AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Döyüş hazırlığına müsbət təsir edən amillərdən biri də şəxsi heyətin fiziki hazırlığı və idman normativlərini bacarıqla yerinə yetirməsidir. Azərbaycan Ordusunda keçirilən təlimlər, məşğələlər və digər bütün fəaliyyətlər ordumuzun döyüş hazırlığının və müdafiə qüdrətinin ən yüksək səviyyəyə çatdırılmasına xidmət edir. Bu məqsədə çatmaq üçün şəxsi heyətin fiziki göstəricilərinin yüksək olması əhəmiyyətli rol oynayır.
"N" hərbi hissəsində xidmət edən baş leytenant Xaləddin Əzizov da bu fikirləri təsdiq etdi. Onunla hərbi hissənin idman şəhərciyində görüşdük. Şəxsi heyətə fiziki hazırlıq məşğələsi keçən zabitin indiki Heydər Əliyev adına Hərbi İnstitutun məzunu olduğunu öyrəndik. Əslən Kürdəmir rayonundan olan Xaləddin dedi ki, döyüş meydanında qələbələr qazanmaq üçün döyüşə hər cəhətdən hazır olmalısan. "Döyüş hazırlığı çoxşaxəlidir. Bu şaxələrin hamısı qələbədə mühüm rol oynayır. Fiziki güc də döyüş hazırlığının vacib və ayrılmaz qoludur. Hər bir hərbçi yaxşı bilir ki, döyüş taktikasının hücum və müdafiə növü var. Biz də müstəqilliyimiz, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda təhdidlərə qarşı hər an hazır olmalıyıq. Döyüş daha çox cəldlik, çeviklik tələb edir. Çünki savaşda düşmənlə əlbəyaxa döyüş qaçılmazdır. Bu da fiziki gücün vacibliyini bir daha göstərir. Həm də insan idman etməklə sağlam və möhkəm bədənə sahib olur. Bir sözlə, fiziki hazırlığın vacibliyini aşkar edən bir çox səbəblər vardır. Bunların hamısı bir daha göstərir ki, fiziki hazırlıq döyüş hazırlığının ayrılmaz hissəsidir".
Zabitin dediklərinin əyani şahidi də olduq. O, məşğələ zamanı şəxsi heyətə idman hərəkətlərini həvəslə izah edib öyrədirdi. Hiss olunurdu ki, peşəsini sevir, vəzifələrinə məsuliyyətlə yanaşır və tabeliyində olanları bacarıqlı əsgərlər kimi formalaşdırmaq üçün bütün biliklərini səfərbər edirdi. Əsgərlər hərəkətləri idman alətlərində bacarıq nümayiş etdirirdilər. Onların fiziki hazırlığının yüksək olduğunu, idman normativlərinin öhdəsindən uğurla gəldiklərini izləyirdik. Hər biri turnikdə, paralel qollarda və digər idman alətlərində məşqlərini bacarıqla yerinə yetirirdi. İzlədikcə qəlbimizə bir inam hakim olurdu - sağlam, qüvvətli, yüksək döyüş hazırlıqlı və ürəyi Vətən sevgisi ilə döyünən əsgərlərimiz torpaqlarımızın müdafiəsində qətiyyətlə dayanır və istənilən əmri uğurla icra etməyə hər an hazır və qadirdilər.
Məşğələ bitdikdən sonra əsgərlərdən öyrəndik ki, onlar idmanın Vətənin müdafiəsi üçün vacibliyini yaxşı dərk edirlər. İdman hərəkətləri edərkən üzlərindəki təbəssüm, məğrurluq onların məşğələyə həvəslə yanaşdığını göstərirdi. Həmçinin çevik hərəkətləri, müxtəlif idman normativlərini uğurla yerinə yetirmələri fiziki cəhətdən hazırlıqlı olmalarını əyani sübut edirdi. Əsgərlərdən Niyaməddin Sayadov, Nəriman Muradov, Elşən Rzayev, Elşən Hüseynov, Elcan Atakişiyev və digərləri dedilər ki, mülki həyatda da idmanın müxtəlif növləri ilə məşğul olublar. Niyaməddin kikboksinqlə məşğul olub. O, iştirak etdiyi yarışlarda Gəncə şəhəri üzrə 1-ci və 2-ci, Şəmkir rayonu üzrə isə 1-ci yeri tutub. Nəriman Muradov, Elşən Hüseynov, Elşən Rzayev və Elcan Atakişiyev idmanın sərbəst güləş növü ilə məşğul olublar. Bu idman növü üzrə yeniyetmələr arasında keçirilən yarışlarda iştirak edən E.Rzayev Cəlilabad rayonu üzrə, E.Hüseynov isə Tovuz rayonu üzrə 1-ci yerin qalibləri olublar. Uzun müddət ailəsi ilə Ukraynada yaşayan Elcan Atakişiyev isə orada öz yaşıdları üzrə keçirilən yarışlarda dəfələrlə qalib olub. Hal-hazırda yaşadıqları Şəmkir rayonunda isə bir dəfə 2-ci yeri tutub. "Biz yaxşı anlayırıq ki, gündəlik bütün fəaliyyətlərimiz yalnız bir məqsədə yönəlib - döyüş hazırlığımızı ən yüksək səviyyəyə çatdıraq. Bu vəzifə isə hər birimiz üçün müqəddəsdir. Bütün dərslərə olduğu kimi, idman saatlarına da ciddi yanaşır, həvəslə məşq edirik. Azərbaycan Ordusu rəşadətli və qalib ordudur. Biz də nümunəvi xidmət edib ordumuzun adına layiqli əsgərlər olmaq üçün səy göstəririk. Bunun üçün hərbi bilik və vərdişlərə dərindən yiyələnir, eyni zamanda, fiziki gücümüzü də daim artırırıq. Güclü olmalıyıq ki, döyüş meydanında düşməni məhv edək. Onun üçün də bu gün idman saatlarından, boş vaxtlarımızdan səmərəli istifadə edib müxtəlif idman hərəkətləri edir, fiziki göstəricilərimizi ən yüksək səviyyəyə çatdırmaq üçün çalışırıq. Komandirlərimiz bizi idmana daha da həvəsləndirir, mütəmadi olaraq müxtəlif idman yarışları təşkil edirlər. Hər kəs əmin olsun ki, biz Böyük Qələbə qazanan, yenilməz Azərbaycan əsgərlərinin davamçılarıyıq, onların vətənpərvərliyini, igidliyini, döyüş yolunu özümüzə nümunə bilirik. Onların bizə əmanət etdikləri Vətənimizin keşiyində mətin dayanırıq", - əsgərlər dedilər.
Digər əsgərlər də fiziki hazırlığın döyüş qabiliyyətinə müsbət təsir göstərdiyini, dözümlülük, çeviklik, özünəinam kimi müsbət keyfiyyətlər aşıladığını öz sözləri ilə təsdiq etdilər. İdman şəhərciyinin ürəkaçan görünüşü, hər növ alətlərlə təmin olunması, həmçinin hərbi qulluqçularla söhbətimiz bir daha sübut etdi ki, hərbi hissələrimizdə bütün növ təminat-təchizat yüksək səviyyədə təşkil olunub və hərbi xidmətə çağırılan gənclərin bacarıqlı əsgərlər kimi formalaşması üçün hər cür şərait yaradılıb.
Oruc MUSTAFAYEV
"Azərbaycan Ordusu"