Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Avqust 2025 18:44

Sülh keşikçisi - Azərbaycan əsgəri

Gündəlik həyatımızda hər keçən anın döyüş növbətçiliyində önəmi böyükdür. İqlimin dəyişməsi, günün işıqlı və ya qaranlıq vaxtı olması sülh keşikçisi olan əsgərlərimizin müqəddəs amalını yerinə yetirməsində maneə deyil. Vətən hüdudlarının müdafiəsində həyat daim hərəkətdə, əsgərin nəzəri doğma yurd yerinin hər qarışının üzərindədir. Hər saniyəsi, hər anı məsuliyyət olan bu borcun icrası ən ali vəzifə, ən ümdə tapşırıq kimi Azərbaycan əsgərinin möhkəm çiyinləri üzərinə düşür.
Dədə-baba torpaqlarımızda aparılan döyüş növbətçiliyi igid əsgərlərimiz üçün sadəcə qarşıya qoyulan tapşırıq deyil, bu, milli kimliyimizi qorumaq, atalarımızdan qalan mirası müdafiə etmək, qazanılmış qələbəmizi sabitliyə çevirməkdir. Bu gün Azərbaycan əsgəri yekdilliklə sülhün keşikçisi olaraq xalqın əmin-amanlığı, torpaqlarımızın bütövlüyü üçün öz övladlıq və vətəndaşlıq borcunu layiqincə ödəyir.
Tarixi yurd yerlərimizdən, dəniz səviyyəsindən yüzlərlə metr hündürlükdə yerləşən "N" hərbi hissəsinin məğrur əsgərlərinin mətanətlə dayandığı nöqtələrdən birindəyik. Burada onlar müşahidə postlarında keşik çəkir, gözlərini bir an belə olsun Vətənindən ayırmırlar. Gizir Elvin Quliyev Azərbaycan əsgərinin misilsiz Vətən sevgisi ilə dünyaya səs saldığını bildirir və qeyd edir ki, öz doğma yurdunu göz bəbəyi kimi qorumaqla, yenilməz irsinin layiqli davamçısı olmaqdadır. "İgid əsgərlərimiz ata-babalarının açdığı cığırda bu gün mətin addımlarla irəliləyir, ali vəzifələrini ləyaqətlə yerinə yetirir, postlarda növbəli şəkildə xidmətlərini həyata keçirirlər. Vətənin keşiyində dayanmanın müqəddəs borc olduğunu dərk edən əsgərlərimiz vaxtından, vədəsindən, hava şəraitindən asılı olmayaraq xidmətlərində məsuliyyətlidirlər. Bölməmizin şəxsi heyəti günün nəzərdə tutulmuş planına əsasən, növbəli şəkildə doğma yurd yerimizi müşahidə və müdafiə edir. Postlarımız müasir rabitə, müşahidə, müdafiə vasitələri ilə tam təmin olunub. Mətin əsgərlərimiz postlarında yalnız torpağımızın deyil, xalqımızın da keşiyini çəkirlər. Torpağımızın bütövlüyü də xalqımızın əmin-amanlığı deməkdir. Vətən müdafiəçilərimiz bunu bilir və xidmətlərini də böyük məsuliyyətlə təşkil edirlər. 
Döyüş növbətçiliyi hərbi intizam şəraitində aparılır. Şəxsi heyət burada hərbi kollektiv olmaqla yanaşı, möhkəm ailə mühitini də qoruyur. Onlar qarşı tərəfdə baş verən və ya baş verə biləcək hər hansı dəyişiklik və hərəkətliliyi dərhal rabitə vasitəsi ilə komandirlərə ötürürlər. Döyüş növbətçiliyinin dəyişilməsi fəaliyyətləri də nizamnamələrin tələblərinə uyğun həyata keçirilir. Təhlükəsizlik qaydaları, xidməti fəaliyyətlər hər gün şəxsi heyətin diqqətinə çatdırılır", - gizir Elvin Quliyev deyir. 
Elvinlə həmsöhbət olarkən öyrənirik ki, o, 2020-ci il İkinci Qarabağ müharibəsi, Qisas və antiterror əməliyyatlarının iştirakçısı olub. Təcrübəli komandirlə birlikdə döyüş növbətçiliyini təşkil edən Vətən müdafiəçilərimizlə görüşüb, onların da fikirlərini qələmə alıram.
Əsgər İbrahim Cəfərov döyüş növbətçiliyinə yollanmamışdan qabaq bizimlə həmsöhbət olur. O, Zərdab rayonundan ordu sıralarına çağırıldığını və Vətənin müdafiəsində durmağın verdiyi qürurdan danışır: "Azərbaycan gəncliyinin bir nümayəndəsi olaraq Vətənimizə və xalqımıza xidmət etməkdən qürur duyuram. Hərbi xidmət bizə Vətəni qorumağın incəliklərini öyrətdi, komandirlərimiz bizim əsl Vətən müdafiəçisi kimi yetişməyimizdə misilsiz pay sahibidirlər. Təcrübəli komandirlərimizin sayəsində mən və xidmət yoldaşlarım müsəlləh əsgər olaraq müqəddəs borcun icrasındayıq. Vətən keşikçisi olmaq mənim üçün qürurvericidir. Onu qorumaq, xalqın əmin-amanlığını təmin etmək üçün hər şeyə hazıram. Vətənin, xalqın övladısansa, ən ümdə missiyan onu qorumaq olmalıdır".
