz gülüşünü, arzularını, hətta bəlkə də ömürlük sevgisini yarımçıq qoyub, bizim gələcəyimiz üçün ölümün üstünə getdi.
Vətən uğrunda canlarını fəda edənlər, əslində, heç vaxt ölmürlər. Onlar bu torpağın hər qarışında yaşayırlar. Bayrağımızın dalğalanmasında nəfəs alır, himnimiz oxunanda ürəyimizin ritmində döyünürlər.
Mən də Vətənə olan müqəddəs borcumu şəhidlərin izi ilə öyrəndim. Çünki şəhidlərimizin əziz ruhları bizə öyrədir ki, Vətən yalnız üzərində yaşadığın torpaq deyil, uğrunda can verdiyin əbədi dəyərdir. Azərbaycan xalqı tarix boyu şəhidliyi ən ali dəyərlərdən sayıb. "Torpaq, uğrunda ölən varsa, Vətəndir" inamı anlayışı xalqımızın yaddaşına həkk olunmuş müqəddəs bir amal kimi bu gün də yaşamaqdadır. Məhz bu əzmkarlıq və inam millətimizin şanlı zəfərlərinin sirri olub.
…Bəzən Vətən yalnız sözlə deyil, nümunələrlə sevilir. Elə nümunələr ki, onlara baxanda başa düşürsən ki, insan ömrünün uzunluğu ilə deyil, necə yaşaması ilə ölçülür.
44 günlük Vətən müharibəsində qazandığımız şanlı Zəfərin arxasında onların şücaəti, qətiyyəti və canlarından keçmələri dayanır. Həmin igidlərdən biri də Vətən Müharibəsi Qəhrəmanı şəhid polkovnik-leytenant Anar Əliyevdir. O, həyatı, hərbi xidmət yolu və şəhidliyi Vətən sevgisinin, vəfa borcunun nə qədər ali bir amal olduğunu sübut edir.
Şəhidimizin həyatını araşdırdıqda həmyerlim kimi həm qürurlandım, həm kövrəldim, həm də onun haqqında olan yazımı oxucularla bölüşmək qərarına gəldim. Çünki Kəlbəcər həm də mənim ata yurdumdur. İllərdir Kəlbəcər nisgilimizə, Vətən həsrətimizə bu gün Anar Əliyev kimi şəhidlərimizin sayəsində son qoyulub. O, təkcə əsgərlərini idarə edən bir zabit deyildi. Sözün əsl mənasında, necə deyərlər, "insan adam" olub. Bu ifadə kəlbəcərlilərin leksikonunda daha çox işlənir. Anar Əliyev də əsgərlərin qayğısını çəkən, dərdinə şərik olan, onların hər biri üçün mənəvi ata, qardaş, dost olan bir rəhbər idi. Çünki bilirdi ki, Azərbaycan Ordusunun gücünü yalnız silahla ölçmək düzgün yanaşma deyil. Bu güc Vətənə olan müqəddəs sevgidə, ürəklərdə, xalqın birliyində, bütövlüyündədir.
1980-ci il avqustun 28-də Kəlbəcərin Boyaqlı kəndində dünyaya gələn Anarın elə uşaqlığından hərbi peşəyə marağı böyük olub. Onun bu arzusunu gerçəkləşdirməsi elə ilk addımlarından bəlli olub. Vətənə olan sevgisini ilk növbədə aldığı təhsilində büruzə verib. 1995-1997-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, daha sonra isə 1997-2001-ci illərdə indiki Heydər Əliyev adına Hərbi İnstitutda təhsil alıb. Vətənə, torpağa olan məhəbbəti ilə igidlik borcunu yerinə yetirmək üçün 2001-ci ildən Azərbaycan Ordusunun sıralarında xidmətə başlayıb. Potensialı, şücaəti, təhsili sayəsində həmin ildən kəşfiyyat bölüyündə leytenant kimi fəaliyyət göstərib. O, hər addımında bu andı şərəflə daşıyıb. Həm xidmətində, həm də şəxsi həyatında nizam-intizamı, dürüstlüyü və insana dəyəri ilə fərqlənib.
