Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Avqust 2025 12:44

“Bundan sonra da şərəfli vəzifənin öhdəsindən layiqincə gələcəyik!”

Yay fəslidir. Havalar çox isti keçir. Temperaturun bu qədər yüksək olduğu bir vaxtda yolumuz uca dağların zirvəsində qartaltək qərar tutan, Ana Vətənimizi müdafiə edən əsgərlərimizin yanınadır. Onlarla söhbətlərimiz bizi fərəhləndirəcək. Ali Baş Komandanımızın əmri ilə torpaqlarımızın işğaldan azad olunması uğrunda başlanan əməliyyatlardan, qazanılan Qələbədən Zəfəri bizə yaşadanlardan danışacağıq.
Gözəl mənzərəni seyr edə-edə yolumuza davam edirik. Bu mənzərəni sözlə ifadə etmək, yazılarımıza köçürmək bəlkə də mümkün deyil. Uca dağların zirvəsində dayanan oğullarımızın mənzilinə çatırıq. Döyüş növbətçiliyi aparan bölmələrimizdən birindəyik. Leytenant Bayram Mustafayev mövqedə bizi qarşılayır. Gənc zabit əslən Lənkəran rayonundandır. Müddətli həqiqi hərbi xidməti Azərbaycan Ordusu tərəfindən 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən antiterror əməliyyatına təsadüf edib. Bayram da həmin əməliyyatın iştirakçısı olub. O da qalib Azərbaycan əsgəri kimi ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa edənlərin sıralarında olub. Bu əməliyyatda iştirakı onun sonrakı peşə seçiminə təsir edib. O da müqəddəs yolun yolçusu olmağı qərara alıb. Müddətli həqiqi hərbi xidmətini başa vurduqdan sonra 2024-cü ildə "Ehtiyat zabit hazırlığı kursu"na qəbul olunub. Kursu müvəffəqiyyətlə başa vuran leytenant B.Mustafayev ordumuzun bölmələrində zabit kimi xidmətə başlayıb.
Hərbi qulluqçumuz ilə döyüş növbətçiliyinin təşkili və aparılması barədə söhbətləşirik. Zabit bildirir ki, əsgərlərimiz xidmətə məsuliyyətlə yanaşırlar. "Gördüyünüz kimi, döyüş növbətçiliyi günün nizam qaydalarına uyğun olaraq təşkil olunub. Havanın temperaturunun yüksək olması bizim xidməti düzgün təşkil etməyimizə və aparmağımıza heç bir maneə törətmir. Əsgərlərimizin hər biri qorxmaz və cəsurdur. Döyüş növbətçiliyi zamanı qarşı tərəfin fəaliyyətini izləyir, hər hansı bir dəyişiklik baş verərsə, dərhal məlumat verirlər. Şəxsi heyət istənilən təxribatın qarşısını qətiyyətlə almağa qadirdirlər. Torpaqlarımızın keşiyində mətinliklə dayanan, ana Vətənimizi qoruyan, bir an belə düşünmədən bu amal uğrunda canlarından keçməyə hazır olan əsgərlərlə birgə xidmət etməyi özümə şərəf bilirəm".
Həmsöhbətim onu da bildirir ki, onlara təhkim olunmuş silahdan istifadə və təhlükəsizlik qaydalarına ciddi əməl etmək, döyüş növbətçiliyi zamanı ayıq-sayıq xidmət aparmaq kimi vacib məlumatlar təlimat zamanı mütəmadi olaraq çatdırılır.
