AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Hərbi hissələrin və bölmələrin daimi yerləşmə yerlərində, düşərgələrdə və döyüş şəraitində yüksək döyüş hazırlığında olmalarını, qarşıya qoyulmuş döyüş tapşırıqlarını vaxtında və müvəffəqiyyətlə həll etmələrini, mühüm hərbi obyektlərin etibarlı mühafizəsini, bölmələrdə daxili qayda-qanunun saxlanılmasını, bölmələrin silah və sursatının, əmlakının qorunmasını təmin etmək üçün döyüş və ümumqoşun nizamnamələrinin tələbləri əsasında müvafiq xidmətlər təşkil olunur. Öz xüsusiyyətlərinə görə fərqlənən xidmətlərdən biri də daxili xidmətdir. Daxili xidmət Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinə uyğun olaraq hərbi hissələrdə, bölmələrdə, parklarda, tədris müəssisələrində, düşərgələrdə, eləcə də qoşunların yerdəyişməsi zamanı günün nizam qaydalarına ciddi riayət olunması, daxili qayda-qanunun saxlanılması, silah və sursatın, digər əmlakın qorunması üçün təşkil olunur.
"N" hərbi hissəsində daxili xidmətin gündəlik fəaliyyətilə yaxından tanış olmaq üçün əsgər yataqxanasına gəldik. Dəhlizdə divar boyu sənədlər lövhəsi, aylıq divar mətbuatı və başqa məlumatverici sənədlər asılıb. Giriş qapısı ilə üz-üzə gün növbətçisi dayanıb. Növbətçi gəlişimizin məqsədini öyrənəndən sonra hərbi hissə növbətçisilə əlaqə saxladı. Bundan sonra əsgər yataqxanasında həm növbətçilərin fəaliyyətini yaxından öyrəndik, həm də yaradılan şəraitlə tanış olduq. Daxili xidmətin təşkili haqqında məlumat verən kapitan Məmmədağa Cahangirov dedi: "Hər bölmənin öz növbətçiləri olur. Bölük növbətçiləri çavuşlardan, müstəsna hallarda daha hazırlıqlı əsgərlərdən təyin olunur. Gün növbətçiləri bölük növbətçilərinə tabe olur. Daxili xidmətə hazırlıq prosesində şəxsi heyətə hərbi nizamnamələr öyrədilir, hərbi qulluqçulara nizamnamə tələbləri ilə yaşamaq və xidmət etmək hissi aşılanır. Bu məqsədlə döyüş və humanitar hazırlıq məşğələlərindən əlavə mütəmadi olaraq məqsədyönlü təbliğat işləri də aparılır. Bölmələrdə mühazirələr oxunur, konfranslar keçirilir, söhbətlər aparılır. Vəzifəli şəxslər gənc əsgərlərə nizamnamələrin əsas müddəalarını izah etdikdə, gündəlik növbədə vəzifə borclarını bilmələrinə xüsusi diqqət edir, xidmətin aparılmasında möhkəm intizamın və yüksək sayıqlığın əhəmiyyətini daha dərindən anlamaqda onlara köməklik edirlər. Onların hər biri əvvəlcə vəzifə borclarını yaxşı öyrənir və xidmətə çıxmazdan əvvəl müvafiq qaydada təlimatlandırılırlar".
Bölük növbətçisi müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İbrahim Əsgərov qaydalar çərçivəsində yuxarı rəisə məruzə etdikdən sonra gün növbətçilərinin nəzarəti ilə dərs yerlərinə çıxmağa hazırlaşan şəxsi heyətə lazım olan əşyaları, silah-sursatı götürərək sıraya düzüldülər.
Növbətçilər əsgərlər Məhəmməd Bayramzadə, Xəyal Ağagülov və Ümid Məhmətov yataqxana daxilində səliqə-sahman yaradır, təmizliyinə və daxili intizamın təmin edilməsinə çalışırlar. Ümid Məhmətov bir ilə yaxındır ki, xidmət edir. Hərbi hissədə yaradılan şəraitdən, əsgərlərə göstərilən diqqət və qayğıdan, komandirlərin onlara qarşı olan münasibətindən razı qaldığını bildirdi. Əlavə olaraq dedi ki, onlar yataqxana daxilində və batareyaya təhkim edilmiş ərazidə müntəzəm təmizlik aparır və aparılan təmizliyi qoruyub saxlayırlar. Əsgər Ü.Məhmətov vurğuladı ki, daxili xidmətin aparılması məsuliyyətli və şərəflidir.
Əsgər Məhəmməd Bayramzadə gün növbətçisidir. O, dəhlizdə dayanmaqla həm yataqxanaya daxil olan hər kəslə bağlı batareya növbətçisinə məlumat verir, həm silah otağını mühafizə edir, həm də təlimata uyğun olaraq digər fəaliyyətləri də bacarıqla yerinə yetirir.
Bölmədə xidmətin düzgün təşkil olunduğunu, növbətçilərin vəzifə borclarına uyğun xidmət apardıqlarının şahidi olduq. Bir daha əmin olduq ki, şəxsi heyətin hər biri nümunəvi xidmət etməyə səy göstərir, Hərbi andın, nizamnamələrin və komandirlərin (rəislərin) tələblərini dəqiq və qüsursuz yerinə yetirməyə can atırlar.
Bəxtiyar ƏLİYEV "Azərbaycan Ordusu"