"Mən əsgər Şakir Hüseynov Kürdəmir rayonundan hərbi xidmətə çağırılmışam", - deyən müsahibim bizimlə söhbətə qoşulur. "Vətən hamımızındır, doğma anamızdır, onu qorumaq isə müqəddəs borcumuzdur. Burada Vətən hüdudlarında döyüş növbətçiliyində iştirak etmək mənim üçün çox böyük qürurdur. Qalib ordunun mundirində, hərbi geyimdə, doğma qardaşlarımdan fərqlənməyən əsgər yoldaşlarımla olmaq mənim üçün əvəzolunmaz hisslərdir. Hərbi xidmət mənə səmimi, sarsılmaz dostluqlar qazandırdı. Burada şəraitdən asılı olmayaraq xidmətdə də, dostluqda da əlimizdən gələni edirik. Vətəni qorumaq, onun keşiyini çəkmək hər çətinliyə dəyər".
Gizir Elvin Quliyev ilə növbətçilərin təhvil-təslimi prosesində iştirak etməyə yollanırıq. Yolda gənc komandirdən şəxsi heyətin sosial-məişət şəraiti haqqında məlumatlar alıram. "Ordumuzda xidmət edən hərbi qulluqçuların sosial-məişət şəraiti hər zaman xüsusi diqqət mərkəzində olan məsələlərdən olub. Xidmətin operativ və düzgün aparılması üçün bölməmizdə yüksək şərait qurulub. Müasir tələblərə cavab verən yataqxana, yeməkxana, idman meydançası və hamam şəxsi heyətin istifadəsindədir. İstilik və soyuducu avadanlıqları ilə təchiz olunmuş bölməmizdə xidmət edən əsgərlərimiz gündəlik fəaliyyətlərində heç bir maneə ilə üzləşmirlər. Burada hərbi qulluqçuların həm xidməti, həm də gündəlik fəaliyyəti üçün arzuolunan şərait yaradılıb", - deyən gənc hərbçimizlə döyüş postundan birinə çatırıq.
Döyüş növbətçiliyini təhvil vermiş İsmayıllı rayonundan olan əsgər Ümid Bayramovun fikirlərini öyrənirik. "Zirvələrdə Vətən hüdudlarını qorumaq izaholunmaz bir hissdir. Üçrəngli şanlı bayrağımızın başımızın üzərində dalğalanmasından ilhamlanaraq vətəndaşlıq və övladlıq borcumuzu ödəyirik. Bundan böyük və ali vəzifə yoxdur. Komandirlərimiz bizi “sülh keşikçiləri” adlandırırlar. Bu söz bizim üçün ilahi gücdür, əvəzolunmaz stimuldur. Mən və əsgər yoldaşlarım Vətəni qoruyub tam şəkildə bizdən sonra xidmət edəcək qardaşlarımıza ötürməyin vacibliyini bilirik. Vətən sevgisi qaranlıq gecələrdə işığımız, soyuq günlərdə alovumuz, isti günlərdə sərin kölgəmizdir", - əsgər Ümid Bayramov bildirir.
Əsgər yoldaşları ilə müqayisədə ordu sıralarında daha gənc olan əsgər Anar Məmmədov əslən Bərdə rayonundandır. "7 aydır ordu sıralarında xidmət edirəm, Azərbaycan əsgəri adını şərəflə və fəxarətlə daşımağa, bu ada layiq olmağa çalışıram. Bu gün ordu sıralarında xidmət edən Vətən keşikçisi olaraq formalaşmağımda komandir və əsgər yoldaşlarımın əməyi çox böyükdür. Hərbi xidmətlə bağlı düşüncələrim hələ 5 il bundan əvvəl İkinci Qarabağ müharibəsi zamanı formalaşmağa başlamışdı. Qalib ordunun sıralarına qoşulacağım, hərbi mundiri geyinəcəyim və Vətənə övladlıq borcumu ödəyəcəyim günlərin həsrəti ilə yaşayırdım. Bu gün həyatımın ən yaddaqalan və mötəbər günlərini yaşayıram. Qazandığım dostlar və həyat təcrübəsi hərbi xidmətin mənə bəxş etdiyi gözəlliklərin bir qismidir. Ən müqəddəs hədiyyə isə şanlı üçrəngli bayrağımızın altında Vətənə, xalqa övladlıq və vətəndaşlıq borcunu ödəməkdir". 
Bölmənin şəxsi heyəti ilə sağollaşıb, onlara xidmətlərində uğurlar arzulayıb yola düşürük.
Vətən torpaqlarında, yüzlərlə metr hündürlükdə, sülh keşikçisi, sabitliyin təminatçısı əsgərlərimizlə həmsöhbət olmaq qəlbimizdə xoş əhval yaradır. Sevindirici haldır ki, hər biri üzərinə düşən vəzifənin ümdəliyi ilə yanaşı, məsuliyyətinin də fərqindədir. Bu da onların Vətən sevgisinin nəticəsidir. Deyilənlər bizi bir daha əmin edir ki, Vətənimiz inamlı əllərdə, təhlükəsizliyi etibarlı gənclərimizlədir.

 

Fuad CƏFƏROV

"Azərbaycan Ordusu"