AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Tarixin ilmələri dolaşıq düşdü...
Dolaşıq düşən tarix erməniliyin yolgöstərəninə dönmüşdü. Müharibə başladı. Ərazilərimiz işğal olundu. Ermənistan yeni ərazilər işğal etmək niyyəti ilə hücumlar edirdi, təxribatlar törədirdi...
İllər keçdi...
2020-ci il sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başladı. Ordumuzun döyüş əzmi şimşəyə döndü - çaxdı, yağışa döndü - yağdı, sellərə döndü - axdı. Döyüşənlərimiz düşməni döyüşə-döyüşə təntidib əzdi, işğal zəncirini doğradı, kəsdi, düşmənin özünün də, havadarlarının da niyyətini ciliklədi - tarixi Zəfər qazanıldı...
Laçın işğaldan 2020-ci il dekabrın 1-də azad edildi. 2023-cü il aprelin 23-də Azərbaycanın Ermənistanla sərhədində sərhəd buraxılış məntəqəsi yaradıldı. Dövlət başçımız dedi ki, "...23 aprel bizim ərazi bütövlüyümüzün tam bərpası günüdür".
Laçına qayıdış 2023-cü il mayın 28-də başladı. Qayıdanlara elə gəlirdi ki, Laçın balacalaşıb. Bu duyum, bu düşüncə həsrətin hökmüymüş. Az sonra gözləri həsrətdən sıyrılıb, Laçına könüllərinin gözüylə baxıblar; ruhları yenidən qurulan Laçının ruhuna sarılıb...
Laçında yaradılan Memorial parkda "İşğal" və "Zəfər" muzeyləri yaradılıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərancamı ilə avqustun 26-sı Laçın şəhəri günü elan edilib.
Mayın 4-də Güləbird kəndinin təməli qoyuldu, kəndə 581 ailə məskunlaşacaq...
Ruhun zamanı olmur...
Ruh min il əvvəlin olmuşlarını da yaşadır, beş-altı il əvvəlin olmuşlarını da, bu gün sökülən dan yerinə ruhu rəvanların duasını da. Səyyar xəyalım işğalda qalan əraziləri, səngərləri dolaşırdı, səngərlərdə döyüşçülərlə diz-dizə, üz-üzə, söz-sözə kəlmələşirdi.
Yol uğurdu, yol mənzildi, yol niyyətdi. Yola çıxırsan - uğurdasan, yola çıxırsan - mənzil kəsirsən, yola çıxırsan - səni niyyətinin işığı çəkir...
Uğurdaydıq. Mənzil kəsə-kəsə niyyətimizin işığına tələsirdik. Ruhumuzla yağının son nəfəsinə atılmış güllələrin səsini eşidirik. Yol gödəldikcə səs aydınlaşırdı, səs aydınlaşdıqca işıq artırdı. Artan işıqda neçə illər əvvəl bu torpaqda çaxmış şimşəkləri, daşmış selləri, sellər udmuş dərələri, ... görürdük. O işıqda tarixin dolaşığa düşmüş çağlarını da xatırlayırdıq, dolaşığın necə açıldığını da.
Bunlar Xeyirə xeyir-dua veriləndə də xatırlanacaq, Şərə lənət oxunanda da...
İki on səkkiz may günü
1992-ci ilin 18 may günü 1 günün tarixi deyil, duyğularımın, düşüncələrimin, təəssüfümün, hiddətimin, qəhərimin,... 33 ilin o üzündə qalan 1 gününün tarixidi. Ruhumuzda yellər əsdirən 18 may gününü minlər kimi mən də ağrı-acılarla yaşamışam, əli göydən üzülənlərin ağrılarını görə-görə yaşamışam, ruhu üyüşənlərin qəhərini qəhərim bilib yaşamışam. Mən də özümü tifaqı dağılanlardan biri sanmışam...
2020-ci ilin dekabrına kimi Laçın gündüzlər xəyallarımızdaydı, gecələr yuxularımızda...
Laçını ustadım şair Əli Səngərlidən eşitdiyim "Laçın" kəlməsinin işığında tarix dərsliklərində, tarix dərslərində tanımışdım, sonra - tarixdən. Laçını Sultan bəylə tanımışdım, sonra ruhumu ruhunun od daşıyıcısı bildiyim laçınlılarla - düşüncələrimdə sultanlıq eləyənlərlə...
