AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
İkinci Qarabağ müharibəsində qazanılan tarixi Zəfər ordu quruculuğunun yeni mərhələsinin başlanğıcı oldu. Bu müharibəyə qədər Azərbaycanda hərbi xidmətin başlıca mahiyyəti torpaqlarımızın işğaldan azad edilməsi ilə şərtlənirdisə, 2023-cü ilin 19-20 sentyabr antiterror əməliyyatından sonra ərazi bütövlüyümüzün müdafiəsi ilə şərtlənir. Qalib Azərbaycan əsgərinin mənəvi davamçıları olan əsgərlərimiz bu amalla Hərbi Anda, dövlətə, dövlətçiliyə böyük sədaqətlə xidmət edirlər. Hərbi andiçmə mərasimlərində də çıxış edən zabitlərin və valideynlərin gənc əsgərlərə tövsiyələrinin, tapşırıqlarının mahiyyəti tarixi Zəfərin müəyyənləşdirdiyi ordu quruculuğunun tələbləri ilə səsləşir: Ərazi bütövlüyü tam bərpa olunmuş Azərbaycana siz də böyük sədaqətlə xidmət edin!.. Çıxış edən gənc əsgərlər əsgər yoldaşları adından bildirdilər ki, bu tövsiyələri, tələbləri Vətənin tövsiyələri, tələbləri bilirlər, etimadı nümunəvi xidmətləri ilə doğruldacaqlar.
Hərbi andiçmə hərbi hissənin tarixində də, gənc əsgərlərin xidmətində də, ordu quruculuğunda da əlamətdar hadisə kimi tarixləşir. Bu tarix xidmətə başlayan əsgərlərin mənəvi-psixoloji hazırlığında da əhəmiyyətli olur...
Ordumuzda Hərbi andiçmə mərasimləri böyük qürurla, sevinclə, coşqu ilə keçdi...
"Azərbaycan Ordusu"
Əsgər İlkin Bilalov:
- Müddətli hərbi xidmətini başa vurub tərxis olunmuş dost-tanışlardan hərbi xidmət haqqında çox eşitmişdik. Onların hamısı əsgərlikdə keçən günlərini maraqla xatırlayır, əsgər yoldaşlarından, komandirlərindən ağızdolusu danışırdılar. Hərbi xidmətin onlara aşıladığı müsbət vərdişləri xüsusi qeyd edir, ordu sıralarında vətənpərvərlik, dözümlülük, cəsurluq, intizam və şəxsi məsuliyyət hissi kimi mənəvi keyfiyyətlərin inkişaf etdirildiyini vurğulayırdılar. Həmçinin xidmət dövründə qazanılan əbədi dostluq haqqında çox eşitmişdim. Hərbi xidmət haqqında ilkin fikirlərim və təəssüratlarım məhz bu söhbətlərlə formalaşmışdı. Hərbi həyat ilə ilk tanışlığımız orta məktəbdə tədris olunan "Gənclərin çağırışaqədərki hazırlığı" fənni ilə başlayıb. Bu fənn üzrə keçirilən dərslərdə Azərbaycan Ordusu haqqında ilkin məlumatlara yiyələnir, ordu həyatı ilə tanış olur, hərbi xidmətə fiziki və mənəvi-psixoloji cəhətdən hazırlanırdıq. Hər birimiz orduda xidmətin müqəddəs borc və şərəfli vəzifə olduğunu dərk edirdik. Hərbi xidmətə çağırılanda mən də sevindim. Qalib ordumuzun sıralarında olacağım üçün qürurlandım. Valideynlərimə söz verdim ki, nümunəvi əsgər kimi komandirlərimin əmr və tapşırıqlarını vaxtında icra edəcəm, bacarıqlı əsgər kimi formalaşacam, xidmətimi layiqincə başa vuracağam.
