Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Avqust 2025 17:03

Şəhidlər unudulmur!

Vətən insanın adını ilk dəfə tələffüz etdiyi, ayağının torpağa ilk dəydiyi, səmasını ilk dəfə gördüyü, ruhunun rifah tapdığı məkandır. O, gündəlik qayğılarla dolu həyatımızın içində bəzən adiləşən, lakin müqəddəsliyi azalmayan və heç zaman bizdən ayrılmayan bir hissdir. O, həm də sakit axan çayın səsi, torpağın qoxusu, quşların zümzüməsi, anamızın həzin laylasıdır. Vətən qürur yeridir, həm də şəhidlərin ruhunun şad olduğu məskəndir, səssizcə zirvələrdə dalğalanan şanlı bayraqdır... O, biz danışmadıqca da danışır, daim bizi xatırlayır, daim bizi bağrına basır. Daim bizə oğul deyir...
Bəzən, Vətən oğul dediyi övladlarını səssizcə çağırır. Bu çağırışa cavab verənlərdən bəziləri öz adlarını canı ilə, qanı ilə möhürləyir, silinməz Vətən tarixinə yazırlar.
Hər xalqın tarixində elə övladlar olur ki, onların adı sadəcə yaddaşlarda deyil, torpağın ruhunda, hər daşın nəfəsində, bayrağın dalğalanmasında yaşayır. Onlar yalnız bir ömrün deyil, bütöv bir xalqın qürurunun daşıyıcılarıdır. Elə bir xalqın ki, onun oğulları şəhadətə yol alanda, bizə müstəqil sabahlar ərməğan olaraq qalıb. Azərbaycanın müasir tarixi bu zirvələrlə doludur. İstər Birinci Qarabağ müharibəsi, istərsə də Aprel döyüşlərindən tutmuş, Vətən müharibəsinə qədər uzanan yolda minlərlə igid öz canını sipər etdi. Bu oğulların içində elələri var ki, təkcə hərbi rəşadətləri ilə deyil, həm də yaşadıqları həyatla, daşıdıqları dəyərlərlə bir xalqa örnək oldular. Onlar nəinki bir torpaq uğrunda, həm də bir xalqın heysiyyəti, izzəti sabahı, zəfəri üçün döyüşürlər. Onlar ölmürlər, özlərini gələcəyin işığına çevirirlər, əbədi yaşayırlar.
Şəhidlik hər insanın qismətinə düşməyəcək qədər uca, lakin hər birimizin borclu olduğu bir zirvədir. Müharibənin ilk sıralarında yer alan, torpağın səsinə, qardaşın ahına, ananın ürək yanğısına, amma bu yanğıda "Vətən sağ olsun" dediyi şükürə, üçrəngli Azərbaycan bayrağının dalğalanmasına biganə qalmayan insanlar, öz ömürlərini bizə örnək olaraq yaşayıb başa vururlar.
Azərbaycanın bu qeyrətli oğullarından biri də Xüsusi Təyinatlı Qüvvələrin giziri, igid döyüşçü Şəhriyar Nəsib oğlu Quliyev idi.
1990-cı il mayın 25-də Ağdam rayonunun Xaçındərbətli kəndində dünyaya göz açan Şəhriyar Vətən adlı bir sədanın övladı kimi böyüdü. Uşaqlıq illərindən əqidəli, səbirli və məqsədyönlü bir gənc idi. Təhsilə və hərbi xidmətə baxışı sıradan bir həyat mərhələsi kimi deyildi. O, Vətənə xidmət etməyi özü üçün borc bilirdi. Sumqayıt şəhərində yerləşən M.Füzuli adına 15 nömrəli tam orta məktəbi bitirdikdən sonra, 2009-cu ildə müddətli həqiqi hərbi xidmətə yollandı. Bu xidmət onun üçün yalnız hərbi borc yox, qələbəyə gedən bir yolun başlanğıcı oldu... Şəhidliyə aparan yol oldu…
