AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Güclü və müasir orduya sahib olmaq hər bir dövlətin milli təhlükəsizliyinin və suverenliyinin təminatıdır. Bu mənada, hərbi dəniz donanması, dəniz sərhədləri olan ölkələr üçün xüsusilə strateji əhəmiyyət daşıyır. Son zamanlar həyata keçirilən genişmiqyaslı hərbi dəniz təlimləri ölkəmizin müdafiə qabiliyyətini artırmaqla yanaşı, döyüş hazırlığı səviyyəsini də yüksəldir. Bu məqsədlə 2025-ci ilin hazırlıq planına əsasən, Azərbaycanın Hərbi Dəniz Qüvvələrində (HDQ) "Dəniz enerji infrastrukturunun mühafizəsi və müdafiəsi" mövzusunda döyüş atışlı taktiki təlim keçirildi.
Təlimin gedişi
Səhərin erkən saatlarıdı. Şəxsi heyət gəmiləri "Döyüşə" və "Səfərə" hazır vəziyyətə gətirdi. Gəminin səfərə hazırlanması özlüyündə ciddi planlaşdırmanın, texniki yoxlamanın və yüksək dəqiqliyin vəhdətidir. Təşkilati hazırlıq şəxsi heyətin təlimatlandırılması ilə başladı. Ekipaj üzvlərinə marşrutun istiqaməti, icra olunacaq tapşırıqlar bir daha izah olundu. Bunlardan əlavə, təhlükəsizlik qaydaları, hava və naviqasiya xəritələri haqqında zəruri məlumatlar da bir daha diqqətə çatdırıldı. Təlimat başa çatdıqdan sonra hər kəs öz vəzifəsinə uyğun yerini tutdu.
Hərbi gəmilər artıq dənizə çıxmağa hazırdır.
Sahildə qalanlar gəmidəkiləri əsgəri salamla yola saldılar. Hərbi Dəniz Qüvvələrinin şəxsi heyətinin iştirakı ilə keçirilən taktiki təlim başlayır. Təlimə HDQ-nin sərəncamında olan bir çox gəmi və katerlər, eləcə də xeyli sayda şəxsi heyət cəlb olunmuşdu.
Plana əsasən, birinci mərhələdə gəmilər taktiki qruplar tərkibində formalaşdı, nəzərdə tutulmuş əməliyyat rayonlarını tutdu. Növbəti fəaliyyətlər planına əsasən, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsinə daxil olmuş şərti düşmənin məhv edilməsi üzrə tapşırıqlar icra olundu. Düşmənin məhv edilməsi ssenarisi üzrə icra olunan tapşırıqlar zamanı əvvəlcə suüstü hədəflər məhv edildi. Daha sonra düşmənin hava hücumuna qarşı istilik və radiolokasiya maneələrinin qoyulması tapşırıqları yerinə yetirildi. Şərti düşmənin hava hücumu vasitələri də hərbi dəniz donanmamızın şəxsi heyəti tərəfindən dəqiqliklə məhv edildi. Növbəti tapşırıq aşkar edilmiş üzən minaların zərərsizləşdirilməsi idi ki, qarşıya qoyulan bu tapşırıq da gəmi ekipajı tərəfindən peşəkarlıqla icra olundu. Axşam saatlarında təlimə cəlb olunmuş Dəniz xüsusi təyinatlıları və Dəniz piyada bölmələrinin şəxsi heyəti adada aşkar olunmuş silahlı qruplaşmaların yerləşdiyi müvəqqəti bazanın zərərsizləşdirilməsi çalışmalarını məşq etdilər. Bununla da təlimin birinci günü üçün nəzərdə tutulmuş tapşırıqlar uğurla icra olundu.
Təlimin keçirildiyi ərazidə Hərbi Dəniz Qüvvələrinin komandanı 1-ci dərəcəli kapitan Şahin Məmmədov taktiki təlimin növbəti günündə müdafiə naziri general-polkovnik Zakir Həsənova raport verdi. Komanda İdarəetmə Məntəqəsində təlimin mərhələləri və yerinə yetirilən tapşırıqları haqqında komandir heyəti məruzə etdi.
