AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycanın Vətən müharibəsində əldə etdiyi möhtəşəm qələbə təkcə 44 günün deyil, illərlə formalaşdırılan müdrik siyasətin nəticəsidir. Bu zəfərin təməli 1993-cü ildə xalqın təkidli tələbindən sonra Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə qoyulmuşdur. O dövrdə ölkənin qarşılaşdığı xaos və parçalanma təhlükəsi şəraitində Ümummilli Liderin həyata keçirdiyi uğurlu islahatlar müstəqil dövlətçiliyin əsaslarını qoruyub saxlamaqla bərabər, uzunmüddətli strateji hədəfləri də müəyyən etdi. Zəfərə aparan yolun ilk və ən həlledici mərhələsi məhz bu dönəmə təsadüf edir.
1990-cı ilin əvvəlində Azərbaycan ağır sınaq dövrünü yaşayırdı. Həmin dövrdə bədnam qonşularımızın sayəsində ərazi bütövlüyümüz pozulmuş, ordu zəifləmiş, ölkədə siyasi böhran və anarxiya hökm sürürdü. Məhz belə bir dövrdə yenidən hakimiyyətə qayıdan dahi rəhbər Heydər Əliyev dövlətçilik ənənələrini bərpa etdi və ölkədə sabitlik təmin olundu, gələcək uğurlar üçün zəruri əsaslar formalaşdırıldı.
Ulu Öndər Heydər Əliyevin apardığı uğurlu islahatların nəticəsində ilk dəfə olaraq vahid və peşəkar ordu quruculuğunun əsası qoyuldu. Müdafiə Nazirliyi sistemində peşəkar hərbi kadrların hazırlanması üçün zəruri tədbirlər həyata keçirildi. Ümummilli Lider Heydər Əliyev qeyd edirdi ki, güclü dövlətin təməl dayaqlarından biri də onun güclü ordusudur. Müstəqilliyimizin ilk illərində ölkəmiz nizami orduya malik deyildi. Torpaqlarımızı azad etmək üçün peşəkar hərbçilər hazırlanmalı idi. Bu məqsədlə Ulu Öndər sistemli və ardıcıl şəkildə güclü ordu strategiyasını formalaşdırdı. Belə ki, onun qətiyyəti nəticəsində Silahlı Qüvvələrin strukturu möhkəmləndirildi, hərbi təhsil sahəsində beynəlxalq əməkdaşlıqlara start verildi. O illərdə əsas məqsəd təkcə cəbhədə vəziyyəti sabitləşdirmək deyildi, həm də uzunmüddətli güc balansını yaratmaq idi. Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti sonrakı illərdə öz bəhrəsini verdi.
Dahi şəxsiyyət Heydər Əliyev yalnız siyasi və hərbi sahədə deyil, həm də ideoloji müstəvidə də möhkəm təməllər qurdu. Onun əsasını qoyduğu azərbaycançılıq ideologiyası bu gün hər bir vətəndaşın milli kimliyini formalaşdıran dəyərə çevrilib. Xalqın birliyi Vətənə, torpağa bağlılığı, şəhidlik anlayışının müqəddəsliyi və vətənpərvərlik ruhunun cəmiyyətə aşılanması bu ideologiyanın əsas komponentləridir. Ulu Öndər hər zaman qeyd edirdi: "Biz torpaqlarımızı sülh yolu ilə, amma lazım gələrsə, hərbi yolla da azad etməyə hazır olmalıyıq". Bu strateji yanaşma Azərbaycan dövlətinin Qarabağ məsələsində dəyişməz mövqeyinin əsasını təşkil etdi. Ulu Öndərin diplomatik fəaliyyəti nəticəsində Azərbaycan dünyada tanınan, regional liderliyə, iddialı bir dövlətə çevrildi.
Ulu Öndər Heydər Əliyevin siyasi kursunu Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu gün uğurla davam etdirir. Xüsusilə, 2003-cü ildən sonra Azərbaycanın hərbi potensialının möhkəmləndirilməsi, beynəlxalq nüfuzunun artırılması, iqtisadi dayanıqlılığının təmin edilməsi bu strateji xəttin tərkib hissəsi oldu. Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan Ordusu regionun ən güclü ordularından birinə çevrildi.
2020-cil il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı həyata keçirdiyi genişmiqyaslı təxribatları nəticəsində mülki şəxslər və hərbi qulluqçu şəhid oldu, yaralandı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu əks-hücuma keçərək düşməni sarsıtdı. Azərbaycan Ordusu düşmənə ciddi zərbə vuraraq 30 ilə yaxın davam edən həsrətə 44 gün ərzində son qoydu. Və nəticədə 2020-ci il noyabrın 8-də Vətən müharibəsi Azərbaycan Ordusunun Böyük Zəfəri ilə başa çatdı. Bu tarixi Zəfər Ümummilli Lider Heydər Əliyevin illərlə formalaşdırdığı dövlətçilik strategiyası nəticəsində qazanıldı.
Azərbaycanın müasir hərb tarixi göstərdi ki, uğura və zəfərə aparan yol planlı, ardıcıl və milli maraqlara əsaslanan siyasətdən keçir. "Tarixi Zəfərimizin Heydər Əliyev mərhələsi" dedikdə, yalnız bir dövr deyil, bir təməl, bir başlanğıc, bir strategiya nəzərdə tutulur. Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqına təkcə sabitlik deyil, gələcəyə inam, azadlıq uğrunda mübarizə ruhu bəxş etdi. Bu gün Azərbaycanın qazandığı uğurlar, o cümlədən Qarabağ Zəfəri Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin canlı təzahürüdür. Onun əbədiyaşar irsi Azərbaycanın gələcək nəsillərinə yol göstərən bir mayak olacaq.
2025-ci il noyabrın 8-də Azərbaycan xalqı tarixi Zəfər Gününün beşinci ildönümünü böyük qürur hissi ilə qeyd edəcək. Beş il əvvəl - 2020-ci ilin məhz bu günü Qarabağın incisi olan Şuşa şəhəri işğaldan azad edildi və bununla da Ermənistan ordusu tam məğlubiyyətə uğradı. Bu gün Azərbaycan təkcə Zəfərini qeyd etmir, həm də bu Zəfərin arxasında dayanan ideoloji və siyasi irsi xatırlayır. Ümummilli Lider Heydər Əliyevin qoyduğu dövlətçilik təməlləri bu tarixi Zəfərin sütunu oldu.
İllər keçsə də, bu Zəfərin əhəmiyyəti azalmır, əksinə, bu tarixi qələbənin arxasındakı zəhmət, uzaqgörənlik, dövlətçilik təfəkkürü daha aydın izhar olunur. Zəfərimizin beş ili bizim üçün təkcə bir tarix deyil, həm də gələcək nəsillər üçün işıqlı bir yoldur.
Kifayət ƏLİYEVA "Azərbaycan Ordusu"