2009-2010-cu illərdə "N" hərbi hissəsində xidmət edən Şəhriyar, qısa zamanda öz igidliyi, mərdliyi, cəsarəti ilə fərqləndi və “Gizir hazırlığı kursu”nu uğurla başa vurdu. Onun əqidəsi, əxlaqi keyfiyyətləri, peşəkarlığı, fədakarlığı və sarsılmaz ruhu hərbi rəhbərliyin də diqqətindən yayınmadı. 2010-cu ildə "kiçik gizir", 2019-cu ildə isə "gizir" rütbəsi verildi. Bu illər ərzində o, Xüsusi Təyinatlı Qüvvələr mənsubu kimi fəaliyyət göstərdi və bir çox təhlükəli tapşırıqların öhdəsindən bacarıqla gəldi.
Əldə etdiyi uğurlar sadəcə rütbə yüksəlişi ilə bitmədi. "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli və "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalları və bir sıra fəxri fərmanlarla təltif olunması onun göstərdiyi şücaətin əyani nəticəsi, əməyinin təzahürü idi. Lakin Şəhriyarın özü üçün ən böyük mükafat Vətənin bütövlüyü uğrunda savaşmaq, Azərbaycan torpaqlarını azad, xalqımızı firavan görmək idi. O gün gəldi…
2020-ci ilin sentyabrı... Azərbaycan Ordusu 30 ilə yaxın erməni işğalı altında olmuş torpaqlarını mənfur düşməndən azad etmək üçün əks-hücum əməliyyatına başladı. Şəhriyar döyüş meydanına sidq ürəklə və inamla daxil oldu. Cəbrayıl, Hadrut və Füzuli uğrunda gedən hərbi əməliyyatlarda cəsarətlə döyüşdü. O, təkcə şüurlu şəkildə əmrə tabe olan bir əsgər deyildi. O, Vətən sevgisinin silahlanmış halı, qoruyucu varlığı idi. Şəhriyar Quliyev 2020-ci il oktyabrın 21-də Füzuli rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid oldu. Şəhriyar, son nəfəsinə qədər döyüşdü, son gülləsinə qədər Vətənin yanında oldu. Vətən ona oğul dedi, o da şərəfli bir oğul kimi borcunu layiqincə ödədi.
Şəhid Şəhriyar Quliyev Sumqayıtda Şəhidlər xiyabanında torpağa tapşırıldı. Ruhunu Vətən səmalarına əmanət etdi. Ardınca böyük iz qoyub getdi, adını tarixə yazdırdı. Gələcək nəsillərə örnək oldu Şəhriyar Quliyev... Onun şücaəti dövlətimizin başçısıtərəfindən də yüksək qiymətləndirildi. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra "Qarabağ" ordeni və "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Vətən uğrunda" medalları da onun igidliyinin susmayan sədası oldu.
Şəhriyar həm də gözəl ailə başçısı idi. Onun bu dünyaya yadigar qoyduğu Ramal və Camal adında iki oğlu var. İndi o oğullar atasız böyüsələr də, Azərbaycanın hər qarış torpağında atalarının adını eşidirlər. Onlar bilirlər ki, atalarının adı təkcə bir məzar daşına deyil, bu Vətənin şanlı zəfər tarixinə yazılıb. Və onlar bilirlər ki, Vətən uğrunda ölən varsa, Vətən olur. Onların ataları da məhz elə Vətənin bütövlüyü, bölünməzliyi uğrunda vuruşdu, şəhidlik məqamına yüksəldi.
Şəhidlər unudulmur. Çünki onların adı minlərlə ürəkdə, minlərlə duada yaşayır. Şəhid Şəhriyar Quliyev kimi igid Vətən övladları sayəsində bu gün Azərbaycan qalib, güclü bir dövlətdir. Allah şəhidlərimizə rəhmət eləsin! Vətən sağ olsun!

Şəlalə DÜNYAMALIYEVA

"Azərbaycan Ordusu"