Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Avqust 2025 12:45

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi (İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə kömək)

Mövzu: Azərbaycan Respublikasının müdafiə qüdrətinin və ordunun döyüş qabiliyyətinin daha da  yüksəldilməsinə yönəlmiş fəaliyyətlər. Hərbi hissə və birləşmələrin müasir dövrdə  əsas vəzifələri.

Suallar:

1. Azərbaycan Respublikası rəhbərliyinin ölkənin müdafiə qüdrətinin və ordunun döyüş qabiliyyətinin daha da yüksəldilməsinə yönəlmiş fəaliyyətləri.

2. Hərbi hissə və birləşmələrin müasir dövrdə əsas vəzifələri.

Azərbaycan Respublikası rəhbərliyinin ölkənin müdafiə qüdrətinin və ordunun döyüş qabiliyyətinin daha da yüksəldilməsinə yönəlmiş fəaliyyətləri

Hər bir dövlətin gücünü müəyyən edən əsas amillərdən biri onun hərbi potensialı və müdafiə qabiliyyətidir. Azərbaycan Respublikası beynəlxalq aləmdə güclü bir iqtisadiyyata malik bir ölkə kimi tanınmaqla yanaşı, həm də NATO standartlarına uyğunlaşmış modern bir ordusunun olması ilə də diqqəti cəlb edir. Ordu dövlətin təməl prinsiplərindən biri, təhlükəsizliyin əsas təminatçısıdır. Sabitlik, dinamik inkişaf və güclü ordu quruculuğu müasir Azərbaycan üçün əsas xarakterik cəhətlərdir və bu cəhətlər bir-birinə sıx bağlıdır. 
Azərbaycan Ordusunun dünyanın ən güclü orduları sırasında yer alması təsadüfi deyil. Bunu təmin edən amil xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu nizami və güclü ordu quruculuğu prosesi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində gündən-günə daha da möhkəmlənir, döyüş qabiliyyətini artırır. Müstəqil ölkəmizin güclü, qüdrətli ordusunun memarı olan Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə müstəqillik illərində ordu quruculuğu prosesinin dövrün çağırışlarına müvafiq olaraq ardıcıllıqla həyata keçirilməsi Azərbaycanın hərbi qüdrətinin artırılması işinə mühüm töhfələr vermişdir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müstəqil dövlət quruculuğunun bütün sahələri kimi, ordu quruculuğu sahəsində də uğurla həyata keçirilən siyasət nəticəsində Azərbaycan Ordusu yalnız bölgədə deyil, dünyanın inkişaf etmiş orduları arasında özünə layiqli yer tutub. Qoşunların maddi-texniki bazasının davamlı olaraq təkmilləşdirilməsi, döyüş hazırlığı təlim-məşqlərinin real döyüş vəziyyətinə daha da yaxınlaşdırılması, Silahlı Qüvvələrdə mənəvi-əhval ruhiyyənin sağlamlaşdırılması, ordunun milli kadr hazırlığının uğurla davam etdirilməsi, ordunun struktur islahatlarının onun qarşısında duran vəzifələrə uyğun aparılması, nizam-intizamın gücləndirilməsi, şəxsi heyətə sosial qayğının daim diqqət mərkəzində saxlanılması Azərbaycan Ordusunun daha da güclənməsinə imkan yaradıb. Yüksək kadr potensialı və geniş maddi-texniki bazası olan yerli hərbi məktəblərlə yanaşı, hərbçilərimiz bir sıra vacib ixtisaslar üzrə təhsil almaq üçün Türkiyə, Rusiya, Pakistan və digər ölkələrə göndərilir. Eyni zamanda, Azərbaycan hərbçiləri NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində təşkil olunan müxtəlif ixtisasartırma və təlim kurslarında da yaxından iştirak edirlər. Azərbaycanın NATO ilə əlaqələri artıq "Fərdi Tərəfdaşlığın Fəaliyyət Planı" çərçivəsində inkişaf edir. Bu isə ordu quruculuğu prosesində növbəti nailiyyətlərin qazanılması üçün möhkəm təməl deməkdir.