Mənim gecələrim hər gecə oyaq,
Mənim gecələrim gözləri açıq.
Mənim gecələrim özündən dümağ,
Gündüzə qarışıq, Günə bulaşıq.
Bir tut ağacıyam - tərəcəm masa,
Silkinib tökürəm bütün xarımı.
Şeir yazmayanda - mən heç olmasa
Üstünü örtürəm balalarımın...
Zamanında şeirimizin Ağa Laçınlısı belə yazmışdı. Ağadan sonra Laçın laçınlılara Ağa olmuşdu, sevgisini, havasını, təbiətini kəndlərinin gecələrinə bürüncək eləyirdi, Ağanın gecələri necəydisə, Laçının da gecələri eləydi...
Sonra müharibə başladı, sonra pərəni pozuldu Laçının, günü-güzəranı güllələrlə yozuldu. Xəyallarımızın səməndi dəyişdi, Laçın adlı dünyanın dərd qananlara ünvanlandığı könül, ruh təcnisinin möhürbəndi dəyişdi: Laçınam, arxa haray!.. Qanadlanan, qanad çalan harayın qanadları yorulubmuş. O ilin o aylarında məlum, naməlum ünvanlara uğura çıxanlar kaftan geyinmişdi, Laçının harayını ürəyiylə eşidənlər qəm köynəyindəydi...
1992-ci il mayın 18-nə iki gün qalırdı...
Döyüşçülərimiz düşmənin Turşsudan, Qala dərəsi tərəfdən hücumunun qarşısını aldılar. Mayın 17-də Laçın şəhərində nə hərbçi vardı, nə mülki, nə döyüş vardı, nə döyüşən. Ərazini Ermənistanın bu istiqamətdə döyüşən ordu hissələrindən qorumaq üçün Qala dərəsi istiqamətində 30-40 döyüşçü qalmışdı; döyüşən hissələrimiz Qubadlıya tərəf çəkilmişdi. Niyə? Nəyə? O vaxt verilməli sualları indi verməyin nə səmərəsi?..
Mayın 18-də Laçın şəhərində də, Gorus-Laçın-Şuşa yolunun yaxınlığındakı kəndlərdə də döyüş olmadı. Erməni döyüşçüləri şəhərə də, bu kəndlərə də döyüşsüz yiyələndilər. Ermənilərin arzuladığı ərazi körpüsü - dəhliz açıldı...
2020-ci il noyabrın 8-də Şuşa işğaldan azad edildi. Noyabrın 10-da üçtərəfli Bəyanat imzalandı. Bu tarixi sənəd Azərbaycanın qalibiyyət, Ermənistanın isə məğlubiyyət sənədi.
2025-ci ilin 18 may günüdü...
Duyğularımın, düşüncələrimin, təəssüfümün, hiddətimin, qəhərimin,... bir günü 28 il 6 ay 12 gün çəkdi. Laçından uşaqlığından çıxanların uşaqları indi əsgərdirlər. Eləsi var hələ atasının gedə bilmədiyi ərazidə Laçının müdafiəsindədi.
Laçındaydım. Gözəlliklərdən, Məmməd İlqar demişkən, nə könül doyurdu, nə göz əl çəkirdi. Dünyanın qara daşı göyərib - Azərbaycan Ordusunun qüdrəti göyərdib, döyüşənlərimizin igidlikləri göyərdib, əsgərləşən ruhu göyərdib...
Günayın 24 yaşı var. Atası Laçının Güləbird kəndindəndir. Döyüşə-döyüşə əsgər olmuşdu, Laçın işğal olunanda əsgər idi. Döyüşürdü. Hərbi xidməti döyüşlərdə keçmişdi. Göz yaşları neçə döyüşçü dostunun son nəfəsinə düşmüşdü. O da göz yaşları ürəyinə axa-axa çıxmışdı Laçından. Laçının həsrətinə görə illər ürəyinə yük olsa da, laçınlı dünyası xəyallarında Laçınsız olmayıb.
O illərdə ocağından perik düşənlərin bayatıları dəyişmişdi - başqalaşmışdı, qəhərləşmişdi. Bu qəhər insafsızcasına ömürdən ömür umurdu:
...ara həsrət,
Ara - dərd, ara - həsrət...
