Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Avqust 2025 12:45

Tarixin sükutunda Salyan kazarmalarının hekayəsi

Cəmiyyəti xalq kimi formalaşdıran onun tarixi, milli-mənəvi dəyərləri, əsrlərin dərinliyindən süzülüb gələn qan yaddaşı, xalq yaradıcılığının hikmətindən yaranan mədəni irsidir. Xalqın kimliyi onun gücü, keçmişi, yaratdığı mübarizə tarixində, qəhrəmanlıq salnaməsində, ənənələrində yaşadılır, gələcək nəsillərə miras qoyulur. Çünki Vətənin tarixi tək keçmişi deyil, bu günün, sabahın bünövrəsidir, necə deyərlər: "Keçmişini qoru, gələcəyini qur!" Vətənimiz qədim mədəniyyət ocaqlarından biridir.
Mürəkkəb, keşməkeşli tarixə malik Azərbaycan əsrlər boyu öz azadlığı və dövlətçiliyi uğrunda mübarizə aparmış, zəngin təbii sərvətləri, əlverişli və strateji coğrafi mövqelərinə görə dəfələrlə yadelli qəsbkarların hərbi təcavüzünə məruz qalmışdır. Vətənin müdafiəsi, xalqın müstəqilliyi uğrunda apardığı mübarizələr qəhrəmanlıq salnamələri yaratmış, qürur mənbəyimiz olan tarixi memarlıq abidələrində, məbədlərimizdə, qalalarımızda öz izlərini qoymuş, Azərbaycanın keçdiyi çətin və şərəfli dövrləri əks etdirmişdir. Vətənimizin hərb tarixinə aid abidələri müharibələrin, fədakarlıqların canlı şahidləri, önəmli simvollarıdır. Salyan kazarmaları da bu abidələrin bir hissəsidir. Azərbaycan Ordusunun inkişafı, burada həyata keçirilən hərbi əməliyyatlar ölkənin müstəqilliyinin təməlini qoymuş, hərbi hazırlıq və təlim mərkəzi olmuşdur. 
Bakının mərkəzində yerləşən, geniş əraziyə malik olan "Salyan kazarmaları"  kimi tanınan böyuk hərbi şəhərciyin adı orada dislokasiya olmuş Salyan alayının adından götürülmüşdür. Alayın əsası 1805-ci ildə qoyulmuşdur. Müxtəlif zamanlarda burada azərbaycanlı zabitlər də xidmət keçmişlər. Alay əvvəl İçərişəhərdə yerləşdirilmiş, sonra isə döyüş hazırlığı ilə məşğul olması və tam yerləşməsi üçün lazımi şərait olmadığından onun şəhər kənarına köçürülməsi qərara alınmışdır. 1909-cu ildə 206-cı Salyan alayı Salyan kazarmaları adlanan bu əraziyə köçürülür və burada hərbi şəhərcik yaradılır. Şərq memarlıq elementlərinə malik 2-3 mərtəbəli kazarmalar, zabitlər üçün evlər tikilir. 1911-ci ildə Rusiya çarı 2-ci Nikolayın əmrinə əsasən şəhərcik onun oğlu Alekseyin adı ilə Aleksey kazarmaları adlandırılır. 1920-ci ilin kommunist işğalından sonra isə şəhərciyə "Qızıl Şərq" adı verilir. 
Salyan kazarmalarının maraqlı tarixi var. XIX əsrin sonu və XX əsrin əvvəllərində Rus imperiyası Azərbaycan ərazisində öz hərbi təsirini gücləndirirdi. Həmin dövrün hərbi siyasətində ərazinin strateji əhəmiyyətini nəzərə alaraq, imperiya  burada çoxsaylı hərbi obyektlər inşa etmişdi. Bunlara, xüsusən bu dövrün infrastrukturunda mühüm yer tutan kazarmalar da daxil idi. Azərbaycan ərazilərinin müdafiəsində, ordunun təşkilində vacib rol oynamış kazarmalar müharibə hazırlıqları, sərhədlərin gücləndirilməsi məqsədilə tikilmiş, Birinci Dünya müharibəsində, 1917-ci il İnqilabından sonra əhəmiyyətli strateji mərkəz halına gəlmişdir. 
