Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Avqust 2025 14:27

Süni intellekt və jurnalistika

Süni intellekt (Sİ) son illərdə həyatımızın bir çox sahələrinə nüfuz etdiyi kimi, jurnalistikanın da forması və funksiyasına təsir etməyə başlayıb. Belə ki, xəbərin toplanmasından başlamış məqalənin yazılmasına, faktların yoxlanmasından oxucu analizinə qədər bir çox proseslərdə süni intellekt texnologiyalarından istifadə getdikcə artır.
Məsələn, bir çox beynəlxalq media orqanlarında - BBC, “Reuters”, “The Washington Post” - artıq avtomatik xəbər generasiya sistemindən istifadə edilir. Bu texnologiyalar jurnalistin rutin və təkrarlanan işlərini - hava durumu, maliyyə hesabatları, idman statistikası və ya təbii fəlakətlər kimi sahələrdə xəbərin yazılmasının öhdəsindən gəlir ki, bu da insan - jurnalistə daha dərindən araşdırmalar, müsahibələr, analitik yazılar üzərində işləmək imkanı verir.
Bugünkü reallıq  göstərir ki, süni intellekt artıq xəbər istehsalında aktiv rol oynayır. Avtomatik xəbər yazan alqoritmlər, sosial mediada trendləri analiz edən sistemlər və faktları yoxlayan süni zəka proqramları bir çox beynəlxalq xəbər agentliklərinin gündəlik fəaliyyətinə daxil edilib. “The Washington Post”un "Heloqraf" adlı süni intellekt proqramı idman və seçki xəbərlərini yazmaq üçün istifadə olunur. BBC isə məlumat axınını süzgəcdən keçirib analiz edən botlardan faydalanır.
Süni intellektin inkişafı jurnalistin etikasına və obyektivliyinə dair fundamental suallar doğurur. Bu texnologiya jurnalistə yardım edən bir vasitədir, yoxsa onu əvəz etməyə çalışan rəqib?
İnsan jurnalistdən fərqli olaraq süni intellekt hadisələrin kontekstini, mədəni və sosial  aspektlərini tam dərk edə bilmir. Bu səbəbdən texnologiya insan jurnalistin yerini tam əvəz etməsə də, onun işini daha məhsuldar və operativ edə bilir. Mütəxəssislər düşünürlər ki, gələcəyin jurnalistikası insan zəkası və süni intellektin əməkdaşlığı əsasında formalaşacaq. 
Süni intellekti köməkçi vasitə kimi analiz edək. Süni intellektin ən müsbət tərəfi onun sürəti və məlumatın emal edilməsidir. Məsələn, bir insan jurnalist araşdırma apararkən məlumatları saatlarla vaxt sərf edib toplayırsa, süni intellekt bu işi dəqiqələr ərzində görür və onları təhlil edir. Eyni zamanda, faktların avtomatik yoxlanılması, plagiatın aşkarlanması və hədəf auditoriyanın maraqlarının analizi kimi funksiyalar süni intellekti jurnalist üçün köməkçi vasitə kimi təqdim edir.
Süni intellekti rəqib kimi götürək. Belə ki, bəzi tədqiqatçılar və jurnalistlər süni intellekti jurnalistikanın ruhuna təhdid kimi dəyərləndirirlər. Süni intellekt dərin psixoloji, sosial və siyasi hadisələri anlamaqda acizdir və insani duyğular ona yaddır. Əxlaqi və etik seçimlər, insan duyğuları və empatiya süni intellektin çatışmayan cəhətləridir. Bir çox hallarda təqdim etdiyi informasiya qərəzli və ya natamam ola bilər. Bəzən doğruluğu təsdiqlənməmiş məlumatları da emal edir və bu dezinformasiyaya yol açır. Digər tərəfdən, alqoritmlə yaradılan xəbərlər zamanla jurnalist peşəsinin kommersiyalaşmasına və avtomatlaşdırılmasına səbəb ola bilər. Bu isə yaradıcı təfəkkürə, tənqidi yanaşmaya və ictimai məsuliyyətə əsaslanan peşənin mahiyyətini sual altına alır. Onu da qeyd etmək lazımdır ki, daha az resursla daha çox xəbər hazırlamaq istəyən bəzi media orqanları insan jurnalistləri  süni intellektlə əvəz etməyə meyillidirlər. Bu da  gələcəkdə jurnalistika üçün bir təhdiddir.
