Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Avqust 2025 18:48

Sizin əziz xatirəniz qəlbimizdə daim yaşayır

44 günlük Vətən müharibəsində respublikamızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn polkovnik-leytenant Yaşar Sadıqovun, əsgər Mirağa Əliyevin və 12 may 2023-cü ildə Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan əsgər Məhəmməd Qarayevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirildi.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində keçirilən anım tədbirində  Müdafiə Nazirliyinin əməkdaşları, ictimaiyyətin nümayəndələri, şəhidlərin ailə üzvləri, yaxınları və döyüş yoldaşları iştirak etdilər.
Tədbirdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və respublikamızın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Tədbirdə çıxış edən Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin Şəhid ailələri və qadınlarla iş sektorunun müdiri dövlət qulluqçusu Zümrüd Səmədova  Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı parlaq qələbədən, uğurlu döyüş əməliyyatlarından danışaraq, Vətən oğullarının göstərdikləri igidlik və fədakarlıq nümunələrini xüsusilə vurğuladı. "Düşmən üzərində qazandığımız Böyük Zəfərin beşinci ildönümü ərəfəsindəyik. Xalqımızın 30 ilə yaxın torpaq həsrətinə şəhidlərimiz qanları, canları bahasına son qoydular. Biz azad, firavan yaşamağımız üçün onlara borcluyuq. Qədirbilən xalqımız öz şəhid övladlarını unutmur, illər keçdikcə onların əziz xatirəsini daima dərin hörmət və ehtiramla anır. Dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə şəhid ailələri, döyüşlərdə sağlamlıqlarını itirən xalqımızın övladları üçün ən yüksək səviyyədə layihələr həyata keçirilir, onlar diqqət və qayğı ilə əhatə olunurlar".
Sonra şəhidlərin yaxınları polkovnik-leytenant Yaşar Sadıqovun, əsgər Məhəmməd Qarayevin və əsgər Mirağa Əliyevin qısa, lakin şərəfli həyat və nümunəvi döyüş yollarından maraqlı məqamları danışdılar. Onların ömür yoluna həsr edilmiş sənədli filmlər nümayiş olundu. Şəhidlərin döyüş yoldaşları onlarla bağlı xatirələrini bölüşdülər.
Daha sonra şəhidlərin valideynləri Musa Əliyev, Lüda Əliyeva, Könül Qəribova, Mahir Qarayev çıxış edərək, onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını ifadə etdilər.
Qeyd edək ki, Yaşar Sadıqov 1975-ci il avqustun 10-da Füzuli rayonunun Bala Bəhmənli kəndində anadan olub. Arzusu hərbçi olmaq idi. Həm də ermənilərin torpaqlarımıza qarşı iddiası onu hələ erkən yaşlarından hiddətləndirib. Vətənimizin müdafiəsində dayanmaq, onu yadelli işğalçılardan qorumaq üçün çıxdı bu müqəddəs yola Yaşar...
Yaşar Sadıqov 1991-1995-ci illərdə  indiki Heydər Əliyev adına Hərbi İnstitutda təhsil alıb. O, 1995-ci ildən Azərbaycan Ordusunun sıralarında xidmət edib. "Polkovnik-leytenant" hərbi rütbəsinə qədər yüksəlib. 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən ağır döyüşlərə qatılıb. Peşəkar hərbçi, xalqımızın vətənpərvər oğlu Yaşar Sadıqov oktyabrın 2-də Ömər aşırımı istiqamətində gedən döyüşlərdə şəhid olub. İkinci Şəhidlər xiyabanında dəfn edilib. Ailəli idi. Bir oğlu və bir qızı canından artıq sevdiyi Vətəninə əmanət qalıb.
Torpaqlarımızın azadlığı uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən Yaşar Sadıqov ölümündən sonra 3-cü dərəcəli Rəşadət" ordeni, "Kəlbəcərin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif olunub.
