Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Avqust 2025 15:36

Füzulidə “Boyuna qurbanam, ay Vətən oğlu!” oxunur...

İşğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işləri başladı. Füzuli də yenidən qurulur. Füzuli aeroportu istifadəyə verilib. Yüzlərlə ailə Füzuliyə qayıdıb. Bu qayıdış ruhun cana qayıdışına tən qayıdış oldu...
Böyük xanəndə Ağabala Abdullayevin nəvəsi Ağabala Abdullayev Füzuliyə qayıtdı, illərin həsrətindən qurtulub qayıtdı, qəhərini kirpiklərindən silib qayıtdı, bu yaşda yeniyetməlik yaşının mehrinə, ordumuzun qüdrətinin sehrinə qayıtdı. Atası Əməkdar artist Nizami Abdullayevin ifasında "Ay Vətən oğlu" mahnısını dəfələrlə dinləmişik. Kövrəlmişik, qəhərlənmişik, yumruqlarımız düyünlənib, qaşlarımız çatılıb. "Ay Vətən oğlu!"nu 2020-ci ilin 8 noyabrına kimi Vətənin harayı bilmişik. Nizami Abdullayevin oğlu Ağabala Abdullayevin də bu mahnını oxumasını istəyən çox olub, Ağabala az oxuyub; "Ağabala Abdullayevin oğlu oxuduğu mahnını Ağabala Abdullayevin nəvəsi necə oxusun? Atam onu Vətənin adından oxuyub. Füzuliyə qayıdandan sonra başqa bir "Ay Vətən oğlu"nu oxumağa niyyətliyəm...". Bu, baba adına, ata adına, sənət adına ehtiram idi. Mənə, Zöhraba, bir də Qoşqara belə demişdi...
Böyük Qayıdış Proqramının birinci mərhələsi 2026-cı ilin sonuna planlaşdırılıb. Onda Füzulidə 22 min sakin yaşayacaq; 2026-cı ilin sonu 22 min füzulilinin ürəyinin nisgilinin sonu olacaq.
2021-ci il oktyabrın 17-də "Füzuli şəhəri günü"n də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev füzulililərlə görüşəndə demişdi: "Biz bilirdik ki, hər şey dağıdılıb, viran qoyulub, ancaq bu dərəcədə hətta biz təsəvvür edə bilmirdik. Çünki işğalçı dövlət heç kimi o vaxt bu bölgəyə buraxmırdı, qadağan etmişdi. Nə üçün? Çünki buraya gələn hər bir insan görəcəkdi ki, erməni vəhşiliyi nədən ibarətdir. Onun təzahürləri hər yerdə görünür".
Nəvə Ağabala Abdullayev - Vətən müharibəsindən sonra tərxis edilən gizir Ağabala Abdullayev də Füzuliyə qayıtdı, ona da mənzil verildi. İkinci "Ay Vətən oğlu" mahnısını eşidəcəyik! Bu mahnının Vətəni işğaldan azad edənlərə, yenidən qurulan, xarabalıqlardan dikələn, Füzuliyə qayıdanlara, qayıdanlara uğur diləyənlərə həsr olunacağına zərrəcə şübhəm yox idi. Ağabalanın oxuması baba ruhuna gözaydınlığı olacaq, atasının əli çiyninə enəndə görənlərin kirpiklərinin nəmlənməsi Azərbaycan Ordusunun qüdrətinə ad ediləcəyinə əmin idik...
Böyük xanəndə Ağabala Abdullayevin nəvəsi Ağabala Abdullayev də Füzuliyə qayıdıb. Dövlətin verdiyi mənzilində ilk gecə gen otaqlar onun kövrəkliyinin çılğınlığına dar gəlib. Gecənin gecə vaxtı həyətə düşüb, yanan işıqlara sarı deyil, yanacaq işıqlara sarı yeriş eləyib. İllərlə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solisti kimi ön xətdə, səngərlərdə əsgərlər onun da ifalarını dinləyib. Təmas xəttində əsgərlər ondan "Gözlə məni" mahnısını  bir daha oxumasını xahiş etmişdi; Ağabalanın ifaları həm də vəd verib gələnlərin ümidlərinin sirdaşı idi. Səngərlərdə əsgərlərlə könül söhbətində "Ali Baş Komandan döyüş əmri verəndə məni də sıranızda bilin. Özüm də döyüşəcəm, səsim də döyüşəcək. Mənim ruhumun səsi də, babam Ağabala Abdullayevin "Zabul segahını deyirəm..." kəlmələrini də əsgərlər mahnı, şərqi əvəzi dinləyib; Ağabalanın ön xətdə hər ezamiyyəti, səsini əsgərləşdirirdi, ifaları əsgərlərin döyüş əzminin, qələbə ruhunun can ortağına dönürdü. 
Füzuliyə dönüşün ilk gecəsi həyətdə yanacaq işıqlara sarı gərdiş eləyəndə gecənin gah görünən, gah da yox olan işığını qılığa tuta-tuta iki böyük sənətkarın - babasının (Ağabala Abdullayevin) və atasının (Nizami Abdullayevin) ifasının sədasını eşitməyin möcüzəsini yaşayacağına ümidli olub. Özü də o səslərə səs verəcəkdi. Göy üzünün səsləri saxladığını o da eşidibmiş. O möcüzəni könlünə köçürə-köçürə Füzulini o baş-bu baş dolaşmaq istəyib. Nə özü yorulub, nə həvəsi, nə də səsi. Anadan olduğu, boya-başa çatdığı küçəni tanımaq çox çətin olsa da, tanıyıb. Əbdül Məmmədov küçəsi 7 ünvanı 1993-cü ildən yoxdur, ermənilər bu küçənin binalarının da daşını daş üstə qoymayıb. Dövlətimizin inşa etdiyi, bir qrup füzuliliyə verdiyi binalar bu küçənin yüz addımlığındadır. Bu yüz addım yol nə qədər uzaqmış İlahi, gedirdi, yol bitmirdi. Bir vaxtlar torpaqlarımızı işğaldan qurtarmağa çağıran səs, avaz, o gecə Ağabalanın oxumasıyla Dədə Qorqud tonqalına dönmüşdü; üç tonqal idi bu oxuma - Füzulidə qurub-yaratmağa çağırış kimi yayılırdı göy üzünə:

Qaranlıq gecəni səhər elədin,
Boyuna qurbanam, ay Vətən oğlu!
Ağır döyüşləri Zəfər elədin,
Boyuna qurbanam, ay Vətən oğlu!

Bu oxuma da deyir ki, Vətən müharibəsində qazanılan tarixi Zəfər, işğaldan azad edilmiş ərazilərdə başlayan və böyük sevgilərlə davam edən quruculuq işləri də Zəfərlə tamamlanacaq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi, 2026-cı ilin sonunda Füzulidə 22 min sakin yaşayacaq, ay Vətən oğlu!..

Rəşid HÜSEYNOV
"Azərbaycan Ordusu"