Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Avqust 2025 17:44

“Nizam-intizam sıradan başlanır”

Bu gün bölmələrdə hərbi xidmət keçən gənclərə yüksək təlim keçirildiyi hamıya bəllidir. Onlar xidmətə gəldikləri gündən nizamnamə ilə təyin olunmuş fəaliyyətlə məşğul olurlar. Keçirilən məşğələlər gənclərin nizam-intizamlı, silahlardan istifadə etməyi bacaran, yüksək döyüş hazırlıqlı əsgərlər kimi formalaşmasında mühüm rol oynayır. Döyüş hazırlığı təkcə silahdan istifadə etməyi bacarmaq deyil, əsgərin fiziki hazırlığı, nizam-intizamı, döyüş ruhu da yüksək olmalıdır. 
Nizam-intizam başlıca şərtdir. Nizami ordu olmasa, döyüş hazırlığını yüksəltmək mümkün deyil. Ona görə də ordu quruculuğunda daim diqqətdə saxlanılan məqamlardan biri də şəxsi heyətin nizam-intizamlı olmasıdır. Nizam-intizam isə sıradan başlanır. Gənclərin hərbi xidmətlə ilk tanışlığı da məhz sırada olur. Onlara sıranın müqəddəsliyi izah olunur; nizam-intizamlı olmaq, komandirlərin əmr və tapşırıqlarına sözsüz, şüurlu şəkildə əməl etmək, digər intizam xarakterli davranışların bünövrəsi məhz sırada qoyulur.
Əsgərlərin xidməti dövrlərində də gündəlik fəaliyyətləri arasında sıra hazırlığı mühüm yer tutur. Bu məşğələlərdə onlara Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Sıra Nizamnaməsinə uyğun olaraq dərslər keçirilir, sırada silahsız və silahla sıra  hərəkətlərini və yerişini, əsgəri salamlaşma qaydalarını, hərbi qulluqçuların düzülüşdən qabaq və sırada vəzifə borclarını, sıra hazırlığına olan tələbləri, yuxarı rəislərə yaxınlaşma və digər elementlər öyrədilir. Bunlarla yanaşı, sıra hazırlığı həm də əsgərlərə yüksək intizam aşılayır. 
"N" hərbi hissəsində əsgərlər sıra hazırlığı məşğələsində silahsız hərəkət üsullarını öyrənirdilər. Leytenant Elmir Əhmədzadənin göstərişi ilə onlar əsgəri salamlaşma, yerində və hərəkətdə addımlama, yuxarı rəislərə yaxınlaşma və digər komandaları dəqiqliklə icra edirdilər. Sıra meydanında sıra hazırlığının elementlərinin yerinə yetirilməsi üçün asfalt üzərində çəkilən ağ xətlərin, düzbucaqlı formasında fiqurların canlılığı məşğələ keçən hərbi qulluqçuların zövqünü oxşayır, dərsin daha da səmərəli keçirilməsinə zəmin yaradırdı. Əsgərlərin hərəkətləri nizamla yerinə yetirməsindən yaranan ritmik səslər, demək olar ki, hərbi hissənin bütün ərazisinə yayılırdı. Onların şux qamətləri, məğrur baxışları, qabaran sinələri və verilən bütün komandaları cəld və nizamlı şəkildə yerinə yetirmələri xoş ovqat bağışlayır, qəlbimizdə sevinc hissləri oyadırdı. Üzlərində yaranan təbəssümü, baxışlarındakı qüruru izlədikcə ruhumuza fəxr hissi hakim olurdu. Nizami ordumuzla, əsgərlərimizlə bir daha qürur duyur, qüdrətli Azərbaycan Ordusunun vətənpərvər, igid, bacarıqlı oğulları ilə öyünürdük. 
Fasilədə leytenant Elmir Əhmədzadə ilə söhbətləşdik. Onun seçdiyi peşənin sirlərinə dərindən yiyələndiyinin və işinə ürəkdən bağlı olduğunun şahidi olduq - gənc olsa da, kifayət qədər bacarıqlı və savadlıdır.
- Nizam-intizam sıradan başlanır, - gənc zabit dedi. - Məşğələyə başlamazdan əvvəl əsgərlərə sıranın müqəddəsliyindən danışıram. Bu sıralarda Mübarizlərin, Raqufların, Samidlərin, Poladların, Orxanların, Zaurların... və daha neçə-neçə qəhrəmanın dayandığını izah edirəm. Şahidi oldunuz ki,  əsgərlərin hər biri verilən komandaları necə bacarıqla icra edirlər. Onların məşğələyə belə həvəs göstərməsi, bacarıq nümayiş etdirməsi mənə də xoş gəlir. Sevinirəm ki, vaxtilə mənə öyrədilən hərbi bilikləri əsgərlərimə öyrədə bilir, vəzifələrimin öhdəsindən layiqincə gəlirəm.
Fasilə vaxtında əsgərlərlə də söhbətləşdim. Amal Vəli, Fərid Səfiyev, Məmmədyar Orucov, Əli Quliyev, Eldar Əliyev, Elnar İsgəndərov, Nurlan Muradlı və digərlərinin sözlərindən əmin oldum ki, hər biri Vətənə sonsuz sevgi ilə bağlıdır, hərbi xidmətin vacibliyini, məsuliyyətini yaxşı dərk edir,  bacarıqlı əsgərlər kimi formalaşmaq üçün var qüvvələri ilə çalışırlar. Onlar hərbi xidmətə Vətəni qorumaq kimi müqəddəs vəzifəni yerinə yetirməyə gəldiklərini vurğulayaraq dedilər: "Bu vəzifə hər birimizin övladlıq borcumuzdur. Ordumuzun gücü və qüdrəti bütün dünyaya bəllidir. Fəxr edirik ki, qalib Azərbaycan Ordusunun sıralarındayıq. Bacarıqlı əsgərlər kimi formalaşmaq üçün keçirilən bütün məşğələlərdə fəal iştirak edirik. Silahlardan istifadə etməyi, döyüş bacarıqlarını öyrəndiyimiz kimi, sırada dayanmağı, sıra hərəkətlərini də öyrənirik. Həmçinin hər birimiz yaxşı anlayırıq ki, qalib ordumuzun adına layiqli əsgərlər olmaq üçün nizam-intizamlı olmaq ən vacib şərtdir. İntizamın əsasını təşkil edən sıra hazırlığı məşğələsində bütün öyrədilənləri həvəslə mənimsəyirik. Sıra hazırlığı gündəlik bütün fəaliyyətlərimizin tərkib hissəsidir. Yeməyə, idmana, atışa və digər dərslərə gedişimiz, səhər baxışına, axşam yoxlanışına düzülüşümüz... Bir sözlə, hər bir işimiz sıra ilə tənzimlənir. Ona görə də sıra meydanında öyrədilən nizam-intizama daim əməl edir, uğurlu xidmətimizlə bizə göstərilən etimadı doğultmağa çalışırıq".
Fasilə bitdikdən sonra zabitin komandası ilə əsgərlər cəld şəkildə təyin olunmuş yerdə yenidən düzülür, məşğələyə davam edirlər. Onların nizam-intizamı, sırada davranışları, aralarındakı sağlam mühit ordumuzda dəmir intizamın olduğunu bir daha nümayiş etdirirdi.


Əli ABIYEV

"Azərbaycan Ordusu"