Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Avqust 2025 17:03

“Qarabağ şəhid ailələrinin gözü ilə”

Şəhid ailələrinə, əlillərə və müharibə veteranlarına yüksək diqqət və qayğı göstərilməsi hər zaman dövlətimizin prioritet məsələsidir. Birbaşa Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və nəzarətində olan bu məsələ ilə bağlı ən ali səviyyədə müvafiq göstərişlər verilir, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm işlər görülür. Bütün sahələrdə şəhid ailələrinə, döyüşlərdə sağlamlığını itirmiş şəxslərə xüsusi diqqət və qayğı göstərilir. Bu kateqoriyadan olan insanların rifah halının yaxşılaşdırılması üçün mütəmadi olaraq proqramlar qəbul edilir, layihələr icra olunur və bu istiqamətdə gerçəkləşdirilən bütün məsələlər xüsusi diqqətdə saxlanılır. Belə layihələrdən biri də Müdafiə Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin (BHİK) təşkilatçılığı ilə baş tutdu.
Qeyd edək ki, Həmkarlar İttifaqları Komitələri istehsal sahələrində çalışan mülki işçilərin əmək, sosial və iqtisadi hüquqlarını, onların qanuni mənafelərini müdafiə edən ictimai qurumdur. Bu qurumlardan biri də Müdafiə Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsidir. Komitənin əsas məqsədi nizamnaməyə uyğun olaraq məşğulluq, əmək haqqının verilmə şərtləri, sağlamlığın və əməyin mühafizəsi, habelə sosial və hüquqi təminatlara riayət  edilməsi kimi məsələlərdə öz üzvlərinin hüquq və maraqlarının müdafiəsindən ibarətdir. BHİK yalnız istehsalatda çalışanların deyil, həm də şəhid ailələrini, döyüşlərdə sağlamlığını itirənləri və müharibə veteranlarını da diqqətdə saxlayır. Mütəmadi olaraq müxtəlif tədbirlər, sosial dəstək proqramları, görüşlər və mədəni-kütləvi  layihələr həyata keçirir. Belə tədbirlərdən biri də bu günlərdə baş tutdu. BHİK "Qarabağ şəhid ailələrinin gözü ilə" devizi altında şəhid ailələri və döyüşlərdə sağlamlığını itirənlər üçün işğaldan azad olunmuş ərazilərimizə səfər təşkil etdi. Səfər çərçivəsində onlar Ağdam Cümə Məscidi, Ağdam Şəhidlər xiyabanı, Əsgəran qalası, Xocalı Hava Limanı, Xankəndi şəhər gəzintisi, Cıdır düzü, Molla Pənah Vaqifin muzey-məqbərəsi, Yuxarı Gövhər Ağa məscidi və İsa bulağını ziyarət etdilər. Onlar bu ərazilərdə görülən  quruculuq və bərpa işləri ilə də tanış oldular.
Bu səfər təkcə bir ziyarət deyil, həm də qürur, minnətdarlıq və Vətən sevgisinin canlı təcəssümü oldu. Uzun illər həsrətini çəkdiyimiz o doğma torpaqlarımız igid övladlarımızın canı bahasına düşməndən azad edildi. Bu ərazilərdə düşmənə qan udduran, torpaqlarımızın azadlığı uğrunda canından keçən oğullarımızın ailə üzvləri və yaralanaraq sağlamlıqlarını itirənlər üçün təşkil olunan bu səfər həm duyğusal, həm də mənəvi baxımdan dərin məna daşıyırdı. Bu təşəbbüs dövlətimizin və xalqımızın şəhid ailələrinə  göstərdiyi qayğının və sonsuz ehtiramın daha bir təzahürüdür.