Əgər gələcəyin jurnalistikası süni intellektlə insan jurnalistin əməkdaşlığına əsaslanacaqsa, bu əməkdaşlığın balanslı və etik çərçivədə qurulması mütləqdir. Jurnalistlər texnologiyadan düzgün istifadə etməli, onu anlamağa çalışmalıdırlar. Süni intellektin verdiyi məlumatlar insan redaktor və jurnalist tərəfindən yoxlanılmalı və dəyərləndirilməlidir. Əks halda yanlış və manipulyativ informasiyanın yayılma riski daha da arta bilər. 
Belə qənaətə gəlmək olar ki, süni intellekt nə tam köməkçi, nə də tam rəqibdir. O, alətdir - onun necə istifadə olunması isə jurnalistikanın gələcəyini müəyyən edəcək əsas faktordur. Ölkəmizdə süni intellekt texnologiyasının jurnalistikaya inteqrasiyası hələ ilkin mərhələdədir. Azərbaycan jurnalistikasında süni intellektin tətbiqinə imkan verən sahələr az da olsa, var. Məsələn, plaqiatın aşkarlanması, sürətli xəbər yayımı üçün avtomatlaşdırma, oxucu  davranışlarının təhlili, saxta xəbərlərin aşkarlanması üçün alqoritm sahələrini bunlara aid etmək olar. Bunun əsas səbəblərindən biri texnoloji infrastrukturun zəifliyi, jurnalistlərin süni intellekt texnologiyalarından az xəbərdar olması, etik normaların formalaşması, texniki resurs çatışmazlığı, maliyyə, Azərbaycan dilində süni intellektin zəif inkişafı istiqamətində  bir sıra nöqsanlar və mövcud media platformasının bu sahəyə marağının az olmasıdır. Bununla belə artıq bəzi onlayn media orqanlarında süni intellektin əsaslı tərcümə və mətn redaktəsi alətlərindən də istifadə olunur. 
Süni intellekti hərbi jurnalistikanın bəzi sahələrində də tətbiq etmək çox faydalıdır. Məsələn, məlumattoplama və onun emalı sahəsində peyk görüntülərindən istifadə edilir, geolokasiya analizləri aparılır. Süni intellekt alqoritmləri peyk şəkillərindən hərbi texnikanın mövqe dəyişikliklərini, infrastruktur dağıntılarını müəyyən edə bilir. Jurnalistlərin vizual sübutlar əldə etməsinə şərait yaradır.
Hərbi jurnalistikada süni intellekt sistemləri “X”, “Telegram” və digər platformalardan alınan məlumatları təhlil edib real vaxtda trendləri müəyyən edə bilir (məs. atışma yerləri, humanitar böhranlar və s.).
Sİ texnologiyaları vasitəsilə dezinformasiyanın aşkar edilməsi asanlaşıb. Deepfake və media manipulyasiyası, yəni, süni intellekt texnologiyaları vasitəsilə yaradılmış saxta videolar, fotoşəkillər, audiofayllar jurnalistləri çaşdıra bilər. Məhz bu texnologiyaların köməyi ilə saxtakarlıqların aşkarlanması mümkün olub (məs. “Deepware Scanner”, Sensity Aİ və s. ).
Avtomatlaşdırılmış xəbər istehsalında da süni intellektin rolu əhəmiyyətlidir. Döyüş bölgəsindən alınan məlumatlar və statistika əsasında süni intellektin köməyi ilə avtomatik xəbərin hazırlanması mümkündür. Bu sistemlər xəbər agentliklərinə sürətli reaksiya imkanı verir.
Süni intellektin əsas çətinlikləri də mövcuddur. Etik baxımdan süni intellektin verdiyi nəticələrin tam doğru və ya qərəzsiz olduğu da şübhə doğurur. Hərbi jurnalist süni intellekt texnologiyalarının nəticələrini  mütləq yoxlamalıdır.
