AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Həmid Həbib bəy oğlu Qasımbəyov 3 may 1923-cü ildə Naxçıvan şəhərində anadan olub. Kiçik yaşlarında ailəsi Gəncə şəhərinə köçüb və o burada Nizami rayonu 3 saylı məktəbdə təhsil almağa başlayıb. Onillik məktəbi bitirdikdən sonra Moskva Nəqliyyat İnstitutunun “Dəmir yolu tikintisi” fakültəsinə daxil olub. İkinci Dünya müharibəsi başladıqdan sonra təhsilini davam etdirməklə yanaşı, əlvan metallar zavodunda dəmirçi kimi işləyib. 1941-ci ilin payızında institut alman təhlükəsinə görə Moskvadan Tiflisə köçürülüb.
1941-ci ilin dekabrın sonunda Həmid Qasımbəyov Xəzər Dənizi Ali Hərbi Dənizçilik Məktəbinə daxil olub. 1945-ci ilin fevralında təhsilini bitirdikdən sonra leytenant Qasımbəyov Qara dəniz donanmasına xidmətə göndərilib.
1945-ci ilin mayın əvvəlində komandanın tərkibində Sakit okean donanmasına Vladivostok şəhərinə göndərilib. ABŞ-da istehsal olunmuş və SSRİ-ə dəstək üçün göndərilən yeni gəmilərin qəbulu ilə bağlı yaradılmış komissiyaya daxil olub. Burada tapşırığını yerinə yetirdikdən sonra mina təmizləmə gəmisinə şturman təyin edilib. 1945-ci ilin avqust-sentyabr aylarında Yaponiyaya qarşı döyüş əməliyyatlarında iştirak edib. Cənubi Saxalin və Kuril adalarını müdafiə etmək üçün təyin olunan minatəmizləmə gəmilərində xidmətə göndərilib. Kuril adalarının Port-Arturun mina əleyhinə müdafiəsi, Oxot və Yapon dənizlərinin, eləcə də Laperuz və Tatar boğazlarında minatəmizləmə əməliyyatlarında iştirak edib. 604 saylı minatəmizləmə gəmisində şturman kimi xidmət edən Qasımbəyov, güclü artilleriya atəşləri və yapon təyyarələrinin hücumu altında göstərdiyi xidmətə görə "Qırmızı Ulduz" ordeni ilə təltif edilib.
1948-ci ilin əvvəllərində baş leytenant Qasımbəyov "MTH-602" istehkamçı gəmisinin, 1949-cu ilin yazından isə ABŞ istehsalı olan 5 dəstə desant gəmisi və katerlərinin komandiri təyin olunub. 1949-cu ildə Həmid Qasımbəyov Baltik Dənizi Donanmasına məxsus hərbi dəniz bazasının istehkamçı gəmilər divizionunun komandiri vəzifəsinə təyin olunub. 1957-ci ildə isə Polşanın Svinouysçe şəhərindəki Sovet Hərbi Dəniz Donanmasının hərbi-müdafiə briqadasının komandiri vəzifəsinə təyin olunub.
1963-cü ildə keçmiş SSRİ Müdafiə Nazirliyinin ən güclü və strateji əhəmiyyət daşıyan Baltik Dənizi Hərbi Dəniz Donanmasının 71 saylı desant briqadasının komandiri təyin olunub. 1970-ci ildə SSRİ Hərbi Dəniz Donanması Komandanlığının xüsusi sərəncamı ilə Həmid Qasımbəyov Baltik Dənizi Hərbi Dəniz Donanmasının Baş hərbi qərargahının rəisi vəzifəsinə təyin olunub. 1971-ci ildə isə ona "kontr-admiral" ali hərbi rütbəsi verilib. 1973-cü ildən 1977-ci ilə kimi Baltik Dənizi Hərbi Dəniz Donanmasının qarnizon rəisi vəzifəsində fəaliyyət göstərib.
1973-cü ildə SSRİ Hərbi Dəniz Qüvvələrinin komandanı tərəfindən fəxri silah-qılıncla təltif edilib. SSRİ Ali Məclisinin 4 mart 1975-ci il göstərişi ilə kontr admiral H.Qasımbəyov "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilib. 2 dəfə "Qızıl Ulduz" medalı, 1 dəfə "Qırmızı əmək bayrağı" ordeni olmaqla, Polşa və Almaniya kimi xarici dövlətlərin medalları ilə yanaşı, 30-a yaxın medal və ordenlə mükafatlandırılıb. 1976-cı ildə "vitse-admiral" rütbəsinə layiq görülüb. 1977-ci ildə Xəzər Dənizi Hərbi Dəniz Donanmasının komandanı vəzifəsinə gətirilib. 1984-cü ildə səhhəti ilə bağlı ordudan tərxis olunub.
1980-ci ildən 1984-cü ilədək fəaliyyət göstərmiş Azərbaycan SSR Ali Sovetinin 10-cu çağırışında deputat seçilib. Həmid Qasımbəyov Tatyana Sidorova ilə ailə qurub. Bu evlilikdən iki qız və bir oğlu olub.
22 aprel 2005-ci ildə uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. İkinci Fəxri xiyabanda dəfn olunub.
Atası Həbib Qasımbəyov Qori şəhərində istehkamçı məktəbini bitirdikdən sonra yolların tikintisində işləməyə başlayıb. Birinci Dünya müharibəsində iştirak edib. Cəbhədən qayıtdıqdan sonra Nina Duşinskaya ilə ailə quraraq Bakıya köçüb. Azərbaycan Cümhuriyyəti dövründə sərhəd xidmətində xidmət edib.
18 aprel 2018-ci ildə Rusiya Federasiyasının Kalininqrad vilayətinin Baltiysk şəhər Dumasının deputatları tərəfindən Həmid Həbib oğlu Qasımbəvoyun adının əbədiləşdirilməsi ilə bağlı qərar qəbul edilib. Şəhərin Lenin küçəsindəki 11 saylı binanın qarşısında əfsanəvi admiralın memorial xatirə lövhəsi qoyulub.
"Azərbaycan Ordusu"