AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Mahiyyəti torpaq olan Vətən kəlməsinin yaşı dövlət kəlməsinin yaşından böyükdü. Biri sərhədlərlə əhatələnir - dövlət olur, birinin sərhədlərini ruh müəyyənləşdirir - bu, Vətəndi. Asudə vaxtda "N" hərbi hissəsində əsgərlərlə Vətəndən danışacağıq, Vətənə sevgidən danışacağıq, Vətəni sevə-sevə qoruyanlardan, qoruya-qoruya sevənlərdən danışacağıq. Bu söhbətləşməni əsgərlərə rəsmi olmayan vətənpərvərlik dərsi biləcəyik.
"Vətən gözdü, biz kirpik" deyən bu əsgərlər də müqəddəslik işığında müqəddəs borclarından söz açacaqlar. Bir az əvvəl eşitdiyim bir fikir düşüncələrimin haləsinə dönüb: Vətəni hamı sevir, oğul odur ki, Vətəni Vətən kimi sevsin! Mənə elə gəlir ki, Vətəni Vətən kimi sevənlərin əhatəsindəyik. Əsgərlər böyük qürurla, böyük sevgilərlə, əsgəri qətiyyətlə "Bura Vətəndi!" deyəcəklər...
Kapitan Nicat Qaçayev disputa giriş kimi bildirir ki, Azərbaycan əsgərinin Hərbi Anda sədaqəti dövlətə, dövlətçiliyə sədaqətidi. Bu sədaqət mahiyyəti baxımından Vətənə sevgi deməkdi. Bu sevgi Vətənin ağır günlərində daha da kükrəyir, nəhrə çevrilir. Ağır günlər müharibədi. Müharibədə şəhidlikdən keçən döyüşlər qələbə işığına dönür, əsgər bu işığı bayraqlaşdırıb Zəfərə yetirir.
Kapitan Nicat Qaçayevin fikirləri əsgərlərin düşüncələrini tərpədir, onların baxışlarında qürur görünür. Bu qürur İkinci Qarabağ müharibəsinin, döyüşlərin, qəhrəmanlıqların qürurudu. Əsgər Elnur Haqverdiyev Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun qəhrəmanlığını xatırladır:
- Onun qəhrəmanlığı qeyri-adiliyinə görə, necə yerinə yetirilməsinə görə, düşmənə vurduğu mənəvi zərbənin yaratdığı vahiməyə görə illərlə xatırlanacaq. Nə vaxtsa oxumuşdum: Mübariz İbrahimovun qəhrəmanlığı mübarizləşmə təyini yaratdı.
Əsgər Elvin Şirəliyev gözucu göy üzünə baxıb əsgər yoldaşının fikrini səmimiyyətlə tamamlayır:
- Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun qəhrəmanlığı Çingizləşmə təyini yaratdı. Çingiz Qurbanovun xidmət etdiyi postda xidmət edən əsgərlərdən birinin dedikləri yadıma düşür: Hər dəfə döyüş növbətçiliyinə gedəndə bizi Çingizin baxışları uğurlayır. Bizə elə gəlir ki, döyüş növbətçiliyinə ruhu həmişə döyüş növbətçiliyində olacaq Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun uğurlaması ilə gedirik.
- Bu duyğular Çingizin də, sizin də Vətənə sevginizə görədi. Siz qəhrəmanın özünü də yaşadırsınız, qəhrəmanlığını da, Vətənə sevgisini də, - kapitan Nicat Qaçayev əsgərlərin mükalimələşməsini zəruri bir münasibətlə gözəl ümumiləşdirir.