Azərbaycan Respublikasının müdafiə sisteminin gücləndirilməsi, Silahlı Qüvvələrin tərkibində olan bütün qoşunlarda həyata keçirilən islahatlar Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin öz vədinə sadiqliyini təsdiq edir. Bu illərdə dövlət başçısının xüsusi nəzarəti, tapşırıqları, göstərişləri və təşəbbüsləri ilə təhlükəsizlik siyasətini həyata keçirən və bu istiqamətdə praktik fəaliyyət göstərən strukturlardan, ilk növbədə, ordunun yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi üçün gərgin, səmərəli, məqsədyönlü iş aparılmışdır. Azərbaycanın maliyyə imkanlarının artması nəticəsində Silahlı Qüvvələrin tərkibindəki bütün qoşunların döyüş imkanlarının artırılması və ən müasir tələblər səviyyəsinə çatdırılması üçün qabaqcıl dövlətlərlə uğurlu əməkdaşlıq həyata keçirildi. Müzəffər  Ali Baş Komandan cənab İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycan Ordusu arsenalını modern silah və hərbi texnika ilə zənginləşdirir, müasir döyüş imkanlarını uğurla mənimsəyir. 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər, müharibə dövründən sonra qələbə ilə yekunlaşan digər əməliyyatlar və 2023-cü ilin sentyabrında cəmi bir günə uğurla başa çatdırdığı antiterror əməliyyatı ordumuzun gücünü bir daha bütün dünyaya sübut etdi. 
Müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında tərəqqi yolunda inamla addımlayan dövlətimiz hazırda iqtisadi, sosial, siyasi və mədəni həyatında böyük təkamül yolunu inamla keçərək sabit, təhlükəsiz və müasir həyat səviyyəsini təmin etmiş ölkə kimi dünyada tanındı. Ölkənin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artmış, cəmiyyətdə dövlətçilik ənənələri güclənmiş, müasir sosial-iqtisadi infrastruktur quruculuğu uğurla həyata keçirilmişdir. Öz tarixi ərazi bütövlüyünü təmin etməklə ölkəmiz yeni qlobal reallıqlar fonunda növbəti və daha böyük transformasiya astanasına keçid edir.
Silahlı Qüvvələrin gücü təkcə ölkənin hərbi qüdrəti demək deyil, bu, eyni zamanda, dövlətin beynəlxalq siyasət və təhlükəsizlik arenasında mövqeyinin qorunması baxımından əhəmiyyətli amildir. Azərbaycan Respublikası dünya miqyasında sabit və dayanıqlı iqtisadiyyatı, eləcə də böyük maliyyə resursları olan, mühüm geosiyasi və geoiqtisadi mövqe tutan, qlobal enerji təhlükəsizliyinin təminatında strateji rol oynayan dövlətə çevrilmişdir. Artan iqtisadi güc və beynəlxalq nüfuz Azərbaycan Respublikasına Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatlarının mənzərəsini dəyişdirməyə qadir olan iri layihələrin təşəbbüskarı kimi çıxış etmək imkanı yaratmışdır.
Təbii ki, Azərbaycan hərbi potensialını genişləndirmək üçün özünün sürətlə artan iqtisadi imkanlarından hərtərəfli şəkildə bəhrələnir və bu iş lazımi səviyyədə həyata keçirilməkdədir. Bu gün ən müasir silah-sursat, daha çox yüksək dəqiqliyə, böyük dağıdıcı qüvvəyə malik olan silahlar alınır və müasirləşmə prosesi daim aparılır. Görülən bütün işlərlə yanaşı, ölkəmizdə hərbi sənaye də çox sürətlə inkişaf edir. Məhz uğurlu siyasət nəticəsində Müdafiə Sənayesi Nazirliyində müdafiə təyinatlı məmulatların istehsalının həyata keçirilməsi ölkəmizin hərbi qüdrətinin artmasının mühüm göstəricilərindən biri olmaqla yanaşı ordumuzun potensialını da gücləndirir. Görülən işlərin nəticəsidir ki, Azərbaycan Ordusu quruda, suda və havada döyüş tapşırığını yerinə yetirmək, ölkəni istənilən təhdidlərdən müdafiə etmək qüdrətinə malikdir. Beynəlxalq hərbi tədqiqat mərkəzlərinin rəyinə görə, Azərbaycan Ordusu regionun ən hazırlıqlı və müasir hərbi strukturu sayılır. Ordumuz, həmçinin dünyanın ən güclü 50 ordusu sırasında yer alır.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsində başlıca rol oynayan, Azərbaycanın hərb salnaməsinin qızıl səhifəsini yazan rəşadətli Azərbaycan Ordusu döyüş meydanındakı əməliyyatları ilə dünyanın hərb tarixində yeni nümunələr yaratdı. Silahlı Qüvvələrimizin ötən son 22 ildə Azərbaycan Respublikasının Prezidenti, Silahli Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin xüsusi diqqəti altında həyata keçirilən ordu quruculuğu prosesinin səmərəliliyi döyüş meydanında təcəssümünü tapdı.

