AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycanın hər bir guşəsi əziz və müqəddəsdir. Lakin Laçının yeri xalqımızın yaddaşında və ürəyində xüsusilə dəyərlidir. Laçının adı çəkiləndə qəlblərdə başqa bir duyğu baş qaldırır. Dağların qoynunda, Zəngəzurun qəlbində yerləşən bu qədim diyar əsrlər boyu zəngin mədəniyyəti, təbiət gözəlliyi və strateji əhəmiyyəti ilə seçilib. Uzun illər həsrətində olduğumuz Laçın bu gün azad, abad və dirçələn bir şəhərdir.
Əvvəllər Abdallar adlanan Laçın inzibati ərazi vahidi, sonradan şəhər statusu alaraq 1930-cu ildən rayonun inzibati mərkəzinə çevrilmişdir. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə indiki Ermənistanla həmsərhəddir.
Şəhərə XX əsrin tanınmış Azərbaycan yazıçısı Tağı Şahbazi Simurq tərəfindən yaxınlıqdakı dağın adına uyğun olaraq Laçın adı verilmişdir. Laçın "məğrurluq" deməkdir.
Böyük strateji əhəmiyyətə malik bir rayon kimi tarix boyu torpağımıza göz dikənlər üçün Laçın "Qarabağın qara qapısı", düşmənə göz dağı olub.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyev bu ərazinin tarixini, strateji əhəmiyyətini belə dəyərləndirirdi: "Azərbaycanın müstəqilliyi, ərazisinin qorunması nöqteyi-nəzərindən Laçın rayonu çox böyük strateji əhəmiyyətə malikdir".
Ümummilli Lider Heydər Əliyev 1969-cu ildə respublikaya rəhbərliyə gələndən sonra Laçın rayonunun iqtisadi-sosial inkişafını daim diqqət mərkəzində saxlayıb. 1971-ci ildə "Dağ rayonlarının iqtisadiyyatını daha da yüksəltmək tədbirləri haqqında", eləcə də "Laçın rayonu zəhmətkeşlərinə mədəni-məişət xidmətini daha da yaxşılaşdırmaq tədbirləri haqqında" respublika hökumətinin qəbul etdiyi qərarlar Laçın şəhərinin və kəndlərinin inkişafına böyük təkan verdi. Tezliklə Laçın şəhəri təbii qaz yanacağı ilə təchiz edildi ki, bu da Laçının nadir meşə ehtiyatlarının qorunmasında əvəzsiz rol oynadı. Qısa müddətdə ucqar dağ kəndlərinə rahat yol çəkildi, rayon mərkəzi ilə kəndləri arasında bütün istiqamətlərdə avtobus marşrutları açıldı. Şəhərdə müasir tipli kino-teatr, orta məktəb, avtovağzal, yaşayış evləri tikilib istifadəyə verildi. Şəhərdə təhsil və səhiyyə şəbəkəsi yaradıldı.
Həmçinin Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1974-cü il avqustun 6-da Azərbaycan KP MK bürosunun "Laçın şəhərinin 50 illiyi haqqında" qərar qəbul etməsi laçınlılar tərəfindən bu gün də böyük iftixar hissi ilə xatırlanır.
1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan rayonun əhalisi etnik təmizləməyə məruz qalaraq, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. İşğal nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb.
Ermənistan işğalçı tərəf olaraq Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozmuşdur. Laçın rayonunda coğrafi adların dəyişdirilərək rayonun təbii resursları talan edilib və qazanc mənbəyinə çevrilib. Əsasən, Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasəti apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllər ilə məşğul olub.
Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. Bundan əvvəl, noyabrın 9-u Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edildi. 2022-ci il avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycan Ordusunun tam nəzarətinə qaytarıldıqdan sonra Laçın artıq öz sahiblərinə qucaq açdı. Bu hadisə müasir tariximizin ən mühüm səhifələrindən biri olmaqla, dövlətimizin gücünü və xalqımızın birliyini nümayiş etdirdi.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8418 hərbi qulluqçusu "Laçının azad olunmasına görə" medalı ilə təltif olunub.