Qara darağın ilə
Dərdimi dara, həsrət!..
"Bu həsrət Vüqar balalarıyla birlikdə Güləbirdə dönənə kimi ovuna bilməyəcək..." - 18 may səhərinin sərin mehi düşüncələrimi titrədirdi: Günay Güləbirddən söz düşəndə kövrəlir, - atasının Güləbirdli xatirələrini xatırlayır. O xatirələr atasının həsrəti olub zamanında. İllərlə özü yaşayıb, sonra bu qara həsrəti Güləbirddən uzaqlarda balalarıyla nəfəs-nəfəsə yaşadıb. 2020-ci il dekabrın 1-nə kimi bir qəhər hönkürüb. Bu qəhər Güləbirdin göylərində dolaşa-dolaşa sözün qəhəri olub, kövrələ-kövrələ, kövrəldə-kövrəldə bayatılaşıb:
...gülə bir də,
Dərdlilər gülə bir də.
Yollar insafa gələ,
Yetəydim Güləbirdə!..
Mayın 18-də 8 noyabr ovqatı var, 1 dekabr ovqatı var, 20 sentyabr ovqatı var - Zəfər ovqatı var. Bu ovqat Laçında laçınlılarla kəlmələşəndə də yaşanılır: "70 ilin 31 ilini Laçından uzaqlarda yaşadım. Yaşadımmı? - 31 il ruhum sıxıntılar çəkdi. Laçınımıza ruh cana qayıdan təki qayıtdım. Qaytarana min şükür!" - kəlmələr Şiruyəyə də (poliqrafçıdır), Rafiqə də (jurnalistdir), Habilə də (ehtiyatda olan zabitdir) könül xoşluğu verdi...
Sarıbabaya sarı baxırdıq, Topxanaya sarı baxırdıq - bu mayın 18-dən o mayın 18-nə baxırdıq. Həmsöhbətimin baxışları Hocaz qayası tərəfdə çırpınırdı, uçunurdu - 33 il əvvəl burada sentyabr-oktyabr aylarında döyüşlər olub. Birinci Qarabağ müharibəsinin ən ağır döyüşləri, sonralar Azərbaycanın Milli Qəhrəmanı adı verilən Ayxan Güləliyev də bu döyüşlərdə şəhid olub...
Həkərinin sahilindəydik. Elə gözəl axırdı ki! Nə yolçu küsdürürdü, nə könül qübarlandırırdı. Onun belə axışıyla Borçalıda Xran (Ehram) çayının axışında başaçılmaz bir eyniyyət görürdüm və deyirdim ki,
Çuxasını yellər atmış çağ üçün,
Dağ dodağı daş çeynəyən dağ üçün,
Dünənləri yada salan "ah" üçün,
Ay Həkəri, Faxralıdan gələn var!
Ruhumuzda şimşək çaxdı, dinmədin,
Gözümüzdən sellər axdı, dinmədin,
Yolumuzca gürşad yağdı, dinmədin,
Ay Həkəri, Faxralıdan gələn var!
Əl yetirdim qayaya da, daşa da,
Daşlarında daşa dönən yaşa da,
Daş cığırlar - həsrətimin yaşıdı,
Ay Həkəri, Faxralıdan gələn var!
Ayaq qoyub üzəngiyə, gəlmişik,
Soraq çatsın Yerə, Göyə, gəlmişik,
Bu gəlişlə bir səcdəyə gəlmişik,
Ay Həkəri, Faxralıdan gələn var!
Qılınc-dalğan sal daşları kəsirdi,
Axıb-axıb durulurdun, nə sirdi?!
Qərib qonaq sirlərinə əsirdi,
Ay Həkəri, Faxralıdan gələn var!
Tamarzıyıq, pıçıltını gur elə,
Bu görüşü duymayana görk elə,
Sahilində ruhumuza yer elə,
Ay Həkəri, Faxralıdan gələn var!
Hansı ilin 18 mayında yenə Laçına güzar edəcəm. Yenə gözüdolusu baxacam, yenə könlüm atlanacaq. Yenə sevgilərlə deyəcəm ki, laçın xəyalımın Laçınındayam!...
Rəşid HÜSEYNOV "Azərbaycan Ordusu"