Anar Əliyev altı ilə yaxın müddətdə Naxçıvanda xidmət edib. O, peşəkar zabit kimi daim fərqlənib, 2008-ci ildə "kapitan", 2012-ci ildə "mayor" rütbəsinə layiq görülüb. Göstərdiyi şücaəti onun xidmətinə müsbət təsir edib və 2015-ci ildə vaxtından əvvəl "polkovnik-leytenant" rütbəsinə yüksəlib.
Beş dili mükəmməl səviyyədə bilən Anar Əliyev xarici ölkələrdə keçirilən kurs və təlimlərdə ölkəmizi uğurla təmsil edib. 2019-cu ildə Türkiyədə keçirilən Beynəlxalq təlimlərdə onun rəhbərlik etdiyi heyət birinci olub.
Anar Əliyevin döyüş yolu da bir ömürlük dərsdir. Hər bir insan Vətənin gücünü aldığı nəfəsdə, içdiyi suda, toxunduğu torpaqda tapır. Amma bu torpağın əbədi qalması üçün kimsə onu qorumağa qalxmalı, ən qiymətli olan canını fəda etməlidir. Polkovnik-leytenant Anar Əliyev məhz belə yaşayanlardan olub. O, döyüş əməliyyatlarında da xüsusi fərqlənib. 2018-ci ildə Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun əks-hücum əməliyyatı nəticəsində Günnüt kəndi, Ağbulaq yüksəkliyi, Qızılqaya, Qaraqaya dağları işğaldan azad olunur və nəticədə 11 min hektar ərazi düşməndən təmizlənir. A.Əliyev bu əməliyyatda yaxından iştirak edərək "Şücaətə görə" medalı ilə təltif olunub.
Vətənin dar günündə, torpaqlarımızın azadlığı uğrunda döyüşlər gedəndə polkovnik-leytenant Anar Əliyev ön sıralarda idi. O, Naxçıvan Xüsusi Təyinatlılarının briqada komandiri kimi Füzuli, Cəbrayıl və Zəngilan istiqamətlərində gedən döyüşlərdə şücaət göstərib.
2020-ci ilin iyununda polkovnik-leytenant Anar Əliyev hərbi hissənin komandir müavini təyin olunub və bu vəzifəni həmin ilin oktyabrın 17-dək icra edib. Sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı isə o, artıq Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölmələrinə rəhbərlik edirdi. Müharibənin ilk günlərində Naxçıvanda xidmət aparmasına baxmayaraq, Anar Əliyev döyüş meydanına qatılmaq üçün komandanlığa müraciət edib və bu arzusu çox keçmədən gerçəkləşib.
Qəhrəman zabit Xocavənd və Füzuli rayonları, eləcə də Şuşa şəhərinin azad olunması uğrunda aparılan döyüşlərdə iştirak edib. Hərbi təcrübəsi və liderlik bacarığı burada da öz sözünü deyib. O, tabeliyində olan döyüşçülərə həm əməliyyatların planlı şəkildə icrasını, həm də qələbənin necə qazanıldığını öyrədib.
Şuşanın açarı sayılan "772" yüksəkliyinin azad edilməsi xüsusi çətinliklərlə müşayiət olunsa da, Anar Əliyev tabeliyindəki heyətlə birlikdə bu tapşırığın müvəffəqiyyətlə yerinə yetirilməsini təmin edib. Onun rəhbərliyi altında Naxçıvan xüsusi təyinatlıları Füzuli, Cəbrayıl və Zəngilan istiqamətlərində bir sıra yüksəklikləri və yaşayış məntəqələrini azad ediblər. Polkovnik-leytenant Anar Əliyev həmin döyüş əməliyyatları zamanı bir çox xüsusi təyinatlı tapşırıqların uğurla icrasında xüsusilə fərqlənib.
2020-ci il oktyabrın 21-də Xocavənd rayonunun Tuğ kəndi uğrunda gedən döyüşlərdə güllə yarası alaraq şəhidlik zirvəsinə yüksələn Anar Əliyev İkinci Şəhidlər xiyabanında dəfn edilib. O, Vətən müharibəsinin unudulmaz qəhrəmanları sırasında şərəflə anılır.
Anar Əliyevin qarşıya qoyulmuş döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi rəşadəti və şəxsi igidliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə polkovnik-leytenant  Anar Əliyev ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adına və "Vətən uğrunda",  "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medallarına layiq görülüb.