Birinci Dünya müharibəsi ərəfəsində Salyan kazarmalarında yerləşmiş 206-cı Salyan piyada alayı Rusiya ordu korpusunun tərkibində idi. Bu müharibənin başlanması ilə Salyan alayı cəbhəyə yollanır, şimal-qərb, sonra cənub-qərb cəbhəsində döyüş tapşırığını icra edir. İştirak etdiyi döyüşlərdə böyük itkilər verdiyi üçün 206-cı Salyan piyada alayı 1917-ci ildə cəbhədən geri çağırılır, 1918-ci ildə alay ləğv edilir. Yerləşdiyi şəhərciyin adı isə bu alayın adını hələ də yaşatmaqda davam edir...
Çarizmin Azərbaycanda tətbiq etdiyi hərbi siyasətə əsasən bu ərazidə ordunun təşkili gücləndirilmiş, müxtəlif mərkəzlər yaradılmışdır. Kazarmalar Rusiyanın regiondakı hərbi fəaliyyətini dəstəkləyən bir mövqeyə çevrilmişdir. Müxtəlif dövrlərdə burada rus ordusunun bölmələri yerləşdirilmiş, təlimlər keçirilmişdir. Rus imperiyasının hərbi  məqsədlərinə xidmət edərkən Azərbaycanın müstəqil orduya sahib olmasında çətinliklərin yaranması qaçılmaz idi. Cümhuriyyət dövründə yeni Azərbaycan Ordusunun təşkili zamanı müstəqillik uğrunda aparılan mübarizədə məğlubiyyətlər, digər tərəfdən ölkəyə xarici müdaxilələr hərbi gücün artırılmasına zəmin yaradırdı. AXC öz ordusunu qurmağa çalışarkən Rusiyanın təsirində olan ərazilərdəki hərbi obyektlər, o cümlədən Salyan kazarmaları da bu istiqamətdə mühüm rol oynamışdır. Ordunun yaradılması və gücləndirilməsi zamanı İmperiya dövründən qalan hərbi infrastruktur şəxsi heyətin təlimlərinə və hazırlığına dəstək olan, onun səfərbər olmasında rol oynayan mühüm mərkəz kimi fəaliyyət göstərmişdir. Lakin AXC qısa müddət ərzində müstəqil fəaliyyət göstərdiyi üçün bu obyektlərin potensialından istifadə etmək mümkün olmamışdır. 
1920-ci ildən sonra Salyan kazarmaları və digər hərbi obyektlər ordunun təşkilinə, təlimlərə, hərbi əməliyyatlara xidmətlərini davam etdirmişlər. Tarixi kontekstdə əsaslı yer tutan kazarmalar həm sovet dönəmində, həm müstəqillik dövründə müxtəlif məqsədlər üçün istifadə edilmiş, dövrün siyasi hadisələrini əks etdirən tarixi abidələrdən birinə çevrilmişdir. Sovet ordusunun müxtəlif hissələri Azərbaycanda yerləşirdi. Lenin adına I Beynəlxalq Atıcı Alayı və "Qızıl Şərq" atıcı alayı 1936-cı ildə Serqo Orconikidze adına 77-ci Azərbaycan Qırmızı Bayraqlı Dağatıcı Diviziyasının tərkibinə daxil oldu. 1933-cü ildə Salyan kazarmalarının  yanında Serqo Orconikidze adına Bakı Piyada məktəbi üçün binalar tikildi. 1941-ci ilin dekabrında 77-ci Dağatıcı Diviziya Kerç-Feodosiya desant əməliyyatı ilə Böyük Vətən müharibəsinə qoşuldu. Müharibə illərində Salyan kazarmalarında müxtəlif hərbi məktəblər, kurslar, texnikumlar yerləşirdi.
Onu da qeyd etmək yerinə düşər ki, Bakı Ali Ümumqoşun Komandirlər Məktəbi də uzun illər Salyan Kazarmaları ərazisində fəaliyyət göstərib. Bu məktəb SSRİ-nin ilk hərbi təhsil ocaqlarından biri olub və bir sıra ixtisaslar üzrə hərbi kadrların hazırlanmasına öz töhvəsini verib. 1942-ci ildə Qroznı şəhərindən Bakıya köçürülən məktəb Almaniya ordusuna qarşı mübarizədə cəbhəyə neçə min gənc zabit kadrlarını hazırlayaraq yola salmışdı. Məktəbin Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən məzunları sırasında Həzi Aslanov, Ziya Bünyadov, Aslan Vəzirov kimi azərbaycanlıların adları qürur hissi ilə çəkilir. SSRİ-nin dağılmasından sonra Salyan kazarmaları Azərbaycan Müdafiə Nazirliyinin tabeliyinə verildi. 