Hərbi jurnalistikada məlumatların hərbiləşdirilməsi və manipulyasiya riski də mövcuddur. Müəyyən siyasi və hərbi qüvvələrin süni intellekt vasitəsilə manipulyasiya edilmiş informasiyanı yayması psixoloji müharibə üçün istifadə oluna bilər. Jurnalist bu alətlərdən istifadə edərkən neytrallıq və obyektivlik prinsiplərini qorumalıdır. Bundan başqa, sosial mediada yayılan məlumatları izləyərkən real vaxtda hadisələrə dair erkən xəbərdarlıq siqnalları vermək və ya çox sayda dil dəstəyi ilə beynəlxalq auditoriyaya düzgün və vaxtında informasiya çatdırmaq mümkün olacaq. Bu da jurnalist peşəsini təhdid edə və insan faktorunun əhəmiyyətini azalda bilər. Süni intellekt alətləri jurnalistləri əvəz etmək üçün deyil, onların işini gücləndirmək üçün istifadə olunmalıdır. Hərbi jurnalistika münaqişə bölgəsindən doğru, obyektiv və vaxtında məlumat çatdırmaq məqsədi güdən ixtisaslaşmış sahədir. Döyüş bölgəsində jurnalistlər fiziki təhlükəyə məruz qalır. Məlumatın doğruluğu həyati əhəmiyyət daşıyır, çünki bu məlumat ictimai rəy formalaşdırır və diplomatik münaqişələrə təsir edə bilir. Süni intellekt isə müasir texnologiyanın sürətlə inkişaf edən sahələrindən biri kimi informasiyanın toplanmasında, təhlilində, yayılmasında inqilabi dəyişikliklərə səbəb olur. Bu iki sahənin kəsişməsi  yeni imkanlar yaradır, eyni zamanda, etik, texnoloji, strateji baxımdan risklər də mövcuddur. Bu texnologiyaların etik, hüquqi və peşəkar aspektlərini nəzərə almadan istifadə etmək informasiya müharibəsinə və ictimai etimadın sarsılmasına səbəb ola bilər.
Süni intellekt gələcəkdə hərbi jurnalistika üçün geniş  perspektivlər də vəd edir. Bu baxımdan hərbi jurnalistlərin süni intellekt alətləri ilə işləmək üçün texniki bacarıqlara yiyələnməsi zəruridir. Ümumiyyətlə, gələcəkdə normativ və hüquqi çərçivədə Sİ-nin hərbi jurnalistikada istifadəsinə dair beynəlxalq hüquqi və etik qaydalar hazırlanmalı, mülki və hərbi Sİ-nin tətbiqlərinin sərhədləri aydın şəkildə müəyyənləşdirilməlidir. Xüsusilə müharibə şəraitində Sİ-dən istifadəyə dair beynəlxalq etik kodekslərin hazırlanması zəruridir. Bəs gələcək hansı yanaşmanı tələb edir? Düşünürük ki, gələcəyin jurnalistikasında insan və texnika əməkdaşlıq etməlidir. Süni intellekt jurnalistikada yerini yox, rolunu dəyişməlidir. Bunun üçün həm jurnalistika, həm media idarəçiləri bu texnologiyanı öyrənməli, güclü və zəif tərəflərini dərk etməlidirlər. Eyni zamanda, hüquqi və etik mexanizmlərin hazırlanması da vacibdir. 
Vurğulamaq lazımdır ki, düzgün istifadə olunarsa, süni intellekt jurnalistikanın keyfiyyətini yüksəldə bilər. Lakin nəzarətsiz və məsuliyyətsiz tətbiq olunarsa, informasiya məkanını təhrif edə və jurnalistikanın əsas missiyasını zəiflədə bilər. Süni intellektin bəzi jurnalistlərin funksiyalarını əvəz etməsi onların gələcək peşəkarlığı üçün narahatlıq yarada və ya Sİ alətləri jurnalistin bacarıqlarını tamamlayan vasitə kimi də istifadə edilə bilər. İnsanın zəkası və süni intellektin funksiyaları düzgün balanslaşdırılmalıdır. Bu birlik yeni imkanlar, həm də ciddi məsuliyyətlər yaradacaq. Sİ-nin doğru tətbiqi jurnalistin təhlükəli şəraitdə və ərazilərdə daha effektiv işləməsinə imkan verəcək.

Sevinc QULİYEVA "Azərbaycan Ordusu"