AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Camal Bədirov Şabran şəhərində anadan olub. Burada boya-başa çatıb, burada təhsil alıb. Düşüncələri burada Vətənin işığının səyyarəsi olub, duyğuları burada incələşib, durulaşıb, gözəlləşib. Uşaqlığından gözəl şeirə könül verib, səhərləri şeirlə açılıb, dan yerinin sökülməsində də şeiriyyət görüb, günün yaxmasında da, meh əsimində də, yağışın yağmasında da, kəsməsində də. İlləri bu biçim yaşayıb. Səkkizinci sinifdə oxuyanda yazdığı bir şeirin iki misrası ədəbiyyat müəlliminin xoşuna gəlib: Oğul doğulanlar əsgər olacaq, sevincdən göylərin gözü dolacaq! Camala müəyyən məsləhətlər verib...
Camal əsgər oldu, həm də gözəl şeirlər yazır...
Camal Bədirov orta məktəbi 2020-ci ildə bitirib. İqtisad Universitetində təhsil alıb, ali təhsilli iqtisadçıdı. İndi hərbi xidmətdədi. Gənc əsgər kimi hərbi xidmətin ilkin biliklərini, təcrübi vərdişləri o, da mənimsəyib. Qoşunlarda Nizamnamələrin tələblərinə uyğun xidmət edir, komandirləri onun xidmətindən razıdırlar.
Əsgər yoldaşları da Camalın hərbi xidmətini bəyəndiklərini deyirlər: "Hərbi xidmətə başlayandan səmimi münasibətimiz olub. O da hamımız kimi hərbi bilikləri həvəslə, məsuliyyətlə öyrənir. Təlimlərdə fəal iştirak edir. Bilmədiklərini, yaxşı başa düşmədiklərini soruşmağa çəkinmir. Komandirimiz deyir ki, bu xarakter əsgərin yaxşı əsgər kimi formalaşmasında olduqca əhəmiyyətlidir...", - əsgər Elvin Qənbərli əsgər yoldaşından qürurla söz açır. Onun dediklərini əsgərə əsgər xasiyyətnaməsi bilirik...
- Orta məktəbdə oxuyanda hərbi xidmətdən tərxis edilmiş qonşumdan eşitmişdim: “Ən uzun ömürlü dostluq əsgər dostluğudu. Biz də hərbi xidmətin ilk vaxtlarında müəyyən çətinliklərlə qarşılaşırdıq. Bu çətinlikləri bizdən əvvəl xidmət edən əsgər yoldaşlarımızın, zabitlərimizin məsləhətləriylə, tövsiyələriylə aradan qaldırırdıq. Hərbi xidmətə də alışırdıq, döyüş hazırlığımızı da artırırdıq. İndi yüksək döyüş hazırlığına mailk olan əsgərlərin sırasında özümüzü güclü əsgər kimi hiss edirik. Vətənin ərazi bütövlüyünün müdafiəçiləri sırasında olmaqla dostluğumuzun da cəfakeşiyik. Döyüş hazırlığımızı artırırıq, təkmilləşdiririk, Vətənimizə sevgimiz mətinləşir, dostluğumuz möhkəmlənir. Hamımız qürurlanırıq ki, əsgərik, qürurlanırıq ki, Vətəni dostlarımızın sırasında qoruyuruq. Mən şeirlər yazıram. İlk oxucularım da əsgər yoldaşlarımdı”...
Gözəl qürurdu, gözəl sevincdi, gözəl dostluqdu. Vətənsevərliyin yaratdığı bu qürur da hərbi xidmətə sevginin qürurudu...
Rəşid HÜSEYNOV
"Azərbaycan Ordusu"
Əsgər Camal Bədirovun bir qəzəlini təqdim edirik:
Tapılmaz
Düşdüm elə bir dərdə ona çarə tapılmaz,
Qəlb yaralanıb, cismidə bir yara tapılmaz.
İnsafsız olan yar məni tərk eylədi, getdi,
Axtarsan əgər mən kimi biçarə tapılmaz.
Hər aşiqin öz dərmanı yarın da olarmış,
"Axtar" dedilər, "Dərmanın ara", tapılmaz.
Zülmət gecələr rəngini bəxtimdən alıbdır,
Kimlər çəkəcək həsrəti bəs dara, tapılmaz.
Bildinmi, Camal, dünyada qüdrətdi məhəbbət,
Kim cəhd eləyər söz deyə rüzgara, tapılmaz...