Məruzə edənlər bildirdilər ki, HDQ-nin döyüş, döyüş təminatı və təminat gəmilərinin, eləcə də Dəniz xüsusi təyinatlı və Dəniz piyada bölmələrinin cəlb edilməsi ilə keçirilən təlimin planına əsasən, Xəzər dənizinin Azərbaycana məxsus sektorunda enerji infrastrukturlarının mühafizəsi və müdafiəsi üzrə müxtəlif fəaliyyətlər icra olunub. Həmçinin gündüz və gecə şəraitində, sahildə və adalarda şərti düşmənin müvəqqəti baza məntəqələrinin aşkar edilməsi və xüsusi əməliyyatlarla terror qruplaşmalarının məhv edilməsi üzrə taktiki elementlər uğurla yerinə yetirilib.
Daha sonra Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov təlimin növbəti epizodlarını izlədi. Təlimin gedişini izləyən müdafiə naziri çalışmalar başa çatdıqdan sonra şəxsi heyətin qarşısında çıxış edərək onların peşəkarlığını, qarşıya qoyulmuş tapşırıqların uğurla icrasını müsbət qiymətləndirdi və təlim iştirakçılarına gələcək xidmətlərində müvəffəqiyyətlər arzuladı. Təlim rəhbərliyinə müvafiq tapşırıqlar verən müdafiə naziri şəxsi heyətin bundan sonra da yüksək döyüş hazırlığına malik olacağına əminliyini bildirdi, təlimin növbəti fəaliyyətlərinin yüksək səviyyədə icrası ilə bağlı göstərişlər verdi.
Təlimin növbəti aktiv fazasında HDQ-nin Dəniz xüsusi təyinatlıları aşkar edilmiş sualtı təxribat qruplarının məhv edilməsi tapşırıqlarını icra etdilər. Taktiki təlimin keçirildiyi sahilyanı əraziyə baxış keçirilməsi və aşkar olunmuş silahlı qrupların zərərsizləşdirilməsi çalışmaları yerinə yetirildi. Təlimə cəlb olunmuş hərbi gəmilər lövbərdən çıxaraq neft-qaz boru kəmərləri rayonlarında patrul aparma və monitorinq fəaliyyətlərin icrasını da həyata keçirdi. Daha sonra silahlı qruplar tərəfindən zəbt olunmuş gəminin azad olunması çalışmaları işlənildi. Növbəti fəaliyyətlər qəzaya uğramış gəmiyə köməklik göstərilməsi, yanğının söndürülməsi, axtarış-xilasetmə əməliyyatları və zərərçəkənlərin evakuasiya edilməsi fəaliyyətləri oldu ki, təlim iştirakçıları bu tapşırıqların da öhdəsindən peşəkarlıqla gəlməyi bacardılar.
Mərhələləri müvəffəqiyyətlə tamamlayan HDQ gəmi və katerləri təntənəli keçidlə Xəzər dənizində yerləşən hərbi bazalarına qayıtdılar.
Təlimin məqsədi və əhəmiyyəti
Döyüş atışlı taktiki təlimin keçirilməsində əsas məqsədlər bunlardır: Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub ərazi sularında təhdid zamanı şərti düşmənin məhv edilməsi, müxtəlif şəraitlərdə gəmilərin tək-tək və taktiki qruplar üzrə tapşırıqların yerinə yetirilməsi zamanı birgə fəaliyyətlərin düzgün aparılması, döyüş fəaliyyətlərinin düzgün təşkili və qüvvələrin döyüşdə idarə olunması üzrə komandir və qərargah bacarıqlarının təkmilləşdirilməsi. Nəzərə alsaq ki, hərbi dəniz təlimlərinin keçirilməsinin ən böyük əhəmiyyəti şəxsi heyətin peşəkarlığını artırmaq, gəmilərin idarə olunması və qarşılıqlı fəaliyyət imkanlarını yoxlamaq, eləcə də potensial təhdidlərə qarşı çevik reaksiya vermə bacarığını inkişaf etdirməkdirsə, Azərbaycan HDQ-nin təlimə cəlb olunmuş heyəti bu məsuliyyətin əhəmiyyətini dərindən dərk edir. Təlimlər zamanı real döyüş şəraitinə yaxın ssenarilər hazırlanmış və bu heyətin psixoloji və fiziki hazırlığını yüksəltməyə kömək etmişdir. Belə təlimlər, eyni zamanda, yeni texnologiyaların tətbiqinin sınaqdan keçirilməsi üçün də mühüm imkan yaradır.