Hərbi hissəyə gələn gündən sözlərimə sadiq qalıram. Artıq burada yaxşı dostlar qazanmışam. Əminəm ki, burada təməli qoyulan dostluqlar əbədi olacaq. Çünki hər birimizi müqəddəs amallar birləşdirir. Bu gün əsgər yoldaşlarımla birlikdə Hərbi Andı qəbul etdik. Bu təntənəli günü heç birimiz unutmayacağıq. Bizim qədər valideynlərimiz də, yaxınlarımız da sevindilər. Biz söz veririk ki, keçirilən məşğələlərdə hərbi biliklərə və silahlardan istifadə qaydalarına yaxşı yiyələnmək üçün səylə çalışacağıq. Gənc əsgər hazırlığını müvəffəqiyyətlə başa vurub hazırlıqlı əsgərlər kimi Vətənimizin müdafiəsində mətin dayanacağıq. İçdiyimiz anda sadiq qalacaq, rəşadətli ordumuzun adına layiqli əsgərlər olacağıq. Bu yolda, bizim bacarıqlı əsgərlər kimi formalaşmağımızda zəhməti keçən komandir heyətinin hər birinə təşəkkürümüzü bildiririk. Əmin olsunlar ki, həmişə nizamnamələrin tələblərini düzgün yerinə yetirərək, nümunəvi xidmət edəcəyik.
Əsgər Taleh Hüseynov:
- Yeniyetməliyim İkinci Qarabağ müharibəsinə təsadüf etdi. Məktəbli olsam da, müharibənin nə olduğunu yaxşı bilirdim. Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olan həmvətənlərimizin dəfn mərasimlərində də iştirak edirdim. O günlərdə təəssüflənirdim ki, məktəbliyəm, döyüşlərə qatıla bilmirəm. Onda valideynlərim deyirdilər ki, zamanı gələndə sən də əsgər olacaqsan, Vətənə övladlıq borcunu yerinə yetirəcəksən. Bu gün Hərbi And içərək ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş qalib ordunun sıralarına qatıldım. Söz verirəm ki, savadlı və təcrübəli komandirlərimizdən hərbi bilikləri mükəmməl öyrənəcəm, təlimlərdə məsuliyyətlə iştirak edərək hərbin sirlərinə dərindən yiyələnəcəyəm. Torpaqlarımızı işğaldan azad etmiş qəhrəman hərbçilərimizin döyüş yolunu davam etdirəcək, verilən tapşırıqların öhdəsindən layiqincə gəlməyə çalışacam. Bir neçə həftədir ki, Vətən qarşısındakı övladlıq borcumu yerinə yetirimək üçün ordu sıralarına çağırılmışam. Biz xidmətdə ilk addımlarımızı atırıq. Hər işdə ilk addım həmişə çətin olur, zaman keçdikcə bu çətinlik ötüb arxada qalır. Komandirlərimizin köməkliyi ilə hərbi bilik və vərdişləri öyrənə-öyrənə bu mərhələni keçirik. Onların dərsləri həvəslə öyrətməsi bizə ruh yüksəkliyi aşılayır və hərbi xidmətə marağımızı daha da artırır. Qürur hissləri keçiririk ki, qalib ordunun sıralarında xidmət edirik. Bizim üçün bu böyük xoşbəxtlikdir ki, İkinci Qarabağ müharibəsində tarixi qələbə qazanan hərbçilərimizlə bir sırada xidmət edəcəyik. Dərslərdə təcrübəli komandirlərimiz bizə təhkim olunan silahımızın taktiki-texniki xüsusiyyətlərini öyrədirlər. Silahımın təyinatını, atış qaydalarını və bütün xüsusiyyətlərini böyük həvəslə mənimsəyirəm. Mənimsədikcə anlayıram ki, əsgərin döyüşdə ən birinci dostu silahıdır. Zaman keçdikcə hərbi vərdişləri daha dərindən öyrənəcək, təlim və məşğələlərdə müsbət nəticələr göstərəcəyik. Xidmətim boyu çalışacam ki, xidməti vəzifələrimin öhdəsindən bacarıqla gəlim, göstərilən etimadı hər addımda doğruldum.
Əsgər İlkin Əliyev:
- Xidmətə başladığım ilk gündən Azərbaycan Ordusuna göstərilən diqqət və qayğının əyani şahidi oldum. Hərbi hissədə bütün təminatlarımız yüksək səviyyədədir. Təmiz və rahat yataqxanamız, dadlı yeməklərin bişirildiyi yeməkxanamız, gözoxşayan istirahət otaqlarımız var. Bir sözlə, uğurlu xidmətimiz üçün bütün təminat növləri ilə tam təmin olunmuşuq. Bu gün Hərbi Andı qəbul edərək tam məsuliyyətlə Vətənimizə xidmət etməyə hazır olduğumuzu bildirdik. Xalqımızı əmin edirik ki, biz gənclər Vətən müharibəsində şücaət göstərmiş oğullarımızın şanlı döyüş yolunu şərəflə davam etdirəcək, Vətənimizin müdafiəsində mətin dayanacağıq.