Əsgər Məhəmməd Qarayev 16 noyabr 2001-ci ildə Qəbələ rayonunda  dünyaya göz açıb. Vətənpərvər, sevgi dolu bir ailədə böyüyüb. Məhəmməd 2018-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olub. 2022-ci ildə həmin universiteti bitirdikdən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılıb. Azərbaycan Ordusunun Kəlbəcər rayonunda yerləşən bölmələrindən birində müddətli həqiqi hərbi xidmətə başlayıb. Bölməyə gəldiyi ilk gündən nümunəvi xidmət etməyə can atıb. Komandirlərinin verdiyi tapşırıqları vaxtında və dəqiq yerinə yetirib, vəzifə borclarına məsuliyyətlə yanaşıb. Şəxsi keyfiyyətləri ilə kollektivin rəğbətini qazanıb. Döyüş növbətçiliyində həmişə ayıq-sayıq dayanıb. Nümunəvi əsgərlərdən olan Məhəmməd hərbi xidmətini başa vurmasına 49 gün qalmış şəhidlik zirvəsinə ucalıb. Ermənilərin Zod kəndi istiqamətində Azərbaycan Ordusunun üzbəüz mövqelərini D-30 topları və minaatanlardan atəşə tutmaları nəticəsində döyüş tapşırığını yerinə yetirən Məhəmməd Qarayev  şəhid olub. Onun nəşi doğulduğu Qəbələ rayonunda  torpağa tapşırılıb. Dəfn mərasimində onun döyüş yoldaşları, müəllimləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Şəhid əsgər Məhəmməd Qarayev yaddaşlarda gülərüz, mehriban, çalışqan və vətənpərvər  gənc olaraq qalıb.
Şəhid Mirağa Əliyev 29 avqust 2000-ci ildə Ağcabədi rayonunun Xocavənd kəndində anadan olub. Orta təhsilini Ağcabədi rayonu Mirzə Fətəli Axundov adına 3 nömrəli liseydə alıb. Sonra Bakı şəhərində 5 nömrəli peşə liseyində şirniyyatçı, qənnadçı ixtisası üzrə təhsil alıb. Atası Musa Əliyev Birinci Qarabağ müharibəsində könüllü olaraq kəşfiyyat taqımında döyüşüb. Mirağa da vətənpərvər, torpağına, yurduna bağlı bir ailədə doğulub. O, 2018-ci il oktyabrın 25-də müddətli həqiqi hərbi xidmətə yollanıb. Hərbi Dəniz Qüvvələrinin "N" hərbi hissəsinin matrosu olub.
Mirağa 2020-ci ilin 27 sentyabrında başlayan İkinci Qarabağ müharibəsi ərəfəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon üzrə ünvanına yaxınlaşır, adını könüllü olaraq müharibəyə getmək üçün yazdırır və müharibənin ilk günlərindən ön cəbhədə kəşfiyyat taqımında döyüşlərə atılır. Füzuli rayonu istiqamətində gedən ağır döyüşlərdə mərdlik, igidlik nümunələri göstərir. O, hər iki ayağından qəlpə yarası alsa da, döyüşlərdən bir addım da geri çəkilmir. Çoxlu sayda düşmənin canlı qüvvəsinin məhv edilməsində iştirak edir. Mirağa Əliyev 29 sentyabr 2020-ci ildə döyüş tapşırığını yerinə yetirərkən snayperdən açılan atəş nəticəsində ürəyindən vurularaq şəhidlik zirvəsinə yüksəlir. 30 sentyabr 2020-ci ildə doğulduğu Ağcabədi rayonunun Xocavənd kəndində torpağa tapşırılır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən Mirağa Əliyev ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "İgidliyə görə" medallarına layiq görülüb.
Xalqımızın Yaşar, Mirağa, Məhəmməd kimi igid, mərd oğullarının adı əbədi olaraq  yaddaşlara köçüb. İllər keçsə də, gələcək nəsillər şəhidlikləri ilə bizə qələbə sevinci yaşadan bu oğullarımızı hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəklər. Nur içində uyuyun, Azərbaycan şəhidləri, sizin əziz xatirəniz qəlbimizdə daim yaşayır.



Lalə HÜSEYNOVA

"Azərbaycan Ordusu"