AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Vətənpərvərlik kəlməsi dərin anlam kəsb edir. Bu müqəddəs hiss tarixi köklərə bağlıdır. Ata-babalarımızın, əcdadlarımızın bizə əmanəti olan Vətənimizi, torpağımızı sevmək və onu qorumaq hər bir azərbaycanlının müqəddəs borcudur. Hər birimiz Vətənimizə, xalqımıza dərin və ülvi hisslərlə bağlı olmalı, qanımızla, canımızla müdafiəsində dayanmalıyıq. Vətənpərvərlik tərbiyəsi doğulduğun ailədə, nəsildə başlayıb, ilk addımlarını atdığın bağçada, oxuduğun məktəbdə, təhsil ocağında davam etməli, cəmiyyətdə formalaşmalıdır. Vətənpərvərlik tərbiyəsi vətəndaş tərbiyəsinin əsasıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyir: "Mən istəyirəm ki, gənclərimiz vətənpərvər, peşəkar, bilikli, savadlı olsunlar, Vətən sevgisi ilə böyüsünlər".
Ömrünü xalqının yolunda şam kimi əridərək, həyatını, bütün varlığını onun inkişafına həsr etmiş və azərbaycançılıq ideologiyasını formalaşdırmış Ulu Öndər Heydər Əliyev tariximizin ən böyük vətənpərvəridir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Vətən sevgisi hər kəsə nümunədir. "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" - bu ölməz kəlamı Ulu Öndərin dahi ömrünün işığından süzülən qiymətli kəlmələridir... Bəli, hər birimiz fəxr edirik ki, Azərbaycan torpağının övladıyıq, bu müqəddəs torpaq bizə ulu babalarımızın əmanətidir. Azərbaycanlı olan hər kəs, Vətənimizin xoşbəxt, firavan gələcəyi naminə oxumalı, güclü təhsil almalı və milli-mənəvi dəyərlərimizi qorumalı, onu xalqımıza xidmətində, əməlində, fəaliyyətində yaşatmalıdır. Bax, bunlardır vətənpərvərliyin qayəsi, məna yükü, düsturu...
Odlar yurdu Azərbaycana layiqincə xidmət edən, zaman-zaman torpaqlarımızı yadelli işğalçılardan canı, qanı bahasına qoruyan, fədakarlıq, igidlik nümunələri göstərən, sinəsini sipər edən mərd oğul və qızlarımız vətənpərvərlik məktəbi yaratdılar. Vətənimizin başı üzərini qara buludlar alanda, xalqımızın ağır sınaq illərində onlar silaha sarılaraq, müstəqilliyimiz, suverenliyimiz və ərazi bütövlüyümüz uğrunda döyüşlərə atıldılar. O vətənsevər, cəsur oğulların davamçıları atalarının döyüş yollarına sadiq qalaraq, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində 30 ilə yaxın erməni hərbi birləşmələrinin işğal etdikləri tarixi torpaqlarımızı azad etdilər. O oğullar Azərbaycanımızın hərb tarixinə şanlı səhifələr yazdılar.
Bu il böyük Zəfərimizin beşinci ildönümü tamam olur. Qüdrətli Azərbaycan xalqı böyük Zəfərinin beş illiyini yüksək təntənə, möhtəşəmliklə qeyd edəcək. Ölümün gözünə dik baxaraq, Vətən torpaqlarımızın bütövlüyü uğrunda canından keçən igid övladlarının uyuduqları məzarları ziyarət edəcək, xatirələrini dərin ehtiramla anacaq.
44 günlük Vətən müharibəsində 30 illik işğala son qoyan, cəsarəti, igidliyi, fədakarlığı ilə tarix yazan, şəhidliyi ilə zirvələrdə əbədiləşən oğulların sırasında rəşadətli Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları da var. Cəsur dənizçilərimiz də düşmənin üzərinə qartaltək şığıdılar. Azərbaycanımızın ərazi bütövlüyü uğrunda fədakarcasına döyüşdülər, şəhid oldular. Dənizçi şəhidlərimiz kapitan-leytenant Fərrux Həşimov, baş leytenant Elnur Zeynalov, baş miçman Mərdan Mehdizadə, miçmanlar Vüsal Məmmədov, Fuad Nəcəfov, Ruslan Rəcəbov, Elvin Səfərov, Zaur Ələsgərli, kiçik miçman Fəqan Zalov haqqında qısa məlumatları oxucularımıza təqdim edirik.
Lalə HÜSEYNOVA "Azərbaycan Ordusu"
Kiçik miçman Fəqan Zalov 1 aprel 1997-ci ildə Sabirabad rayonunun Qalaqayın kəndində anadan olub. Füzuli, Cəbrayıl, Xocavənd, Qubadlı rayonları uğrunda gedən ağır döyüşlərdə şəxsi şücaət nümunələri göstərmiş Fəqan Zalov 9 noyabr 2020-ci ildə şəhid olub. Füzuli rayonunun Babı kənd qəbiristanlığında torpağa tapşırılıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə kiçik miçman Zalov Fəqan Amil oğlu ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adına, "Vətən uğrunda, "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medallarına layiq görülüb.