- Bu qəhrəmanlıqlar İkinci Qarabağ müharibəsinə qədər olmuşdu. Hər ikisi Azərbaycan əsgərinin döyüş əzmini, qələbə ruhunu ifadə etmişdi. Düşmən Mübarizləşən, Çingizləşən Azərbaycan əsgərinin döyüş hazırlığından çəkinirdi, - əsgər Nihad Süleymanovun baxışları uzaqlara yönəlir. O uzaqlıqlar Kəlbəcərdi, Laçındı, Xankəndidi, Şuşadı, ... Bir daha əmin oluruq ki, Vətən sevgisinin, Vətənə sevginin hüdudları olmur. İkinci Qarabağ müharibəsi başlayanda əsgərlərimiz düşmənin yaratdığı, təkmilləşdirdiyi sədləri darmadağın elədi, döyüşə-döyüşə irəlilədi, irəliləyə-irəliləyə döyüşdü, Vətənə sevginin qüdrəti kimi ilkin mövqe qələbələri qazandı.
Bu əsgərlərə ehtiramıma görə, İkinci Qarabağ müharibəsində qəhrəmanlıqla döyüşmüş naməlum qəhrəmanların ruhuna ehtiramıma görə söhbətə müdaxilə etməyi qərara alıram. Mənə elə gəlir ki, deyəcəklərim əsgərlərin dediklərinin məntiqi davamı olacaq:
- Üç dostuydular. Hərbi xidmətə eyni gündə gəlmişdilər. Üçü də ali təhsilliydi. İlham ədəbiyyat müəllimiydi, Rəhman rejissoruydu, Mikayıl rəssamıydı. İlhama Şair deyirdilər, Rəhmana Bəstəkar, Mikayıla Rəssam. Müharibə başladı. Onlar da döyüşürdülər. Döyüşə-döyüşə bir-birini qoruyurdular, bir-birini qoruya-qoruya döyüşürdülər, döyüşə-döyüşə Qələbəyə yaxınlaşırdılar...
Füzuliyə hücum olacaqdı. Əmr gözləyirdilər. Yanaşı döyüşəcəkdilər. Zaman dayanmışdı elə bil. Dayanmış zaman içində Şairə elə gəlirdi ki, barmağıyla torpağa misralar yazır. Rəssam xəyalında rənglərlə Qələbə anının görüntülərini çəkir. Bəstəkar qənşərindəki kiçicik daşları royal dilləri kimi dilləndirir. Çağıran olmasa, nələr yazılardı, nələr çəkilərdi, nələr eşidilərdi?! Bir-birinə çataqlı üç güllə səsi eşidildi - döyüş başlamışdı. Şair ortada döyüşürdü. Bəstəkar Şairin sağında, Rəssam Şairin solunda. Güllələr daşlardan qamqalaq qopardırdı. Nə həndəvərlərini yaralayan güllələrə məhəl qoyurdular, nə də yaxınlığa düşən güllələrə. "Şair!", - Rəssamın səsiydi, səsindən hiss elədi ki, yaralanıb, köməyə səsləyir. Ona sarı getmək istəyirdi ki, Bəstəkarın səsini eşitdi: "Şair!". O da yaralanmışdı. O da köməyə çağırırdı Şairi... Anların içində bir addım sola atdı, bir addım sağa. Sağa dönəndə solu yanırdı, sola dönəndə sağı. İki ömür arasında bir ömrü bölməyə gücü çatacaqdımı?.. Azca dikəldi. Üzü üstə torpağa döşəndi. Güllə ürəyindən dəyibmiş... Bu anlarda onların sağında-solunda güllələr didişirdi. Həmin döyüşdə Şair də şəhid oldu, Bəstəkar da, Rəssam da...
İkinci Qarabağ müharibəsində üç döyüşçünün döyüşü, sonda şəhidliyi əsgərləri duyğulandırır. Kapitan Nicat Qaçayev bu duyğulanmanı da Vətənə sevgiyə yozur, bu yozumun özü də sevginin ifadəsidi. Bir nəfəs dərimiycə çəkən sükutu əsgər Qüdrət Babayevin xatırladığı misralar çilikləyir, bayaqdan bəri könüllərdə dolaşan duyğuların göyqurşağına dönür:
Sən varsan, biz varıq, Azərbaycanım! -
Döyüşçü ruhunun dönməz səsidi.
Əsgər dünyasının gur işığısan,
Hərə bu işığın bir zərrəsidi!..