Yaxın dostlarım ordu sıralarına hərbi xidmətə yollananda onlara həsədlə baxırdım. Belə bir günün mənim də qapımı döyəcəyini böyük intizarla gözləyirdim. Gözləyirdim ki, məni də yaxınlarım və doğmalarım təntənə ilə ordu sıralarına yola salsınlar. Yay günlərinin birində arzuma qovuşdum, istəyimə çatdım. Ordu sıralarına çağırıldım. Əynimə hərbi forma geyinib, ürəkdən, qəlbdən bağlandığım Vətənimə əsgər oldum. Bu müddət mənim üçün çox səmərəli keçib. Bacarıqlı və səriştəli zabitlər bizə müxtəlif məşğələlər keçir, hərbi sirləri, atıcı silahların taktiki-texniki xüsusiyyətlərini öyrədirlər. Bizə təhkim olunan silahlardan atəş açmağı da bacarırıq. Təntənəli surətdə Hərbi Andı qəbul etdik. Bu günü heç vaxt yaddan çıxarmayacam. Çünki bu gün mən də çox xoşbəxt anlar yaşadım. Elə anlar ki, bir aya, bir ilə, bir ömrə dəyər. Xidmətimin sonunadək içdiyim anda sadiq qalacam, Vətənimi göz bəbəyim kimi qoruyacam. Vətənə əsgər olmaq, onun keşiyində dayanmaq hamımızın borcudur. Bu borcu şərəf və ləyaqətlə yerinə yetirəcəm. Komandirlərimizin verdiyi bütün tapşırıqları cəld və dəqiq yerinə yetirərək nümunəvi əsgərlərdən olacam. Müddətli hərbi xidmətimi müvəffəqiyyətlə, şərəflə başa vuraraq valideynlərimin yanına alnıaçıq, başıuca qayıdacam.
Əsgər Cəbrayıl Cəbrayılov:
- Bu gün həyatımın ən yaddaqalan, ən qürurlu günlərindən biridir. Hərbi Andı qəbul edərək rəşadətli və qalib Azərbaycan Ordusunun sıralarına qoşuldum. Bu gün hər birimiz üçün yeni həyatın başlanğıcıdır. Andı qəbul edərkən gözlərimdə qürur, qəlbimdə həyəcan vardı. Qarşımda üçrəngli bayrağımız ucalırdı. Mən isə həmin bayrağın hər zaman uca qalması, xalqımızın sülh və təhlükəsizlik içində yaşaması üçün xidmət etməyə söz verdim. Bu and mənim üçün ömürlük məsuliyyətdir. Xalqımın, torpağımın və dövlətimin keşiyində durmaq müqəddəsdir və məsuliyyətlidir. Mənə qədər neçə-neçə igid bu sıralarda olaraq, döyüş meydanlarında şücaət göstəriblər. Onların arasında şəhidlərimiz və döyüşlərdə sağlamlığını itirənlər də olub. Bu gün onların ruhları qarşısında baş əyərək söz verdik ki, Vətənimizi şərəflə qoruyacağıq. Vətən elə bir ülvi varlıqdır ki, anadan olandan ömrünün sonuna qədər sənə qucaq açır. Torpağının nemətləri ilə qidalanırsan, havasından, suyundan bəhrələnirsən. Vətən hər birimiz üçün anadır. Əsgəri xidmət də ana Vətənimizə həm övladlıq, həm də mənəvi borcdur. Vətəni qorumaq həm də müqəddəs və şərəfli vəzifədir. Hamı kimi, mən də Hərbi Anda sadiq qalacağıma, Vətənimin keşiyində qətiyyətlə dayanacağıma, nümunəvi xidmətimlə valideynlərimin, komandirlərimin etimadını doğruldacağıma söz verirəm.
