AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Biz yeniyetmə olanda İkinci Qarabağ müharibəsi başladı. Onda müharibənin nə olduğunu dərk eləsək də, nələr törətdiyini əhatəli bilmirdik - faciələr haqqında məlumatımız vardı, şəhidlərimiz haqqında məktəbdə də çox eşitmişdik, televiziyada da görmüşdük. Ancaq şagird kimi müharibə gedən dövrdə müharibəni söhbətlərlə, verilişlərlə izləyirdik, ağrı-acılarını biz də yaşayırdıq. Xalqın döyüşlərə, döyüşən əsgərlərə, döyüşçülərə sevgisini də eşidirdik. Qazanılan mövqe qələbələri bizim də ürəyimizi telləndirirdi...
Çağırışçı olduq. Bu illərdə mən idmanın cüdo və sambo növləri ilə məşğul olurdum. Bir-birinə ciddi səviyyədə yaxın olan bu iki idman növünün hər birində müəyyən nailiyyətlər də əldə etmişdim. Yeniyetmələr arasında respublika miqyaslı yarışlarda mükafata layiq yerlər də tutmuşdum. Mən hərbi xidmətə belə bir fiziki hazırlıqla getmişdim. Ona görə də yaxşı xidmət edəcəyimə əmin idim.
Hərbi xidmətin ilk günlərindən mən də nizamnamələrin tələblərinə ciddi əməl edirəm, komandirlərimizin, zabitlərimizin əmr və göstərişlərini məsuliyyətlə yerinə yetirirəm. Bunlarla bir sırada hərbi hissəmizin idman şərəfini də qorumağı özümə borc bilirəm - hərbi xidmətin, hərbi borcun davamı kimi...
"N" hərbi hissəsində xidmət edirəm. Mən də döyüş növbətçiliyi aparıram. Etiraf edim ki, döyüş növbətçiliyini hərbi xidmətimin ən gərəkli, ən məsuliyyətli saatları adlandırardım. Döyüş növbətçiliyi aparan əsgərə elə gəlir ki, dayandığı mövqe Vətənin ən həssas yeridi, bu həssas yeri müqəddəslik səviyyəsində qorunmalıdı - ona həvalə edilmiş sektorda "quş da uça bilməz". Belə xidmət edirik.
Xidmət etdiyim aylarda Vətənin müqəddəsliyini daha həssaslıqla dərk eləmişəm. Hərbi xidmət mənim də Vətən sevgimi kükrədib, mən də özümü İkinci Qarabağ müharibəsində tarixi Zəfər qazanmış döyüşçülərimizin davamçıları sırasında bilirəm.
Hərbi xidmət mənə də əsgər dostları verib. Biz asudə vaxtlarda işğaldan azad edilmiş ərazilərimizdə aparılan quruculuq işlərindən, hələ qəti qərara gəlməsək də, tərxis edildikdən sonra xidmətimizi quruculuq sahəsində davam etdirməkdən danışırıq. Haradasa oxumuşam: "Vətənə xidmət hərbi xidmətlə tamamlanmalıdı"...
Biz - mən də, əsgər yoldaşlarım da Vətənə həmişə əsgəri sədaqətlə xidmət edəcəyik.
Əsgər Turan SULTANOV "N" hərbi hissəsi