- Əsgər yoldaşınızın dediyi misraları Hərbi Andın mahiyyətinin davamı bilin, - kapitan Nicat Qaçayev qürurla əsgər Qüdrət Babayevə baxır. Sevgi var bu baxışlarda. Vətəni bunca sevənlərə sevgi baxışları orduya sevgi deməkdi.
- Orduya sevgi dövlətə, dövlətçiliyə sevgidi. Vətəni sevənlərin ürəyi vətənləşir. Ona görə də bütün məmləkət boyunca hamı deyir ki, Vətən əsgər ürəyindən başlayır, - əsgərlərin baxışlarından səmavi bir qüdrət dikəlir. Döyüş hazırlığına söykənən bu qüdrətin də işığında Vətənə sevginin işığı var. Bu qüdrət işıqda duyulan işıqdı. Sərhədlərimiz daxilində hər qarış torpaqdan da ruhən görünə biləcək işıqdı.
- Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi, ərazi bütövlüyümüz tam təmin olundu. İkinci Qarabağ müharibəsinin iştirakçıları da, şəhidlərin ruhu da, tarixi Zəfəri qazananların davamçıları da qürurla, böyük sevgilərlə Azərbaycanımızın sərhədi daxilində bütün ərazilərə xitabən deyirlər ki, bura Vətəndi. Və yadıma bir mahnımız düşür: "Bura Vətəndi!". Bu gözəl şeiri Dilsuz yazıb, Cavanşir Quliyevin bu lacivərd bəstəsi neçə illər əvvəl Akif İslamzadənin ruhundan süzülüb, dinləyənlərin ruhunun şərqisi olub. Vətən adına yazılan, Vətən adına oxunan, Vətən adına dinlənilən "Bura Vətəndi!" böyük bir sevginin ünvanını göstərir. O ünvan ululuğun, müqəddəsliyin ünvanıdı. Mahiyyət baxımından sərhədsiz ruhun dolaşdığı ərazilərin nəhayətsizliyinin göstəricisidi. Akademik Xudu Məmmədov deyərdi: "Uşaqlara Vətəni sevməyi öyrətmək lazım deyil; onlara Vətəni tanıdın, özləri sevəcəklər". Bu oxuma Vətəni tanıyanlara Vətəni daha ülviyyətlə tanıtdı, Vətəni daha dəruni sevgilərlə sevdirdi, - deyirəm...
Əsgər Yusif Yusifov maraqlı bir məqamdan söz açır:
- Biz də Vətən kəlməsinin aşıladığı məzmuna yaxşı bələd idik. Çağırışçı yaşına bu bələdliklə çatmışdıq, hərbi xidmətə bu bələdliklə başlamışdıq. Hərbi xidmət bizə Vətəni daha böyük sevgilərlə sevdirdi. Hər birimiz xidmət yerimizi Vətənin ürəyi bilirik. Başqa ərazilərdə xidmət edənlər də bizim kimi düşünürlər. Ona görə də hər bir əsgər dediyiniz oxumanı ürəyinin səsi bilir.
Əsgər Nihad Süleymanov oxumanın sözlərini xatırladır:
Bura Vətəndi, gülü bitəndi, əlim çatandı,
Ünüm yetəndi - bura Vətəndi!
Mənə elə gəlir ki, indicə oxumanın cazibəsinə düşəcəyik, "Bura Vətəndi"nin doğmalığı hamımızı bu sevginin pərvanəsinə döndərəcək...
Əsgərlər "Bura Vətəndi!" deyirlər, Vətəndən danışırlar, İkinci Qarabağ müharibəsinin döyüşlərindən danışırlar, qəhrəmanlardan danışırlar. Hər kəlmədə Vətən var, Vətənə sevgi var. İkinci Qarabağ müharibəsində qazanılan tarixi Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə xidmət edən əsgərlərimizin əhatəsində eşitdiyim bir sevgini də xatırlayıram: Bu sevginin işığına milyonlar şərik...
"Bura Vətəndi", - deyən əsgərlər həm də deyirlər ki, bu sevginin işığına milyonlar şərikdi, Vətən!..
Rəşid HÜSEYNOV
"Azərbaycan Ordusu"