AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Vətənə xidmət fəlsəfəsinin təməlində xalqına böyük sevgi, ölkənin hər bir vətəndaşına həssas və qayğıkeş münasibət dayanır. Fəaliyyətinin əsas istiqamətini, ölkəmizdə və beynəlxalq aləmdə gördüyü işlərin mahiyyətini xoş məram, xoş niyyət təşkil edir. O, çoxşaxəli ali dövlət fəaliyyəti, humanizm və xeyirxahlıq prinsiplərinə əsaslanan missiyası ilə ölkəmizin həyatında misilsiz xidmətlərin sahibidir.
Mehriban xanım Əliyevanın rəhbərliyi ilə 2004-cü il mayın 10-da fəaliyyətə başlayan Heydər Əliyev Fondu Ulu Öndərin həyat və fəaliyyət fəlsəfəsinin, elmi-nəzəri irsinin, azərbaycançılıq ideologiyasının öyrənilməsi, təbliği, gələcək nəsillərə çatdırılması yolunda üzərinə götürdüyü şərəfli missiyanın uğurla həyata keçirilməsi üçün səylə çalışmaqdadır. Heydər Əliyev Fondunun fəaliyyət fəlsəfəsi bir ideya və bir amala söykənir - Xeyirxahlıq və Yaxşılıq! Fondun dövlət və milli maraqlar baxımından müstəsna çəkili layihələrin uğurla gerçəkləşdirilib cəmiyyətin etimadını qazanmasında istisnasız olaraq Mehriban xanım Əliyevanın yüksək işgüzarlığı və enerjisi, habelə daxilindən gələn insanpərvərlik hisslərinin mühüm rolu olub.
Ölkəmizin mədəniyyətinə, təhsilinə, səhiyyəsinə verdiyi əvəzsiz töhfələr və idmanın inkişafındakı səmərəli fəaliyyəti, xalqımızın mədəni irsinin beynəlxalq miqyasda geniş təbliği və birinci Avropa Oyunlarının təşkilində böyük xidmətləri Mehriban xanım Əliyevaya Azərbaycanın ən ali mükafatı olan "Heydər Əliyev" ordenini qazandırıb.
Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun humanitar missiyası təkcə ölkəmizdə həyata keçirilən layihələrlə bitmir. Fond, eyni zamanda, Azərbaycandan kənarda humanitar layihələr həyata keçirir. Pakistan Respublikasında qızlar üçün məktəb binasının tikilməsi, Versal sarayının bir hissəsinin və Strasburqda orta əsrlərə aid kilsənin, Luvr muzeyinin qaleriyalarından birinin, Roma katakombalarının bərpası, Həştərxanda Azərbaycan-Rusiya dostluq körpüsünün tikilməsi, Müqəddəs Mələksima Knyaz Vladimirə Rusiyada ilk abidə ucaldılması Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq bacarığının əyani təzahürüdür.
Məhz Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətləri Mehriban xanım Əliyevanın ölkənin Birinci vitse-prezidenti kimi yüksək vəzifəyə təyinatını gerçəkləşdirdi.
Birinci vitse-prezidentin respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı və 44 günlük Vətən müharibəsində yaralanmış hərbi qulluqçularımızı ziyarət etməsi, eləcə də şəhid ailələri ilə mütəmadi olaraq görüşməsi, onların problemləri ilə yaxından maraqlanması bir daha təsdiq edir ki, Mehriban xanım Əliyevanın Vətənə xidmət fəlsəfəsinin təməlində xalqına, hər bir ölkə vətəndaşına böyük sevgi dayanır.
Zamanında "Nə qədər ki, Şuşa erməni qoşunlarının işğalı altındadır, hər birimiz şuşalıyıq", - deyən Mehriban xanım Əliyevanın Azərbaycan muğam sənətinin inkişafındakı və muğam mədəniyyəti ənənələrinin qorunub saxlanması istiqamətində apardığı ölkə əhəmiyyətli işlərin təməlində Qarabağ torpağının acısını, Azərbaycanın haqq səsini muğam vasitəsilə bütün dünyaya çatdırmaq məqsədi dayanmışdı...
Bu gün Azərbaycanın Mədəniyyət paytaxtı Şuşada və digər işğaldan azad edilmiş ərazilərdə Mehriban xanım Əliyevanın rəhbərliyi ilə möhtəşəm layihələr əsasında Böyük Qayıdışa, bərpa-quruculuq işlərinə misilsiz töhfələr bəxş olunur.
Mehriban xanım Əliyeva Azərbaycan qadını adını ən mötəbər məclislərdə ucaldır, ona şərəf və şöhrət qazandırır. Azərbaycanın Birinci vitse-prezidenti, ölkəmizin birinci xanımı, Millət Anası ilə Azərbaycan xalqı fəxr edir!
Ad gününüz mübarək!
Böyük Yaradan Sizi qorusun!
Lalə HÜSEYNOVA
"Azərbaycan Ordusu"