2023-cü il aprelin 23-də Laçın rayonu ərazisində Həkəri çayının üzərində Azərbaycanın suverenliyini və təhlükəsizliyini təmin edən və İkinci Qarabağ müharibəsində əldə olunmuş böyük Qələbənin təcəssümü kimi dəyərləndirilən Laçın sərhəd-buraxılış məntəqəsi quruldu. Azərbaycan-Ermənistan sərhədində ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən bu məntəqənin yaradılması ilə Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 26 avqust - Laçın şəhəri günü kimi müəyyən olunub.
Laçın şəhər günü bir coğrafi məkanın azad edilməsinin tarixi deyil, həm də dövlət müstəqilliyimizin möhkəmlənməsinin, xalqımızın sarsılmaz iradəsinin göstəricisidir. Bu gün Azərbaycan xalqı öz ordusunun şücaəti, şəhidlərimizin igidliyi və dövlətimizin qətiyyətli siyasəti nəticəsində haqq ədalətin bərpasını qeyd edir. Azadlığın simvoluna çevrilmiş şəhərdə Azərbaycan bayrağı dalğalanır, küçələrində həyat yenidən canlanır.
İllərlə həsrətini çəkdiyimiz torpaqlarımıza qayıdış təkcə fiziki deyil, həm də mənəvi bir zəfərdir. “Laçın Şəhəri Günü” xalqımızın həmrəyliyini, ordumuzun qüdrətini bir daha dünyaya nümayiş etdirir. “Laçın Şəhəri Günü” xalqımız üçün yalnız qayıdış deyil, həm də yeni ümidlərin başlanğıcıdır. Bu gün hər bir azərbaycanlı fəxrlə deyə bilər: "Laçın bizimdir, Azərbaycanındır!"
2023-cü ildə Həkəri çayının sahilində keçirilən "Laçın Şəhəri Günü" bayram tədbirində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: "Biz öz doğma torpağımızda qürurla yaşayırıq. Hər bir laçınlı, hər bir keçmiş məcburi köçkün bu gün qürur hissi ilə yaşayır. Hər bir azərbaycanlı, Azərbaycanın hər bir yerində bütün Azərbaycan vətəndaşları, dünya azərbaycanlıları qürur hissi ilə yaşayırlar ki, biz tarixi Zəfər çalaraq bütün dünyaya Azərbaycan xalqının gücünü, iradəsini göstərdik və öz doğma torpağımıza qan tökərək qayıtmışıq. Danışıqlar yolu ilə bunu etmək mümkün deyildi və müharibə yeganə çıxış yolu idi. Biz ədalətli müharibə aparmışıq, biz öz torpağımızda vuruşmuşuq, savaşmışıq. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur, ancaq öz torpağımızı biz heç kimə verən də deyilik".
Otuz ilə yaxın dövrdə erməni vandalizminə məruz qalan Laçın artıq özünün yeni dövrünə qədəm qoyub. İşğaldan azad olunmuş ərazilərimizin inkişafını daim xüsusi diqqətdə saxlayan Prezident İlham Əliyev Laçın rayonuna davamlı səfərlər edir. Dövlət başçımız 2023-cü il mayın 28-də Laçına növbəti səfəri zamanı aparılan quruculuq işlərindən bəhs edərkən deyib: "Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər - hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun".
Laçın hər bir azərbaycanlı üçün qürur mənbəyidir. Bu gün biz bir daha sübut edirik ki, Vətən torpağı işğal altında qala bilməz, xalq öz haqqını gec-tez bərpa edər. Laçın bu gün zəfərin, dirçəlişin və sarsılmaz iradənin rəmzinə çevrilib. Laçının küçələrində bu gün uşaq gülüşləri eşidilir, evlərin pəncərələrindən işıq süzülür, Azərbaycan bayrağı qürurla dalğalanır. Bir vaxtlar düşmən vandalizminin izləri qalan torpaqda indi həyatın səsi, zəfərin nəfəsi duyulur. Buraya qayıdan hər bir insan yalnız evinə deyil, həm də tarixin ədalətinə dönür.
Hazırda Laçında genişmiqyaslı tikinti-quruculuq işləri aparılır. Yeni yollar, sosial obyektlər, müasir infrastruktur inşa edilir. Ən əsası isə, doğma torpaqlarına qayıdan insanlar burada yeni həyat qurmaq imkanı əldə edirlər. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən "Böyük Qayıdış" proqramı Laçını yaxın illərdə Cənubi Qafqazın ən müasir şəhərlərindən birinə çevirəcək. İlk köçürülən ailələrin Laçına qayıtması bu proqramın uğurla icra olunduğunu sübut edir. Artıq şəhərdə yeni həyat qurulur, insanlar doğma torpaqlarında rahat və təhlükəsiz şəraitdə yaşayırlar.