Əsgər Uğur Quliyev:
- Hər birimiz uşaqlıqdan əsgər olmaq haqqında düşünmüşük, hərbçilərimizə xüsusi rəğbətlə böyümüşük. Evdə valideynlərimizin, məktəbdə müəllimlərimizin ordumuz haqqında söhbətləri, hərbçilərimizdən fəxrlə danışmaları, eləcə də kitablardan hərb tariximiz haqqında oxuduqlarımız düşüncələrimizi ordumuzla sıx bağlayırdı. Biz də özümüzü hərbi xidmətdə olan əsgərlərin sırasında hiss edirdik. İkinci Qarabağ müharibəsində qazanılan tarixi Zəfərdən biz də qürurlanmışdıq. İndi daha böyük duyğularla qürurlanırıq ki, biz də əsgərik, qalib ordunun əsgəri.
Həyatımın ən əlamətdar günlərindən birini yaşadım. Azərbaycan Ordusunun sıralarına qoşularaq Hərbi Andı qəbul etdim. Bu gün müddətli hərbi xidmətimizin başlanğıcındayıq. Bir əlim əsgər yoldaşımın çiynində, bir əlim silahda üçrəngli bayrağımız qarşısında and içmək, qürurla səsləndirdiyim sözlər mənim üçün unudulmazdır. Uşaqlıqdan böyüyən arzularımla, Vətənə sevgimlə, dövlətimə bağlılığımla and içdim. Bu günə qədər minlərlə igid oğul bu andı qəbul edib, Vətən uğrunda həyatlarını fəda edənlər də olub. Onların əziz xatirələri hər zaman bizimlədir. Şəhidlərimizin vətənpərvərliyi, şücaəti hər birimizə nümunədir. Söz verdik ki, onların qanı ilə suvarılan torpaqlarımızı daim qoruyacağıq. Döyüşlərdə şəhid olanların, yaralananların mərdliyi, igidliyi biz gənc əsgərlər üçün nümunədir. Mən də çalışacam ki, onların yolunu davam etdirim, ordumuzun adına layiqli əsgər olum. Əsgər olmaq həm də Vətənə bağlılıq, dövlətə sədaqət, bayrağa hörmət deməkdir. Hər günüm, hər addımım bu müqəddəs dəyərlərin keşiyində dayanmaqla ölçüləcək. Ən böyük arzum xidmətimi layiqincə başa vurmaq, andıma sadiq qalmaq və dövlətimə faydalı olmaqdır.
Əsgər Nurlan İsgəndərov:
- İnsan harada yaşayırsa-yaşasın, onun qəlbi hər zaman Vətəni ilə döyünür, Vətən üçün darıxır. Dünyada Azərbaycan adlı məmləkətdən gözəl bir diyar yoxdu. Hər kəsə doğulub böyüdüyü, ilk addımlarını atdığı torpağı, Vətəni şirindir. Bəli, belə deyib atalarımız: "Gəzməyə qərib ölkə, ölməyə Vətən yaxşı". Vətən anadır. Azərbaycan da bizim doğma Vətənimizdir, yəni, anamızdır. Onu qorumaq, müdafiəsində ayıq-sayıq dayanmaq hər birimizin övladlıq borcudur. Bu gün Hərbi Andı qəbul edib sıralarına daxil olduğumuz Azərbaycan Ordusu regionun ən güclü ordusudur. Dünyanın ən müasir silah və texnikaları ilə təchiz edilmiş rəşadətli ordumuzda xidmət etmək hər bir gənci qürurlandırır. Düşmən üzərində qələbə qazanmaq ən böyük haqq işimiz idi. Bu qələbəyə addım-addım yaxınlaşdıq. Böyük Qələbəyə Ali Baş Komandanın sərkərdəlik qüdrətinin və ordumuzun sayəsində qovuşduq. Mən də Vətənimə övladlıq borcumu ödəməyə gəlmişəm. Hərbi formanı əynimə geyindiyim ilk gün həyatımın ən yaddaqalan, unudulmaz günlərindən biridir. Mən də qürurluyam ki, qalib ordunun əsgəriyəm. Xidmətə başladığım gündən hərbi vərdişlərə yiyələnməyə can atıram. Vəzifə borclarıma məsuliyyətlə yanaşıram. Gənc əsgər hazırlığında keçirilən təlim-məşğələlərdə ixtisasımın incəliklərini həvəslə mənimsəyərək, döyüş hazırlığımı artıracam. Məsuliyyətli, Hərbi Anda, dövlətə, dövlətçiliyə sədaqətli olacaq, gənc əsgər hazırlığı kursundan başlayan hərbi xidmət yolumu uğurla davam etdirəcəm.