Kapitan-leytenant Fərrux Həşimov 24 may 1988-ci ildə Sumqayıt şəhərində anadan olub. Füzuli, Cəbrayıl, Xocavənd, Qubadlı rayonları uğrunda gedən ağır döyüşlərdə igidlik nümunələri göstərmiş Fərrux Həşimov 31 oktyabr 2020-ci ildə şəhadətə yüksəlib. Sumqayıt Şəhidlər xiyabanında dəfn olunub. Vətənə bir qız və bir oğul övladı yadigar qalıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə kapitan-leytenant Həşimov Fərrux Mirzəmməd oğlu ölümündən sonra "Qarabağ" ordeninə, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medallarına layiq görülüb.
Baş leytenant Elnur Zeynalov 27 iyul 1994-cü ildə Naxçıvan Muxtar Respublikasında anadan olub. Füzuli, Cəbrayıl, Xocavənd, Qubadlı rayonları uğrunda gedən ağır döyüşlər zamanı şücaət göstərmiş Elnur Zeynalov 31 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə yüksəlib. Naxçıvan Şəhidlər xiyabanında dəfn edilib. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə baş leytenant Zeynalov Elnur Elsevər oğlu ölümündən sonra "Qarabağ" ordeni, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub.
Baş miçman Mərdan Mehdizadə 25 mart 1979-cu ildə Şəki rayonunun Göybulaq kəndində anadan olub. Döyüşlərdə şəxsi igidlik nümunələri göstərmiş Mərdan Mehdizadə 12 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalıb. Şəki rayonunun Göybulaq kənd qəbiristanlığında dəfn edilib. Əkram adlı oğlu və Əfşan adlı qızı Vətənə əmanət qalıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə baş miçman Mehdizadə Mərdan Əhməd oğlu ölümündən sonra "Qarabağ" ordeninə, "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medallarına layiq görülüb.
Miçman Zaur Ələsgərli 5 mart 1995-ci ildə Sumqayıt şəhərində anadan olub. Vətən müharibəsi zamanı igidlik və fədakarlıq nümunələri göstərmiş Zaur Ələsgərli 31 oktyabr 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhadətə ucalıb. Sumqayıt Şəhidlər xiyabanında dəfn olunub. Ayxan və Ayaz adlı iki oğul övladı Vətənə yadigar qalıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə miçman Ələsgərli Zaur Mübariz oğlu ölümündən sonra "Qarabağ" ordeni, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub.
Miçman Elvin Səfərov 10 dekabr 1989-cu ildə Lerik rayonunun Soru kəndində anadan olub. O, Vətən müharibəsi zamanı şücaət göstərərək 31 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə yüksəlib. Lerik rayonunun Soru kənd qəbiristanlığında torpağa tapşırılıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə miçman Səfərov Elvin Ramiz oğlu ölümündən sonra "Qarabağ" ordeninə, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medallarına layiq görülüb.
Miçman Ruslan Rəcəbov 1 avqust 1984-cü ildə Sumqayıt şəhərində anadan olub. Vətən müharibəsi zamanı igidlik nümunələri göstərmiş Ruslan Rəcəbov 31 oktyabr 2020-ci ildə şəhidlik məqamına yüksəlib. İkinci Şəhidlər xiyabanında torpağa tapşırılıb. Şəhidin Osman adlı oğlu və Sara adlı qızı Vətənə yadigar qalıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə miçman Rəcəbov Ruslan Rəcəb oğlu ölümündən sonra "Qarabağ" ordeni, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub.
Miçman Fuad Nəcəfov 1 oktyabr 1990-cı ildə İsmayıllı rayonunun Qalıncaq kəndində doğulub. O, Vətən müharibəsində igidlik nümunələri göstərərək, ağır döyüşlərin birində 8 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə yüksəlib. Doğulub boya-başa çatdığı İsmayıllı rayonunun Qalıncaq kənd qəbiristanlığında dəfn edilib. Nazlı adlı qızı Vətənə yadigar qalıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə miçman Nəcəfov Fuad Taleh oğlu ölümündən sonra "Qarabağ" ordeni, "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.
Miçman Vüsal Məmmədov 3 iyun 1990-cı ildə Füzuli rayonunun Musabəyli kəndində anadan olub. O, respublikamızın ərazi bütövlüyü uğrunda gedən ağır döyüşlər zamanı fədakarlıq nümunələri göstərərək 12 oktyabr 2020-ci ildə şəhid olub. Füzuli rayonunun Babı kənd qəbiristanlığında torpağa tapşırılıb. Hüseyn adlı oğlu Vətənə yadigar qalıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə miçman Məmmədov Vüsal Qüdrət oğlu ölümündən sonra "Qarabağ" ordeninə, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" medallarına layiq görülüb. Respublikamızın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən bütün Vətən övladlarının ruhundan alovlanan əbədiyyət işığımız daima yanacaq, Dan ulduzu tək nur çiləyəcək. Ruhunuz şad olsun, əbədiyyət sakinləri şəhidlərimiz!