Sovet dövründə Azərbaycanda yerləşən müxtəlif hərbi bazalar və kazarmalar ölkənin müdafiə sisteminin bir hissəsi olaraq Qafqazın müdafiəsində mühüm rol oynayıb. Kazarmalar Sovet ordusunun yerli təşkilatlarının, komanda heyətinin təlimlərə cəlb edildiyi, idarəetmə strukturunun qurulduğu, təlim proqramlarının, döyüş hazırlığının keçirildiyi bir məkan idi. Azərbaycan hərbi strukturunun bir hissəsi olaraq Salyan kazarmaları Sovet rejiminin hərbi və siyasi məqsədlərinə xidmət edir, Sovet ordusunun Azərbaycan daxilindəki gücünü nümayiş etdirirdi. Bu, dövrlərdə kazarmalar strateji əhəmiyyətə malik hərbi obyekt kimi istifadə olunmuş ərazilərin, Azərbaycanın cənub sərhədlərinin,  xüsusən də İran və Türkiyə ilə sərhədlərin müdafiəsi zamanı Sovet İttifaqı tərəfindən müəyyən edilən hərbi əməliyyatlarda mühüm rol oynamış, Sovet ordu hissələri üçün əhəmiyyətli nöqtə olmuşdu.
Sovet dövründə Salyan kazarmaları təchizat və logistika mərkəzi kimi də fəaliyyət göstərmişdir. Burada yerləşən hərbi hissələr Sovet ordusunun ehtiyatlarına uyğun olaraq silah, texnika, digər avadanlıqlarla təmin olunmuşdur.
20 Yanvar hadisələrində Salyan kazarmaları əməliyyat üçün qərargah rolunu oynadı. Şanlı tariximizin qanla yazılmış səhifəsi olan yanvar hadisələrində burada təşkilatlanmış zirehli texnika və canlı qüvvə gecə yarısı qəfildən kazarmalardan çıxarılıb dinc əhalinin üzərinə yeridildi. Texnikanın səsi insanların fəryadına qarışmış, gecənin sükutuna bir vəhşət qatmışdı. Əməliyyatın xaincəsinə gecəyarısı başladılmasının məqsədi də xalqı bu üsulla qorxutmaq idi. Azadlıq uğrunda mübarizəyə qalxmış xalq öz ordusu tərəfindən gülləbaran edildi. Çox sayda günahsız insanın ölümü, qocaların, körpələrin ah-naləsi, puç olmuş arzular, yarım qalmış xəyallar... bunlar bünövrəsi xalqlar dostluğu ilə yoğrulmuş dövlətin  haqqını tələb etmək üçün əliyalın küçələrə axışmış vətəndaşına tutduğu divan idi. Çox təəssüf ki, bu qanlı səhifədə Salyan kazarmalarının da adı hallandı. Səbəb isə sovet hərbi bazasının burada yerləşməsi idi. 
Salyan kazarmaları yalnız hərbi texnika və taktika öyrədilən məkan olmayıb, eyni zamanda, minlərlə insanın gənclik illərini, dostluq xatirələrini paylaşdıqları "ikinci ev" olub. Paylaşılmış çətinliklər, gecə növbələri, əsgər oyunları birlikdə hərəkət etmənin vacibliyini öyrədirdi. Silahın, texnikanın düzgün saxlanması, növbəni  vaxtında dəyişmək kiçik, lakin həyati, təşkilati bacarıqları formalaşdırır, təlimlər, dərslər şəxsi heyətdə Vətənə məhəbbəti gücləndirirdi. Burada formalaşan vərdişlər və dəyərlər bəzən ömrün sonunadək həyata öz möhürünü vururdu. Yaşanmış dövr, əslində, sadəcə hərbi təlim deyil, dostluq və vətənpərvərlik ruhunun  öyrədildiyi unudulmaz bir mərhələdir. Kazarma divarları arasında yaşanan insan hekayələri, buradakı həsrət, cəsarət, sevgi hissləri indi də xatirələrdə yaşanmaqdadır. Sosial şəbəkədə təsadüfən sovet dövründə Salyan kazarmalarında xidmət etmiş zabit və əsgərlərin yazışmasına rast gəldim. Oxuduqlarım məni çox təsirləndirdi. Onlar buradakı həyatlarını canlandırır, yaşadıqları günlərin səmimiliyini, gözəlliyini anladır, o günlər üçün, o dostluqlar üçün darıxdıqlarını vurğulayırdılar. Bu köhnə binalar indi susqunluq içərisində dayansalar da, hər daşında, küçələrində, bağçalarında, səkilərində min bir hekayə gizlənir. Burada gəncliyin şirin həsrəti, sarsılmaz dostluqları, gülüş səsləri, qorxu və ümid izləri var. Hər yer birinin addımını xatırlayır, səhər zəngi ilə titrəyən ürəklər, yuxusuzluqla yadda qalan növbələr... Bir zamanlar komandir otağı adlanan bağlı qalan, indi isə o günlərin həsrətini çəkən hündür qapılar, küçənin sonunda yarısökülmüş bağça, üstündə hər axşam xəyallar qurulan oturacaqlar yaşanmış taleləri, burada keçən ömürləri, soyuq divarlar arxasında isti ürəkləri anladır.