Əsgər Əziz Kərimli:
- Bu təntənəli gün münasibətilə bir-birimizi təbrik edib, sevincimizi, qürurumuzu bölüşdük. Bu günü çox səbirsizliklə gözləyir, mərasimə yüksək səviyyədə hazırlaşırdıq. Komandirlərimiz təntənəli keçidimiz haqqında müsbət fikirlər bildirdilər. Onların əziyyətinin qarşılığını layiqincə verdiyimiz üçün sevindik. Bundan sonrakı fəaliyyətlərimizdə də uğur qazanmaq üçün səylə çalışacağıq. İnanırıq ki, bu gün olduğu kimi, bundan sonra da bütün tapşırıqlarımızın öhdəsindən uğurla gələcəyik. Çünki bizi bir müqəddəs amal birləşdirir - Vətəni qorumaq. Orta məktəbdə oxuyanda fərqli peşələr seçmişdik. Müxtəlif sahələrdə çalışacağımızı arzu edirdik. Lakin hamımızın bir ortaq amalı vardı, əvvəlcə əsgər olaraq, Vətənə xidmət edəcəyik. Bu gün müqəddəs yolun başlanğıcındayıq. Bu günə qədər keçirilən təlimlər, dərslər bizi hərbi xidmətə uyğunlaşdırdı. Digər çağırışçılar kimi biz də gənc əsgər hazırlığı kursuna cəlb olunaraq təcrübəli komandirlərimizdən hərbi xidmətin sirlərini, Hərbi Nizamnamələri və proqramda nəzərdə tutulan digər hərbi bilikləri öyrənəcəyik. Sonra qoşunlarda xidmətə göndəriləcəyik. Əmin ola bilərsiniz ki, andımıza sadiq qalacaq, nümunəvi xidmətimizi orada da davam etdirərək, hərbi vəzifələrimizi uğurla yerinə yetirəcəyik. Hərbi Andı qəbul edib Azərbaycan Ordusunun sıralarına daxil olan bütün gəncləri təbrik edir, hər birinə müqəddəs və şərəfli xidmətlərində uğurlar arzulayıram.
Əsgər Nurlan Sultanlı:
- Bu gün həyatımın ən önəmli günüdür. Mən də digər yoldaşlarım kimi, Hərbi Andı qəbul etdim. Andımız təkcə hərbi qaydaların tələbi deyil, o, qanımızla, canımızla qorumağa hazır olduğumuz müqəddəs bir əhdimizdir. Mərasimdə sırada dayanarkən qəlbimdə böyük bir qürur vardı. Komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirəcəyimə, Vətənimizin ərazi bütövlüyünü qoruyacağıma and içəndə gözlərim qarşısına şəhidlərimizin siması gəldi. Onlar bu torpaq uğrunda can verdilər. Biz isə onların davamçılarıyıq. Bu gün onların ruhu qarşısında da and içdik.
44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin 5-ci ildönümü yaxınlaşır. Qələbəmiz yalnız bir tarix deyil, bizim və gələcək nəsillərin yolunu işıqlandıran böyük bir dərsdir. O Zəfər bizə öyrətdi ki, birlik, mübarizə, inam və iradə ilə aşılmayacaq maneə yoxdur. Biz 30 ilə yaxın işğalda olmuş torpaqlarımızın azad edildiyinə, ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunduğuna şahid olan gənclərik, indi isə ərazi bütövlüyümüzün müdafiəsində durmağa hazırlanan əsgərlərik. Qoruyacağımız torpaqlarımız şəhidlərimizin qanı ilə suvarılıb, o torpaqların müdafiəsində dayanmaq böyük məsuliyyətdir. Bu məsuliyyətin, müqəddəs borcun öhdəsindən uğurla gələcəyimizə ürəkdən inanırıq. Çünki biz qəhrəman xalqın övladları, qalib ordunun əsgərləriyik!
Bu gün Hərbi Andı qəbul etdik. Artıq mən sadə bir gənc deyiləm - mən Vətənin əsgəriyəm. Hər günüm Vətən üçündür, hər nəfəsim onun müdafiəsi üçündür. Hər kəs bilsin ki, bu andı qəbul edənlər ərazi bütövlüyümüz, müstəqilliyimiz və suverenliyimiz uğrunda canını qurban verməyə hər an hazırdır. Andımız - Vətənə sədaqətimizdir.