Hərbi hissə və birləşmələrin əsas vəzifələri

 Azərbaycanda ordu quruculuğu dövlət səviyyəsində, dövlətin yaxından iştirakı və qayğısı ilə aparılmaqdadır. Bu iş şəxsən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi və nəzarəti altında həyata keçirilir. Dünyanın inkişaf etmiş ölkələrinin hərbi quruculuq təcrübəsi öyrənilir və müasir tələblərə cavab verən ordu yaratmaq istiqamətində işlər aparılır. Azərbaycan Ordusu yeni inkişaf mərhələsinə qədəm qoyub və yüksək hərbi intizamın saxlanılması üçün müvafiq tədbirlər görülərək islahatlar aparılır.
Bu gün iqtisadi yüksəlişi ilə diqqətləri özünə cəlb edən ölkəmiz yaradılmış rəşadətli ordusu ilə də hər bir azərbaycanlının qürur mənbəyinə çevrilib. Bütün dünya Cənubi Qafqazın lider dövləti olan Azərbaycan Respublikasının regionun ən güclü ordusuna malik olduğunu təsdiq edir. Azərbaycan Respublikasının Ermənistanın işğalından azad edilmiş ərazilərimizdə hərbi hissələrin müasir standartlara uyğun qurulması, şəxsi heyətin həyat və məişət şəraitinin yaxşılaşdırılması, müasir silahlarla təminatı istiqamətində görülən işlər sayəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları ilə bir cərgədə öz layiqli yerini tutub.
Azərbaycan Ordusunun ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün bərpası uğrunda apardığı uğurlu əməliyyatlar bir daha sübut edir ki, ordu quruculuğu istiqamətində aparılan dövlət siyasəti Azərbaycan Ordusunun möhkəmlənməsi və peşəkarlığına xidmət edir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulayıb ki, ordu quruculuğu, müdafiə potensialının möhkəmlənməsi və güclü ordunun yaranması dövlət üçün, hökumət üçün və hər bir vətəndaş üçün bir nömrəli vəzifədir. Biz bu istiqamətdə səylərimizi davam etdirərək, hər an dövlətimizin müstəqilliyini qorumağa hazır olmalıyıq. Ordumuzun gücünü artıran, hərbçilərimizin döyüş əhval-ruhiyyəsini yüksəldən əsas amillərdən biri də Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin hərbi hissələrə ardıcıl səfərlər etməsi və hərbi qulluqçularla görüşməsidir. Bu görüşlərdə hərbi qulluqçulara sonsuz mübarizə əzmi aşılayan Silahlı Qüvvələrin Ali Baş Komandanı bununla da orduya diqqət və qayğısını əyani şəkildə nümayiş etdirir. 
Dövlətimizin regionda müstəqil siyasət apara bilməsi üçün yüksək döyüş hazırlıqlı ordusu olmalıdır. Yaranmış hərbi-siyasi vəziyyət Azərbaycan Ordusunun hissə və birləşmələrinin daim döyüş hazırlıqlı, Azərbaycanın müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəldilən hər bir təcavüzə, eləcə də terrorçuluğa layiqli cavab verməyə qadir olmağı tələb edir. Bunun üçün isə Azərbaycan Ordusunun qarşısında 2025-2026-cı tədris ilində aşağıdakı əsas vəzifələr qoyulmuşdur:
- döyüş və mənəvi-psixoloji hazırlıqda əldə olunmuş nəticələrlə kifayətlənməmək, döyüş hazırlığını daha da təkmilləşdirmək, şəxsi heyətin döyüş ruhunu yüksək səviyyədə saxlamaq;
- şəxsi heyəti Azərbaycan xalqına, dövlətinə və Prezidentinə sədaqətli olmaq, respublikanın suverenliyinin, ərazi bütövlüyünün və dövlətçiliyinin müdafiəsi üçün şəxsi məsuliyyət, hərbi yoldaşlıq, dostluq və qardaşlıq, hərbi hissəsinin döyüş ənənələrinə hörmət, hərbi borcu şüurlu surətdə yerinə yetirmək və döyüş bayrağına sədaqət ruhunda tərbiyə etmək;
- Azərbaycan Ordusunun nüfuzunun artırılması, hərbi qulluqçularda yüksək vətənpərvərlik təfəkkürünün, şəxsi heyətin azərbaycançılıq, Vətəninə, Hərbi Anda və xalqına sədaqət ruhunda tərbiyə edilməsi, hərbi qulluqçularda Azərbaycan xalqının tarixinə, milli adət və ənənələrinə dərin hörmətlə yanaşma tərzinin, Konstitusiyaya və vətəndaşlıq borcunun yerinə yetirilməsinə, yüksək döyüş və mənəvi-psixoloji keyfiyyətlərinin formalaşdırılması.
Bu gün Azərbaycan Ordusunun qarşısında respublikanın suverenliyini, ərazi bütövlüyünü və dövlətçiliyin müdafiəsini ayıq-sayıq qorumaq  vəzifəsi durur. Hər bir hərbi qulluqçu dərk etməlidir ki, o öz vəzifə borcunu vicdanla yerinə yetirməklə, döyüş və ictimai-siyasi hazırlıq dərslərində, təlimlərdə hərbi biliklərə dərindən yiyələnməklə, mənəvi-psixoloji və fiziki hazırlığını artırmaqla, intizamlı olmaqla Azərbaycan Ordusunun inkişafının yeni bir səviyyəsinə yüksəldəcək. 

Qeyd: İctimai-siyasi hazırlıq qrupunun rəhbəri mövzunu şərh edərkən hərbi hissənin, öz bölməsinin ötən tədris ilində döyüş və ictimai-siyasi hazırlığında qazandığı nəticələri bir daha dinləyicilərin nəzərinə çatdırmalı, 2025-2026-cı tədris ilində hərbi hissənin, bölmənin qarşısına qoyulmuş tapşırıqların çatdırılmasına və izah edilməsinə xüsusi diqqət yetirməlidir.

İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi