Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Avqust 2025 17:03

Tarixə hərbi, hərbi-elmi münasibətin kitabı

Kitablar milli-mənəvi dəyərlər üçün, dövlət, dövlətçilik üçün gərəkli hadisələri tarix kimi yaşadır. Belə kitabların mahiyyətində tarixilik (və tarix!) çalarları da var, belə kitabların elmi dəyərini də məhz bu çalarlar müəyyənləşdirir.
Son 30 ilin gərgin siyasi və hərbi qarşıdurmaları Cənubi Qafqazda əmin-amanlığın, klassik termin olaraq dinc yanaşı yaşama prinsipinin nizamını pozmuşdu. Xarici siyasəti erməniliyə əsaslanan, Azərbaycanın ərazilərinin 20 faizini işğal edən Ermənistan mövcud status-kvonu saxlamaqla yeni ərazilər işğal etmək, xarici siyasəti dünyəviliyə, bəşəriliyə azərbaycançılığa söykənən Azərbaycan isə işğalı sonlandırmaq istəyirdi. Vətənpərvərliyin işğalçılığa qarşı ədalətli müharibəsi labüd idi. BMT Təhlükəsizlik Şurasının, ATƏT-in Minsk qrupuna daxil olan dövlətlərin həll edə bilmədiyi (həll etmək istəmədiyi) münaqişəni Azərbaycan Respublikası Prezidentinin döyüş əmri ilə Azərbaycan Ordusu həll etdi. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin hücumunun qarşısı qətiyyətlə alındıqdan sonra əks-hücum əməliyyatı kimi verilən bu əmr Vətən müharibəsi formatında davam etdirildi.
Müharibə başa çatdıqdan sonra müharibədən yazılan kitablar bu döyüşləri tarixləşdirmə missiyası kimi dəyərləndirilməlidir.
Analitik təhlillər əsasında yazılan "İkinci Qarabağ müharibəsi. Hərbi-siyasi təhlil" kitabı (müəlliflər: Heydər Piriyev, Rəşad Tahirov, Xəyal İskəndərov) Azərbaycanın ədalətli müharibəyə başlaması səbəblərini, müharibənin gedişini və nəticələrini, informasiya müharibəsində qurumlararası əməkdaşlığın yerini və rolunu müəyyənləşdirən, dünyəvi siyasətə təsirini əhatələyən hərbi elmi-tarixi kitab kimi oxunur, zaman ötüşdükcə tarixi mənbə kimi oxunacaqdır.
"İkinci Qarabağ müharibəsi. Hərbi-siyasi təhlil" kitabı nizami ordu olmaq etibarilə Azərbaycan Ordusunun müharibəaparma baxımından hərbi biliklərin, hərbi-texnoloji yeniliklərin ordu quruculuğuna hansı səviyyədə tətbiq edildiyinin də zəmanətidir. Son on illərdə Azərbaycanda ordu quruculuğu istiqamətində aparılan geniş miqyaslı islahatlar, ordunun ən müasir silahlarla, texnoloji baxımdan yeni döyüş texnikaları və uçuş aparatları ilə təchiz edilməsi, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, həm hərbi, həm də milli-mənəvi dəyərlər əsasında formalaşdırılması ordunun gücünü daha da artırmışdı. Ordu Ali Baş Komandanın istənilən döyüş əmrini yerinə yetirməyə hazır idi; "İkinci Qarabağ müharibəsi. Hərbi-siyasi təhlil" kitabında bu dinamika müharibəyə qədərki dövrün ordu quruculuğunda əldə edilən uğurların hərbi, hərbi-siyasi mahiyyətinin faktlarla təsdiqidir.
Böyük Vətən müharibəsi ilə Vətən müharibəsi (27 sentyabr 2020-ci il - 8 noyabr 2020-ci il) arasında mahiyyət uyğunluğu danılmazdır: faşistlərə qarşı aparılan ədalətli müharibə və işğalçı Ermənistana qarşı Azərbaycanın apardığı ədalətli müharibə. "İkinci Qarabağ müharibəsi. Hərbi-siyasi təhlil" kitabında Vətən müharibəsi, azərbaycançılığın müharibəsi, ruhun müharibəsi kontekstindən şərh edilib ki, bu da tarixə tarixi münasibət, tarixin hərbi-siyasi təhlili baxımından olduqca optimal yanaşmadır. Müəlliflər bu dəyərli kitabda Franklin Ruzveltin bir fikrini xatırladırlar: "Hitler Avropanın ətrafında qala qurub, lakin damını qoymağı unudub". Müəlliflər bu fikrin mahiyyətinin İkinci Qarabağ müharibəsində də saxlandığını, bir məqamla fərqləndiyini qeyd ediblər. Ermənistan ordusu işğal olunmuş rayonlarda mühəndis-istehkam maneələri qurarkən Azərbaycanın PUA sistemlərini nəzərə almamışdı. Bu sitat da, bu analogiya da kitabın (müəlliflərin) Azərbaycan Ordusuna gerçək sevgisinin təsdiqi kimi tarixləşib.
"İkinci Qarabağ müharibəsi. Hərbi-siyasi təhlil" kitabında Vətən müharibəsinin xarakterik xüsusiyyətləri hərbi baxımdan təhlilə cəlb edilib, hərbi-siyasi mahiyyəti müəyyənləşdirilib. Bu, gerçəkliyin dünya dövlətlərinin işğala, işğalçılıq müharibəsinə (erməniliyə) və ədalətli müharibəyə (azərbaycançılığa) münasibətinin təkcə məntiqlə deyil, həm də bu və ya digər əsərə - sənədə istinad edilməklə ifadəsidir; "İkinci Qarabağ müharibəsi. Hərbi-siyasi təhlil" kitabı Vətən müharibəsinin xarakterik xüsusiyyətlərini ayrılıqda nəzərdən keçirən, vəhdətdə öyrənən, bəşəri dəyərlər baxımdan ümumiləşdirən elmi, elmi-tarixi kitabdır.
Ermənistan müxtəlif, siyasi (və hərbi!) əsası olmayan məntiqsiz bəhanələrlə (dövlətin bəhanələrə söykənməsi dövlətçilik baxımından nə qədər acınacaqlıdır!) sülh danışıqlarından yayınırdı, regionda status-kvonu saxlamağa çalışırdı, Azərbaycan bəşəri dövlət olaraq torpaqlarını işğaldan azad etmək üçün sülh danışıqlarının davam etdirilməsini, status-kvonun ləğv olunmasını xarici siyasətinə prioritet bilirdi. Belə siyasi qarşıdurmaya son qoyulacaqdı, - Azərbaycan ədalətli müharibəyə başlayacaqdı. Və bu müharibə başladı. Bu dəyərli kitabda xarici hərbi ekspertlərin təhlilləri, 30 ilə yaxın davam edən işğalın həm hərbi, həm də hərbi-siyasi xarakterinin istər Azərbaycanda, istərsə də Ermənistanda inikasına baxış-rəylər nəzərdən keçirilib. Müəlliflər Vətən müharibəsinin xarakterik xüsusiyyətlərini hərbi, hərbi-elmi baxımdan düsturlaşdıra bilib. Bu, tarixdir, bu, Vətən müharibəsinin tarixidir. Müəlliflər təkcə məntiqi nəticə kimi deyil, faktlar assosiasiyası ilə təsdiq ediblər ki, Ermənistanın 2020-ci il 27 sentyabr hücumu yeni ərazilər işğal etmək niyyəti idi və "...oktyabr ayının əvvəllərində müharibəni dayandırmaq üçün haray salan Ermənistanın bunun üçün boşuna şikayətlənməkdən başqa heç bir tutarlı səbəbi yox idi. Nəticə etibarilə Ermənistan hakimiyyəti şansını həm danışıqlar masasında, həm də döyüş meydanında itirmişdi".
Müəlliflər Vətən müharibəsinin ictimaiyyətə məlum olmayan tərəflərini də göstərməklə, müharibənin tarixi, xarakteri, gedişi haqqında, texnoloji və texniki güvəncləri haqqında, ... məlumatlar verməklə Vətən müharibəsində Azərbaycan Ordusunun qələbəsini şərtləndirən amillərin qaynaqlandığı mənbələrə aydınlıq gətiriliblər. "Düşmənin HHM sistemlərinin yerini aşkar etmək məqsədilə Azərbaycan Respublikası Silahlı Qüvvələri dünya hərbi ekspertlərini heyrətləndirən bir metoddan istifadə etmişdi. Belə ki, kənd təsərrüfatında istifadə olunan istehsalı keçmiş sovet AN-2 təyyarələri, kabinəsinə xüsusi avadanlıq quraşdırılaraq pilotsuz uçurdular, onu aşkarlayan düşmən isə onları müasir PUA hesab edərək dərhal HHM sistemləri ilə vurmağa çalışır və beləliklə, öz mövqeyini aşkar edirdi. Dilan Malyasov qeyd edir ki, Yevlax hava limanında Azərbaycan Silahlı Qüvvələrinin 50-dən çox bu cür pilotsuz AN-2 təyyarəsi var idi. Bundan başqa aviasiya zərbəsi və PUA-ların tətbiqi zamanı düşmənin HHM bölmələrinin işə salınması passiv kəşfiyyat vasitələri tərəfindən aşkarlanır, dərhal aviasiya və PUA-lar düşmənin məhvetmə zonalarından çıxarılırdı və eyni zamanda, REM vasitələri ilə düşmənə aktiv radiomaneələr tətbiq edilirdi. Sonra düşmənin aşkar edilmiş HHM vasitələrinin yeri dəqiqləşdirilir və onların məhv edilməsi planlaşdırılırdı. Nəticədə Azərbaycana məxsus dronlar aşkar olunan düşmən HHM sistemlərini yerindəcə məhv edirdi. Ermənistan ordusu Azərbaycana məxsus PUA sistemlərini deyil, kənd təsərrüfatında istifadə olunan AN-2 təyyarələrini vurduğunu anlayanda Azərbaycan Ordusu Ermənistanın Dağlıq Qarabağ ərazisində yerləşdirdiyi HHM sistemlərinin əksəriyyətini məhv etmişdi..." Müəlliflər bu fikri Vətən müharibəsində Azərbaycan Ordusunun Zəfər qazanacağına əminliyin ifadəsi kimi təqdim ediblər.