Anar Əliyevin adı artıq yalnız ailəsinin, dostlarının yox, bütün Azərbaycan xalqının qəlbində yaşayır. Qəhrəmanımız şərəfli bir həyat yolu keçərək, Vətənə sədaqətlə xidmət edib, zabit adına yaraşan fədakarlıq və igidlik nümayiş etdirib. İgidlərin adı heç vaxt unudulmur - xalqımız onların xatirəsini həmişə qəlbində daşıyır, onları şərəf və qeyrət nümunəsi kimi yad edir.
Şəhidlik zirvəsinə ucalmaq bir göz qırpımında olsa da, qəhrəmanlıq təsadüfi, bir anın içində olmur. Bu, illərlə yığılan fədakarlığın, sədaqətin və əqidənin nəticəsidir. Onun adı bu xalqın şərəf salnaməsinə yazıldı və minlərlə ailənin duasında, diləyində, hər bir Azərbaycan əsgərinin qəlbində yaşayır. Dövlətimiz də şəhidlərin ailə üzvlərinə xüsusi diqqət və qayğı göstərir, onların əziz xatirəsi cəmiyyətin yaddaşında uca tutulur, gələcək nəsillərə örnək kimi yaşadılır.
Anar Əliyevin adının əbədiləşdirilməsi məqsədilə Gəncə şəhəri, Avtozavod qəsəbəsində bulaq kompleksi inşa edilib. Gəncənin Gülüstan qəsəbəsində yerləşən Kəlbəcər rayonu 2 nömrəli tam orta məktəbə, həmçinin Tərtər şəhərindəki küçələrdən birinə isə onun adı verilib. Qəhrəmanımızdan Nigar və Əli adlı iki övladı yadigar qalıb.
2021-ci ildə Vətən Müharibəsi Qəhrəmanı Anar Əliyevin həyat yoldaşı Vüsalə Əliyeva onun şəxsi əşyalarını Azərbaycan Hərb Tarixi Muzeyinə təqdim edib. Hazırda muzeyin sərgi zalında qəhrəman zabitin xatirəsinə aid çoxsaylı eksponatlar nümayiş olunur. Burada onun fotoları, fəxri fərmanları, "Əfsanəvi kəşfiyyatçı" kitabı, gündəlik hərbi geyimi, telefonu və məğrur duruşunu əks etdirən şəkilləri ziyarətçilərə təqdim edilir. Muzeyə gələn hər kəs bu eksponatları böyük maraqla izləyir. Burada Şəhid Anar Əliyevin keçdiyi şərəfli döyüş yolu gənc nəslə örnək kimi göstərilir, onun qəhrəmanlığı haqqında geniş məlumatlar verilir.
Şəhidlərimizin xatirəsi bizə bir həqiqəti xatırladır: Vətən sevgisi şeirlərdə və mahnılarda yaşasa da, şəhid Xudayarın ifasında bu sevgi bütünləşsə də, onu qorumaq üçün göstərilən cəsarətdə, verilən qurbanlarda yaşayır. Anar Əliyev bu sevgini ömrü boyu yaşatdı və ən yüksək zirvədə, ən ali mərtəbədə-şəhidlik məqamında tamamladı.
Bu gün biz rahat nəfəs alırıqsa, sərhədlərimiz toxunulmazdırsa, bayrağımız azad edilmiş torpaqlarımızın səmasında vüqarla dalğalanırsa, doğma yurdumuz, ana Vətənimiz bölünməzdirsə, bunda Anar Əliyev kimi qəhrəmanların payı var. Onların ömrü əbədi bir dərsdir. Vətən üçün yaşamaq şərəfdir, Vətən uğrunda şəhid olmaq isə əbədiyyətdir.
Şəhid polkovnik-leytenant Anar Əliyev qəhrəmanlığı ilə Azərbaycan Ordusunun parlaq simalarından birinə çevrildi. Onun igidliyi, döyüş ruhu və Vətən sevgisi gələcək nəsillərə daim örnək olaraq yaşayacaq.
Vətən şəhidlərini unutmaz. Onlar bizim sabahımızın işığı, azadlığımızın dayağı, tariximizin əbədiyyətidir.



Şəlalə DÜNYAMALIYEVA

"Azərbaycan Ordusu"