Növbəti həmsöhbətim müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İsmayıl Nəzərlidir. "Əsgərlərimizin döyüş, atəş, fiziki hazırlıqları olduqca yüksək səviyyədədir. Onlar qarşıya qoyulan istənilən tapşırığın öhdəsindən asanlıqla gəlirlər. Yaranan çətin anlarda onlara bir dost, bir qardaş kimi köməyimizi əsirgəmirik. Məhz buna görə də əsgərlər buranı öz evləri, bir-birilərini  özlərinə qardaş, dost bilirlər. Belə vətənpərvər oğullarla tanış olmaq, birlikdə xidmət etmək, əlbəttə, qürurludur. Yuxarı komandanlıq tərəfindən də bizm üçün yaradılan şərait göz qabağındadır. Hər cür sosial-məişət şəraiti ilə təmin olunmuşuq, təminatlarımız da öz yerindədir. Bu cür diqqət və qayğının qarşılığında üzərimizə düşən vəzifə - xidmətimizi düzgün təşkil edib, torpaqlarımızın müdafiəsində mətin dayanmaqdır. İnanıram ki, bundan sonra da silahdaşlarımızla birlikdə bu şərəfli vəzifənin öhdəsindən layiqincə gələcəyik", - əsgər İsmayıl Nəzərli deyir.
Döyüş növbətçiliyi aparan cəsur əsgərlərimizin fikirlərini öyrənirik. Cəlilabad rayonundan ordu sıralarına çağırılan əsgər Əli Mirzəyev ilə həmsöhbət oluram. "Burada xidmət etdiyim üçün çox sevinirəm. Düzdür, asan deyil, lakin içimizdəki Vətənə olan sonsuz sevgimiz bu çətinlikləri bizə hiss etdirmir. Burada üstün keyfiyyətlər qazanmışıq. Düşünürəm ki, hər bir gənc hərbi xidmət dövrünü keçməlidir. Bu yol çətin olsa da, şərəflidir. Əsgər yoldaşlarımla birlikdə keçirdiyim zaman, hər bir gün mənim yaddaşıma həkk olunur. Burada özümə layiqli dostlar qazanmışam. Əsgərlikdə yaranan dostluq, həqiqətən də, möhkəm olur. Burada birlikdə çətinliklərə dözməyə, qarşımıza qoyduğumuz məqsədə nəyin bahasına olursa-olsun, nail olmağa çalışırıq", - deyə əsgər bildirir.
Növbəti həmsöhbətim əsgər Murad Nəsibli bildirir ki, hələ kiçik yaşlarından arzusu Vətənə övladlıq borcunu yerinə yetirənlərin sırasında olmaq olub. "Artıq xidmətimin çox hissəsini başa vurmuşam. Əsgəri xidmətimi düzgün təşkil edib, verilən əmr və tapşırıqları vaxtında yerinə yetirməyə çalışıram. Komandirlərimizin köməkliyi ilə hər birimiz bacarıqlı əsgər kimi formalaşmışıq. Keçirilən məşğələ və təlimlərdə əldə etdiyimiz bacarıqları döyüş növbətçiliyi zamanı tətbiq edirik. Komandirlərimiz də xidmətimizdən razıdırlar. Bu, bizim ruh yüksəkliyimizi daha da artırır".
Əsgərlər Kamal Nəbiyev, Xəyyam Gözəlov və digərləri komandirlərinin onlara aşıladığı hərbi biliklər sayəsində üzərilərinə düşən vəzifələrin öhdəsindən asanlıqla gəldiklərini, torpaqlarımızın müdafiəsində qətiyyətlə dayandıqlarını bildirirlər. Onlar bu gün qalib ordunun əsgərləri olaraq yüksək əhval-ruhiyyə ilə xidmət etdiklərini vurğulayırlar.
İgid oğullarımızla söhbətimiz ürəyimizə rahatlıq gətirir. Bölmədə olan abu-hava bizə havanın hərarətini də  unutdurur. Vətən müdafiəçilərimizə xidmətlərində uğurlar arzulayıb sağollaşırıq. Bir daha əmin oluruq ki, Azərbaycan əsgəri ərazilərimizi göz bəbəyi kimi qoruyur və istənilən təxribatın qarşısını almağa hazırdır.

Elçin İMANOV "Azərbaycan Ordusu"