Digər amillərlə bir sırada Azərbaycan rəhbərliyinin siyasi iradəsi amili də İkinci Qarabağ müharibəsində - Vətən müharibəsində qazanılan tarixi Zəfərdə başlıca amillər sırasında təhlil edilib. Həm də hərbi, hərbi-tarixi aspektdə. Müəlliflər 2016-cı ilin Aprel döyüşlərində Azərbaycan Ordusunun hücumunun müəyyən ərazilər işğaldan azad edildikdən sonra dayandırılması ilə bağlı yaşanılmış əndişələrin - təəssüflərin, narahatlıqların 2020-ci il sentyabrın 27-də başlayan əks-hücum əməliyyatında da yaşanılma ehtimalına görə narahatlıqlar yaşadığını qeyd edirlər - haqlı və gərəkli müşahidədir. Müəlliflər bu məqamı da təhlilə cəlb etmiş, onun əsgəri qətiyyətə, Vətənə, dövlətə, dövlətçiliyə sədaqətə görə sona qədər davam etdirildiyini, Zəfərlə tamamlandığını vurğulayırlar. 
Ali Baş Komandan İlham Əliyevin İkinci Qarabağ müharibəsi başladığı ilk günlərdən nümayiş etdirdiyi siyasi iradə nəinki erməni ictimaiyyətində, hətta bütün dünyada rezonans yaratdı. Belə ki, əgər Vətən müharibəsi başlayana qədər dünyəvi siyasətdə, əsasən onun diplomatik manevrləri, öz arqumentlərini əsaslandırmağa imkan verən tarixi-siyasi biliyi daha çox müzakirə olunurdusa, müharibə başlayandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müxtəlif televizya kanallarına verdiyi müsahibələrdə, Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbərliyi və ali rütbəli zabitləri qarşısında çıxışlarında, eləcə də Azərbaycan xalqına müraciətlərində dürüstlük, səmimiyyət, ədalət, qətiyyət, səriştə, faktlara hörmət və sayıqlıq kimi əsl Ali Baş Komandan keyfiyyətlərini nümayiş etdirdi. Bu fikir "İkinci Qarabağ müharibəsi. Hərbi-siyasi təhlil" kitabında öz əksini belə tapıb, dövrün reallığını belə ifadə edib.
Müəlliflər son on illərdə olmuş müharibələrlə analogiyalar da İkinci Qarabağ müharibəsinin xarakterik xüsusiyyətlərini ayırma, fərdiləşdirmə, ümumiləşdirmə üçün tarixi istinad kimi dəyərləndirilməlidir.
Kitabda strateji müttəfiqliyi şərtləndirən amillər göstərilib. Şuşa Bəyannaməsinin mahiyyəti də şərh edilib. Müəlliflər 2021-ci il iyunun 15-də "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanmasını Azərbaycan Respublikasının 30 illik müstəqillik tarixində ən əlamətdar hadisələrdən biri adlandırır. Bu, gerçəkliyin ifadəsidir...
İkinci Qarabağ müharibəsi başa çatdı. "İkinci Qarabağ müharibəsi. Hərbi-siyasi təhlil" kitabında qeyd edildiyi kimi, atəşkəs haqqında 10 noyabr 2020-ci il tarixli bəyanat ümumilikdə Azərbaycan üçün Zəfər, Ermənistan üçün kapitulyasiya müqaviləsi oldu"...
Bu dəyərli kitab təsdiqləyir ki, Vətən müharibəsi xalqın müharibəsi idi - Zəfərlə nəticələndi...
"İkinci Qarabağ müharibəsi. Hərbi-siyasi təhlil" kitabı tarix haqqında kitabdır, mahiyyəti etibarilə tarixi kitabdır...
Bu dəyərli tarixi, tarixi-elmi kitab onu da təsdiqləyir ki, Vətən müharibəsi vətənsevərliyin (azərbaycançılığın) işğalçılıq (ermənilik) üzərində tarixi Zəfəridir.

Rəşid HÜSEYNOV

"Azərbaycan Ordusu"