Müdafiə Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin Humanitar məsələlər üzrə sədr müavini Aygün Məmmədova ilə söhbətimizdə bildirdi ki, keçirilən belə tədbirlər bir daha göstərir ki, dövlətimiz şəhid ailələrini və müharibə veteranlarını heç vaxt unutmur. "Səfərimiz həm şəhidlərimizin xatirəsinə ehtiram, həm də onların ailələrinə mənəvi dəstək məqsədi daşıyır. Azad edilmiş torpaqlar döyüşçülərimizin rəşadəti ilə azad olunub və bu torpaqların hər qarışında onların izi var. Bu cür tədbirlər şəhid ailələrinin mənəvi dayaq nöqtəsinə çevrilir, onların gözlərindəki qürur və təşəkkür hər məqamdan  daha da dəyərli olur. Şəhid ailələrinin kövrək qəlblərini ovundurmaq, daim yanlarında olmaq vətəndaşlıq borcumuzdur. Çünki biz bu gün onların sayəsində qürur dolu tarixi günləri yaşayırıq. Bu səfər təkcə fiziki bir səfər deyil, həm də mənəviyyatla dolu bir yolçuluq oldu. Şəhid ailələri azad edilmiş torpaqlarda övladlarının igidliyi ilə bir daha qürur duydular. Komitəmizdə şəhid ailə üzvlərindən çalışanlar da var. Biz  onları həmişə diqqətdə saxlayırıq. Şəhid  övladları üçün müxtəlif sahələrdə tədbirlər həyata keçiririk. Bu günlərdə Mərkəzi Nəbatat Bağında "Xəyallarımı rəngləyirəm"  adlı rəsm müsabiqəsinə həsr olunmuş tədbir keçirdik və belə tədbirlərimizi, layihələrimizi silsilə şəklində davam etdiririk. BHİK şəhid ailələri və yaralı döyüşçülərimizlə daim sıx təmasda olur. Məhz bu layihəmizi də onların təklifi ilə reallaşdırdıq. Tədbirlərin birində Qarabağı ziyarət etmək təşəbbüsü onların özləri tərəfindən irəli sürülmüşdü. Biz də onu yerinə yetirərək "Qarabağ şəhid ailələrinin gözü ilə" devizi altında işğaldan azad olunmuş ərazilərimizə yollandıq", - Aygün Məmmədova dedi.
Aygün Məmmədova, həmçinin bildirdi ki, yolboyu onlar övladları haqqında xatirələrdən, onların göstərdikləri şücaətlərdən, qədirbilən xalqımızın şəhidlərimizin əziz xatirəsini daim uca tutmasından danışdılar. Onlara göstərilən maddi və mənəvi dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.
"Qarabağ şəhid ailələrinin gözü ilə" devizi altında baş tutan səfərin sonunda onların bəzilərinin təəssüratlarını öyrəndik, qürurla və kədərlə qarışıq hisslərinin ağuşunda dillərindən qopan hər kəlmə bizim üçün şirin bir xatirə oldu...
Şəhid Fuad Valeryeviçin anası Mətanət Məmmədova: "Oğlum Milli Aviasiya Akademiyasını bitirmişdi. 4 ay idi ki, hərbi xidmətə yollanmışdı. Çox fəal və savadlı uşaq idi. Pilot olmaq arzusu ilə yaşayırdı. O, Füzuli, Cəbrayıl  döyüşlərində iştirak edib. 21 oktyabrda Xocavənd istiqamətində gedən ağır döyüşlərdə şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib. Ağdamı,  Xocalını, Əsgəranı, Şuşa Qalasını görəndə igid oğullarımızın hansı gücə, vətənpərvərliyə, mübarizliyə qadir olduğunu hiss etdim. Sanki gəzdiyimiz torpaqlar bizlə danışırdı. Torpaqlarımız onları azad edən oğulların valideynləri kimi bizə, bu müqəddəs amal uğrunda yaralananlara da minnətdarlıq edirdi. Hisslərimi sözlə ifadə edə bilmirəm. Övladlarımızın döyüşdüyü yerdə həm duyğulanır, həm də qürur hissi keçirirəm. Allah bir daha ölkəmizə müharibə, ağrı-acı yaşatmasın. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və bizi tarixin bu çətin sınaqlarından üzüağ çıxaran Azərbaycan Ordusunun igid, mətin hərbi qulluqçularına öz təşəkkürümü bildirirəm. Bugünkü turun təşkilatçılarına da minnətdaram".
