Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Avqust 2025 14:26

Zabitin peşəkarlığı onun bacarığındadır

Hansı peşənin sahibi olursan ol, yiyələndiyin peşəni sevməlisən, onun incəliklərini öyrənməlisən ki, uğur qazana biləsən. Əks halda böyük uğurlar qazanmağın qeyri-mümkün olacaq. Döyüş atışlı təlimdəyik. Bölmələr ötən tədris dövründə qazandığı bilik və bacarıqlarını praktikada nümayiş etdirirlər. Əsgərlər təlim mərkəzində şərti müdafiə mövqeyi tutublar. Onlar yerinə yetirəcəkləri döyüş tapşırıqlarını bilirlər. Bunun üçün komandirin əmrini gözləyirlər. Çox keçmir başında dəbilqə, əynində zirehli jilet, çiynində avtomat bir neçə zabit komanda məntəqəsində bir sırada düzüldü. Eyni geyimdə, eyni görkəmdə olan zabit sıranın qarşısında dayanıb tabeliyində olanlara təlimlə bağlı müvafiq göstərişlər verir. Bu, mayor Fərid Rzayevdir.
Fərid Rasim oğlu Rzayev Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində anadan olub. İndiki Heydər Əliyev adına Hərbi İnstitutu "motoatıcı" ixtisası üzrə bitirib. Zabit kimi cəbhə bölgəsində hərbi xidmətə başlayıb. Fərid hərb tariximizin şanlı səhifəsi olan Aprel döyüşlərinə cəlb olunanda hərbi xidmətinin bir ili tamam olmamış gənc leytenant idi. İlk dəfə idi ki, döyüş görürdü. Onda təmas xətti boyunca atəşkəs pozulmuşdu. Fəridin xidmət etdiyi hərbi hissənin mövqelərinə düşmən qüvvələri soxulmağa cəhd göstərmişdi. Mövqelərdə hər zaman sayıq duran döyüşçülərimiz düşmənin burunlarını ovub geri oturtmuşdular. Fərid səngərlərdə, döyüşlərdə püxtələşə-püxtələşə, addım-addım vəzifəyə və rütbəyə yüksəlib.
İkinci Qarabağ müharibəsi onun ömür payına düşən ən ağrılı və şərəfli tarix olub. Mayor Fərid Rzayev 2020-ci ilin 27 sentyabr səhərini belə xatırlayır: 
- Cəbhə bölgəsində düşmənlə üz-üzə idik. Bir neçə gün idi ki, təmas xəttində gərginlik artmışdı. Nə gecəmiz vardı, nə də gündüzümüz. Düşmən postlarımızı artilleriya və atıcı silahlarla vururdu. Həmin gün səhər açılandan bir qədər sonra əks-hücum əmri aldıq. Otuz ilə yaxın ermənilərin işğalı altında qalmış torpaqlarımızı azad etmək üçün hamı döyüşə can atırdı. Əsgərlər Ali Baş Komandanın bu əmrini səbirsizliklə gözləyirdilər. Cəbrayıl, Füzuli, Hadrut, Şuşa istiqamətində gedən döyüşlərdə komandiri olduğum bölmə fəal döyüşdü. 44 gün davam edən döyüşlərdə tanıdığım, yaxın bildiyim silahdaşlarımı itirdim. Bəziləri yaralanıb sağlamlıqlarını itirdilər. Təskinlik tapdığımız məqam o idi ki, itirilmiş torpaqlarımızı azad etdik.
Fərid bəstəboy, gülərüz zabitdir. O, bu dəfə komandiri olduğu taborla döyüş atışlı təlimə cəlb olunub. Yüksək rütbəli şəxslərin də müşahidə etdikləri təlimi mayor Fərid Rzayevin rəhbərlik etdiyi bölmələr təqdim edirdi. O, bölmə komandirlərinə əlavə tapşırıqlar verir, qarşıda duran vəzifələri təkrar xatırladaraq təlimi uğurla başa vurmağa çalışırdı.
Torpaqlarımız düşməndən azad olunsa da, hərbçilərimiz öz hazırlıqlarını hər zaman artırırlar. Onların bir məqsədi, bir amalı var: təhkim olunmuş silahı öyrənmək, ondan düzgün istifadə etməyi bacarmaq və peşəkarlıqla qorumaq. Bunun üçün əsgərlər yola saldıqları tədris dövründə fərdi, sonra manqa, taqım, bölük şəklində hazırlıqlar keçiblər. Onlar tədris müddətində yiyələndikləri bilik və bacarıqları döyüş atışlı təlimlərdə nümayiş etdirirlər.
Zəngin döyüş yolu keçmiş zabitin tabeliyində olan bölmələrin döyüş tapşırıqlarını yüksək səviyyədə nümayiş edəcəyinə əmin idik. Onlar əvvəlcə yüksək rütbəli komandirin qarşısında döyüş əmrini söylədilər. Döyüş əmrini bənd-bənd açıqlayan bölmə komandiri bütün vasitələri ilə qarşıda dayanan şərti düşmən haqqında əldə edilmiş məlumatlara uyğun istiqamətləri və məhv ediləcək hədəfləri açıqladı.
Çox keçmədi mayor Fərid Rzayevin rəhbərliyi altında bölmələr müdafiədən hücuma keçərək qarşıda duran döyüş tapşırığını ardıcıllıqla yerinə yetirirdilər. Onlar hər bir tapşırığı görünmədən görmək prinsipi ilə icra edirdilər. Təlim şərti düşmənin müdafiə olunduğu dayaq məntəqəsini ələ keçirməklə, onun dərinliyinə doğru hərəkətlə oradakı ehtiyatları məhv etməklə başa çatdı.
Döyüş atışlı təlim uğurla başa çatmışdı. Bunu mayor Fərid Rzayevin üzündəki təbəssümdən də hiss etmək olurdu. Bu, onun və tabeliyində olan zabit, gizir, çavuş və əsgərlərin gərgin xidməti sayəsində baş tutmuşdu.

Bəxtiyar ƏLİYEV "Azərbaycan Ordusu"