AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Hər səhər Günəşin ilk şüaları hərbi hissəyə düşəndə, mən də bir daha anlayıram ki, buradakı hər nəfəsim Vətən üçündür. Bura mənim sadəcə hərbi hissəm deyil, həm də evim, bayrağımın dalğalandığı müqəddəs məkandır.
Qalib ordunun əsgəri kimi, nümunəvi xidmətimlə qürur duyuram. Biz Vətənə and içmişik - gözümüzü qırpmadan onu qorumağa, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canımızı verməyə hər an hazır olmaqla yanaşı, həm də döyüş hazırlığımızı artırırıq. Bu torpağın hər qarışı şəhid qanı ilə yoğrulub, hər daşı xalqımızın tarixini yaşadır. Mən bu tarixi qoruyan keşikçiyəm.
Əsgər həyatı şərəflidir. Gecənin qaranlığında postda hər bir əsgərə uzaqlardan görünən kəndimizin işıqları güc verir. Bilirik ki, arxamızda analarımızın duaları, övladlarımızın gələcəyi, Vətənimizin taleyi dayanır.
Üzümüzə soyuq külək çırpılanda, Günəşin istisində yorulduğumuzu hiss etsək belə, bir baxış kifayətdir - üçrəngli bayrağa baxış. O, dalğalanırsa, biz güclüyük.
Bir əsgər olaraq mənim üçün bu gün fəxrlə daşıdığım hərbi forma şərəf rəmzidir. Bu forma mənə məsuliyyət verir, çiyinlərimə Vətənin yükünü qoyur. Burada hər günümüz, hər anımız tarix yazır. Bəlkə də biz bunu indi hiss etmirik, amma bəzən qəhrəmanlıq səhifələri elə xidmətdə yazılır.
Hərbi xidmətdə qazandıqlarım həyatımın ən böyük sərvəti olacaq. Burada mən yalnız silahı düzgün işlətməyi deyil, həm də öz hisslərimə nəzarət etməyi öyrəndim. Səbir, intizam, iradə - bunlar hərbi xidmətin mənə verdiyi, mülki həyatda da istifadə edəcəyim ən gərəkli xarakter çalarlarıdır. Çətin şəraitdə qərar vermə bacarığı, təhlükə anında soyuqqanlı qalmaq, əsgər yoldaşına arxa durmaq - bunları kitabdan öyrənmək mümkün deyil, yalnız hərbi xidmətdə, təlimlərdə qazanmaq olar.
Ən böyük qürurum əsgər qardaşlığı, dostluğudur. Burada tanış olduğum insanlar mənim üçün ailə kimidir. Rəmzi olaraq bir tikə çörəyi bölüşmək, bir udumluq suyu yarı bölmək, gecənin soyuğunda bir-birinə sığınacaq olmaq, kürək-kürəyə vermək - bunlar bizi biri-birimizə ömürlük bağlayır.
Ən böyük arzum odur ki, daim sülh olsun, analarımız oğullarını hərbi xidmətə yola salanda qürurla, rahat könüllə yola salsınlar. Hər an Vətənin keşiyində dayanan oğulların sayəsində körpələrimiz sabaha ümidlə oyansın.
Əgər bu torpaq uğrunda canımızı vermək lazım gələrsə, tərəddüd etmərik. Çünki bu torpaq bizim nəfəsimiz, ruhumuzdur.
Əsgər Rauf ƏLİYEV "N" hərbi hissəsi