Laçın şəhərində həyata keçirilən böyük quruculuq və bərpa mərhələsi Azərbaycan dövlətinin həyata keçirdiyi genişmiqyaslı layihələr şəhərin yeni simasını formalaşdırmaqla yanaşı, onun tarixi və strateji əhəmiyyətinə uyğun inkişafını təmin edir.
Bölgənin beynəlxalq status və əhəmiyyətini artıran layihələrdən biri də işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Təməli 2021-ci ildə qoyulan Laçın Beynəlxalq Hava Limanı 28 may 2025-ci ildə istifadəyə verilib. Bu hava limanı strateji təyinatı ilə yanaşı, gələcəkdə regionun turizm potensialının inkişafına da imkan verəcək.
Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır. Baş plan layihəsində təbii yaşıllıqlarla əhatələnmiş şəhərin tarixən mövcud olmuş təxminən 258 hektar məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilib. Bununla yanaşı, çoxfunksiyalı zonalarda və digər yaşayış ərazilərində çoxmənzilli binaların tikilməsi təklif edilir. Şəhərdə xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektləri də yaradılacaq. Eyni zamanda, burada alternativ enerji mənbələrindən istifadəyə xüsusi diqqət yetirilir. Bu isə Laçının "yaşıl enerji" zonası kimi inkişafına xidmət edir. Planlaşdırmada tətbiq edilmiş "15 dəqiqəlik şəhər" prinsipi isə yaşayış məhəllələrinin, gündəlik tələbat obyektlərinin yaxın məsafədə olmasını və aşağı sürətli yol infrastrukturunun təşkilini nəzərdə tutaraq sakinlərin və qonaqların şəhər daxilində rahat hərəkətini təmin edəcək.
Bu gün Laçın azad və firavan gələcəyə doğru inamla addımlayır, öz sahiblərinə qucaq açır. Dövlətimizin həyata keçirdiyi quruculuq işləri Laçını sürətlə dəyişir. Yeni məktəblər, xəstəxanalar, yollar, müasir yaşayış massivləri inşa olunur. Burada artıq gələcəyin həm müasir, həm də milli ruhunu qoruyan bir şəhər qurulur. Laçına köçən ailələrin sevinc dolu göz yaşları, açılan ev qapılarından boylanan ümid işığı bu torpağın yeni həyatının ən böyük göstəricisidir.
2023-cü ilin 28 may tarixindən başlayaraq laçınlıların doğma yurda qayıdışına start verilib. Laçınlılar 31 ildən sonra öz doğma kəndlərinə qayıdıblar və artıq burada yaşayırlar. Köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.
Laçında həyata keçirilən tikinti-quruculuq işləri həm dövlətimizin qüdrətini, həm də xalqımızın iradəsini əks etdirir. Bu gün Laçın yalnız bərpa olunmur, eyni zamanda, gələcək nəsillər üçün müasir şəhər modelinə çevrilir.
MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü ilin 8 oktyabr tarixli qərarına əsasən, Laçın şəhəri 2025-ci ildə "MDB-nin mədəniyyət paytaxtı" elan olunub. 2025-ci il iyunun 3-də Laçın şəhərində "MDB-nin mədəniyyət paytaxtı-2025" ilinin rəsmi açılış mərasimi keçirilib.
Bu il mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Zirvə görüşü keçirilərkən dünyanın diqqəti Laçına çevrilmişdi.
“Laçın Şəhəri Günü” hər bir azərbaycanlı üçün qürur və fərəh mənbəyidir. Dövlətimizin müdrik siyasəti, xalqımızın birliyi və ordumuzun rəşadəti nəticəsində azad olunmuş Laçın artıq sürətli inkişaf yolundadır. Bu gün bir daha sübut olunur ki, Azərbaycan dövləti və xalqı qarşısına qoyduğu bütün məqsədlərə nail olmaq gücünə malikdir.
Günay TAĞIYEVA
"Azərbaycan Ordusu"