Beynəlxalq əməkdaşlıq və regional təhlükəsizlik
Hərbi dəniz təlimləri beynəlxalq formatda da keçirilir. Xəzər dənizində Azərbaycan cənub qonşumuz olan İranla və dəniz qonşumuz Qazaxıstanla birgə müxtəlif təlimlərdə iştirak edir və öz peşəkarlığını nümayiş etdirir. Müxtəlif ölkələrin iştirakı ilə həyata keçirilən birgə təlimlər regional təhlükəsizlik üçün önəmli rol oynayır. Bu cür əməkdaşlıqlar nəticəsində keçirilən təlimlər və təşkil olunan görüşlər ölkələr arasında həm qarşılıqlı təcrübə mübadiləsini, həm də birgə əməliyyatlar zamanı əlaqələndirmə səviyyəsini yüksəldir. Bu il Hərbi Dəniz Qüvvələrimizin şəxsi heyəti Qazaxıstanın Aktau şəhərində keçirilən "Xəzər küləyi-2025" birgə hərbi təlimlərində iştirak edib, dəniz iqtisadiyyatı üzrə fəaliyyət obyektlərinin qorunmasına, gəmiçiliyin təhlükəsizliyinin artırılmasına yönəldilmiş təlimdə üzərinə düşən tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirib. Həmçinin dünyanın aparıcı hərbi donanmasına malik olan qardaş Türkiyə, Pakistan və İtaliya kimi ölkələr ilə qurulan əməkdaşlıqlarda öz növbəsində yüksələn xətlə davam etdirilir.
HDQ-mizin cari vəziyyəti və perspektiv istiqaməti
Keçirilən təlimlərdə nümayiş olunan peşəkarlığın nəticələri bir daha göstərir ki, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin hazırlıq səviyyəsi yüksəkdir və şəxsi heyət qarşıya qoyulan bütün tapşırıqları uğurla yerinə yetirmək qabiliyyətindədir. Bu, dəniz sərhədlərimizin etibarlı qorunduğunu göstərir. Sonuncu təlim bir daha nümayiş etdirdi ki, Azərbaycan HDQ-nin tərkibində olan hərbi gəmi və katerlərin modern tələblər üzərində fəaliyyət göstərməsi üçün ciddi işlər görülür. Təhlükəsizlik üçün naviqasiya cihazlarının, radiotexniki, müşahidə və kəşfiyyat vasitələrinin, rabitə avadanlıqlarının yenilənməsi istiqamətində artıq zəruri işlər aparılıb və bu iş bu gün də uğurla davam etdirilir. Gələcəkdə bu cür təlimlərin və əməkdaşlıqların daha da genişləndirilməsi, texnologiyaların təkmilləşdirilməsi və müasir döyüş konsepsiyalarının tətbiqi ilə donanmamızın imkanlarının daha da artırılması yuxarı komandanlıq tərəfindən aidiyyəti şəxslər qarşısında qoyulan vacib tapşırıqlardandır.
Nəticə
İştirak etdiyimiz döyüş atışlı taktiki təlim göstərdi ki, Hərbi Dəniz Qüvvələrimizdə keçirilən təlimlər yalnız hərbi məqsədlərə xidmət etmir, həm də dövlətin güc və iradəsinin simvoludur. Təlimlər həm daxili sabitliyə töhfə verir, həm də xarici təhlükələrə qarşı ölkənin hazır olduğunu göstərir. Müasir çağırışlar fonunda belə tədbirlərin intensivliyi və miqyası daha da artırılmalı, dəniz qüvvələri daim yüksək hazırlıq vəziyyətində saxlanmalıdır. Bu, yalnız hərbi güc deyil, həm də strateji ağıllı planlaşdırmanın göstəricisidir. Əminik ki, Azərbaycan HDQ bu günə qədər Xəzər dənizinin sülh carçısı olduğu kimi, bundan sonra da öz müqəddəs missiyasını layiqincə yerinə yetirəcək.
Fuad CƏFƏROV
"Azərbaycan Ordusu"