Salyan kazarmalarının digər mühüm elementi isə alay kilsəsi idi. Çar Rusiya ordusunun alaylarının hər birinin öz kilsəsi vardı və şəxsi heyət alay ruhanisinin rəhbərliyi altında müəyyən edilmiş vaxtlarda həmin kilsələrdə ibadətlə məşğul olurdular. Bu kilsələr rus pravoslav kilsə üslubunda tikilirdi. 1909-cu ildə Salyan kazarmalarında tikilmiş müqəddəs Sen-Mironosiç adına kilsənin arxitekturası əsasında Rusiyada 60-a yaxın kilsə ərsəyə gəlmişdi. Kilsənin tikintisinə Rusiya Hərbi Nazirliyi tərəfindən 42 min rubl. məbləğində maliyyə vəsaiti ayrılmış, bu vəsait yalnız kilsənin tikintisinə kifayət etmişdi. Daxili tamamlama işlərinin aparılmasına və dini tərtibatına isə, ianə hesabına toplanan pullar sərf edilmişdi. Mövcud olan məlumata görə Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev də kilsənin daxili tərtibatı üçün vəsait ayırmışdı.
Salyan kazarmaları Azərbaycanın hərb tarixində vacib məkan olaraq xüsusi yer tutur. Azərbaycan Ordusunun inkişafı, xalqın müstəqillik uğrunda mübarizə tarixindəki yerini daha aydın nümayiş etdirmişdir. Bu gün Salyan kazarmaları müstəqillik tarixini əks etdirən mühüm abidə kimi qorunmaqdadır. Kazarmalar dövrün hərbi həyatı, ordunun strukturlaşdırılması və  millətçiliyin güclənməsi ilə bağlı dəyərli məlumatları özündə ehtiva edir. Bu cür abidələr müstəqillik və milli ruhun formalaşmasına  mühüm təsir göstərmişdir.
Salyan kazarmaları Azərbaycan Ordusunun inkişafında vacib bir mərhələni təmsil edir. Bu kazarmalar Azərbaycan xalqının mübarizə ilə dolu keçmişini, qəhrəmanlıq ənənələrini, milli şüuru yaşatmaq üçün əsas simvoldur. Onların müasir dövrdə qorunması, təbliği Azərbaycan Ordusunun inkişafını gələcək nəsillərə öyrətmək baxımından əhəmiyyətlidir. Tarixi və memarlıq baxımından da Salyan kazarmaları böyük potensiala malikdir. Gələcəkdə kazarmalar regional tarix və etnoqrafiya muzeyi rolunu oynaya bilər. Burada XIX-XX əsrlərdə bölgədə yaşanmış hərbi və sosial həyat nümayiş etdirilə, tarixi sərgilər, sənədli filmlər, ekskursiyalar təşkil oluna, yeni sənətkarlıq və folklor guşələri yaradıla bilər. Bu da turizmin cəlb olunmasına yol açar. Buradan gənclər üçün inkişaf və təlim proqramları, mədəni tədbirlər - qalereyalar, yaradıcılıq festivalları, kino və sənədli filmlərin çəkilişi üçün məkan kimi də istifadə oluna, xatirə parkı salına bilər.

Sevinc QULİYEVA "Azərbaycan Ordusu"