Əsgər Kazım Kazımov:
- Bu mərasim bizim həyatımızda ən əlamətdar günlərdən biridir. Əsgər yoldaşlarımızla çiyin-çiyinə sevinc və həyəcanla Azərbaycan Respublikasının Silahlı Qüvvələri sıralarına daxil olaraq Vətənimiz Azərbaycana sadiq olacağımıza and içdik. Bu gün həyatımda unudulmaz bir səhifə açıldı. Vətən qarşısında and içdim. Hərbi Andın mətnini qürurla oxuyarkən hiss etdim ki, artıq hər addımım, hər nəfəsim Vətənimiz üçün olacaq. Əsgər olmaq canını Vətənə bağlamaq, onun keşiyində dayanmaqdır. Mərasim zamanı ürəyimdə xüsusi bir həyəcan vardı. Sanki çiyinlərimdə təkcə öz yüküm yox, xalqımızın inamı dayanırdı. Bu hər birimiz üçün tarixi və unudulmaz anlardır. Vətənə sədaqət andı içərək, ayıq-sayıq xidmət aparacağımıza, hərbi və dövlət sirrini qoruyacağımıza söz verdik. Bu and bizim üçün pozulmaz qanundur. Ölüm təhlükəsi belə bizi bu andı pozmağa məcbur edə bilməz. Söz veririk ki, xidmətimizdə məsuliyyətli, nizam-intizamlı olacaq, öyrədilən hərbi biliklərə dərindən yiyələnmək üçün var qüvvəmizlə çalışacağıq. Hər birimiz bacarıqlı əsgərlər kimi formalaşaraq torpaqlarımızın keşiyində inamla dayanacağıq. Mən də andıma sadiq qalacağam. Bundan sonrakı mərhələni də böyük məsuliyyətlə keçəcəyik. Komandirlərimizin öyrətdiklərini həvəslə mənimsəyirik. Bu həvəs, əslində, hərbi xidmətə olan maraqdır, orduya sevgidir. Rəşadətli və qalib ordunun əsgəri olmaq bizim üçün stimuldur. Biz bacarıqlı Vətən müdafiəçisi kimi formalaşırıq. Vəzifə borclarımızı, silahımızın taktiki-texniki və atış xüsusiyyətlərini öyrənirik, öyrəndiklərimizi təlim meydanlarında təkmilləşdirəcəyik. Bizim gücümüz andımızdadır. Vətənə, xalqa, bayrağa sədaqət - bunlar əsgərin ən böyük silahıdır. Mən də bu gündən həmin silahı ürəyimdə daşıyıram.
Əsgər Turan Abbaszadə:
- Bu gün bizim üçün çox əlamətdar bir gündür - Vətənə sədaqət andı içdik. Hər birimizin ürəyində böyük bir qürur hissi var. "Bilsin ana torpaq, eşitsin Vətən, Müsəlləh əsgərəm mən də bu gündən!". Böyük şairimiz Səməd Vurğunun "Vətən keşiyində" şeirindən götürülən bu misralar sanki bu gün üçün yazılıb. Artıq biz də Hərbi Andı qəbul edərək güclü ordumuzun sıralarında ilk qədəmlərimizi atırıq. Fəxr edirəm ki, Azərbaycan Ordusunun sıralarında Vətənə xidmət edirəm. Torpaqlarımızın azadlığı uğrunda minlərlə oğullarımız canından keçib. Onların ruhu qarşısında baş əyirəm və əmin edirəm ki, biz - gənc əsgərlər də Vətənin keşiyində daim ayıq-sayıq dayanacağıq.
Burada bizə yaradılan şəraitdən çox razıyıq. Bu əlamətdar günün qüruru və sevinci bizdə ruh yüksəkliyi və məsuliyyət hissi yaradır. Bizim güclü, müasir, qalib ordumuz var. Dövlətimiz hər bir əsgərə xüsusi diqqət və qayğı göstərir, sosial-məişət şəraitini yüksək səviyyədə təmin edir. Biz ən şanslı gənclərik ki, qalib ordunun əsgərləriyik və erməni işğalından azad olunmuş torpaqlarımızın keşiyində dayanacağıq. Bu vəzifə bizim üçün müqəddəs və ikiqat qürurludur. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında ərazi bütövlüyümüzü inamla qoruyacaq, istənilən döyüş tapşırığını yerinə yetirməyə qadir olan əsgərlər kimi formalaşacağıq.