Şəhid Cavid Mirzəyevin anası Arzu Mirzəyeva: "Heç bilmirəm haradan başlayım? Bir ana üçün bu ağır yükü çəkmək həddindən artıq çətindir. Nə qədər çətin olsa da, danışmalıyam. Cavid İkinci Qarabağ müharibəsində ağır döyüş yolu keçib. O, Şuşa, Xankəndi və Füzuli istiqamətlərində döyüşüb. Döyüş yoldaşları deyirdilər ki, Cavid döyüşlərin birində çox sayda ermənini öldürüb. Müharibə vaxtı bütün döyüşçülərə dua edirdim. Oğlum 44 günlük Vətən müharibəsindən sağ-salamat qayıtdı. Lakin 2023-cü ildə antiterror əməliyyatı zamanı Xocavənd rayonu Cütcü kəndində Qırmızı Bazar istiqamətində şəhid oldu. Şəhid olmamışdan əvvəl "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Hərbi xidmətlərə görə", ölümündən sonra isə 3-cü dərəcəli “Rəşadət” ordeni və "Vətən uğrunda” medalı ilə təltif edilib. Müdafiə Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə təşkil olunan "Qarabağ şəhid ailələrinin gözü ilə" adı altında reallaşan səfərdə mən də iştirak etdim. Yol boyu həm duyğulanır, həm də qürurlanırdım. İşğaldan azad edilmiş torpaqlarımızı ziyarət etmək ürəyimcə oldu. Ağdam, Əsgəran, Şuşa qalası, İsa bulağı, Cıdır düzü və başqa yerlərdə olduq. Cıdır düzünə qalxanda güllə dəyən daşları gördüm. Sıldırım qayalara baxdıqca övladlarımızın necə çətin döyüş yolu keçdiyinin şahidi oldum. Həqiqətən, bu qayaları aşıb şəhəri azad etmək möcüzədir. Bizim oğullarımız mümkünsüzü ediblər, onlarla bir daha qürur duyduq. Mərhum şairimiz Məmməd Arazın bir misrası yadıma düşdü: "Torpaq, uğrunda ölən varsa, Vətəndir". Bizim oğullarımız bu torpaqları  Vətən etdilər".
Şəhid Vidadi Abbasovun qızı Aytən Abbasova: "Müdafiə Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə təşkil olunmuş bu səfərə dəvət olunmaq çox xoş oldu. Ona görə ki, arzularımız reallaşdı. Özüm də Ağdam rayonundanam. Səyahətimiz çox maraqlı keçdi. Birinci olaraq Ağdam Cümə Məscidini ziyarət etdik. Sonra Ağdam Şəhidlər xiyabanına, Əsgəran qalasına, Xocavəndə, Natəvan bulağına, Şuşa qalasına getdik. Ümumiyyətlə, nəzərdə tutulmuş yerləri gəzdik. Həmin gün ikiqat sevinc hissi yaşadım. Çünki həm də doğum günüm idi. Böyük fərəh hissi keçirdim. Mən bütün bunlara görə turu təşkil edənlərə, xüsusən də Müdafiə Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin əməkdaşlarına dərin təşəkkürümü bildirirəm. Atam Vidadi Abbasov Birinci Qarabağ müharibəsində döyüşüb. O, Ağdərənin Qazançı kəndi uğrunda gedən döyüş əməliyyatları zamanı şəhid olub. Atamla hər zaman qürur duyuram. 44 günlük Vətən müharibəsində atamla birgə bütün şəhidlərimizin qisası alındı. Biz şəhid ailələri dövlətimizlə, xalqımızla fəxr edirik. Ona görə fəxr edirik ki, İlham Əliyev kimi güclü, qətiyyətli Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız var. Yaşasın, Ali Baş Komandan! Yaşasın, Azərbaycan Ordusu!"
Səfər barədə təəssüratlarını qələmə aldığım hər kəs dövlətin və xalqın qayğısını daim üzərilərində hiss etdiklərini bir daha bildirdilər. Bu səfər Vətənə, torpağa, şəhidlərə və onların ailələrinə olan bağlılığın, sevginin təzahürü kimi özünü büruzə verdi. Belə tədbirlər dövlət və xalq arasında möhkəm körpü rolunu oynayır, şəhid ailələrinin və yaralı döyüşçülərimizin mənəvi təkliyinə son qoyur, onlar unudulmadıqlarını daima hiss edirlər.

Kifayət ƏLİYEVA

"Azərbaycan Ordusu"